• şənbə, 20 Aprel, 09:20
  • Baku Bakı 14°C

“Qara qızıl” bahalaşır

05.02.15 07:16 1381
“Qara qızıl” bahalaşır
Dünya bazarında neftin qiymətində son bir neçə gündə başlayan artım davam etməkdədir. Fevralın 2-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 55,43 dollara satılıb. Bundan sonra artım tempini saxlayan qara qızıl təxminən 58 dollaradək bahalaşıb. Belə ki, fevralın 4-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,46 dollar artaraq 52,36 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 bareli 2,64 dollar bahalaşaraq 57,61 dollar olub.
Bu arada, neftin qiyməti ətrafında maraqlı məlumatlar yayılmaqdadır. Məlumatlara görə, Səudiyyə Ərəbistanı ilə Rusiya arasında Moskvanın Bəşər Əsəd rejiminə yardımın dayandırılması və neft qiymətlərinin artması ilə bağlı gizli danışıqlar olub. APA xəbər verir ki, bu barədə “New York Times” qəzeti Səudiyyə Ərəbistanı və ABŞ-dakı mənbələrə istinadən xəbər yayıb. Məlum olub ki, Əsəd rejiminə dəstəyin azaldılması məqsədilə Səudiyyə Ərəbistanı rəsmiləri Rusiyaya təzyiqlər etməyə çalışıblar.
Qəzet yazır ki, Səudiyyə Ərəbistanı rəsmiləri rusiyalı həmkarlarına gizli saziş təklif ediblər və Bəşər Əsədə dəstəyin dayandırılacağı təqdirdə Səudiyyə Ərəbistanının da neft qiymətlərinə təsir edəcəyini bildiriblər.
Xüsusilə vurğulanır ki, Suriya mövzusu Səudiyyə Ərəbistanı nümayəndə heyətinin 2014-cü ilin noyabrında Moskvaya səfəri zamanı müzakirə olunan əsas məsələ olub.
Lakin danışıqların hələlik nəticə vermədiyini deyən mənbələr yeni kral Salman ibn Əbd-əl-Əziz tərəfindən bu istiqamətdə səylərin davam etdiriləcəyini istisna etmirlər.
“Reuters” isə xəbər verir ki, Böyük Britaniyanın BP şirkətinin rəhbəri Bob Dadli “qara qızıl”ın qiymətinin azı 1 il aşağı səviyyədə olacağını deyib: “Neft sənayesi “qara qızıl”ın qiymətinin azı 1 il aşağı səviyyədə qalacağına hazır olmalıdır. Biz hazırda yeni fazaya daxil olduq. Neftin qiymətləri yaxın və orta perspektivdə aşağı səviyyədə olacaq.
Xatırladaq ki, neft-qaz nəhəngi investisiya portfelini 20 mlrd. dollar həddinə endirib. Bu göstərici ötən il ilə müqayisədə 13% azalma deməkdir”.
İqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, neftin qiymətinin dünya bazarında tez-tez dəyişməsinin səbəbini tapmaq çətindir: “Tendensiyanın belə dəyişməsi üçün müəyyən standart və hər hansı geosiyasi səbəb yoxdur”. S.Əlieyin sözlərinə görə, ötən həftənin sonunda dünya bazarında neftin qiyməti birdən-birə 8% bahalaşdı, lakin indi ucuzlaşma müşahidə olunur. Ekspert hesab edir ki, bu, neft bazarında müvəqqəti tendensiyadır. O qeyd edib ki, yaxın vaxtlarda neftin qiymətində ciddi artım, yaxud azalma gözlənilmir: “Ən azı, yaxın vaxtlarda dünya bazarında neftin qiymətin 60 dolları keçməyəcək. Bu tendensiya 45-55 dollar arasında dövr edəcək. Neftin maya dəyərindən ucuz olması istehsalçılara xeyir etmir. Buna görə də yaxın bir neçə ay ərzində vəziyyət eyni qalacaq”.
Bir sıra ekspertlər hesab edirlər ki, neftin qiymətinin yenidən bahalaşması təhlükəlidir. Belə ki, mütəxəssislərin fikrincə, dünya bazarında “qara qızıl”ın bahalaşması hazırda Qərb tərəfindən sanksiyalarla sıxışdırılmış Rusiyanın əl-qol açmasına və bununla da şimal qonşumuzun iştirakçısı olduğu münaqişələrin daha da qızışmasına səbəb ola bilər. Belə düşünənlər fikirlərini qüvvətləndirmək üçün 2008-ci ildən sonra neftin 100 dollardan da baha satılması şəraitində yaranan vəziyyəti – Rusiyanın Gürcüstana hərbi müdaxiləsini - əsas gətirirlər. Bildirilir ki, neft yenidən bahalaşacağı təqdirdə Rusiyanın Ukraynaya həmlələri arta və hətta həddini aşa bilər. Digər qrup mütəxəssislər isə hesab edirlər ki, hətta neft bahalaşsa və sanksiyalar götürülsə belə, Rusiyanın əvvəlki hegemon halına qayıtması üçün bir neçə il lazımdır.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, qiymətlərin birdən-birə 5-6 dollar qalxmasının heç bir fundamental səbəbi yoxdur: “İllərdir bu bazarı diqqətlə izləyən biri kimi deyirəm ki, bu, növbəti kəskin düşüşün əlamətidir. Bunun müxtəlif səbəbləri var. Məsələn, Çin və Avropa İttifaqının Sənaye Emalı İndeksi (PMİ) yanvar ayında xeyli aşağı düşdü. Qışın mövsümi təsiri başa çatır, yaz ayları neftə tələbatın azalması mövsümüdür. Neftdən istilik alma rejimi bitir, tətil mövsümünə isə hələ var. Digər tərəfdən Liviya, İraq və İran yeni həcmlə bazara daxil olmaq istəyirlər. Paralel olaraq, qiymətin enməsində az da olsa rolu olan siyasi proseslər hələ də davam edir. ABŞ-da slansla məşğul olan iri şirkətlər təmərküzləşmə yolu ilə maya dəyərini azaltma yolunu gedirlər. Bəs nə baş verir ki, qiymət artır? Bunun fundamental səbəbləri yoxdur. Əvvəla, iri treyderlər növbəti qiymət azalmasından öncə “qısa mövqeləri” bağlayırlar. İkincisi, Rusiya treyder şirkətləri (əsasən də İsveçdə) son kart olaraq “öküz trendi” yaratmağa çalışırlar, anlamırlar ki, əksinə pul itirəcəklər, amma risk edirlər. Çünki əllərindəki havayı qazanılmış oğurluq pullardır. Üçüncüsü, ABŞ-da 96 buruq işini dayandırıb, bu da təmərküzləşmə ilə bağlıdır. Amma treyderler bunu küyə salıb, əllərində olan fyuçersləri baha satıb, “qısa mövqelərini” bağlayırlar. Bir sözlə, bu “uçuş”, növbəti sərt “enmənin” anonsudur”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər