• cümə, 29 Mart, 14:20
  • Baku Bakı 14°C

Qara Qarayev: "Uğurlu nəticə ilə qayıdaraq adımızı tarixə yazdırmağa çalışacağıq"

20.08.17 10:41 1263
Qara Qarayev: "Uğurlu nəticə ilə qayıdaraq adımızı tarixə yazdırmağa çalışacağıq"
"Qarabağ"ın futbolçusu Qara Qarayev Bakı "İnter"inə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur matçından sonra brifinq keçirib. "Report" xəbər verir ki, 25 yaşlı müdafiəçi Çempionlar Liqası barədə də fikirlərini bölüşüb...
- "İnter"lə matçda meydana çıxmadığından, sənə "Kopenhagen"lə oyun haqda sual ünvanlamaq istərdik. İndidən "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqənin taleyini həll etdiyini demək olar?
- Yox, həll etdiyimizi demək tezdir. Nəyə görə deyirəm? Biz "Şerif"lə ev oyunumuzda rəqibi öz qapısına sıxmışdıq, üstümüzə gəlməyə imkan vermirdik. Amma özünüz də gördünüz ki, "Kopenhagen"lə oyun fərqli idi. Bizim daha çox topla davranmağımıza baxmayaraq, rəqib təhlükəli vəziyyətlər yaradırdı. Yəni necə futbol oynayacaqlarını, hansı cəhətlərinin güclü olduğunu bilirik. Bunların qarşısını ala bilsək və həmin gün idman şansı bizim yanımızda olsa, tarix yaza bilərik. Amma çox ağır səfərə gedirik. "Kopenhagen"in əvvəlki oyunlarının da videolarına baxmışıq. Makedoniyada "Vardar"a 0:1 hesabı ilə uduzduqları halda, öz meydanlarında böyük hesabla qalib gəlmişdilər - 4:1. Yəni, evdə daha yaxşı çıxış edirlər.
- Real yanaşsaq, "Kopenhagen" "Qarabağ"dan güclüdür?
- Birinci oyunu götürsək, biz udmuşuq və güclü tərəf sayılırıq. Amma ikinci oyunun nəticəsindən sonra hər şeyə aydınlıq gələcək. Deməzdim ki, güclü və ya zəifik. "Kopenhagen"də sözünü demiş komandadır, Danimarka Super Liqası isə ağır çempionatlandandır. Əsas məsələ mərhələni kimin adlamasıdır.
- "Kopenhagen" - "Vardar" oyununu izlədiyinizi dedin. "Vardar" pis oynamasa da, matçın gedişində konsentrasiyanı itirdiyi üçün qollar buraxdı. Yəqin ki, "Qarabağ" "Vardar"ın səhvlərini etməz...
- Ümumiyyətlə, düşünürəm ki, bu, hər bir futbolçunun fərdi hazırlaşmalı olduğu oyundur. Bu, son addımdır. Elə bir oyundur ki, hər şeyini burada qoymaq, zədələnmək, hətta ayağını sındırmaq da olar. 2-3 amil var ki, onların qarşısını alsaq, uğur qazanacağıq. Amma yenə deyirəm, elə-belə komanda ilə qarşılaşmağa getmirik. Bildiyimə görə, oyun üçün 40 min bilet satılıb. Bu da oyunun mahiyyətindən, azarkeşlərin diqqətindən xəbər verir. Sözsüz ki, bu amil də komandanı ruhlandıracaq və daha yaxşı oynayacağıq.
- Əvvəllər klublarımız üçün start həyəcanı var idi. Amma uzun müddətdir avrokuboklarda çıxış etdiyindən, "Qarabağ"ın belə bir həyəcanı arxada qoyduğunu demək olar?
- Ən çox ev oyunlarında bu stressi ata bilirik. Amma səfərdə bu baxımdan çətinliyimiz olur. Necə ki, evdə öz azarkeşlərimiz bizə ruh verirlır, səfərdə də meydan sahiblərinin azarkeşləri komandalarını elə dəstəkləyirlər.
