• cümə axşamı, 28 mart, 12:41
  • Baku Bakı 16°C

Qanunsuz tikinti aparan şəxslər qazilərin adından sui-istifadə ediblər

02.10.19 18:24 611
Qanunsuz tikinti aparan şəxslər qazilərin adından sui-istifadə ediblər
Bir neçə gün öncə Qarabağ qazisi olduğu bildirilən bir qrup əlilliyi olan şəxslə SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları arasında insident baş verib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu insidentdə iştirak edənlərin heç də hamısı Qarabağ qazisi deyil. Eləcə də mübahisəyə səbəb olan torpaq sahəsinin də hansısa qaziyə aid olmadığı məlum olub. Bu işə rəhbərlik edən şəxs əslən Kəlbəcərdən olan Hacıyev Məmmədəli İsgəndər oğludur. Hansı ki, həmin şəxs Qarabağ uğrunda döyüşlərdə iştirak etməyib və hətta əldə etdiyi saxta əlillik vəsiqəsi ötən illərdə nazirlik tərəfindən ləğv edilib. Bu adam indiyə qədər də belə işlərlə məşğul olub. Ancaq onun adı yayılan rəsmi məlumatlarda yer almayıb. Əlilləri o əraziyə Məmmədəli yığıb. Torpaq faktiki olaraq bu adamların dedikləri kimi, hansısa Qarabağ əlilinin adına deyil.
Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə çaxnaşma yaratmaq istəyən qüvvələr var. Çünki zaman-zaman bəzi qüvvələr həmin həssas qruplar üzərindən Azərbaycandakı mövcud siyasi sabitliyi təhlükə altına almağa cəhd göstəriblər. Lakin həmişə də çirkin niyyətlər uğursuzluqla nəticələnib.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, Azərbaycanın müstəqil daxili və xarici siyasəti var: "Hakimiyyətin hər bir vətəndaşın təhlükəsizliyini təmin etməsi və sosial rifahının yaxşılaşdırılması üçün atdığı addımlar müəyyən dairələri "narahat” edir. Ona görə də bu dairələr ara-sıra gərgin situasiya formalaşdırmağa, cəmiyyətdə qarşıdurma yaratmağa cəhd edirlər. Bir neçə gün bundan əvvəl bir qrup Qarabağ əlili ilə bağlı məsələnin üstündən az bir zaman keçməmiş radikal müxalifət tərəfindən bir hadisə şüara çevrildi. Bundan "hakimiyyətə qarşı mübarizədə istifadə etməyə çalışdılar. Həmin hadisə ilə haradasa bir paralellik və bağlılıq axtardılar”.
A.Mirzəzadə qeyd etdi ki, vətəndaşın torpaqla və ya ev tikintisi ilə bağlı problemi ola bilər: "Bunun üçün dövlətin qanunları var, eləcə də fərdi yanaşma var. İnsanların başa düşülməsi və dövlətin vətəndaşa qarşı addım atması təcrübəsi kifayət qədərdir. Ancaq bir neçə nəfərin özünü Qarabağ əlili kimi qələmə verməsi və sonradan ifşa olunması, eləcə də bir neçə Qarabağ əlilini aldadaraq həmin hadisəyə cəlb etməsi əvvəldən hazırlanmış ssenariyə oxşayır. Lakin bunların hamısı əbəsdir. Azərbaycanda oturuşmuş dövlət və hər bir insanın qayğısını çəkməyə çalışan oturuşmuş dövlət aparatı var. Hesab edirəm ki, bu gün bu insidentdən olay yaratmaq cəhdləri baş tutmayacaq. Çünki cəmiyyət onları müdafiə etməyəcək”.
YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, bu gün ölkəmizdə həyata keçirilən uğurlu siyasətin mərkəzində insan amili dayanır: "Gerçəkləşdirilən islahatlar, görülən işlər məhz ölkə vətəndaşlarının daha yaxşı yaşamasını, onlar üçün yüksək səviyyəli həyat şəraitinin təmin edilməsi məqsədi güdür.
Reallaşdırılan sosial layihələr əhalinin demək olar ki, bütün təbəqələrini əhatə edir. Bu sırada Qarabağ müharibəsi əlilləri və veteranları xüsusi yer tutur. Tam əminliklə deyə bilərik ki, Qarabağ müharibəsi veteranları bu gün dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar. Ölkə rəhbərliyinin təşəbbüsü ilə Vətən yolunda canından, qanından keçən bu insanların sosial təminatlarını və mənzil-məişət şəraitlərini daha da yaxşılaşdırmaq üçün lazım olan bütün addımlar atılır”.
Baş redaktor vurğuladı ki, baş vermiş məlum hadisədən sui-istifadə etməyə çalışanlar yalnız öz şəxsi maraqlarını güdürlər: "Hadisə ilə bağlı yayılan məlumatlardan da göründüyü kimi, SOCAR-ın əməkdaşları Qarabağ qazilərinə qarşı heç bir zorakılıq tətbiq etməyiblər. Əksinə SOCAR-ın əməkdaşlarına qarşı zorakılıq tətbiq olunub. Boru kəmərinin təhlükəsizlik zonasına aid olan torpaq sahəsini zəbt etməyə cəhd göstərən bir qrup şəxs Qarabağ müharibəsi veteranlarını öz çirkin niyyətlərini həyata keçirmək üçün cəlb edərək, onları qanunlara itaətsizlik göstərməyə, dövlət orqanlarına qarşı təxribata çəkməyə təhrik ediblər. Sonradan tam sübut olundu ki, əraziyə çağırılan Qarabağ müharibəsi veteranlarının aparılan tikintiyə heç bir aidiyyəti yoxdur.
Tikintini aparan şəxslər öz kommersiya maraqları üçün qazilərdən sui-istifadə ediblər. Araşdırmalar göstərir ki, bir qrup fırıldaqçı qanunsuz tikililərin aparılmasına himayədarlıq etmək məqsədi ilə müharibə veteranlarından, onların cəmiyyətdəki nüfuzundan yararlanmaq niyyəti güdürlər. Hətta əldə olunan bəzi məlumatlara görə, köynəyini cıran, başına yumruqlar vuran və bu hərəkətlərin ona qarşı guya SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən törədildiyini iddia edən şəxsin özü əsl cinayətkar imiş. Onu tanıyanlar deyirlər ki, həmin şəxs vaxtilə öz atasını bıçaqlamışdı, sonradan isə Xətai rayonunda təşkil olunan yarmarkada tanımadığı şəxsi döyərək öldürmüşdü. Bu səbəbdən də o, bir neçə il həbsdə yatmışdı. Eyni zamanda, ictimailəşmiş məlumatlardan bəlli olur ki, SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşlarına şər atan şəxs bu ilin fevral ayında Xətai prospektində sökülən obyektlərə görə xüsusi tapşırıq yerinə yetirirdi. Bütün bu faktlar onu göstərir ki, Qarabağ müharibəsi əlili və veteranı adından sui-istifadə edənlər var və onlar əsl müharibə veteranlarının və əlillərinin adına ləkə gətirirlər”.
V.Rəhimzadənin sözlərinə görə, insan hüquq və azadlıqlarının ən yüksək şəkildə təmin edildiyi Azərbaycanda dövlət-vətəndaş münasibətləri hüquq müstəvisində tənzimlənir: "Dövlətimiz öz vətəndaşı üçün lazım olan bütün imkanları yaradır, ona hüquq və azadlıqlar verir. Vətəndaşın isə hüquq və azadlıqları olduğu kimi, dövlət qarşısında vəzifələri və məsuliyyəti də var. Bütün bu məqamlar nəzərə alınmalıdır. Sosial statusundan asılı olmayaraq hər bir vətəndaş dövlət və cəmiyyət qarşısında öz məsuliyyətini dərk etməli, vəzifələrini yerinə yetirməlidir. Qanunlara əməl etmək isə hər kəsin borcudur. Müharibə veteranlarının adından sui-istifadə edib təxribat törətmək isə yolverilməzdir”.
AZAD

banner

Oxşar Xəbərlər