• cümə, 29 Mart, 09:03
  • Baku Bakı 5°C

“Qara oyun”a gələnlər - Reportaj

12.01.18 13:30 3410
“Qara oyun”a gələnlər - Reportaj
Tələbəlik illəri insan ömrünün ən gözəl və çiçəklənən dövrüdür. Bu dövrü səmərəli keçirmək isə gənclərin öz əlindədir. Bu gün sizlərə təqdim edəcəyimiz gənclər öz ixtisaslarının peşəkarlarıdır desək, yəqin ki, yanılmarıq. Onlar hələ II kursda təhsil alsalar da, gələcəklərinin etibarlı əllərə təslim edilməsi şübhəsizdir.

Söhbət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyoru” II kurs TKA qrupunun tələbələrindən gedir. Onlar "Dram teatrı və kino aktyoru” kafedrasının dosenti, əməkdar artist Məmməd Səfanın tələbələridir. Bu tələbələrin yanvarın 10-da universitetin səhnəsində Ə.Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsəri əsasında hazırladığı "Qara oyun” tamaşasına baxış keçirildi. Tələbələrin imtahan tamaşasında universitetin rektoru, əməkdar incəsənət xadimi Fərəh Əliyeva, əməkdar artist Yaqut Paşayeva, professor, əməkdar incəsənət xadimi Məryəm Əlizadə, əməkdar artist Azad Şükürov, əməkdar artist Mahirə Yaqubova, professor Gülşad Baxşıyeva və gənc teatrşünaslar, tələbələr, valideynlər və mətbuat nümayəndələri də iştirak edirdilər.

Bu günün gəncləri
Tamaşanın başlamasına bir neçə dəqiqə qalmış, kurs rəhbəri Məmməd Səfaya yaxınlaşıb, tələbələrinin potensialının qənaətbəxş olub-olmadığını soruşduq. O hazırda nəinki özünün, digər pedaqoqların da tələbələrinin səviyyəsinin qənaətbəxş olduğunu dedi: "Gənclərimizə inamım böyükdür. Ancaq incəsənət sahəsi elədir ki, kim səbirlə, təmkinlə dözüb axıra qədər gedəcəksə, qalibiyyət onun olacaq. Bilirsiniz ki, aktyor sənəti çox çətin, mürəkkəb və keşməkeşli, insandan iradə tələb edən bir sənətdir. Mən gənclərimizə yalnız və yalnız iradə arzulayıram. Bu gün səhnədə görəcəyiniz tələbələr də o istedadlı gənclərimizdəndir. Nəinki mənim kursumda, digər pedaqoqların kursunda da istedadlı gənclərimiz yetişməkdədir. Hər şey onların özlərindən asılıdır”.
Və işıqlar söndü. Məmməd Səfa səhnəyə çıxaraq tamaşaçıları salamladı, adəti üzrə tamaşaçılardan telefonları söndürməsini xahiş etdi. Tamaşa başlandı.
Buradaca qeyd edim ki, universitetin səhnəsində müasir avadanlıqlar və işıq sistemləri mükəmməl şəkildə qurulub ki, bu da tamaşanın təsir gücünü daha da artırır. Səhnənin ortasında quru ağac yerləşdirilmişdi. Dekorasiya yalnız bundan ibarət olsa da, təsvirin canlanmasına kifayət edirdi.

Əcinnələrin daxil olduğu yuxu
Ümumiyyətlə, "Yeyərsən qaz ətini, görərsən ləzzətini” pyesinin mövzusu tacir həyatından alınıb. Komediya ailədə fəlakətə səbəb olan, qadınların şərəf və hüquqlarını ayaqlayan çoxarvadlılıq məsələsinin tənqidinə həsr olunub. Tamaşa əsərin əsas qəhrəmanı Hacı Mehdi obrazını yaradan Allahverdiyev Röyalın ağacın altında yuxuya getməsi ilə başlayır. Cinlər və əcinnələr onu gecələr rahat buraxmır. Tələbələrin canlandırdığı əcinnələr vampir və zombiləri xatırladırdı. Tamaşanın əvvəlinin psixosof şəkildə "Yuğ” teatrı üslubunda qurulmasından da Məmməd müəllimin təsiri sezilirdi. Zalın qapı kandarında dayanıb tələbələrinin oyununa və eyni zamanda zalın sakitliyinə nəzarət edən M.Səfanın zaman-zaman mimikaları dəyişir və bu dəyişikliklərdən sezilirdi ki, tələbələrinin səhnədəki ifası onun da könlüncədir. Tamaşada rolları Feziyeva Aysel, Rəhimov Elsevər, İsrafilov Orxan, Səmədova Çinarə, Qurbanova Çinarə, Şahbəyli Rafael, Allahverdiyev Röyal, Abdullayeva Esmeralda, Ağayarova Səmayə, Axundov Ələkbər, Cümşüdlü Saleh canlandırırdı.

Xanımların rəqsi ilə bitən tamaşa
Hər dəfə səhnədən səhnəyə keçid edən tələbələr qapıdan keçərkən müəllimin yanından ötür onun dodaq altından göstərişlərini dinləyirdilər. Tamaşada Hacı Mehdinin birinci həyat yoldaşı obrazını Sənəmi Mehin Məmmədli, ikinci həyat yoldaşı Güllünü isə Esmeralda Abdullayeva canlandırırdı. Mehdinin həyat yoldaşları daima dalaşır və hadisələri özlərindən yayındırırdılar. Günahı hər zaman qarşı tərəfdə görərək özlərinə bəraət qazandırırdılar. İki arvadlı Hacının evində söz-söhbət bitib tükənmək bilmirdi ki, bilmirdi. Tamaşa komediya üslubunda hazırlanmış və bol əyləncə, eyni zamanda özündə gülüş əks etdirirdi. Hələ üstəlik, Hacı Mehdi 2 arvadla kifayətlənməyib, 3-cü arvad da almaq niyyətindədir. Özü də bütün günü pulsuzluqdan, ailənin, arvadlarının dolanışığından şikayət edir. Tamaşada Mirzə Heydər rolunu canlandıran Rəhimov Elsevər tamaşa boyu maraqlı oyun sərgilədi. Belə ki, əvvəlcə Hacını, sonra isə onun arvadlarını duaları ilə aldadan cadugər sizin təsəvvür etdiyiniz "fala baxıram, rəml atıram” söyləyən, başında papaq, əlində əsa obrazı deyildi. Hacının qardaşı rolu Ələsgəri canlandıran İsrafilov Orxan maraqlı oyun tərzi ilə tamaşaçıları təəccübləndirdi. Hər nə qədər obrazında həyəcanlı görünsə də, bu onun ilk debütü idi. Ümumiyyətlə tamaşanın qəhrəmanlarının geyimləri keçmiş dövrü əks etdirmirdi. "Sadəlik gözəllikdir” prinsipinə ayaq uyduran tələbələr - qadın obrazlarının müəllifləri ağ, kişi obrazının iştirakçıları isə qara geyimdə (Hacı Mehdidən başqa) çıxış edirdilər. Onları yalnız ifalarından ayırd etmək mümkün idi.


Hacı Mehdi evində yaranan problemləri həll etmək əvəzinə, yeni bir arvad alıb, nəfsinə hakim ola bilmir. Hacının qardaşı Ələsgərin sayəsində gözləri açılır və Güllünü boşamaqla yüklərindən azad olur.

Tamaşanın sonunda əcinnələr son dəfə Hacının yuxusuna girərək onu rahat buraxırlar. Əslində bir növ Hacı Mehdinin vicdanı rahatlayır. Tamaşanın sonunda xanım iştirakçıların rəqsi tamaşanı daha ecazkar etdi.

Saatyarım çəkən tamaşa bitdikdən sonra imtahan tamaşa haqqında fikir mübadiləsi, müzakirələr aparıldı. Kurs rəhbəri Məmməd Səfa və tələbələrin işi yüksək qiymətləndirilərək, əsərin gözlənilməz, fərqli yozumu, müasir aktyor oyunu, maraqlı rejissor işi vurğulandı. Universitetin rektoru Fərəh Əliyeva tələbələrə öz ürək sözlərini bildirdi və onlara dərslərində uğurlar arzuladı.
Xəyalə Rəis




banner

Oxşar Xəbərlər