AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Qarabağ Azərbaycandır” deyən abidələr

“Qarabağ Azərbaycandır” deyən abidələr

Mədəniyyət
24 Oktyabr 2020, 14:06 275
 
Qarabağın Neolit abidələri ilə Dalma Təpə mədəniyyəti arasında müəyyən xronoloji bağlantı var
 
Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini elan etdikdən sonra bədxah qonşularımızın işğalçı müharibəsi ilə üzləşdi. Müstəqilliyinin ilk addımlarını atan Azərbaycanın nizami ordu hissələrinin olmamasında istifadə edən erməni vandalları keçmiş Sovet ordusundan ələ keçirdikləri silahlarla ölkəmizə basqın etdilər. 1992-1993-cü illərdə Dağlıq Qarabağ, onun ətrafındakı 7 rayon - Kəlbəcər,   Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonları Ermənistanın və onun havadarlarının silahlı qüvvələri tərəfindən işğal olundu, bir milyondan artıq həmvətənimiz qaçqın vəziyyətinə düşdü. Ərazilərimizin işğalından indiyədək keçən müddət ərzində erməni vandalları xalqımızın evlərini, məzarlarını, həmçinin işğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrini tamamilə məhv etmişlər. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistanın işğalçılıq siyasətini pisləyən dörd qətnamə - 822, 853, 874 və 884 nömrəli qətnamələri qəbul etmiş, Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etmişdir. Lakin işğalçı Ermənistan BMT-nin icra aparatının olmamasından istifadə edərək nəinki torpaqlarımızı tərk etməmiş, hətta erməniləri orada məskunlaşdırmağa başlamışdır. Avropadakı havadarlarına güvənən Ermənistan, qəsdən danışıqlar prosesini uzadaraq bu torpaqlara sahiblənməyə çalışmışdır.

Məlum olduğu kimi, Dağlıq və Aran Qarabağ Azərbaycan Respublikasının ən qədim mədəniyyət beşiyidir. Fizuli şəhəri yaxınlığında olan Azıx mağarası və ondan 3 km aralıdakı Tağlar mağarası nəinki Azərbaycanda, həmçinin bütün dünyada əhəmiyyəti olan qədim abidələrimizdəndir. Azıx mağarası ndan aşkar olunan Azıx adamının çənə parçası dünyada ən qədim tapıntılardan biridir. Bu unikal abidə arxeoloji qazıntı adı ilə ermənilər tərəfindən məhv edilib və erməni abidəsi kimi qələmə verilib. Bunlar işğal altında olan yeganə abidələr deyil. Kəlbəcərin qayaüstü təsvirləri, Ağdam rayonunun Orta Qərvənd kəndi yaxınlındakı İlanlıtəpə, Afatlı kəndindəki Çalağantəpə, Xındırıstan kəndindəki İsmayılbəytəpə, qədim Xocalı qəbiristanlığı və yüzlərlə digər abidələrimiz düşmən gülləsinin nişangahına çevrilmişdir. Mənfur düşmənlərimiz qədim Qarabağ abidələrində qanunsuz arxeoloji qazıntılar apararaq aşkar olunmuş maddi-mədəniyyət nümunələrini erməni mədəniyyəti kimi təbliğ ediblər. 
 
Qarabağın basmanaxışlı keramikası

Lakin mənfur düşmənlərin bu bədxah fəaliyyətinə baxmayaraq, tarixin səhifələrini vərəqlədikcə Qarabağın, Naxçıvanın və Arazın cənubundakı torpaqların tarix boyu vahid bir mədəniyyətə sahib olduğu aydınca görünür. Hələ E.ə. VI minilliyin ikinci yarısında Mil düzü və Qarabağın Neolit mədəniyyəti bənzər xüsusiyyətləri ilə diqqəti cəlb edir. Belə ki, bu dövrdə Mil düzü və Qarabağın mədəniyyətinə aid keramika məmulatının bir qismi basmanaxışlı ornamentlə xarakterizə edilir. Bu tip keramika, həmçinin Naxçıvantəpənin Neolit təbəqəsi üçün də xarakterikdir. Məlum olduğu kimi, basmanaxışlı keramika Şimal-Qərbi İranda yayılan Dalma Təpə mədəniyyəti üçün də xarakterikdir. Şübhəsiz ki, Şimal-Qərbi İranın boyalı keramikasının inkişafına Zaqros və Mesopotamiyanın mədəni mərkəzlərinin müəyyən təsiri olmuşdur. 
            
