• cümə, 29 Mart, 10:57
  • Baku Bakı 5°C

“Qara qızıl” qızıldan baha

05.01.18 10:38 668
“Qara qızıl” qızıldan baha
2018-ci ilin ilk günlərindən etibarən, dünya bazarında neftin qiymətində artım tendensiyası müşahidə olunmaqdadır. Ötən ilin dördüncü rübündən başlayan bu artım, bazarda tələb-təklif balansını da getdikcə nizama salır. Belə ki, Londonun İCE əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin qiyməti 1 barelə görə 2,1% artaraq 68,01 dollar təşkil edib. Beləliklə, Brent markalı neftin 1 barelinin qiyməti 2015-ci il, mayın 13-dən etibarən ilk dəfə olaraq 68 dolları ötüb. Qiymət artımında əsas rol oynayan amillər haqqında suallarımızı ekspertlər cavablandırdı.
İqtisadçı-ekspert Rəşad Həsənov buna bir sıra səbəblərin təsir etdiyini deyir: "Bəzi beynəlxalq institutlar hesab edir ki, neftin qiyməti 2018-ci ildə 80 dollara qədər qalxa bilər. Amma ümumilikdə götürdükdə isə texniki analizlərin nəticəsinə əsasən, qiymətlər 75 dollar həddinə çatdığı zaman ciddi müqavimətlə üzləşəcək. Əgər qiymətlər bu həddi aşa bilərsə, növbəti illərdə neft 80-85 dollara qədər bahalaşa bilər. Yox, əgər bu həddi aşa bilməzsə, qiymətlərin yenidən 60 dollara qədər ucuzlaşma ehtimalları da gözlənilir. Bütün hallarda hesab edirəm ki, cari ildə orta qiymət 60-65 dollar arasında var-gəl edəcək. Dünya Bankının proqnozunda bu il üçün qiymətlər 60 dollar olaraq müəyyənləşdirmişdi. Beynəlxalq Valyuta Fondu isə nisbətən pessimist bir proqnoz verərək 48 dollar olacağını bildirmişdi. Bu günlərdə ABŞ enerji informasiya agentliyi neftin 2018-ci il üçün qiymət proqnozlarına yenidən baxdı və bir barrel üçün 57 dollar müəyyənləşdirdi. Bütün bu siqnallar isə bazarda alıcılıq qabiliyyətini daha da aktivləşdirir. Bahalaşma ilə bağlı proqnozlar isə öz növbəsində bazar iştirakçılarını növbəti dövr üçün hazırlıq görməyə sövq edir və bunun nəticəsində də qiymətlərdə artım tendensiyası müşahidə olunur. Həmçinin, ilin əvvəli ilə bağlı bir çox ölkələrdə tətillər davam edir və buna görə də bazar kiçilib və iştirakçıların sayı azalıb. Belə olan təqdirdə isə alışılan qiymətlərə daha ciddi təsir göstərmək imkanı əldə edilir".
Ekspertin qənaətinə görə, artıma səbəb olan digər faktorlardan biri 2017-ci ilin dekabrında OPEC və qeyri-OPEC ölkələri tərəfindən hasilatın tənzimlənməsinə dair sazişin müddətinin 2018-ci ilin sonuna qədər uzadılmasına dair yenidən razılıq əldə olunması olub: "Təbii ki, bu siqnal da bazarlara öz təsirini göstərməkdədir. Bundan başqa, onu da qeyd edim ki, kommersiya bazarlarında neft rezervlərinin həcmində azalma tendensiyası müşahidə olunur. Düzdür, bu azalma gözlənildiyi qədər sürətlə getməsə də, faktiki olaraq bu günlərdə bazara təklif olunan neftin həcmi ilə bazardakı tələbin arasında təxmini bərabərlik yaranıb. Hətta, bəzi hallarda təklif olunan