AZE | RUS | ENG |

“Qarabağ Azərbaycanındır və nida işarəsi”

“Qarabağ Azərbaycanındır və nida işarəsi”
Prezident İlham Əliyevin bu fikri Türkiyə və Rusiya mediasında gündəm olub

Prezident İlham Əliyevin Rusiyaya səfəri və bu ölkənin prezidenti Vladimir Putinlə görüşü, səfər zamanı səslənən bəyanatlar gözlənildiyi kimi, dünya mediasının baş xəbərlərindən birinə çevrilib. Qardaş Türkiyənin "Milliyet” qəzetində dərc olunan "Ortalık kızıştı! "Karabağ, tarihi Azerbaycan toprağıdır" başlıqlı məqalə ölkə prezidentinin çıxışına yönəlib. "Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ Ermənistanındır. Nöqtə” şəklindəki açıqlamasına "Qarabağ Azərbaycanındır. Nida” şəklində cavablandırıb”, - deyə məqalədə bildirilib. O da qeyd edilir ki, prezident 16-cı "Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısında Dağlıq Qarabağ probleminə toxunaraq, Azərbaycan torpaqlarının 25 ildən artıqdır ki, Ermənistanın işğalı altında olduğunu söyləyib. "Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu vurğulayan Əliyev azərbaycanlılara qarşı etnik təmizləmə aparıldığını, işğal altındakı bölgələrin böyük bir hissəsinin xarabalığa çevrildiyini bəyan edib. Dağlıq Qarabağ və ətraf vilayətlərdə yaşayan azərbaycanlıların doğma torpaqlarını tərk etməli olduqlarını xatırladan Əliyev bildirib ki, BMT TŞ bu münaqişə ilə bağlı 4 qərar qəbul edib. Bu qətnamələrə görə Ermənistan dərhal işğala son qoymalıdır. BMT-nin qətnamələri 25 ildir icra edilmirsə, bu, təşkilatın effektivliyini şübhə altına qoyur. Onlar ikili standartlar tətbiq edirlər” deyə qəzet dövlət başçısının sözlərini sitat kimi gətirib. Prezident İlham Əliyev "münaqişənin Azərbaycan üçün yeganə məqbul həll yolu bütün dünyanın tanıdığı ərazi bütövlüyünün təmin olunmasıdır”, - deyib. Bu gün Ermənistanın təcavüzkar münasibətini davam etdirdiyini deyən Əliyev bir mülki azərbaycanlının erməni snayperi tərəfindən öldürüldüyünü də görüş iştirakçılarının diqqətinə çatdırıb”, - deyə qəzet yazır.
 "A haber” xəbər portalı isə "Aliyev'den Ermenistan'a jet yanıt! "Karabağ Azerbaycan'dır, ünlem" başlıqlı məqalədə də prezidentin Qarabağla bağlı səsləndirdiyi fikri xüsusi qabardıb.
"ARTI49” "Karabağ Azerbaycan'dır!” adlı məqalədə yazır ki, prezidentin Qarabağın Azərbaycana məxsus olduğunu bəyan etməsi dünya ictimaiyyətinə ünvanlanan bir mesajdır.
"Moskva-Bakı” portalında dərc olunan məqalədə də bu məsələyə yer ayrılıb. "Putin nə üçün İlham Əliyevi Yerevan səfərindən dərhal sonra Soçiyə dəvət etdi” başlıqlı məqalədə bu məsələyə toxunulub. "Diqqət mərkəzində” proqramında aparıcı Andrey Şlyapnikov prezident İlham Əliyevin "Valday” klubunun toplantısındakı çıxışına toxunub: "Toplantının əsas qonaqlarından biri məhz prezident İlham Əliyev idi. Bu də təsadüfi deyildi. Azərbaycan ərazisi Avropa və Asiyanın sərhədində yerləşir. Son illər Azərbaycanda nəqliyyat və enerji sahəsində bum yaşanır. Və bu gün Azərbaycan arzuolunan tərəfdaş və dünyanın ən iri meydançalarında qonaqdır. Təsadüf, ya da ola bilsin dəqiq planlaşdırılmış plan ikid ki, tədbirdən iki gün öncə Putin ilk dəfə Yerevanda oldu. Ekspertlər, jurnalistlər Putin və Paşinyanın intonasiya, mimika və jestlərini diqqətdən yayındırmadılar. Üstündən iki gün sonra isə diqqət Putin və Əliyevin Soçi görüşünə yönəldi”. Müəllif yazır ki, "Putinin Yerevana səfəri nə rəsmi, nə də işgüzar səfər idi. Rusiya prezidenti dövlət başçılarının Ermənistana keçirilən tədbirində iştirak üçün gəlmişdi. Əliyevi isə şəxsən dəvət edib. Azərbaycan prezidenti tədbirə az sayda dəvət olunan fəxri qonaqlar sırasında idi”. Daha sonra müəllif prezidentin çıxışına geniş yer verib: "Putin İlham Əliyevi köhnə dostu kimi qarşıladı. Ona "sən” deyə müraciət edərək çox yüksək atmosferdə müzakirə apardı. Müəllifin qənaətincə, Putinlə Paşinyan arasında isə hər hansı bir səmimiyyətdən söhbət belə gedə bilməz. Daha sonra belə bir xatırlatma verilir ki, Putin və Əliyev cəmi dörd ay idi ki, görüşmürdülər. Məqalədə qeyd edilir ki, İlham Əliyev öz çıxışında Vladimir Putinin Rusiya üçün oynadığı rola xüsusi yer ayırıb: "İlham Əliyev çıxışında əsas diqqəti Azərbaycan narahat edən məsələlərə - Dağlıq Qarabağ probleminə yönəldib. Ölkə daxilində çıxış edəndə onun sözləri Azərbaycan xalqına ünvanlanır. Soçidə isə onun çıxışı dünya ictimaiyyətinə ünvanlanmışdı. Simvolikdir ki, bu çıxışa Putin də diqqətlə qulaq asırdı. Əliyev çətin ki, Rusiya liderini çətin duruma salardı. Ola bilsin ki, bu, Nikol Paşinyana ünvanlanan siqnal idi. Və Əliyevin sitatı bütün dünyaya yayıldı”.
"Kommersant”da dərc olunan "Burada iki nöqtə ola bilməz – Söz müharibəsi Qarabağda vəziyyəti gərginləşdirdi” başlıqlı məqalədə qeyd olunur ki, müəyyən sakitlikdən sonra münaqişə zonasında vəziyyət yenidən gərginləşib: "Vəziyyəti gərginləşdirən əvvəlcə baş nazir Nikol Paşinyanın "Qarabağ Ermənistan deməkdir və nöqtə” fikrinə İlham Əliyevin Qarabağ Azərbaycanındır və nida” cavabı olub. "Belə vəziyyətdə isə Moskvanın Bakı və Yerevan arasında balansı qoruyub saxlaması mürəkkəbləşir. Rusiya XİN rəhbəri Sergey Lavrov Paşinyanı fikirlərini tənqid etdikdən sonra Ermənistan XİN bəyan etdi ki, vasitəçilər birtərəfli qiymətləndirmələrdən əl çəkməlidirlər”. Məqalədə qeyd edilir ki, "Azərbaycanın tərəfində ilk dayanan Türkiyə prezidenti oldu. O, BMT Baş Assambleyasının toplantısına bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Qəbul edilən qətnamələrə baxmayaraq, torpaqlar hələ də işğal altındadır”.
 
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287