Naxçıvanın basmanaxışlı keramikası

Lakin tədqiqatçıların fikrinə görə, Mesopotamiya mədəniyyətlərinin təsirini əks etdirən Dalma Təpə mədəniyyətinin boyalı keramikası özünəməxsus xüsusiyyətləri ilə Şimali Mesopotamiya və Mərkəzi İranın boyalı keramikasından fərqlənir. Ehtimal ki, bu, Dalma Təpə mədəniyyətinin yerli inkişafı ilə bağlı olmuşdur. Tədqiqatçıların yekdil fikrinə görə, Dalma Təpənin basmanaxışlı keramikasının mənşəyi Şimali Mesopotamiya və Mərkəzi İranla bağlı deyil. Bu baxımdan basmanaxışlı keramika ilə xarakterizə edilən Naxçıvantəpənin Neolit təbəqəsi, Mil düzü və Qarabağ abidələri diqqəti cəlb edir. Tədqiqatlar göstərir ki, Dalma Təpənin basmanaxışlı keramikasının mənşəyi Mil düzü, Qarabağ və Naxçıvantəpə abidəsi ilə bağlıdır.

Qarabağın basmanaxışlı keramikanın aşkar olunduğu Neolit abidələri e.ə. 5600-5200-cü illərə aid edilmişdir. Qarabağın Neolit abidələri ilə Dalma Təpə mədəniyyəti arasında müəyyən xronoloji bağlantı vardır. Qeyd edildiyi kimi, Mil düzü və Qarabağ abidələrinin, xüsusilə İlanlıtəpənin müyyən qrup keramikası Dalma Təpə keramikası ilə eynidir. Belə hesab edirik ki, Dalma Təpə mədəniyyətinin formalaşması e.ə. VI minilliyin sonu və V minilliyin əvvəllərini əhatə etmişdir. Bu, Naxçıvantəpənin qazıntıları ilə də təsdiq olunur. Naxçıvantəpənin müxtəlif tikinti qatlarından götürülən kömür nümunələrinin analizi bu mədəniyyətin e.ə. 5200-4600-cü illər arasında mövcud olduğunu göstərir. Hazırda basmanaxışlı keramika ilə xarakterizə olunan ən qədim abidələr Mil düzü və Qarabağdadır. Belə hesab edirik ki, Mil düzü və Qarabağın mədəniyyəti Dalma Təpə mədəniyyətinin formalaşmasına, xüsusilə basmanaxışlı keramikanın yaranmasına müəyyən təsir etmişdir. Fikrimizə görə, Naxçıvantəpənin Neolit təbəqəsi Mil düzü və Qarabağ abidələri ilə İran Azərbaycanının abidələrini bir-biri ilə bağlayır. Naxçıvantəpə həm də Dalma Təpə mədəniyyətinin formalaşdığı areala daxil olmuşdur. Arxeoloji ədəbiyyatda mövcud olan fikrə görə, İran Azərbaycanı abidələrində Dalma Təpə tipli boyalı keramika basmanaxışlı keramikadan daha əvvəl meydana gəlmişdir. Lakin hazırda İranda aparılan qazıntılara əsasən deyə bilərik ki, basmanaxışlı keramika İran Azərbaycanında e.ə. V minilliyin əvvəllərində meydana gəlmişdir. Naxçıvantəpə yaşayış yerində basmanaxışlı keramika e.ə. VI minilliyin sonunda meydana gəlmiş, Dalma Təpə mədəniyyəti isə e.ə. V minilliyin əvvəllərində formalaşmış və inkişaf etmişdir. Dalma Təpə mədəniyyətinin boyalı keramikasının müəyyən xüsusiyyətləri ilə fərqlənməsinə baxmayaraq, belə hesab edirik ki, boyalı keramikanın inkişafına cənub mədəniyyətlərinin, xüsusilə Son Xalaf və Ubeyd ənənələrinin təsiri olmuşdur.

