• cümə, 29 Mart, 01:43
  • Baku Bakı 7°C

“Qarabağ” adı yenidən tarixə yazıldı

26.08.17 10:00 2263
“Qarabağ” adı yenidən tarixə yazıldı
Son günlər "Qarabağ” futbol komandasının Azərbaycan xalqına yaşatdığı sevincin həddi-hüdudu yoxdur. Komandanın UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması futbol tariximizə qızıl hərflərlə yazıldı desək, yalan olmaz. Uzun müddətdir ki, gözlənilən bu qələbə xalqımızı da sanki daha da birləşdirdi. Futbol azarkeşi olan da, olmayan da bu qələbəyə sevinirdi. Xüsusilə sosial şəbəkələrdə böyük əks-səda müşahidə olunurdu. Hər kəs bu sevinci bizə yaşadan komandaya, xüsusilə onun baş məşqçisi Qurban Qurbanova təşəkkürünü bildirirdi.

Bu qələbəni ölkə prezidenti İlham Əliyev də yüksək qiymətləndirdi. Belə ki, avqustun 24-də klubun heyəti ilə görüşdü. Həmçinin Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Qarabağ” futbol klubuna 2 milyon manat ayrılması haqqında sərəncam imzaladı.
Sport7.az saytının redaktoru Amal Abuşovbizimlə söhbətində bildirdi ki, iki gündür dünyanın aparıcı idman mətbuatında mövzu "Qarabağ"dır: ""Qarabağ” artıq xalqımızı zəfərlərə öyrəşdirib. Ardıcıl üç mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak etməklə adını dünyaya da yetərincə tanıtdırmışdı. Amma azarkeşlər bu dəfə zəfərin miqyasını daha da böyük görmək istəyirdilər. Mərhələlər keçildikcə həm inam, həm də maraqlananlar artdı. Və şükürlər olsun ki, biz bunu bacardıq. Sözsüz ki, əsas yük Qurban Qurbanovun və onun "Kopenhagen”lə oyunda güvəndiyi futbolçuların üzərinə düşdü. Legioner, yaxud yerli olmasından asılı olmayaraq, hər kəs meydanda can qoydu. Xalqı sevindirdilər. Mən bu sevincin miqyasını Türkiyə millisinin 2002-ci ildə dünya 3-cüsü olması zamanı və "Qalatasaray”ın UEFA kubokundakı qalibiyyətindən sonra yaşananlarla müqayisə edərdim. Amma bu dəfə sevincimizə səbəb məhz öz klubumuz, öz məşqçimiz və öz futbolçularımız oldu. Bu isə sevincin və qələbənin şirinliyini daha da artırdı. "Qarabağ”ın qələbəsinə heç kim biganə deyil. Cənab prezidentin onları qəbul etməsi bu diqqət və marağın ən yüksək göstəricisidir. Eyni hissləri uşaqdan böyüyə hər kəs yaşayıb. Bunun üçün xüsusi heç bir təbliğata da ehtiyac duyulmayıb. Deməli, Qurban Qurbanov və onun yetirmələri addım-addım bu diqqət və sevgini qazanıblar. Arzu edirəm ki, qrup mərhələsində də azarkeşlər "Qarabağ”ı tək buraxmasınlar, nəhənglərə qarşı oyunlarda da onlara dəstəyimizi nümayiş etdirək”.
Müsahibimizdən Qarabağ adı ilə bağlı bu qələbənin düşmənlərimizə necə təsir etdiyini də soruşduq: "Oyundan sonra biz də ağlayırdıq, "Kopenhagen"in futbolçuları və azarkeşləri də. Bu da başa düşüləndi. Biz sevincdən, onlar isə təəssüf və qəzəbdən. Həmin anlarda ermənilərin də ağladığına şübhəm yoxdur. Bu qələbə onların ürəyindən qara qanlar axıtdı. İki gündür ki, dünyanın bütün aparıcı idman mətbuatında mövzu "Qarabağ"dır. Qarabağ və Azərbaycan sözləri yanaşı səslənirsə, onlar buna necə ağlamasın? "Qarabağ" elə bir zirvədədir ki, düşmənin ora əli və dili çatmaz!”
Məsələ ilə bağlı psixoloq Nizami Orucovun da fikirlərini öyrəndik. O, təkcə psixoloq kimi yox, həm də bir azarkeş kimi münasibət bildirdi: "Böyük qələbələri olan millətlərin nümayəndələri həmişə özünü inamlı, güclü, bacarıqlı hiss edirlər. Bu hissi qələbədə payı olan və olmayan hər kəs yaşayır. Birinci Qarabağ müharibəsində xarici qüvvələrin təsiri nəticəsində yaşadığımız məğlubiyyət, illərdir hər bir azərbaycanlının özünə olan inamını, hörmətini, gücünü sanki zədələmişdir. Bu baxımdan uğur qazanan, tarix yazan klubun adının məhz "Qarabağ” olması, qələbəsini bütün dünyaya bəyan etməsi hər bir vətəndaşımıza daha güclü psixoloji təsir edir, çox böyük sevinc və xoşbəxtlik hissi verir. Bizim cəmiyyətin belə qələbələrə böyük ehtiyacı var idi. Bu iki gündə yaşanan ümummilli eyforiyanı, sevinci hətta aprel döyüşlərindəki qələbənin verdiyi ümummilli həmrəylik hissi ilə eyniləşdirmək olar. "Qarabağ”ın qələbəsi inam hissi zədələnmiş minlərlə insanı parlaq gələcəyimizin olacağına ümidləndirib, ilhamlandırdı. Bütün ölkədə, ən ucqar kəndlərdən tutmuş, paytaxta qədər yüz minlərlə uşaq sevindi, həvəsləndi, onların futbolçular arasında, bəlkə də Qurban Qurbanovun simasında kumirləri yarandı. Bu da öz növbəsində onları futbola, idmana, ən başlıcası, sağlam həyat tərzi keçirməyə həvəsləndirəcək. Bu, gülməli gələ bilər, lakin siqaretdən, spirtli içkidən, zərərli vərdişlərdən uzaq, inkişaf etmiş gəncliyi bundan daha yaxşı necə formalaşdırmaq olar?”

Psixoloq qələbənin çox insanın təsəvvür etmədiyi qədər böyük tarixi təsiri olacağını deyir: ""Qarabağ” klubu və Qurban Qurbanov onlara inanmayan insanlarla yanaşı, bütün dünyanı təəccübləndirdilər. Qeyd etdiyim kimi, klubun adı da yaşanan bütün hissləri ikiqat güclü edir. Bütün dünyanın gözü qarşısında səbətdən "Qarabağ” klubunun adı çıxır və əfsanəvi Totti "Azərbaycan” sözünü əlavə edir. Bundan böyük auditoriya, bundan gözəl təbliğatmı olar? Artıq qrupumuzda olacaq klublar da bəllidir - "Çelsi”, "Atletiko Madrid”, "Roma”. Bu qrupa düşməyimiz lap əla oldu. Heç kəs ehtimal olunan məğlubiyyətlərə, zarafata, lağ-lağaya keçməsin, xahiş edirəm. Qələbənin sehirli təsirini dağıtmayaq. Bir qrupa düşdüyümüz bu klublar nəhəng dövlətləri təmsil edirlər. Bu da bütün dünya səviyyəsində Qarabağın bizim torpağımız olduğunu, amansızcasına qətlə yetirilən on minlərlə mülki vətəndaşlarımızı, öz doğma evlərindən didərgin düşmüş bir milyon yaxın məcburi köçkünlərimizi, onların haqqını tanıtmaq baxımından çox gözəl fürsət sayılır. Düşünürəm ki, İngiltərə, İtaliya, İspaniyadakı səfirlik və konsulluqlarımız bütün diasporamızı hərəkətə gətirməlidir. Həmin klubların azarkeş ordusu təxminən 150-200 milyon insan kütləsini əhatə edir. Onlarla dostluq, yoldaşlıq münasibətləri qurulmalıdır. Onlara "Qarabağ” klubu haqqında məlumat verilməlidir. Həmçinin həmin ölkələrin mətbuatında silsilə məqalələrin yazılmasına şərait yaradılmalıdır”.

Sonda psixoloqun bütün oxuculara, azarkeşlərə demək istədikləri var: "İstənilən arzunuzun, xəyalınızın arxasınca getməyə özünüzdə güc tapın, özünüzə inanın, məğlubiyyətlər sizi sındırmasın, təcrübə toplayıb, yenidən və yenidən cəhd edin. Necə ki, Qurban Qurbanov və komandası onları bu uğura gətirən yola 2008-ci ildən çıxıb, 9 il yol qət etdilər. Hər kəsi bir daha qələbə münasibətilə təbrik edirəm. Azərbaycan millətinə ancaq qələbələr yaraşır!”
Günel Azadə




banner

Oxşar Xəbərlər