• cümə axşamı, 18 aprel, 18:17
  • Baku Bakı 21°C

“Qara qızıl”dan “ağ qızıl”a... – Araşdırma

15.04.16 11:20 7524
“Qara qızıl”dan “ağ qızıl”a... – Araşdırma
Dünya bazarında neftin qiymətinin aşağı düşməsi ölkəmizdə də daha qısa zamanda yüksək gəlir əldə etməyə imkan verən qeyri-neft sahələrinin inkişafı zərurətini ortaya qoydu. Bu sahələrdən biri də 70-80-ci illərdə inkişaf etmiş, lakin son illər marağın azaldığı pambıqçılıqdır. Odur ki, bütün dünyada perspektivli sahə hesab olunan pambıqçılığın ölkəmizdə də inkişaf etdirilməsi ilə bağlı ciddi işlərin görülməsinə başlanılıb.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələ ilə bağlı öz tapşırıqlarını verib. Dövlət başçısı bildirib ki, pambıq elə məhsuldur ki, onun üçün bazar axtarmağa ehtiyac yoxdur: “Vaxtilə ulu öndər Heydər Əliyevin zəhməti, səyləri nəticəsində pambığın istehsalı Azərbaycanda bir milyon tona qalxmışdı. O, 1969-cu ildə hakimiyyətə gələndə, indi mənim dəqiq yadımda deyil, təqribən 100 min, 200 min ton pambıq istehsal olunurdu. Sonralar isə bir milyon, ildə orta hesabla 800 min, 900 min ton pambıq istehsal edilirdi.
Keçən il Azərbaycanda cəmi 35 min ton pambıq yığılıbdır. Bir milyon hara, 35 min hara?! Özəl qurumlar bunu təkbaşına edə bilməyəcəklər. Pambıqçılığı inkişaf etdirmək üçün dövlət birinci rol oynayır, ikinci yerli icra orqanları və ondan sonra özəl qurumlar. Ona görə, göstəriş verilib ki, vəziyyət təhlil edilsin və təhlil edilib. Mənə artıq təkliflər verilibdir. Biz pambıqçılığı bərpa etməliyik. Keçən il 18 min hektar əkilibdir. Bu il mən qarşıya vəzifə qoymuşam ki, 50 min hektar əkilsin və əkin yəqin ki, yaxın zamanlarda başlanacaqdır. Əgər keçən il biz 35 min ton pambıq yığa bilmişiksə, bu il 50 min hektar əkilərsə və məhsuldarlığı lap aşağı səviyyədə, 20 sentnerdən götürsək, bu, 100 min ton pambıq edəcək - keçən ildəkindən üç dəfə çox”.
Xammal, yoxsa emal olunmuş pambıq?
Millət vəkili Vahid Əhmədov qəzetimizə açıqlamasında bildirdi ki, artıq bölgələrdə pambıq əkini ilə bağlı işlərə başlanılıb: “Mən Ağdam rayonunda oldum, icra başçısı ilə görüşdüm. Artıq pambıq əkini ilə əlaqədar müəyyən işlər gedir. İnsanlar özləri də maraq göstərirlər. Bu məhsulun istehsalına mane olan əsas problem satışını təşkil etmək idi. Bunun üçün isə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Bu il bir az çətin olacaq. İstənilən məhsuldarlığı almaya da bilərik. Çünki bu mövsüm üçün bir balaca gecikmişik. Amma gələn ildən pambıqçılıq qeyri-neft sektoruna öz töhfəsini verəcək. Həm də ixrac yönümlü məhsulların miqdarını artıracaq”.
V.Əhmədov deyir ki, xam və ya emal olunmuş şəkildə bazara çıxarılmasından asılı olmayaraq, pambıq ölkəmiz üçün gəlir gətirəcək: “Pambıq həmişə dünya bazarında qiymətli olub. Amma bir də var pambığı xammal kimi deyil, məhsul şəklində təqdim etmək. Bizdə bu iş də görüləcək. Əgər müəssisələr normal fəaliyyət göstərsə, istehsal olunan pambıq emal olunub, bazara məhsul şəklində çıxarılacaq. İstehsal olunmasa belə, xam şəkildə də pambığa dünya bazarında böyük tələbat var”.
“Pambıq əkini həm də xeyli yeni iş yeri deməkdir”
İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent İlkin Soltanlı deyir ki, “Kənd təsərrüfatı ili” elan olunan 2015-ci ildə Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün xeyli addımlar atıldı. Lakin Prezident İlham Əliyevin vurğuladığı kimi, bizim üçün hər il “Kənd təsərrüfatı ili” olmalıdır: “Çünki indiki vəziyyətdə, neftin qiymətinin dünya bazarında aşağı düşdüyü məqamda qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının, aqrar sahənin inkişafına önəm verilməsi böyük bir hadisədir. Son zamanlar bu sahədə böyük işlər görülür”.
İ.Soltanlının sözlərinə görə, bu gün pambıqçılıq dünyada strateji sahələrdən sayılır. Biz bu dövrü “qara qızıl”dan “ağ qızıl”a keçid kimi qiymətləndirə bilərik: “Amerika, Hindistan, Çin, Türkiyə, bir sıra başqa ölkələr pambıqdan xeyli gəlir əldə edirlər. Ötən əsrin 70-ci illərinin sonu-80-ci illərinin əvvəllərində ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycanda bir milyon tona qədər pambıq istehsal olunurdu. Ümummilli lider ilk dəfə hakimiyyətə gələndə istehsal həcmi çox az olsa da, sonradan çox böyük həcmdə artdı. Pambıq əkini həm də əlavə xeyli iş yerinin yaranması deməkdir. Azərbaycanda bu gün məşğul əhalinin 38 faizə qədəri aqrar sahənin payına düşür. Bu da regionların sosial-iqtisadi inkişafına, məşğulluğun təmin edilməsinə, xüsusilə kənd rayonlarında ənənəvi əkinçiliyin, pambıqçılığın inkişafına böyük təkan verər”.
“Pambıqçılıqdan sovet dövründəkindən çox gəlir götürə bilərik”
İ.Soltanlı deyir ki, indi biz pambıqçılıqdan, sovet dövründən fərqli olaraq, daha çox gəlir götürə bilərik: “Bu gün dünyada bu məhsula çox böyük ehtiyac var. Təkcə bu məhsulun istehsalı deyil, emalı ilə bağlı da çalışmalıyıq. 70-80-ci illərdə pambıqçılıq bizdə ənənəvi kənd təsərrüfatı sahəsi olub. O vaxt əmək qəhrəmanları var idi. Yüksək məhsul toplanması ilə bağlı kənd zəhmətkeşləri arasında yarış gedirdi. Bu qədər məhsul istehsal olunsa da, əksər hissəsi xammal formasında Rusiyaya göndərilirdi. Bizə hazır məhsulun deyil, xammalın qiyməti ödənilirdi. Ona görə də biz istədiyimiz qazancı əldə edə bilmirdik. Amma biz bu gün pambığı təkcə xammal formasında deyil, hazır məhsul şəklində də bazara çıxara bilərik”.
İ.Soltanlı bildirdi ki, 90-cı illərin əvvəllərindən sonra ölkəmizdə pambıqçılığa marağın azalmasına səbəb əvvəlki iqtisadi əlaqələrin mövcud olmaması idi: “İqtisadi əlaqələr qurulmuşdu, məhsullar xammal formasında fermerlərdən alınırdı. Lakin bu iqtisadi əlaqələr qırıldıqdan sonra bu sahəyə maraq nisbətən azaldı. İndi Azərbaycanda bu sahədə güclü infrastruktur yaradılıb, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Azərbaycanda böyük işlər həyata keçirilir. Sahibkarlığa Kömək Milli Fondunun 2015-ci il ərzində verdiyi vəsaitlərin böyük əksəriyyəti, təxminən 96 faizi kənd təsərrüfatı məhsullarının istehsalına yönəldilib. Bu sahədə demək olar ki, böyük işlər həyata keçirilib”.
“Pambıqçılıq klasterləri yaratmaq olar”
Müsahibimiz deyir ki, qısa müddət ərzində böyük irəliləyiş əldə etmək üçün kompleks tədbirlərin görülməsinə ehtiyac var: “Birincisi, pambıqçılıq haqqında qanunun bəzi müddəalarına bəzi dəyişikliklər edilə bilər. Xüsusilə özəl sektorun, sahibkarlığın inkişafına təkan verəcək bəzi müddəaları əlavə etmək olar. Məhsulun alış qiyməti 35-40 qəpikdir. Bunu iki dəfə artırıb 80 qəpiyə qədər artırmaq olar ki, istehsalçı həvəslənsin.
Modernləşən aqrar sahədə yeni idarəçilik, təsərrüfatçılıq üsulları formalaşır. Onlardan biri də klasterial inkişafdır. Klaster müəyyən bir istiqamətdə, müəyyən bir məhsul növü üzrə kompleks iş deməkdir. Məhsulun istehsalı, toplanması, hazır məhsula çevrilməsi və s. bu prosesləri özündə cəmləşdirən kompleks inkişafdır.
Pambıqçılıqla ənənəvi məşğul olan regionlarda pambıqçılıq klasterləri yaratmaq olar”.