neftin miqdarı daha aşağıdır. Bu amil də özlüyündə qiymətlərin bahalaşmasına müəyyən qədər təsir edir. Başqa bir səbəb isə bu günlərdə ABŞ-da uzun müddətdən sonra gündəlik neft hasilatının azalmasına dair informasiyaların yayılması oldu. Bütün bu proseslərin fonunda isə qiymətlər təbii olaraq artır. Düşünürəm ki, yanvarın ortalarına doğru qiymətlər nisbətən sabitləşəcək və yenidən 60 dollar istiqamətində korreksiya olunacaq. Bu gün İranda yaşanan kütləvi iğtişaşlar, əhalinin etirazları və eyni zamanda, son dövrlərdə İranla Səudiyyə Ərəbistanı kimi iki nəhəng neft ölkəsinin münasibətlərinin gərginləşməsi də bazarlarda qiymətlərə birbaşa öz təsirini göstərir. İstənilən halda, bu gün İran faktoru siyasi baxımdan neftin qiymətinin formalaşmasında əsas faktor hesab oluna bilər. Həmçinin, İranda baş verənlərə ABŞ-ın reaksiyası da mühüm məqamlardandır. Məsələn, qiymətin aşağı düşməsinin əsas faktorlarından biri də, İŞİD-in daha aşağı qiymətlərlə bazara neft təklif etməsi idi. Kürdüstandakı referendum bazarlarda ciddi reaksiya doğurdu. Xüsusilə bu referendumdan sonra kürd muxtariyyətində istehsal olunan neftin Türkiyə ərazisindən çıxışına məhdudiyyət tətbiq edilməsinə dair verilən açıqlama, bazarlarda qiymət artımına səbəb oldu. Daha sonra isə qiymətin ümumi artım istiqamətinə yönəlməsini şərtləndirdi. Göründüyü kimi, iqtisadi amillərlə yanaşı, siyasi səbəblər də qiymətlərin dəyişməsinə birbaşa təsir göstərmək imkanına malikdir”.
Neft-qaz məsələləri üzrə mütəxəssisZəfər Vəliyevbildirdi ki, ən başlıca səbəb OPEC və müstəqil hasilatçı dövlətlərin hasilatın azalmasına dair imzaladıqları Vyana sazişinin effektiv fəaliyyət göstərməsidir: "Digər tərəfdən, son dövrlərdə iqtisadi inkişaf və əməkdaşlıq çərçivəsinə üzv olan dövlətlərin aktivində olan neft anbarlarındakı ehtiyatların azalması ilə bağlıdır. Başqa bir məqam isə ABŞ-da qazma aktivliyinin zəifləməsi və kommersiya neft ehtiyatlarında əhəmiyyətli dərəcədə azalmaların müşahidə olunması ilə bağlıdır. Qarşıdakı aylarda ABŞ-da neft hasilatında əhəmiyyətli artım müşahidə olunmazsa və qazma aktivliyinin bu tempdə olduğu müddətdə, neftin qiymətində müəyyən artımın olması mümkündür. Neft bazarlarında tarazlığın bərpa olunması ilə bağlı tələb-təklif balansının qorunması çox vacib məqamdır. Əgər bu il OPEC və müstəqil hasilatçı dövlətlər Vyana sazişinin şərtlərinə effektiv əməl edərsə, ilin sonunda qiymətlərdə kəskin enmə olmayacaq. Yəqin ki, iyun ayına qədər qiymətlərdə 60 dollar diapazonunda dəyişmələr olacaq. Amma bütövlükdə 2018-ci ilin ilk 6 ayında yəqin ki, qiymətlərin 60-65 dollar civarında dəyişməsi gözlənilir. Bu il neftin qiymətini təsir altına alan əsas amillərdən biri ABŞ-da neft hasilatının artması olacaq. Əgər bu, baş verməzsə, kəskin ucuzlaşma ehtimal edilmir”.
Şəbnəm
banner

Oxşar Xəbərlər