• çərşənbə axşamı, 19 mart, 12:08
  • Baku Bakı 8°C

Qara karnaval: fantasmaqorik ehtiras oyunu

20.01.18 11:09 2878
Qara karnaval: fantasmaqorik ehtiras oyunu
Əvvəl bir "bəsmələ” gətirim ki, ustad aktyor, əməkdar artist, dosent Məmməd Səfanın öz şəyirdləriylə əlbir olub "Yeyərsən qaz ətini, görərsən ləzzətini” pyesinin (Ə.Haqverdiyev) başına açdığı "Qara oyun”un xofu çıxsın canımdan: Bismilləhir-rahmənir-rahim!..
Çaparaq düzələk yola... ”Qara oyun”un yorum-yozumuna və həqiqətinə doğru.
Səhnə ayin məkanı, karnaval məkanı, qarabasma məkanı, BƏRZƏX məkanı, məhşər məkanı, qurbangah kimi qurulub. Tən ortaya bir ağac bərkidilib-çılpaq, quru. Yəqin ki, mənəvi yoxsulluğu, böhranı, çöküşü eyhamlaşdırır. Bəlkə də Adəmlə Həvvanın meyvəsindən yediyi alma ağacıdır bu ağac... daha alma filan gətirmir. Missiyasını başa vurub. Nəfs bitib, haqq-hesab günüdür. Dedim axı, səhnə məhşər məkanı kimi qurulub.
Mif deyir, guya ki, Kəbədəki o qara daş öncələrin öncəsində ağappaq olubmuş, amma insanlar əllərini sürtdükcə qaralıb kömürə dönüb binəva daş. İnsanın günahlarına daş da dözmür, atam balası... dözsə-dözsə Allah dözər, səbrinin bitdiyi bir yerə qədər.
Aktyorlar səhnə məkanına səpələniblər. Hacı Mehdi (Röyal Allahverdiyev) ağacı bərkcənə qucaqlayıb yatıb. Digərləri də səcdə pozasında qərar tutub uyquya dalıblar, ölü kimi yatıblar. Hacı Mehdi yatdığı yerdən qalxıb səhnədə gəzişir: çaş-baş qalıb, harda olduğunu kəsdirə bilmir. Məmməd Səfanın yozumunda zaman və məkanı itirmiş adamdır Hacı Mehdi! Azğınlaşıb içinin qaranlığında azmış adamdır Hacı Mehdi! Öz pislik qazanında qaynayıb bişən, yandıqca yanan, özünün CƏHƏNNƏMinə çevrilən adamdır Hacı Mehdi! Bir gün Allah sənin vicdanından sənə elə bir cəhənnəm qayırar ki, səsin ərşi-əlaya çıxar, öz qulağını batırar...səsini eşidən, harayına çatan tapılmaz! Yəqin ki, insanların ən tənhası günahlarıyla baş-başa qalmış insandır. Röyal-Hacı Mehdi çığırdıqca ekspressionist rəssam Edvard Munkun "Çığırtı”sı düşdü yadıma. Sözün düzü, bir az səliqəsiz, köntöy çığırırdı Röyal. Munkun "Çığırtı”sı isə qışqırıq deyil, sükutun səsidir. Məgər, sükut ən dözülməz çığırtı deyilmi?.. Məsələn, mən Röyalın yerinə olsaydım bir azca da düşünərdim, "ekzistensial çığırtı”nı qışqıra-qışqıra oynayıb seyrçini ürkütməzdim, məsələyə daha yaradıcı yanaşardım. Bununla belə, Röyalı alqışlamağa dəyər, nədən ki, ikinci kursun birinci yarısında ondan tələb olunan şey boyundan 10-15 arşın böyükdü. Kaş bu böyük tələb onu buğda dənəsi boyda böyüdə biləydi.
Bir necə saniyə sonra digər personajlar qəbirdən xortlamış ölü kimi hərəkətə gəlirlər. Daraşırlar Hacı Mehdinin canına. Bu nədir?..-İfritlərin, əcuzələrin, vampirlərin, xortdanların MİSTİK KARNAVALı! Nə əcuzə, nə vampir...onlar hardan çıxdılar?..-Necə hardan...Ə.Haqverdiyev loqosferasından, yəni onun sözlər, fikirlər və obrazlar aləmindən zühur etdilər. Bu dəmdə Aydın Talıbzadənin Haqverdiyev haqqında məqaləsindən sitat lap yerinə düşür: "Əbdürrəhim bəyin yaradıcılığında məhz adi insanların ehtirasları azğınlaşıb VAMPİRƏ çevrilir. Azərbaycan ədibinin yaratdığı bu vampir insan ehtirasının (nəfsinin) şəklidir, obrazıdır”. Bilmirəm, Məmməd Səfa Aydın Talıbzadənin təhlilindən bəhrələnib, ya yox. Görünən bu ki, hər iki müəllifin Haqverdiyev yaradıcılığı haqda çıxardığı sonuc eynidir. Yəni, Məmməd Səfa da mətnin kriptosistemini məharətlə çözüb, tamaşa üçün uğurlu yozum və səhnə həlli tapıb.
Hər iki ustadın yüksək izni ilə bu həngamə haqda mən öz yozumumu qondarıram. Deməli, hadisələr Hacı Mehdinin ekzistensional konfliktinin sferasında baş verir, onun iç dünyasını görükdürür. Ruhun bu sifətinə təsəvvüf ədəbiyyatında nəfsi-ləvvam(ə) deyilir. Nəfsi-ləvvam lüğtlərdə "qınayıcı nəfs” kimi tərcümə olunur, yəni ki, özünü qınayan, hesaba çəkən, peşmanlıq duyan nəfs. Bu ruhun üç sifətindən ikincisidir ki, bu məqamda insanın psixi zonası, mənəviyyatı mikrokosmik təlatüm məkanına, xeyirlə şərin, günahla savabın, ağla qaranın mübarizə meydanına çevrilir. İnsan haqla nahaq arasında var-gəl edir. Mənəvi kosmos dağılır, xaos bərqərar olur. Bica deyil ki, tamaşanın qara qiyafəli personajları xaos xortdanları kimi zühur edirlər. Hacı Mehdini qamarlayıb Günah keçisi kimi başları üzərinə qaldırırlar. Tamaşa ritualın emosional çənbərinə daxil olur. Xortdanlar Hacı Mehdini fırlayıb səhnədən yerə "tullayırlar”, yəni ki, qarabasmalar dünyasından real həyata. Elə bu dəmdəcə səhnəyə Mirzə Heydər (Elsevər Rəhimov) daxil olur, Sabirdən bir parçanı "ritmik əfsun” təkin oxuyub rəmmal meydanı açır. Elsevərin Mirzəsi xarizmatikdir, yaraşıqlıdır, seksualdır... yəni, bir az Şeyx Nəsirullah variantıdır. Üstünə üstlük həm də dingildir, ürkəkdir, budaladır, bicdir, oyanıqdır... yəni, bir az da dərviş Məstəli Şahdır. Elsevər özünün ovqat partiturasında bu iki fırıldaqçını yaxşıca sintez edib oynayır... GÖZƏL oynayır. Görən, bunu Elsevərmi edir, yain ki, Məmməd Səfa edir. Niyə belə ikibaşlı danışıram?.. Ona görə ki, Elsevər qamətiylə, duruşuyla, tövrüylə, səsiylə, oyununun hüsnü etibariylə "yolka” oyuncağı kimi Məmməd Səfadan asılıb qalıb. Ümumən, oğlanların hamısı özlərini bir az Məmməd Səfaya oxşadıb oynayırlar. Sanki özləri olmaqdan qorxa-qorxa oynayırlar. Gəlsənizə, bunu da pozitivə yozaq, yadımıza salaq ki, Doğu fəlsəfəsində şəyird üçün sənətin həqiqətinə gedən yol ustadın kölgəsi olmaqdan keçir. Nə bilim...
Hal-qəzyə belədir ki, Mirzə Heydər ÇUBUĞunu alıb əlinə, ƏFRADİ-ƏHLİ-MƏCLİSi dolayıb çubuğuna. Kimi harda tutsa çubuğlayır...atasının balasıdır. Bəs demə, rəhmətlik atası da açarmış uşağı olmayan gəlinlərin köynəklərinin düymələrini, döşünün üstünə duadan zaddan yazarmış...və...uzağı bir ilə dualar öz bəhrəsini verərmiş. Gülpərinin (Səmayə Ağayarova) də çubuğu var. Mən belə başa düşdüm ki, bu Gülpəri də yaman çubuğsevər qarıdır. Harada bir "sərfəli çubuq” görsə öz əndamıyla ora qəmişdi. Hacı Mehdi isə çubuqlardan yamanca qorxur, əti ürpənir. Elə ki, çubuq gördü, övrət yerlərini bərk-bərk gizlədir, qoruyur. Belədir də...hərə öz cubuğunu əlinə alıb kənddə koxalıq edəndə gərək övrət yerlərinə göz-qulaq olasan. Zarafat eləmirəm, sadəcə Məmməd Səfanın tamaşanın alt qatına yerləşdirdiyi göz qamaşdıran erotik planı və göndərini zarafatyana mətnləşdirirəm. Tamaşa kontekstindən məqalə kontekstinə proyeksiya etməyə çalışıram.
Pyesdə ikinci məclislə üçüncü məclis arasında dörd il keçdiyi qeyd edilir. Tamaşanın plastik həll üzrə rejissoru Pərviz Məmmədrzayev bu keçidin və Sənəmlə Güllünün "şıdırğı” konfliktininin əla plastik həllini gerçəkləşdirib ki, bu da tamaşanı "muskomediya” estetikasına, saçyoldu, çığır-bağır bəsitliyinə yuvarlanmaqdan xilas edir. Deməli, Gülpərini oynayır Səmayə Ağayarova, Sənəmi Mehin Məmmədli, Güllünü Esmeralda Abdullayeva- "Qara oyun”un karnaval pəriləri, xaos mələkləri. Səmayə aramla oynayır, təsadüfən kəlağayısı qapının arasında qalır... amma xətti qırmır, tamaşanın semantik çənbərində bir replika uydurub vəziyyətdən çıxır, jestləri, hərəkətləri səliqəlidir, mimodinamikası semantikdir, yəni yersiz, mənasız oyunbazlıq eləmir. Esmeralda özünün "cici qız” energetikasını püskürür, amma əndazəni aşmır, energetikası və oyun tərzi rolun ovqat partiturasında semantikləşir, tamaşanın bütövlüyünə xələl gətirmir. Personajın hikkəsi, ehtirasıyla özünün SONSUZ, bitib tükənməyən ironiyasını uğurla sintez edib oynayır Esmeralda. Mehin tərəf müqabilinin cızdığı emosional-ironik oyun çevrəsini məharətlə qapayır. Niyə bu qızlar bunca sevimli oynayırlar, gözəl oynayırlar? Ona görə yox ki, böyüyüb aktyor olublar.., ona görə ki, bizim üçün "milli komediya”nın, "milli kolorit”in havasında nəfəs almaq, orada var olmaq nisbətən asandır. Amma olduqca maraqlı və mühüm məsələni deməsəm, olmaz... qızların hər üçü üçün ortaq olan bir oyun elementi - yabançılaşma effekti, oynadığına yadlaşma məharəti. Hər üçünün oyun əsnasında bir seyrçi kimi mənə ötürdükləri mesajı sözlərlə ifadə etsəm belə bir cümlə çıxacaq ortaya: "Bax a...biz bu cür deyilik, sadəcə bunu gözəl oynamağı bacarırıq!..” Maraqlıdır! Bilmirəm, bu rejissor tapşırığıdır, yain ki, qızların öz tapıntısı.., təkcə onu bilirəm ki, personajla özünün arasında bu incə sərhədi çəkib rolu uğurla oynamaq hər aktyora nəsib olmur.
Tamaşanın rejissor konsepsiyasında "psixosof teatr poetikası”nın qırıntıları gözə dəyir. Altmışıncı dəqiqədən sonra ritm öləziyir, atmosfer bulanır. Xüsusən, Röyalın (Hacı Mehdi) oyununda yersiz uzunçuluq nəzərə çarpır. Onun sövdəgər Məşədi İmanla olan səhnəsi demək olar ki, alınmır. Səhnədə yersiz, məqsədsiz çığır-bağır qulaq batırır. Necə deyərlər, sözünü qurtarmış tamaşa başlayır "dalay-dalay” eləməyə. Amma bu dediyim çatışmazlıqlar bir yüngülvari "təmizləmə”yə bənddir ki, tamaşa ləzzətli, maraqlı səhnə əsərinə çevrilsin.
Bu yazı tamaşa haqda fikir çələngidir. Nə əvvəli var, nə sonu... Məmməd Səfa Qasımovun öz balaca "teatr və kino aktyorları” ilə qurduğu "Qara oyun” kimi. İndi mən bu yazını tamamlamaq ixtiyarını verirəm sayğıdəyər oxucuma. Bu olduqca çətin tamamlama işlərini aparmaq üçün bir neçə sualla tanış olmaq gərək... Suallara cavab vermək qadağandır, onlar haqda düşünsək kifayət edər:
1.Görəsən, ikinci kursun birinci yarısında pedaqoqun KONSEPSİYA qondarıb, TAMAŞA qurması və bir teatrşünas-tələbənin bu TAMAŞAnı "bəh-bəh”lə yazması nə deməkdir?..( Suala asılqan-not: Dünya bizdən hələ çox şey öyrənməlidir!..)
2.Görəsən, biz bir şeyi GÖZƏL yapmağı öyrənməliyik, ya DÜZGÜN yapmağı?.. Düzgün olmayan şey, gözəl olmaya bilərmi?.. (Suala asılqan-not: Keçənlərdə Fəxrəddin Manafovun "Mərasim” tamaşasındakı oyununu izlədim. Sənətkar olduqca "GÖZƏL” oynayır, amma qətiyyən düzgün oynamır!..)
3.Görəsən, bir mübarək uzunqulaq tapıb bu binəva teatrımızı onun belinə otuzdursaq nə vaxtsa bəxti açılarmı? (Suala asılqan-not: Həqqən ki, son 2-3 il ərzində ADMİU-ya qəbul edilən aktyor tələbələr arasında istedadsız, sənətə yarasız olanını tapmaq müşkül məsələ.)
İrili-xırdalı bütün fikirlərimin içinə bir az səmimiyyət, bir az sevgi, bir az da sevinc (3 "s”) qoyub gənc dostlarımla bölüşdüm və bundan qürur duydum. O ki qaldı suallara...”fikirləşün...hamuvuz fikirləşün!..”
Dağlar Yusif Əfəndi
teatrşünas
banner

Oxşar Xəbərlər