- Ev oyununuzdakı azarkeşlər Danimarkada olmayacaqlar...
- Onların səsləri yenə qulağımızdadır. İnanıram ki, uğur nəticə ilə qayıdacağıq. Bu azarkeşlərin, Azərbaycan futbolunun indiki dövrdə buna çox ehtiyacı var. Uğurlu nəticə ilə qayıdaraq, xalqımızı sevindirmək və öz adımızı da tarixə yazdırmağa çalışacağıq. Amma indidən mərhələ keçmək, zəif və ya güclü haqda danışmaq tezdir.
- İlk oyunda rəqib sanki təkbətək epizodlarda və yerlə ötürmələr zamanı zəif təsir bağışlayırdı...
- Dediklərinizi səfərdə necə yerinə yetirəcəyimiz çox önəmlidir. Kopenhagendə də belə etsək, mərhələni rahatlıqla keçərik. Səfərdə oynayacağımızdan, bu üstünlüklərimizi orada da ortaya qoymaq bizə çətin olacaq. Başqa nüanslar var ki, onların üzərində daha çox işləməliyik. Məsələn, hava toplarında. Özümdən götürüm: İkinci mərtəbədə rəqib futbolçu məndən ucaboy olsa belə, xarakter göstərərək, bir epizodda rəqibi üstələyə bilərəm. "Kopenhagen" Bakıda başqa sistemlə - iki hücumçu ilə çıxış edirdi. Havanın da isti olması onlara daha çox təsir edirdi. Yəni, bunları Bakıda edə bildik. Qalır səfərdə də etmək.
- Penaltilərə hazırlaşmısınız?
- Penalti seriyaları haqda düşünməmişəm.
- Ümumiyyətlə, komanda penaltilər seriyasına psixoloji cəhətdən hazırdır?
- "Mandraj"a düşdüyümüzü deməzdim. Amma məsuliyyətimiz, stresimiz bizi sevənlərdən, azarkeşlərdən, bizdən nəticə gözləyənlərdən yaranır. Özümüz üçün məhəllədə oynasaq, heç kim bizdən o nəticəni istəməsə belə, rahatca əldə edərik. Amma düşünürəm ki, peşəkar futbolçu belə anlarda təzyiqi üzərindən atmalıdır. Penaltilər seriyası olsa, biz də bunu aradan qaldırmalıyıq.
- "Qarabağ" son illər Skandinaviya təmsilçiləri ilə oyunlarda uğursuzluq yaşamayıb. Bütün oyunlarda onları üstələmisiniz...
- Nə deyim... Tarixdə olan nəticələrin heç birinin cavab görüşünə aidiyyatı olmayacaq. Danimarka paytaxtında fərqli oyun olacaq.
- Çempionlar Liqasında qrupa düşsəniz, hansı komanda ilə qarşılaşmağı daha çox istərdiniz?
- Hələ bunu fikirləşmirəm. Təki qrupa düşək. Çempionlar Liqasının himnini burada eşitmək həqiqətən də çox qürurverici idi. İnanıram ki, bu himni daha 3 dəfə səsləndirəcəyik.
- Rusiya "Lokomotiv"inə transferin niyə alınmadı: Şərtlər razı salmadı, yoxsa...?
- Sonradan heç bir danışığımız olmadı. Sadəcə, "Lokomotiv"dən mənə xəbər etmişdilər ki, bir ay gözlə. Bu da Azərbaycan Premyer Liqasının tez, Rusiyada isə 15-20 gün sonra başa çatacağı ilə əlaqədar idi. Biz də gözlədik. Amma sonradan məcburən yox, sevərəkdən "Qarabağ"la yeni müqavilə bağladım. Peşəkar futbolçuyam. Müqaviləm olmadan harasa getmək istəməzdim. Düzdür, azad agent kimi Avropaya getmək mənə daha rahat olardı. Amma "Qarabağ" da razı olar ki, öz yetirməsi gedib Avropada top qovsun.
banner

Oxşar Xəbərlər