• cümə, 19 Aprel, 17:45
  • Baku Bakı 25°C

QARA RƏNGİN İŞIĞI

19.09.16 14:23 4769
QARA RƏNGİN İŞIĞI

Biziəhatə edəngerçəkliyitəzəcə əlvan rənglərlə əks etdirməyə başlayan gözəllik aşiqinin rənglər dünyasından qəfil ayrı düşməsini, çox-çox sonralarsa hər şeyə ağ-qara rənglər prizmasından baxmasını bəlkə də "alın yazısı” saymaq olar. Ancaq bütün yaradıcılığını doğma yurdun tərənnümünə həsr edəcək bir yaradıcını onun ilham qaynağından uzun müddətə ayrı salmaq yəqin ki, həm də fələyin oyunları ilə əlaqədar olmuşdur. Çox erkən yaşlarında həyatın sayagəlməz sınaqlarına tuş gəlməsinə baxmayaraq adının təsviri sənət tariximizə qızıl hərflərlə yazılmasına nail olan bu gənc rəssam Ələkbər Rzaquliyev (1903-1974) idi.

Bakıda dünyaya göz açan Ələkbər Rzaquliyev uşaqlıqdan rəsm çəkməyə böyük həvəs göstərsə də, əslində, bu peşənin arxasınca getməməli idi. Çünki şəhərin axundu onun babasına belə məsləhət görmüş, üstəlik xəbərdarlıq edib Allahın insanın şəklinin çəkilməsini qadağan etdiyini bildirmişdi. Ancaq balaca Ələkbər inadından dönməmiş və rəssamlığı onun arzularına yetişdirə biləcək yeganə peşə saymışdı.

İxtisas təhsilini əvvəlcə Bakıda, sonra isə o vaxtlar çoxlarına əlçatmaz görünən Moskvada alan Ələkbər Rzaquliyevin duyğularını müstəqil şəkildə ifadə etməyə hazırlaşdığı bir vaxtda obrazlı desək, başının üstünü qara buludlar aldı. Günlərin birində gözlənilmədən onu təhsildən ayırıb həbs etdilər. Əslində, 37-ci ilin repressiyalarına hazırlıq kimi qəbul olunacaq bu həbsin əsl səbəbi açıqlanmasa da, dolayısı bunun gənc rəssamın kifayət qədər mütərəqqi baxışlara malik olması ilə bağlılığı birmənalı idi. Kremldən idarə olunan "ideoloji mexanizm” rəhbərlərinin və onların yerlərdəki qulbeçələrinin bu cür düşünmələrinə əsas verə biləcək çox şey vardı. Bunların birincisi gənc rəssamın təhsil aldığı Ümumittifaq Ali Bədii-Texniki Emalatxanaları ilə bağlı idi. Burada dövrünün P.Konçalovski, D.Kardovski, D.Şterenberq, K.İstomin, R.Falk, P.Kuznetsov, A.Osmerkin, A.Drevin və S.Gerasimov kimi açıq fikirli rəssamların tədris prosesində iştirak etmələri idi. Etiraf edək ki. Ələkbər Rzaquliyevin oxuduğu məktəb o vaxtın ən nüfuzlu sayılan Sankt-Peterburq Akademiyası deyildi. Başqa sözlə desək, əgər Akademiyada təhsil nə qədər adına müvafiq klassik və bir qədər konservativ idisə, "VXUTEMAS”da (Moskvadakı təhsil ocağı daha çox bu adla tanınırdı) bunun əksini görmək mümkün idi. Odur ki, mərkəzi və yerli ideoloqların həm bu emalatxanaların müəllimlərindən, həm də tələbələrindən şübhələnməyə hər an şübhələnməyə "əsasları” vardı. Amma gənc Ələkbərin həbsi birmənalı olaraq sapı özümüzdən olan baltaların canfəşanlığı sayəsində baş tutmuşdu. Bu dəfə "balta” rolunda o vaxtlar Azərbaycanda yüksək dövlət vəzifələrində çalışmış Ruhulla Axundov çıxış etmişdi. Belə ki, Ələkbər Rzaquliyevin tələbələyi illərində onun Moskvada və Bakıda tez-tez görüşən Ruhulla Axundova gənc rəssamın ünsiyyət dairəsi yaxşı məlum idi. Bu mənada azərbaycanlı gəncin məşhur fransız yazıçısı Anri Barbyüs və meksikalı rəssam Dieqo Rivera ilə tanışlığını qeyd etmək olar. Tələbə-rəssamın o vaxtlar Moskvada yaşamağa məcbur olan türk şairi Nazim Hikmətlə çox yaxın təması heç kimə sirr deyildi. Qənaətimizcə, rəssamın üzərini bürüyən "şübhə dalğası”nın daha da güclənməsində onun Bakıda "pantürkçü” damğası ilə həbs olunan heykəltəraş İbrahim Quliyevlə yaxın dostluğunun xüsusi rolu olmuşdu. Bununla belə ömrünün sonuna qədər də sadə və sadəlövh qalan rəssam üçün həmin illərdə mövcud rejim üçün çox "təhlükəli” hesab olunan dövrün aydınlarına qarşı mübarizənin başlandığını sona qədər dərk edə bilmirdi. Doğrudan da Azərbaycanın ilk komsomolçularından biri olan və bütün varlığı ilə kommunist idarəçiliyinə inanan bir adamın həbs olunub Rusiyanın soyuq guşələrinə sürgün edilməsi çoxları kimi rəssamın özünə də qəribə gəlmişdi. O vaxtlar rəssamın özünümüdafiə xarakterli izahlarına əhəmiyyət verən olmamışdı və belə "məsələ”ləri çox tez bir zamanda həll etməyi bacaran "üçlük” məhkəməsi tərəfindən günahkar bilinərək cəmiyyətdən təcrid olunmuşdu. Rəssamın taleyinin sınağa çəkilməsində R.Axundovun rolunun birmənalı olmasını isə onun həbs müddətini çəkib Bakıya qayıtdıqdan sonra, onların küçədə baş tutan görüşləri zamanı məşhur bolşevikin dedikləri təsdiqləyir. Ə.Rzaquliyevi azadlıqda görməsindən son dərəcə təəccüblənən R.Axundovun "Sən yenə də buralardasan?” deməsindən sonra rəssam yenidən həbs olunaraq uzaq soyuq Arktika sahillərinə - Solovkiyə göndərilmişdi. Onun həbsinin məqsədli olmasını onun yaxınları da, tədqiqatçılar da təsdiqləyirlər...