Deyə bilərik ki, erməni əlifbası yaranan vaxtdan bu mənfurlar xalqımızın mədəniyyətinə qısqanclıqla yanaşmış, onu ya məhv etməyə, ya da öz adlarına çıxmağa çalışmışlar. Hələ VII əsrdə Moisey Kalankatlının "Alban tarixi” kitabını "Erməni tarixi” adı ilə qələmə vermiş, keçmiş Sovetlər dövründə Azərbaycanın mədəniyyət abidələrinin erməni mədəniyyəti kimi təbliği səngiməmişdir.

Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar işğal edildikdən sonra onlar qədim türk heykəllərini erməni abidəsi kimi təbliğ etmiş, Alban kilsələrini erməni kilsəsi kimi qələmə vermiş, Azərbaycan türklərinin ulu əcdadlarına aid qoç daşları məhv etmiş, Orta əsr qəbiristanlıqlarında erməni xaçdaşları basdırmışlar. Fondlarında minlərlə qiymətli eksponatlar toplanan muzeylər, rəsm qalereyaları, dekorativ-tətbiqi sənət nümunələri, nadir kitablar, xalçalar erməni vandalları tərəfindən məhv edilmiş, qiymətli sənət əsərlərinin bir qismi satılmış, bir qismi isə beynəlxalq aləmə erməni mədəniyyəti kimi tanıdılmışdır.
 
YUNESKO-nun dəfələrlə Ermənistana müraciət etməsinə baxmayaraq, ermənilər öz bədxah əməllərindən əl çəkməmişlər.

Münaqişəni nizamlamaq üçün yaradılan ATƏT-in Minsk qrupu isə fəaliyyətsiz və ikiüzlü mövqe tutaraq bu münaqişəni dondurmağa çalışmışdır. Artıq  xalqımızın "səbir kasası”  daşmışdır. Artıq torpaqlarımızın işğalından 30 ildən artıq vaxt keçir. Azərbaycan Ordusu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı ilə torpaqlarımızın azad olunması uğrunda mübarizəyə qalxmışdır. 27 Sentyabr 2020-ci ildə başlayan azadlıq müharibəsinin ilk günlərindən torpaqlarımızın işğaldan azad olunmasına başlanmışdır. Azərbaycan Ordusunun uğurları qarşısında duruş gətirə bilməyən Ermənistan ordusu qaçmağa başlamış, Ermənistan dövlətinin hərbi-siyasi rəhbərliyi isə təxribata əl ataraq dinc Azərbaycan əhalisini, enerji xətlərini hədəf alaraq xalqımız içərisində çaşqınlıq yaratmağa çalışır. Lakin təxribatlar xalqımızın və əsgərlərimizin mübarizə əzmini qıra bilməyəcək. Azərbaycan Ordusu addım-adım torpaqlarımızı azad etməkdə davam edir. Biz və Azərbaycanın bütün elm adamları canımızla və qanımızla ordumuzun, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin arxasındayıq. Lazım gələrsə, hər an dövlətimizin çağırışı ilə cəbhəyə getməyə hazırıq. Dağlıq Qarabağ Azərbaycandır. Var olsun Azərbaycan və Azərbaycan xalqı. Allah əsgərlərimizi qorusun.

Vəli Baxşəliyev, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor