Qapalı məkanlarda siqaret qadağası gəlir
Azərbaycanda siqaret və digər
tütün məmulatlarından bəzi ictimai yerlərdə istifadə qadağan oluna bilər. Bununla
bağlı qanun layihəsi Milli Məclisin Sosial siyasət komitəsində müzakirə edilir.
Həmin məkanların adları yeni hazırlanmış
"Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanun
layihəsinin son variantında öz əksini tapıb. Qanun layihəsinin 10-cu (Tütün
çəkilməsinə icazə verilməyən yerlər) maddəsinə əsasən, bu məkanlara təhsil və
tərbiyə müəssisələri, səhiyyə və reabilitasiya mərkəzləri, restoranlar,
kafelər, barlar daxil olmaqla digər ictimai iaşə obyektləri, sosial xidmət
müəssisələri, kinoteatr və teatrlar, sərgi və nümayiş salonları və başqa bu
kimi ictimai yerlər daxildir. Layihə uzun müddət müzakirə edildikdən sonra Milli
Məclisin plenar iclasına tövsiyə edilib və aprelin 14-də yenidən müzakirəyə
çıxarılacaq.
Millət vəkili Jalə Əliyevaqeyd edir ki, tütün məmulatlarının istifadəsi ilə bağlı problemin öz həllini
tapması müsbət haldır. Onun sözlərinə görə, uzun müddətdir ki, bu qanunun
ərsəyə gəlməsi və qəbul edilməsi ilə bağlı hazırlıq işləri gedirdi. "Elə
məsələlər var ki, birbaşa cəmiyyətin müxtəlif təbəqələrinə aid olur və onlardan
sosial sifariş gəlmədən onu müzakirə edə bilmirik. Siqaret çəkmək insan
hüquqları ilə bağlı bir məsələdir. Siqareti çəkmək və ya çəkməmək hər bir
insanın fərdi hüququdur. Bunu məhdudlaşdırmaq olar və ya olmaz? Bu kimi
dilemmalar qarşısında qaldığımız üçün məsələnin həlli gecikirdi. Təbii ki, biz
böyük bir cəmiyyətdə yaşayırıq, ona görə də məsələyə sadəcə, siqaret çəkənlərin
maraqları çərçivəsində baxmaq olmaz. Əgər siqaret çəkən ətrafı da zəhərləyirsə
əlbəttə ki, buna qarşı ölçü götürmək lazımdır. Ona görə də biz çalışdıq ki,
plüralist cəmiyyətdə yaşadığımızı nəzərə alaraq elə bir qanun hazırlayaq ki, cəmiyyətin
heç bir təbəqəsinin hüquqları pozulmasın və balans olsun. Qanun layihəsində
yalnız bəzi ictimai məkanlarda siqaret çəkməyin qadağan olunması nəzərdə
tutulub”.
Millət
vəkili bildirdi ki, qanun layihəsi insanların və ətraf mühitin sağlamlığı üçün
əhəmiyyətli olacaq. Yetər ki, ondan irəli gələn müddəaları həm siqaret
çəkənlər, həm də siqaret satışı ilə məşğul olanlar düzgün anlasınlar. Yəni
fərdi qaydada düşünməsinlər, vətəndaşların və ölkənin maraqlarını da nəzərə
alsınlar. "Əlbəttə ki, qanun pozuntusu olduğu halda, buna qarşı müəyyən cəza
tədbirləri olacaq. Bu, təkcə Azərbaycanda deyil dünyanın bir çox ölkələrində
belədir. Müəyyən cərimələr olmalıdır ki, kimsə hər hansısa bir addımı atmaqdan
çəkinsin. Qanun qəbul edildikdən sonra cərimələrlə bağlı daha dəqiq məlumat
verəcəyik”.
Sosioloq Cavid İmamoğlu deyir
ki, tütün məmulatlarının ictimai yerlərdə istifadəsi özü bir
qanunauyğunsuzluqdur. Müzakirə olunan qanun layihəsi ilə həmin uyğunsuzluq
aradan qalxacaq. "Təbii ki, bu qanuna etiraz edənlər olacaq, çünki həqiqətən də
insanlar ictimai yerlərdə rahat şəkildə siqaret çəkməyə öyrəşiblər. Halbuki, bu,
həm fərdi, həm ictimai baxımdan insanların sağlamlığına ziyandır. Arzu olunan
budur ki, qanun tezliklə qəbul edilsin, onun icrasına başlanılsın və
ictimaiyerlərdə siqaret çəkmək mümkün qədər məhdudlaşdırılsın.
Tədqiqatlar göstərir ki, bir çox yeniyetmələr siqareti məhz ictimai yerlərdə gördükləri
üçün çəkənləri təqlid etməyə başlayırlar. Yəni çox vaxt dərk etmədən, zərərinin
fərqinə varmadan şüursuz formada kimlərisə təqlid etmək üçün siqaret çəkməyə
başlayırlar. Yeni qanun xüsusilə də yeniyetmələrin siqaretə meyilliliyinin
azalmasına gətirib çıxardacaq. O cümlədən də insanların ciblərinə xeyir edəcək”.
Sosioloq
qeyd edir ki, hazırda bizdə siqareti hər yerdə çəkmək mümkündür. Amma bundan
sonra bunun üçün yalnız müəyyən icazə verilmiş, xüsusi yerlər olacaq: "Təbii ki,
ilk vaxtlarda insanların qanuna uyğunlaşması çətin olur. Buna görə də çox vaxt etiraz
əlaməti olaraq qanun pozuntusuna yol verəcəklər. Bunun üçün də yeni qanunun
icrasına başlayarkən maarifləndirmə işləri də aparılmalıdır. İnsanlar
maarifləndirildikcə və yeni qanunun hədəfləri, məqsədləri, qadağanın əslində
onların sağlamlığı üçün edildiyini bildikcə, özləri onun reallaşmasına dəstək
olacaqlar”.
Psixoloq Elnur Rüstəmov deyir
ki, insanların idarə edilmə
prosesində iki faktor olur – bunlardan biri mükafatlandırma, digəri
cəzalandırmadır. "Yaxşı işin müqabilində insanlar mükafatlandırılır, pis işə
görə isə cəzalandırılırlar. Söhbət insan səhhətindən və bununla paralel digər
insanların da səhhətinə ziyan vurmadan gedirsə, əlbəttə bu zaman məhdudlaşdırma
olmalıdır. Siqaret çəkən insanlar üçün xüsusi yerlər ayrılmalıdır. Biz həmişə
özümüzü Avropa ölkələri ilə müqayisə edirik. Həmin ölkələrə də nəzər salsaq
görərik ki, onlarda da bu tip məhdudlaşdırmalar var”.
E.Rüstəmov
deyir ki, siqaret çəkmək istəyən bunu onsuz da çəkəcək. "Amma bu qadağa müəyyən
qədər insanların siqaretdən uzaqlaşmasına səbəb olacaq. Bu da insanların
sağlamlığının qorunması yönümündə atılmış müsbət bir addım kimi qiymətləndirilə
bilər. Məncə, qanunun müsbət təsirləri olacaq. Təbii ki, bir müddət çətinliklər
olacaq, amma zamanla alışacaqlar və hətta bu qanun qəbul edilməsində əməyi olanlara
təşəkkür edəcəklər”.
Günel
Azadə