Oxuduqlarınız Ələkbər Rzaquliyevin heç kimə bənzəməyən həyat bioqrafiyasından səhifələr idi. Bunlar nə qədər ağır və inanılmaz olsa da həqiqətdir. Yəqin ki, o, adi bir insan ömrü yaşasaydı, unudula da bilərdi. Uzağı qohum-əqrəbası, yaxınlarının yadında qala bilərdi. Amma o, adilərdən olmadı. Odur ki, bu ağır və unudulmaz yaşantılar üzərində yaratdığı bənzərsiz sənət dünyası onun keçdiyi çətinlikləri bu gün də xatırlatmaqdadır...

28 illik sürgün və həbsxana həyatından (1928-1956) sonra 1956-cı ildə bəraət alan və yaradıcılığa başlamaq istəyən Ə.Rzaquliyevin nə az, nə çox, düz 53 yaşı vardı. Odur ki, çoxları geri qayıdandan sonra bir-neçə il də paytaxtdan uzaq (Gəncə və Şəki) yaşamağa məcbur alan rəssamın Bakıda ona verilən balaca emalatxanada səssiz-səmirsiz ömür yaşayacağına ümid edirdi. Özündən 24 yaş kiçik olan həmkarı Rasim Babayevin ona qrafika ilə məşğul olmağı tövsiyə etməsində də onu yaradıcılıq axtarışlarına səsləməkdən daha çox, məşəqqətli illər yaşamış insanın halına acımaq istəyi vardı. Belə ki, sənəti ilə həm də ailəsini dolandırmağa hazırlaşan 53 yaşlı rəssam sənətin başqa sahələrində fəaliyyət göstərmək üçün həm də maddi cəhətdən hazırlıqlı olmalı idi. Odur ki, həmin məqamda gənc həmkarının təklifini Ələkbər Rzaquliyev məntiqli sayıb qəbul edir və işə başlayır. Bir-neçə ildən sonra uzun müddət sərgi salonlarında görünmədiyindən az qala unudulan rəssamın yaratdığı "Köhnə Bakı” qrafik silsiləsi sözün əsl mənasında rəssamlar arasında təəccüblə qarşılanır. Bəraət almasından keçən yeddi il sonra onun əvvəlcə Bakıda (1963), sonra isə Moskvada (1966) fərdi sərgilərinin təşkili və böyük uğur qazanması göstərdi ki, sənətdə təkcə çörək qazanmaqla məşğul olmayıb, sözün əsl mənasında "sənət möcüzəsi” yaradıb. 1964-cü ildə "Azərbaycan SSR əməkdar rəssamı” fəxri adına, 1967-ci ildə "Şərəf nişanı” ordeninə layiq görülməsi də bir vaxtlar təqib olunduğu rejimin onun sənətinin böyüklüyünün etirafı idi...

Rəssamın ruhunda gəzdirdiyi milli duyumu özündə əks etdirən "Köhnə Bakı” silsiləsi (1960-1966) o vaxta kimi Azərbaycanda o qədər də populyar olmayan linoqravür texnikasında yerinə yetirilmişdir. Zamanına görə çox ucuz material sayılan linoleumun üzərində rəssamın yaratdığı çox koloritli təsvirlərin bu gün milli təsviri sənətimizin ən qiymətli incilərindən sayılması bir qədər paradoksal görünsə də, reallıqdır. Qədim şəhərin memarlığını və adamlarını təsvir edən bu çoxsaylı kompozisiyalarda milli kolorit kifayət qədər qabarıqdır. Bədii həllində miniatür üslub undan gəlmə bədii vasitələrə müraciət edən Ə.Rzaquliyev, orta əsr rəssamlarından fərqli olaraq cəmisi iki – ağ və qara rəngin təzadı və ahəngdarlığı ilə təsvirlərin cəlbediciliyinə və ecazkarlığına nail olmuşdur. İfadəli silueti, forma-biçim lakonikliyi və bədii ümumiləşdirməni cəmisi iki rəngin gücü ilə əldə edən rəssam, qara rəngin "işığı” ilə görüntünün qeyri-adi bədii auraya bələnməsini şərtləndirmişdir. Əsərlərin qaralığındakı "işıq”da ilk baxışda duyulmayan rəng əlvanlığı mövcuddur. Odur ki, onun "ağlı-qaralı” sənət dünyasında gördüklərimiz məkan tanınanlığını qorumaqla zamansızlığa qovuşandırlar. Əslində, bu əsərlər iyirminci yüzilliyin əvvəlində yaşananların tarixə bələnməsi, gələcək nəsillərə ötürülməsi deməkdir. Bu isə bənzərsiz dəst-xəttə malik olan rəssamın əbədiyyətə qovuşması deməkdir...

Ə.Rzaquliyev təkcə "Köhnə Bakı” silsiləsi ilə sənətdə öz sözünü demişdir. Ancaq o, bununla kifayətlənməyib, müasir mövzularda da çoxsaylı əsərlər yaratdı. Bunların bəzilərinin yaranmasında dövrün tələblərinə uyğunlaşmaq meyli duyulsa da, bədii həllində müəllif ənənəvi tutumda-özünəməxsusdur. Bu yerdə deyək ki, onun linoqravür texnikasına müraciəti bu yöndə yeni imzaların ortaya çıxmasını şərtləndirdi. N.Axundov, R.Babayev, M.Rəhmanzadə, A.Hacıyev, B.Hacızadə və b. bu texnikada yaratdıqları əsərlərdə "Ələkbər Rzaquliyev ruhu” duyulmaqdadır. Rəssamın özü isə 71 yaşında dünyasını dəyişəndə bir çoxları kimi qoyub getdiyi bədii irsdən nigaran deyildi. Belə ki, milli ruh daşıyıcısı olan yaratdıqlarının əbədiyaşarlığına onda əminlik vardı...

Ziyadxan Əliyev

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

banner

Oxşar Xəbərlər