• çərşənbə, 24 Aprel, 00:35
  • Baku Bakı 14°C

Qara dənizdə əməkdaşlıq mümkündürmü?

26.05.17 10:00 1064
Qara dənizdə əməkdaşlıq mümkündürmü?
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) 25 illiyi ilə bağlı İstanbulda baş tutan sammit Türkiyənin xarici siyasətində əhəmiyyətli sıçrayış, mühüm siyasi addımı kimi dəyərləndirilir. Sammitdə Türkiyə prezidentinin çıxışı, onun Ermənistan nümayəndəsinə verdiyi cavab ciddi rezonans doğurub. Lakin məsələ ondadır ki, Qara dəniz hövzəsi ölkələri bu 25 il ərzində çoxsaylı problemlərlə üzləşib. Türkiyənin ölkəmizdəki keçmiş səfiri Əhməd Ünal Çevikköz "Hürriyət” qəzetində dərc edilən məqaləsində QDİƏT-in üzləşdiyi maneələri açıqlamağa çalışıb. Müəllif yazır ki, Türkiyənin qonşuluqda yerləşən dövlətlərə qarşı diqqət və marağı XXI əsrin əvvəllərində deyil, XX əsrin sonlarında yaranıb. Bu siyasət isə regionda sülh və əmin-amanlığın yaranmasına yönəlib. Diplomat hesab edir ki, SSRİ-nin dağılması buna tələbatı gücləndirmiş olub. "Son 25 il ərzində beynəlxalq münasibətlər sistemində müəyyən hadisələr baş verib - SSRİ-nin dağılması, ABŞ-da 2001-ci il sentyabr hadisələri, ərəb üsyanları və s.
İlk növbədə Şərq-Qərb münasibətlərinin dinamikası və strukturu dəyişdi. Vaxtilə Varşava Müqaviləsinin üzvü olan dövlətlər Rusiya istisna olmaqla, artıq NATO üzvləridir”, - deyə o bildirib. Onun qənaətincə, bütün bunlar belə bir qənaətə gəlməyə əsas verdi ki, Rusiya "soyuq müharibə”ni uduzub. Lakin son 25 il ərzində Rusiya özünə gəlməyə müvəffəq olub və artıq beynəlxalq münasibətlər sistemində sözünü deməyə başlayıb. "Bu dönüş tək sülh metodları ilə baş vermir. Türkiyə isə 25 il bundan əvvəl yaşanan hadisələrin lazımı nəticə və uğur verməməsindən kədərlidir. QDİƏT 1992-ci ildə təsis ediləndə öz qarşısına bütün üzv dövlətlərin hüquq və azadlıqlarının qorunmasını, bərabərlik və sülhün qorunub saxlanmasını qoymuşdu. Türkiyə o zaman hesab edirdi ki, Qara dəniz regionunu Qafqazdan ayırmaq mümkün deyil və bu səbəbdən də Gürcüstanla yanaşı, Ermənistanı da bu quruma dəvət etdi. Bundan əlavə, Türkiyə hesab edirdi ki, QDİƏT gələcəkdə tam şəkildə Avropa İttifaqı və NATO-ya doğru inteqrasiya edəcək. Buna görə də Qara dəniz regionuna daxil olmayan Yunanıstan da ora dəvət edildi”, - deyə türk ekspert vurğulayıb. Onun qənaətincə, QDİƏT siyasi, təhlükəsizlik üzrə təşkilat deyil və yarandığı gündən üzv-dövlətlər arasında işgüzar, ticarət münasibətlərinin qurulmasında maraqlı olduğunu bəyan edib. Bütün bunlarla yanaşı, baş verən siyasi hadisələr QDİƏT-lə bağlı lazımı nəticəni əldə etməyə mane olur, ölkələrinin yaxınlaşması yolunda çətinliklər yaradır.
"Region həllini tapmayan problemlər içində çabalamaqdadır. Moldovada Dnestyanı problem, Ukrayna və Rusiya arasında müharibə, Krımın işğalı - bütün bunlar problemin bir hissəsidir. Qafqazda isə əsas problem Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan ərazləri Ermənistan tərəfindən işğal edilib. Analoji formada Gürcüstanın ərazi bütövlüyü pozulub. Abxaziya və Cənubi Osetiya öz müstəqilliyini elan edib. Belə bir şəraitdə qarşısına çoxtərəfli əməkdaşlığı qoyan QDİƏT üçün çətindir. Bütün bu gərginliklərin və maneələrin səbəbkarı Rusiyadır. Belə çıxır ki, Qara dənizdə əməkdaşlığa maneə olan və bütün həllini tapmayan problemlərin səbəbkarı Rusiyadır. Heç kim deyə bilməz ki, bu nəticə səhvdir. Lakin müəyyən şərtlərin bütün bu hadisələrə şərait yaratdığı nöqteyi-nəzərini qulaqardına vurmaq olmaz”.
Müəllif sonda belə bir qənaətə gəlir ki, bütün bu problemlərə baxmayaraq, QDİƏT unikallığı ilə seçilən regional qurumdur: "Və onun çərçivəsində bütün üzv dövlətlər Rusiya ilə bir stol arxasında əyləşə bilərlər. Belə olan halda hesab etmək lazımdır ki, problemlərin həllinin başlıca faktor bu birliyin daxilindədir”. Diplomatın fikrincə, Rusiyanın apardığı siyasət həqiqətən də Qara dənizdə qütbləşmə və gərginliyi artırmış olub. "Lakin QDİƏT-in yaratdığı əməkdaşlıq imkanları daxilində bu gərginliyi aradan qaldırmaq üçün əsas yaratmaq mümkündür. Belə ki, Qara dənizdə əsas söz sahibi olan Türkiyə və Rusiya bir sıra məsələlərlə bağlı razılığa gələ bilməsələr də, onları bir-birinə bağlayan ortaq məxrəc var. Bu, Montre Konvensiyası və boğazlar rejimidir. Rusiyanı əməkdaşlığa doğru istiqamətləndirmək münaqişəli vəziyyət yaratmaqla deyil, kooperativ yanaşma yolu ilə cəlb etmək gərəkdir”, - deyə türk politoloq fikrini tamamlayıb.
Azər
banner

Oxşar Xəbərlər