AZE | RUS | ENG |

Qapıçı kimi işə başladı, indi Türkiyənin məşhur otelinin baş meneceridir - Gör-götür

Qapıçı kimi işə başladı, indi Türkiyənin məşhur otelinin baş meneceridir - Gör-götür
Hüseyn Atakişiyev: “İnsanlara vəzifənin gücü ilə deyil, bilik və ağılla qalib gəlmək lazımdır”

Deyir ki, insan vəzifə yüksəlişi ilə bağlı iddialı ola bilər, amma hələ bu, yetərli deyil. Gərək həm də bunun üçün çalışasan, özünü inkişaf etdirəsən. Bu yanaşmaya elə öz təcrübəsi çox yaxşı nümunədir. Müsahibimiz Egey dənizi sahilində yerləşən kurort hotel "Six Senses Kaplankaya”nın baş meneceri olan azərbaycanlı Hüseyn Atakişiyevdir. 
- Əvvəllər otel sektorunda çalışanların çoxu bir növ təsadüf nəticəsində bu sektora gəlirdilər. Sizdə necə olub, bu sektoru istəyib gəlmisiniz, yoxsa təsadüfən belə alınıb?
- Mən ilk olaraq o vaxtkı Bakı Sovet Ticarət Texnikumunda ticarətdə menecment üzrə təhsil almışam, oranı qırmızı diplomla bitirmişdim. Bir təsadüf nəticəsində otel sektoruna düşdüm. Texnikumu bitirəndən sonra ingilis dili kursuna gedirdim. Kursdakı yoldaşlardan biri dedi ki, oxuduğu universitetə amerikanlar gəlib, Bakıda "Hyatt” oteli açırlar, tələbələri iş müsahibəsinə dəvət edirlər. Dedi ki, istəsən gəl gedək. Dedim ki, mənim ingilis dilim zəifdir. Çünki məktəbdə alman dili keçmişdik, ingilis dilini də kursda öyrənirdim. Nə isə getdik və məni qapıçı kimi işə götürdülər. Karyeram oteldə qapıçı kimi başlayıb. "Hyatt” otelinin Bakıxanov küçəsinə açılan taxta qapısı var, oranın birinci qapıçısı mən olmuşam.
Bu sektoru istəməyimə gəlincə, əslində, hələ əvvəllər jurnalist olmaq, şərqşünaslıq üzrə təhsil almaq fikrim var idi, amma zaman keçdikcə fikrim dəyişdi, otel sektorunda işləməyə başladıqda özümü rahat hiss etdiyimə görə fikirləşdim ki, karyeramı bu sahə üzrə davam etdirəcəm.
 
- İngilis dili filologiyası üzrə təhsil almısınız. Oteldə işləməyə başlayandan sonra universitetə qəbul oldunuz?
- Bəli, işləyə-işləyə təhsil aldım. Mən universiteti bitirəndə 27 yaşım var idi. Düzü, işlədiyim üçün qiyabi təhsil almaq istəyirdim, amma ilk yerlərdə əyani ixtisaslar da yazmışdım. Yüksək bal topladığım üçün əyaniyə düşdüm. Artıq məcburən gecələri işləyib gündüzləri oxudum.
- Yəqin ki işləyə-işləyə təhsil almaq heç də asan olmayıb...
- Bəli çox çətin idi. Səhər dərsə gedirdim, sonra gəlib evdə yatırdım, oyanıb dərslərimi hazırlayıb dəftər-kitabı götürüb işə gedirdim, gecə işləyirdim, səhər də birbaşa universitetə gedirdim. Vaxt baxımından həqiqətən çox çətin idi, amma ingilis dili üzrə təhsil almaq cəhətdən mənə köməyi çox dəyirdi. Oteldə işlədiyim üçün ingilis dilim oturmuşdu. Qrup yoldaşlarım ingilis dilini danışmağı öyrənirdisə, mən ingiliscə səlis danışırdım.
- Maraqlıdır, oxuduğunuz müddətdə karyerada irəliləmə getdi?
- Bəli, gecə resepşnı işlədim, sonra supervayzer, ardınca gecə meneceri oldum.
- Qapıçı kimi işə düzələnlərin illərlə eyni vəzifədə qalanları da az olmur. Sizdə bu irəliləyiş necə getdi?
- Qapıda dayanmaq heç də asan deyildi, çünki oteli amerikanlar idarə edirdilər, onlarda isə işdə çox ciddi nizam-intizam olurdu. İş vaxtı iş yoldaşlarınla danışmaq olmazdı, qamətini düz saxlamlıydın və s. Bir növ yay-qış 8 saat ayaq üstdə əsgər kimi dururduq. Qapıda duran zaman mənə resepşn işi maraqlı gəlirdi. Deyirdim ki bir gün mən də ora keçmək istəyirəm. Biri var deyəsən ki, mən bir gün orda olacağam, amma heç nə etməyəsən. Biri də var "mən orda olacağam” deyib qarşına məqsəd qoyub orda irəliləyirsən. Məndəki məqsədyönlü istək idi. Hər gün iş saatım bitəndən sonra telefon operatorunun yanında oturub telefonlara necə cavab vermək lazım olduğunu öyrənirdim. 95-ci ilin may ayında qapıçı kimi düzəldim, 96-cı ilin aprelində telefon operatoru vəzifəsinə yüksəliş aldım. Artıq hazır kadr idim, ona görə rahatlıqla operator götürdülər. O vaxt telefon operatorlarının işi indiki ilə müqayisə edilməyəcək dərəcədə çox idi. Mobil telefon, internet yox idi. Xaricdən və şəhərdən gələn-gedən zəngləri biz bağlayırdıq, hətta qonaqlar "səhər zəng vur məni oyat” deyirdilər. O vaxt o vəzifə daha aktiv iş idi, telefon dayanmırdı.
 
- Karyeranızın sonrakı mərhələsi Macarıstandadır. Bir az da bundan danışaq…
- Universiteti bitirəndə artıq "Hyatt” otelində ön büro menecerinin yardımçısı vəzifəsinə qədər gəlib çıxmışdım. Universiteti başa vurub macar dilini öyrənmək üçün Macarıstana getdim. Yaxın dostlarımdan biri macar idi, onların turizm şirkətinə rus dilini bilən kadr lazım olduğunu dedi, mənə iş təklif etdi. Bir müddət onlara kömək etdim, sonra otel sektoru ilə bağlı bir alman şirkəti olan ”City Partner Hotels” Macarıstandakı ofisinin meneceri oldum. Orda iş otellə bağlı idi, amma daha çox otellərin tikintisi, idarəetməsinin qurulması kimi işləri görürdük. Amma mən aktiv otel işi istəyirdim, ona görə Macarıstanda "Four Seasons” otelinin iş elanına müraciət etdim. Ön büro menecer yardımçısı vəzifəsinə götürdülər. Macar dilini bilirdim deyə işə götürdülər, amma orda ilk vaxtlar bəzi çətinliklərim oldu, çünki xarici vətəndaş idim və məndən əvvəl orda çalışan, həmin vəzifəyə keçməyini gözləyən kadrlar var idi. Onların istədikləri yerə kənardan bir kadr gətirilməsi, üstəlik o kadrın da xarici olması bir az narazılıq doğururdu. Mən bunu normal qəbul edirdim, amma o problem zamanla həll olundu.
- Bəs fikirlərinin dəyişməsinə səbəb nə oldu?
- Mənə görə insanlara vəzifənin gücü ilə deyil, bilik və ağılla qalib gəlmək lazımdır. Qısa bir müddətdə onlara dolayı yolla o vəzifəyə layiq olduğumu sübut etdim. Həmin adamlarla sonra çox yaxşı ünsiyyətimiz oldu və bu günə qədər də çox yaxın dostuq. Məni tanıyandan sonra münasibətləri dəyişdi. Hətta bir müddət sonra artıq onlar mənə əcnəbi kimi baxmırdılar, macar bilirdilər.
- Sonra "Fous Seasons”un Azərbaycan bölməsinə keçdiniz…
- 2006-2011-ci illərdə Macarıstandakı ”Four Seasons Gresham Palace” otelində işlədim, 2011-ci ilin avqust ayında Azərbaycanda "Four Seasons” açılanda soruşdular ki, azərbaycanlısan, öz ölkəndə işləmək sənə maraqlı olar? Təklifi dəyərləndirib Azərbaycana gəldim. 5 ilə yaxın "Four Seasons”da işlədim. 2016-cı iyun ayının sonunda otaqlar bölməsinin müdiri kimi oradan ayrıldım, iyulun 1-i Bakıdakı "Boulevard Hotel Autograph Collection”a baş menecer vəzifəsinə getdim. Bir il səkkiz ay orda çalışandan sonra "İntourist Hotel Autograph Collection”a baş menecer kimi transfer aldım. On ay orda işlədikdən sonra Türkiyəyə gəldim.
Bu gün qürur hissi ilə deyə bilərəm ki, vətənim üçün nələrsə etmişəm. Çünki çalışdığım müddətdə çoxlu kadr yetişdirmişəm. "Four Seasons”da işləyən kadrların böyük hissəsini o vaxt mən işə alıb təlim keçmişəm. Çox gənci sıfırdan götürüb üzərində işləyib gətirmişik. Onların bir çoxu professional kadr olub, karyeralarında irəliləyiblər. Yaxşı kadr ölkə üçün çox əhəmiyyətlidir. Çünki yaxşı kadrsız heç nə etmək olmur.
- Otel sektoru elədir ki, ən aşağı vəzifədən daha yuxarı pillələrə getmək olur. Bəs irəliləmək üçün kadrın özündən asılı olan nələrdir?
- Kadrın istəyindən çox şey asılıdır. Biri var ki, kadr özü irəli getmək istəyir və bunun üçün çalışır. Bir qisim kadr isə fikirləşir ki, olduğum yer yaxşıdır. Bir misal çəkim. Mən 2011-ci ildə Macarıstandan Azərbaycana qayıtmışam, indi 2019-cu ildir. Keçən il noyabr ayında Budapeştdə idim. Mən orda işləyəndə Budapeştdə "Four Seasons” otelində qapıçı olan adam indi də o işindədir. 10 ilə yaxındır eyni işi görür. O, vəzifəsini sevir, orda rahatdır və heç nəyi dəyişmək istəmir. Müəyyən səbəblərdən istəməyə bilər. Məsələn, deyər ki, bura mənə rahatdır, "çay pulu” kimi əlavə gəlirim də olur, bəsimdir. Yaxud o adam üzərinə məsuliyyət  götürmək istəmir, deyir ki, 8 saat qapıda dayanıb evimə gedirəm.
Amma kadrın özü ilə yanaşı, şirkətin rəhbəri, supervayzer və menecerlərdən də çox şey asılıdır. İnsanları yönləndirmək də lazımdır. Məsələn, "Four Seasons”da işləyəndə qapıda olan işçilərə istiqamət verirdik, "dil öyrən, təlimlərə qatıl” deyirdik. Bəzən iş rejimi ilə kursa getməyin alınmadığını bildirirdilər. Bu zaman deyirdik ki, get kursdan sənəd gətir, bilək ki sən ora gedirsən, sənin qrafikini ona görə təyin edərik. Bunu belə etmişik. Əslində, insanlara kömək etmək lazımdır. Bəlkə də bunu ona görə edirdim ki, mən özüm aşağı vəzifədən başlamışam, fikirləşmişəm ki insanlara təkan vermək lazımdır.
 
- Sizə o təkanı verən olmuşdu?
- Mənə "Hyatt”dakı treninqlər təkan olub, insanlardan kimsə "bunu et” deyə məsləhət verməyib. "Hyatt”da işə başlayanda ingilis dilini belə normal bilmirdim. Bizə oteldə dedilər ki, işləsəniz, vəzifəniz qalxacaq, sizi xarici ölkələrə treninqlərə göndərəcəyik. Düzü, o vaxt bu sözlərin sadəcə vəd olduğunu düşünürdük, lakin bir müddət keçdikdən sonra dediklərinin hamısı oldu. Şirkət verdiyi sözü tutanda işçidə daha çox motivasiya yaranır. Əgər sən istəyirsənsə, işləyirsənsə, həqiqətən də sənə kömək edirlər, şərait yaradırdılar.
- İrəli getməkdən danışanda üzərinə məsuliyyət götürmək məsələsinə toxundunuz. Sizi irəli aparacaq hansı məsuliyyətləri üzərinizə götürürdünüz?
- İnsan biliyinə əsasən üzərinə məsuliyyət götürür. İşi görmək üçün biliyin varsa, məsuliyyəti asanlıqla üzərinə götürürsən, bilirsən ki, vəziyyəti nəzarətdə saxlayacaqsan. Ancaq biliyin yoxdursa, o məsuliyyət yox, artıq riskdir. Nə isə əldə edə də bilərsən, tam itirə də. Risklə məsuliyyət arasında böyük fərq var. O məsuliyyəti üzərimə götürürəm ki, onu etməyə biliyim çatacaq.
- Ümumi baxanda karyeranızda qarşıladığınız və zamanla həll olan hansı problemlər olub?
- Çətin və həll olunmayan bir şey olduğunu deyə bilmərəm, amma bəzi məqamlardan danışmaq istəyirəm. Bəzən insan uzun müddət karyerasında bir irəliləyişi, hansısa vəzifəyə keçəcəyini gözləyir, amma həmin an krizis olur, yaxud müdriyyət dəyişir. Təzə müdir gəlib səni tanıyana qədər də 4-5 ay vaxt keçir. Mənim də karyeramda belə hallar olub (Gülür). İndi mən Türkiyəyə baş menecer getmişəm. Bəlkə də orda elə adamlar var idi ki, yaxında vəzifə yüksəlişi gözləyirdilər, amma müdir dəyişdi, mən getdim. Vəzifələrinin artması üçün onları tanımalıyam.
Bir də əvvəllər baş menecerin verdiyi qərarları haqsız saydığım vaxtlar olurdu. Amma özün o vəzifəyə gələndə görürsən ki, doğrudan da o, düzgün qərar veribmiş.  O mərhələyə gəlib çatmayana qədər bəzi şeyləri anlamaq bir az çətin olur. 
- İşçi olaraq etiraz etdiyiniz, amma rəhbər olanda əvvəllər yanlış düşündüyünüzü anladığınız hansı məqamlar olub?
- Bəzən pulla bağlı hansısa qərar vermək lazım olanda rəhbərlik "pulumuz yoxdur”, yaxud "2-3 ay sonra alarıq” deyəndə bizə qəribə gəlirdi. Biz o zaman otelə baş menecer kimi yox, öz şöbəmizin prizmasından baxırdıq. Bəzən hansısa şöbə üçün pul olur, başqa biri üçün yox. Bu zaman sən öz şöbəndən baxanda etirazçı yanaşmada ola bilərsən, amma ümumi şirkəti düşünəndə tamam başqa rakursdan baxırsan. Necə ki məsələn, indi biz burada oturmuşuq və birinci mərtəbədən dənizi görə bilmirik. Amma yuxarı mərtəbəyə çıxdıqda dənizi daha yaxşı görərik. Ancaq özün baş menecer olanda, sən dediyini almadığı üçün ona haqsızlıq etdiyini düşünən işçinə izah edə bilirsən ki niyə belədir. Onda işin gedişi asanlaşır və narazılıqlar da aradan qalxır. Sən onu keçmisən və işçini psixoloji olaraq sakitləşdirirsən. Biri var insanlara "yox” deyib yola salırsan, biri də var o "yox”un səbəbini izah edirsən. Bu, onun qarşısını alır ki, işçi artıq öz rakursundan gördüyü ”haqsızlığı” böyük bir kütləyə çatdırmır, insanları yanlış yönəldəcək fikirlər səsləndirmir.
- Xaricdə işləyənlərin sonra ölkəyə qayıtması çox rastlanan hal deyil. Siz xaricdə çalışandan sonra ölkəyə qayıtdınız, sonra yenə getdiniz, indi Bodrum bölgəsində ”Six Senses Kaplankaya” otelində baş menecersiniz.
- 10 il Avropada yaşayıb çalışmağıma rəğmən, öz həyatımı, pensiya vaxtımı Azərbaycanda görürəm. Çünki həqiqətən də vətənimi sevirəm. Türkiyəyə getməyimin səbəbi otelin çox yaxşı bir brend olması və onların konseptinin mənim üçün maraqlı gəlməsidir. Hazırda çalışdığım otelin otelçiliyə baxışı tam fərqlidir. Bu, mənim təbiətimə yaxın fərqlilikdir.
 
- O yaxınlıq nədədir?
- Yaşadığımız dövr o qədər dəyişilib ki, artıq sadəlik lüksə çevrilib. Bu gün mobil cihazlar, kompüterlər bizi o qədər ağuşuna alıb ki, özümüzlə vaxt keçirə bilmirik. "Six Senses” otelinin məqsədi də insanı özü, ətrafı və təbiət ilə yenidən bağlantıya keçirməkdir. Otelin konsepti sağlam qida və sağlamlığımıza doğru yanaşmadır. Burada arzu olunduğu vaxtda hər kəsə fərdi yemək və sağlam yaşam proqramları hazırlanır və oteldən ayrıldığınız zaman belə bunları asanlıqla ev şəraitində davam etdirmək mümkün olur. Bizim məqsədimiz odur ki, sizi yenidən özünüzlə, ətrafınızda olanlarla və təbiətlə təmasa qaytaraq, özünüzə vaxt ayırmağın sizin üçün nə qədər vacib olduğunu sizə yenidən xatırladaq.
”Six Senses” Otellər şəbəkəsinə kimsə öz uşağı ilə gəlirsə, bizim uşaq klubundan istifadə edir. Klubda uşaqlar üçün gündəlik dəyişən zəngin bir proqramımız olur. Uşaq yoqası, hovuz kənarında cürbəcür oyunlar, yemək bişirmək, otelin bağında nələrsə əkmək, bitkilərlə bağlı məlumat vermək və s. proqrama daxildir. Uşaqları bir növ təbiətə bağlayırıq. Yəni uşaqların əylənməsi üçün yer təkcə aquapark deyil. Uşaqlar üçün onları həm əyləndirən, həm də tərbiyələndirən daha maraqlı proqram qurmaq olar. Bizim uşaqlar üçün olan klubda televizor yoxdur, mobil telefon istifadəsi qadağandır. Onun əvəzinə uşaqların sosiallaşmasına şərait yaradan oyunlarımız var. Bunlar mənim sevdiyim, görmək istədiyim bir işdir.
- İşdən çox danışdıq, bəs işdən kənar nəyə marağınız var, işdən sonrakı zamanınızı necə keçirirsiniz?
- İşdən sonra adətən ailəmlə vaxt keçirməyə çalışıram. Təəssüf ki indiki zamanda ailəyə istədiyimiz vaxtı ayıra bilmirik. Üzərimizə çox məsuliyyət götürəndə istər-isəməz zaman da az qalır. Amma mümkün qədər ailəyə vaxt ayırıram. Dostlarla görüşmək, onlarla fikir mübadiləsi aparmaq da mənim üçün maraqlıdır, buna da zaman ayırıram. Dünyada baş verənləri də daim diqqətimdə saxlamağa, məlumatları oxumağa çalışıram. Mən yeməyi  və yemək bişirməyi çox sevirəm. Boş zamanlarda yemək hazırlayıram.
Bir də heç nə etməməyi sevirəm. Tək çıxıb təbiətdə gəzirəm, bir az özümlə qalıram, bəzi suallarıma cavab verirəm, bir növ beynimi artıq yükdən boşaldıram. Bu, insanı həddindən artıq rahatlaşdırır. Meditasiya edirəm, bunu da sevirəm. Dindar deyiləm, amma çox inanclı insanam. Dua edirəm, mənə verilən hər şeyə görə Allaha təşəkkür edirəm. Məni sevənlər üçün də sevməyənlər üçün də dua edirəm. İstər neqativ, istər pozitiv emosiyalar üçün həmişə şükür etməyi unutmuram. Neqativ emosiyalar belə həmişə insana nəyisə öyrətmiş olur.
Aygün Asimqızı

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9068
GEL 1 1 Gürcüstan larisi 0.6301
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1994
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.6663
KWD 1 1 Küveyt dinarı 5.5873
TRY 1 1 Türkiyə lirəsi 0.2906