İ.Soltanlı qeyd etdi ki, pambığın 80-ci illərdəki şöhrətini çox qısa zamanda qaytarmaq bir az çətin məsələdir. Amma burada nə qədər torpağın əkilməsindən daha çox məhsuldarlığın yüksək olması önəmlidir: “Ola bilsin ki, əkin sahəsi az olsun, amma mütərəqqi texnologiyalar sayəsində pambığın istehsal həcmini dəfələrlə artıra bilərik. Yəqin ki, biz bu həcmi kifayət qədər artıra biləcəyik. Bu sahədə məhsuldarlığı artırmaq üçün yeni əkin sahələri dövriyyəyə buraxılmalı, suvarma sistemləri inkişaf etdirilməli, keyfiyyətli toxumla təminat məsələsi həll olunmalıdır. Bu da Azərbaycanda pambığın istehsal həcminin artmasına böyük təkan verəcək.
Əsas məsələ odur ki, artıq bu sahədə buzlar əriyir. Bu sahə ilə məşğul olan əhalinin keçmiş təcrübəsini nəzərə alaraq inamla söyləyə bilərik ki, qısa müddət ərzində bu sahədə çox böyük uğurlar əldə edə bilərik. Bu, ölkəyə əlavə valyuta gəltirilməsinə, ölkə əhalisinin daha keyfiyyətli toxuculuq, yüngül sənaye məhsulları ilə təminatına böyük təkan verəcək”.
“Məhsulun yüksək qiymətə alınacağına zəmanət verilir”
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirdi ki, artıq nazirlikdə pambıqçılığın inkişafı ilə bağlı işlər həyata keçirilir: “Bu il üçün 50 min hektar ərazidə pambıq əkilməsi nəzərdə tutulub. Pambığın alış qiyməti əvvəlki illərlə müqayisədə yüksək olacaq. Məhsulun yüksək qiymətə alınacağına zəmanət verilir. Digər tərəfdən, dövlət tərəfindən əkinə lazım olan toxum, gübrə, texnika və s. ilə təminata tam şərait yaradılır. Artıq bu ay pambıq səpini həyata keçirilir. Belə hesab edirik ki, Azərbaycanın “ağ qızıl”ının şöhrəti özünə qayıdacaq”.
M.Hacıyev deyir ki, bir müddət pambıqçılığa marağın azalmasına səbəb məhsulun qiymətinin dünya bazarında aşağı olması idi: “Ulu öndərin ölkəyə rəhbərlik etdiyi müddətdə Azərbaycanda bir milyon tona yaxın pambıq istehsal olunurdu. Son illər bu sahə tənəzzülə uğramışdı. Bu da dünya bazarında pambığın qiymətinin aşağı olması ilə əlaqəli idi. Artıq ölkə rəhbərliyi tərəfindən Azərbaycanda bu sahənin inkişafına böyük önəm və dəstək verilir.
“Toxumun yerli və ya xarici olması şirkətlərin tələbatından asılıdır”
Müsahibimiz dedi ki, nazirlik tərəfindən pambıqçılığın inkişafına yardımların hansı formada olması ilə bağlı təkliflər hazırlanır. Yaxın günlərdə bununla bağlı məlumat da açıqlanacaq. Nazirliyin mütəxəssislərindən ibarət qruplar bölgələrdədir. Onlar fermerlərə dəstək göstərməyə çalışırlar: “Artıq pambıq istehsalçıları ilə müqavilələr bağlanır. Müqavilələr yekunlaşmaq üzrədir. Nazirlik tərəfindən pambıq əkini üçün torpağın hazırlanmasından tutmuş, məhsulun yığılmasına qədər bütün texnoloji proseslərlə bağlı kitabçalar, büroşüralar, təbliğat, məlumat vasitələri hazırlanıb, bölgələrə çatdırılıb. Nazirlik istənilən qədər dəstək göstərir”.
M.Hacıyevin sözlərinə görə, pambıq toxumu lifli və lifsiz olmaqla iki yerə bölünür. Azərbaycanda yerli toxumlar əsasən lifli olanlardır. Lifsiz toxumlar isə əsasən Türkiyədən alınır: “Şirkətlər artıq müqavilə bağlayıb, müqavilənin şərtlərinə uyğun olaraq əvvəlcədən istehsalçılara toxumun, gübrənin alınması, torpağın hazırlanması ilə bağlı vəsait ödəyirlər. Toxumun yerli və ya xarici olması şirkətlərin tələbatından asılıdır. İstəsələr, yerli toxumdan istifadə edəcəklər, istəsələr, xaricdən gətirəcəklər. Kənd Təsərrüfatı Nazirliyi pambıq istehsalçılarına istənilən dəstəyi verir”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər