• çərşənbə axşamı, 16 aprel, 23:00
  • Baku Bakı 18°C

“Qanunvericiliyə riayət etməyən istənilən şəxs cavab verməlidir”

11.10.14 11:08 1213
“Qanunvericiliyə riayət etməyən istənilən şəxs cavab verməlidir”
Azərbaycanda hər ilin payız və yaz ayları müxalifətin mitinq “sezonu” kimi qəbul edilir. Xalqın etimadını itirən, seçkilərdə səs toplaya bilməyən radikal liderlər öz məğlubiyyətlərini “ört-basdır” eləmək üçün ənənəvi “baykot”, qarayaxma kampaniyalarına start verirlər. Yaxud da 3-5 nəfərdən ibarət “dəstələri”ni başlarına toplayıb icazəli, icazəsiz mitinqlər keçirirlər. Milli Şurada bir araya gələn radikallar bu adətlərinə sadiq qalaraq, oktyabrın 12-ə yeni mitinq təyin ediblər. AXCP lideri Əli Kərimlinin diktəsi ilə hərəkət edən Milli Şura üzvləri bu dəfə Yeni Yasamaldakı “Məhsul” stadionuna toplaşıb, təsir altına saldıqları bir-iki gənclə QHT sektorunda baş verən hadisələrə, xüsusən də həbslərə etirazlarını bildirəcəklər.
Milli Şuranın bu aksiyası ilə bağlı fikirlərini “Kaspi”yə bölüşən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov hər zaman olduğu kimi, müxalifətin bazar günü keçiriləcək aksiyasının da uğursuz alınacağını bildirib. Qeyd edib ki, əvvəllər də mitinq keçirmələrinə icazə verilmədiyindən şikayətlənən müxalifət nümayəndələrinə indi istədikləri stadionda aksiya keçirməyə icazə verilib: “Hər dəfə müxalifət liderləri bəyan ediblər ki, mitinqlərdə on minlərlə adam iştirak edəcək, onların səsinə səs verəcəklər. Amma mitinq günü tamamilə başqa mənzərənin şahidi olmuşuq. Dediklərindən dəfələrlə az adam onların mitinqinə qatılıb. Tam məsuliyyətimlə deyirəm ki, bu dəfə də elə olacaq. Çünki özlərini müxalifət adlandıran bu qurumların sosial dayağı olmadığından, onların mitinq keçirib ətraflarına kimisə toplamağa heç zaman gücləri olmayıb, olmayacaq da. Azərbaycan xalqı özünün düzgün yolunu seçib və bu istiqamətdə də irəliləyir. Azərbaycan gəncləri ölkə prezidentinin yürütdüyü siyasətin aliliyini görürlər və onunla birgə addımlayırlar. O ki, qaldı mitinqin guya QHT-lər ətrafında məqsədli şəkildə gərginliyin yaradılması, QHT üzvlərinin həbsi məsələsinə həsr olunmasına, burada da onların yalanı var. Çünki Azərbaycanda yüzlərlə QHT, gənclər təşkilatları fəaliyyət göstərir. Onların hamısı Azərbaycan qanunvericiliyi çərçivəsində öz fəaliyyətlərini tənzimləyir, vaxtlı-vaxtında hesabatını verir, şəffaf işlədiklərini sübut etmək üçün maliyyə qurumlarına müvafiq sənədləri təqdim edirlər. Həmin QHT-lərin bu gün heç bir çətinliyi yoxdur. Amma kimlər ki, şəffaf fəaliyyət göstərmir, vergidən yayınır, maliyyə hesabatını vaxtlı-vaxtında vermir, xarici mənbələrdən külli miqdarda qrant alıb bilinməyən məqsədlər üçün xərcləyirsə, onlar qanun qarşısında cavab verirlər. Hesab edirəm ki, belə yanaşmada qeyri-qanuni, anormal heç nə yoxdur. Əgər kimsə qanunu pozursa, kimliyindən və tutduğu vəzifəsindən asılı olmayaraq, qanun qarşısında cavab verməlidir”.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov hazırda Azərbaycanda mənşəyi bilinməyən bəzi QHT-lərin qrant alıb mənimsəməklə məşğul olmasına diqqət çəkib. O, QHT-nın mahiyyətinin vətəndaş cəmiyyətini formalaşdırmaq, rəsmi qurumların fəaliyyətinə nəzarət etmək və şəxslərin sosial rifahına zəmin yaratmaq olduğunu xatırladaraq, Azərbaycanda fəaliyyət göstərən bir neçə QHT-in bu mahiyyəti başa düşmədiyini söyləyib: “Bu gün siyasi məhbuslara azadlıq adı altında mitinqlərdə iştirak edən, bu haqqı tələb etmək xülyasına qapılan şəxslər maraqlarına xidmət etdikləri ölkələrdəki ictimai-siyasi prosesləri daha dərindən izləməlidir. Bu şəxslərin əksəriyyəti Azərbaycanın milli maraqlarına qarşı çıxır, antiazərbaycançı şəbəkənin tapşırığını yerinə yetirirlər. Milli maraqlarımızı qorumaq istəməyən, qara piarla məşğul olan belə insanlar özlərini bu cür mitinqlərdə önə verirlər. Bu cür mitinqlərin keçirilməsi əsassız və mahiyyətsizdir. Bu kimi dairələrin indiyədək həyata keçirdiyi mitinqləri də görmüşük, onların ətrafına topladığı 50-60 nəfəri də. Lakin bundan əldə etdikləri heç bir şey olmayacaq. Mən düşünmürəm ki, Azərbaycan gənci həbs olunmalıdır və ya təşkilatın fəaliyyətində problemlər yaranmalıdır. Lakin hamımızın bildiyi və bütün dünyada işləyən qanunun aliliyi prinsipi var. Azərbaycan Respublikasında qanunvericiliyə riayət etməyən istənilən şəxs qanun qarşısında cavab verməlidir. Azərbaycan daxili və xarici siyasətində yaxından uzaqdan iştirak edən bir neçə şəxs Azərbaycan adının qorunması üçün çalışmalı olduqlarına baxmayaraq, hələ də qeyri-ciddi işlərlə məşğul olmaqda davam edirlər. Biz çox yaxşı bilirik ki, Azərbaycanın vətəndaşlıq mövqeyini itirmiş təşkilatları az deyil və bunlar bütün cəhdlərə baxmayaraq fəaliyyətlərini bərpa edə bilməyəcəklər. İstənilən fiziki və ya hüquqi şəxs bilməlidir ki, Azərbaycanın öz dövlət siyasəti var. Bu siyasət ölkədə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İnkişaf etmək, bacarmaq və ölkədə aparılan siyasətin tərkib hissəsinə çevrilmək istəyən şəxs Azərbaycan adına töhfələr verməyə günü bu gündən başlamalıdır”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər