• cümə, 29 Mart, 19:13
  • Baku Bakı 14°C

Qara Ölüm

26.09.13 10:07 2180
Qara Ölüm
İranda yayılan vəba xəstəliyi ölkə üçün əsas təhlükəyə çevrilib. APA-nın “Radiofərda”-ya istinadən verdiyi məlumata görə, paytaxt Tehranda 1 nəfərdə vəba xəstəliyi aşkarlanıb. Səhiyyə Nazirliyi Yoluxucu Xəstəliklər Mərkəzinin sədr müavini Mahmud Nəbəvi bildirib ki, Kərəc şəhərində də 1 nəfərin vəba xəstəliyinə yoluxması faktı qeydə alınıb: “Hazırda onların vəbaya yoluxmasının səbəblərini araşdırırıq. Ümumilikdə ölkə ərazisində 170 nəfər vəba xəstəliyinə yoluxub. Onlardan 144 nəfəri Əfqanıstan, 1 nəfər Pakistan və 25 nəfər isə İran vətəndaşıdır”.
Vəbaya yoluxanların əksəriyyəti İranın şərqində yerləşən qonşu ölkələrin vətəndaşları və qeyri-qanuni miqrantlardır. Çünki hazırda Əfqanıstanın şimal bölgələrində vəba epidemiyası geniş şəkildə yayılıb. Əfqanıstan vətəndaşlarının İrana tez-tez səfəri bu xəstəliyin İranda artmasına gətirib çıxarıb.
Qeyd edək ki, sentyabrın əvvəlindən İranda 64 nəfərin vəba epidemiyasına yoluxma halı aşkar edilib, lazımi tədbirlər görülüb və onların ümumi vəziyyəti qənaətbəxşdir. Bunu İran Səhiyyə Nazirliyinin Xəstəliklərin İdarə olunması Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quya deyib. Yoluxma əsasən ölkənin Sistan, Bəluçistan və Kirman əyalətlərində aşkar edilib.
Azərbaycanda vəba təhlükəsi
İranda sürətlə yayılan bu xəstəlik ölkəmiz üçün də təhlükə mənbəyinə çevrilib. Xəstəliyin qonşu ölkədə sürətlə yayılması ölkə vətəndaşlarının ciddi narahatlığına səbəb olub. Bəs bu bəladan qorunmaq üçün nə etmək lazımdır?
Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov mətbuata açıqlamasında deyib ki, hər bir xəstəlik müxtəlif vasitələrlə bir ölkədən digərinə keçə bilər. Onun sözlərinə görə, vəba xəstəliyinin də müxtəlif yayılma yolları var: “Vəba qida, kontakt, əsasən də su vasitəsilə yayılır. Normativə cavab verməyən, təmizlənməyən sudan istifadə edilən, içməli su kəmərləri olmayan ölkələrdə insanlar daha çox vəba ilə xəstələnir”. Ş.Qurbanov qeyd edib ki, vəba xəstəliyinin İranın hansı ərazisində yayılmasını da nəzərə almaq lazımdır. Onun sözlərinə görə, əgər bu xəstəlik İranın Azərbaycanla həmsərhəd zonasında qeydə alınsa, bunun qorxusu ola bilər: “Bundan əlavə, İrandan bəzi çaylar Araza tökülür və kanallar vasitəsilə Azərbaycanın bir sıra ərazilərinə yayılır. Buna görə də xəstəlik bizim üçün də qorxuludur. Amma kiminsə kontakt yolu ilə bu xəstəliyə yoluxması ehtimalı azdır. Hər bir təhlükəli ərazilərə gedən şəxslər ölkəyə qayıtdıqdan sonra sual-cavab edilir, nəzarətdə saxlanılır. Xəstəliyin 5 gün müddətində inkubasiya dövrü olur. Vəbanın fəsadları qusma və ishaldır. Bu zaman temperatur yüksəlmir, ya normal olur, ya da ki aşağı düşür”.
Direktor müavini qonşu ölkələrə gedən Azərbaycan vətəndaşlarının və oradan ölkəyə gələn insanların nəzarətdə saxlanılmasının vacib olduğunu vurğulayıb və qeyd edib ki, hər il Azərbaycanda mayın 1-dən noyabrın 1-dək, həftədə bir dəfə olmaqla bütün açıq su mənbələrində və insanların məişətdə istifadə etdiyi suların mənbəyində müayinələr aparılır. Kəskin bağırsaq infeksiyası olan xəstələr Taun Əleyhinə Stansiyadakı laboratoriyada və regional laboratoriyalarda yoxlanılır. Taun Əleyhinə Stansiyanın laboratoriya müdiri xaricdən ölkəmizə gələn şəxslərin xəstəliklərlə bağlı gömrük-keçid məntəqələrindəki karantin bölmələrində sorğudan keçirildiyini də qeyd edib: “Sərhəd-keçid məntəqələrində insanlarla sorğu, müşahidə aparılır, vəbaya uyğun əlamətlər aşkarlanarsa, o insanlar ayrılır”. Onun sözlərinə görə, Azərbaycan ərazisində vəziyyət hər zaman nəzarət altında saxlanılır və bu günə qədər vəba törədicisi aşkar edilməyib.
Vəba tarixdə
Böyük Vəba epidemiyası - Quru Ölüm və ya Qara Vəba da adlandırılır. Xəstəliyə quru ölüm və qara vəba deyilməsinin səbəbi isə, ümumi inanca görə, bu xəstəlik nəticəsində dərialtı qanamalara görə dərinin qara rəngə çevrilməsidir. Əslində bu ad məcazi mənada istifadə edilmiş, "quru" burada həzin, çətin, kədərli mənasını verər. Xəstəlik ilk dəfə 1347-1351 illəri arasında Avropada böyük fəlakətlərə yol açmışdı. Tarixdə verilən məlumata görə, xəstəlik nəticəsində Avropa əhalisinin təxminən üçdə bir hissəsi ölmüşdü. Həmçinin epidemiya Yaxın Şərq, Hindistan və Çin də daxil olmaqla, təxminən 75 milyon adamın ölümüylə nəticələnmişdi. Vəba məzlum əhali ilə yanaşı, o dövrdə yaşayan bəzi zadəganların da həyatına son qoyub. Bu xəstəlikdən ölən zadəganlar arasında Aragon kralı IV Pedronun arvadı Kraliça Leanor və İngiltərə kralı III Edwardın qızı Joan da vardı. Xatırladaq ki, Qara Ölümün Avropanın əhalisi üzərində böyük bir təsiri olub və Avropanın ictimai təməllərini dəyişdirib. Roma Katolik Kilsəsi üçün də böyük bir zərbə olan Quru Ölüm yəhudilər, müsəlmanlar, xaricilər, dilənçilər başda olmaq üzrə azlıqlara zülm edilməsinə gətirib çıxarmışdı.
Vəbanın əsas xüsusiyyətləri
İnfeksionist həkim Lalə Əliyeva bizimlə söhbətində vəbanın əsas xüsusiyyətlərindən danışdı. Onun sözlərinə görə, xəstəlik kəskin şəkildə başlayır və əsasən içməli su vasitəsilə yayılır: “Xəstəliyə yoluxduğun gündən etibarən özünü kəskin şəkildə büruzə verməyə başlayır. İnsan bədənində maksimum həddə su itirilməsi ilə nəticələnir. Adətən həkimlər itirilən suyu bərpa etmək üçün ancaq vena vasitəsilə xəstəyə maye köçürürlər. Vəba xəstəliyinə tutulan insanda qarın ağrıları olmur. Xəstələrin əksəriyyətinin dili quru, qarnı batıq olur. Bundan başqa, ürəkbulanma, qusma, aşağı və yuxarı ətrafların qıcolmaları baş verir”. İnfeksionist həkim vurğuladı ki, xəstəliyin ilk saatlarında müayinəyə başladıqda müalicə daha səmərəli olur: “Xəstəliyin ağır fəsadlarından biri də insanın xarici görünüşündə kəskin dəyişikliklər yaratmasıdır. Belə ki, bu xəstəliyə yoluxan insanlarda üzün cizgiləri sinirləşir, gözlər içəri batır, skleralar bulanıqlaşır, dəri göyərir, soyuq olur, qırışır və qırışıqlar gec açılır. Həmçinin səs boğuq olur və sonradan batır. Bununla yanaşı, təngnəfəslik, taxikardiya güclənir, temperatur normadan aşağı olur. Müalicə olunmadıqda, maye itkisi bədən çəkisinin 10-12 %-ni təşkil edir. Bədən çəkisinin 4-6 %-i qədər su itirilərsə, dərhal itirilmiş suyun və duzların yeri doldurulmalıdır, su itkisinin 7 %-dən çox olması həyat üçün çox təhlükəlidir”.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər