Qanunlara hörmətin və Azərbaycanla dostluğa sədaqətin təzahürü
Barəsində cinayət işi qaldırılmış Aleksandr
Lapşinin Azərbaycana təhvil verilməsi ölkəmizlə Belarus arasında dostluq, strateji
tərəfdaşlıq münasibətlərinin parlaq nümunəsidir. Ayrı-ayrı dövlətlərin, siyasi
dairələrin bütün təzyiq və təhdidlərinə baxmayaraq, Belarus prezidenti
Aleksandr Lukaşenko Azərbaycanın müraciətini nəzərə alıb, qəti və obyektiv qərar
qəbul edərək A.Lapşinin ölkəmizə ekstradisiyası üçün ciddi siyasi iradə və mərdlik
nümayiş etdirib.
Bununla A.Lukaşenko güclü siyasi lider olduğunu,
Belarus xalqının maraqları naminə tam müstəqil siyasət yürütdüyünü, beynəlxalq
qanunvericiliyə hörmət etdiyini, heç bir xarici qüvvə qarşısında əyilmədiyini
bir daha bütün dünyaya göstərib. Eyni zamanda, bu hadisə dövlət başçısı İlham
Əliyevlə prezident A.Lukaşenko arasında sıx dostluq münasibətlərinin,
qarşılıqlı səmərəli əməkdaşlığın, Belarus rəhbərinin Azərbaycana isti münasibətinin
və ehtiramının əyani təzahürüdür. Elə buna görə də fevralın 8-də Azərbaycan
prezidentiİlham Əliyev Belarus prezidenti A.Lukaşenkoya telefonla zəng
edib. Telefon söhbəti zamanı Belarus-Azərbaycan ikitərəfli münasibətlərinin
uğurlu inkişafından danışılıb, prezident Lukaşenkonun keçən ilin sonunda Azərbaycana
həyata keçirilmiş rəsmi səfəri məmnunluqla xatırlanıb, səfər zamanı əldə
olunmuş razılıqların uğurla icra olunduğu qeyd edilib.
Bununla yanaşı, telefon danışığında siyasi,
iqtisadi və digər sahələrdə əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik
ifadə olunub. Dövlət başçıları ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında
da fikir mübadiləsi aparıb, prezidentlər səviyyəsində gələcək görüşlər barəsində
danışıblar. Dövlətimizin başçısı İ.Əliyev barəsində Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmış Aleksandr
Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı ədalətli mövqe və qətiyyətli
addım nümayiş etdirildiyinə görə Belarus tərəfinə və şəxsən prezident Aleksandr
Lukaşenkoya minnətdarlıq edib. Prezident İ.Əliyev həmkarının bu addımını qanun
aliliyi və beynəlxalq konvensiyalara əməl olunması, Azərbaycan-Belarus dostluq
və strateji tərəfdaşlıq münasibətlərinin təzahürü kimi dəyərləndirib. Prezident
A.Lukaşenko da minnətdarlığa görə dövlət başçısı İ.Əliyevə təşəkkürünü
bildirib.
Milli
Məclisin Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü,
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ Rayon Təşkilatının sədri Aydın Hüseynov mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında Belarus
prezidentinin çox böyük siyasi iradə nümayiş etdirdiyini diqqətə çatdırıb. Qeyd
edib ki, onun bu davranışı ölkələrimiz, xalqlarımız, prezidentlərimiz
arasındakı yaxşı münasibətin göstəricisidir: "Aleksandr Lukaşenko bu davranışı
ilə beynəlxalq normalara, qanunlara böyük hörmətlə yanaşdığını ortaya qoyub.
Digər tərəfdən, Lukaşenkonun bu addımı bir prezident kimi onun xalqımıza, dövlətimizə
münasibətini ifadə edir. Heç şübhəsiz, bu davrnış eyni zamanda prezidentlər
arasındakı münasibətin sübutu idi. Baş verən bu hadisə Belarus və Azərbaycan
xaqları arasındakı dostluğa yeni çalarlar gətirdi, onu bir qədər də möhkəmləndirdi.
Bundan sonra da xalqlarımız arasında bir-birinə etimad, hörmət daha böyük vüsət
alacaq. Ona görə də A.Lukaşenkonun Lapşinin Azərbaycana təhvil verilməsi barədə
qətiyyətli qərarını alqışlayıram. Bu, onun dövlət başçısı İlham Əliyevlə
aralarında olan dostluğa nə dərəcədə sədaqətli olmasını da nümayiş etdirir.
Eyni zamanda o, bütün dünyaya mesaj verdi ki, beynəlxalq normalar, hüququn
aliliyi hər zaman qorunmalı, davamlı olmalıdır”.
Milli
Məclisin Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü,
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev ilk öncə bildirib ki, bloger A.Lapşinin Azərbaycana
ekstradisiyası çox önəmli məsələdir. Onun sözlərinə görə, bu hadisə dövlətimizin
və prezidentimizin nə qədər qətiyyətli olduğunu bir daha göstərib. Millət vəkili
deyib ki, Lapşin Azərbaycanın ərazi bütlövlüyünə şübhə və kölgə salan fəaliyyətdə
bulunub, faktiki cinayət törədib, cəzasını da çəkməlidir. O, bu xüsusda Belarus
prezidenti A.Lukaşenkoya mərdliyindən və cəsarətindən dolayı, böyük bir təşəkkür
düşdüyünü söyləyib: "Belarus prezidenti bir çox məqamı, riski və rezonansı gözə
alaraq, ədalətli qərar verdi. Lukaşenko həqiqətən Azərbaycanın dostudur və bizlərin
haqq işində növbəti dəfə yanımızda olduğunu göstərdi. Bütün hallarda 3 ölkənin
vətəndaşı olan blogerin Azərbaycanın istintaq orqanlarına təhvil verilməsi
sıradan bir hadisə kimi səciyyələndirilə bilməz. Rezonans da hadisəyə tam
adekvatdır. Diqqət edin, Belarusun Ermənistandakı səfirliyi qarşısında
aksiyalar başlayıb, Belarusun KTMT üzvlüyünə xitam verilməsi ilə bağlı məsələ
qaldırılır, Rusiyadan sərt ismarıclar gəlir, dünya mediası mövzunu daha da
şişirdir və tirajlayır. Bunlar elə-belə məsələlər deyil. Azərbaycanı Qarabağ üzərindəki
qələbələrə də məhz bu cür sərrast diplomatiya və qətiyyətli mövqe aparacaq. Bu
hadisə həm də bir çoxlarına dərs olmalıdır ki, artıq Azərbaycandan ehtiyat eləməyi
öyrənsinlər”.
Milli
Məclisin Gənclərvəidmankomitəsinin üzvü, YAP Gəncə Şəhər Təşkilatının
sədri Naqif Həmzəyevdə hesab edir ki, ölkəmizin qanunlarını pozaraq işğal olunmuş ərazilərimizə
qanunsuz səfər edən A.Lapşinin Azərbaycana ekstradisiyası prezident İ.Əliyevin
ölkəmizin milli maraqlarına uyğun həyata keçirdiyi prinsipial, ardıcıl,
düşünülmüş siyasətin əyani sübutu, diplomatiyamızın növbəti parlaq qələbəsidir.
Deputatın fikrincə, bu, həm də Ermənistanın cinayətkar rejiminin, işğalçılıq
siyasətinin iflası, növbəti məğlubiyyətidir. Millət vəkili N.Həmzəyev bu məsələdə
Belarus prezidenti A.Lukaşenkonun sərgilədiyi mövqeyin də xüsusi əhəmiyyət
daşıdığını vurğulayıb: "Prezident Aleksandr Lukaşenkonun qəti və obyektiv qərar
qəbul etməsi Azərbaycanla Belarus arasında dostluq və strateji tərəfdaşlıq
münasibətlərinin parlaq nümunəsi, qarşılıqlı səmərəli əməkdaşlığın əyani təzahürüdür.
Qanunun aliliyinə hörmət və beynəlxalq konvensiyalara əməl etmək Azərbaycan və
Belarus dostluğunun, strateji tərəfdaşlıq münasibətlərinin daha da güclənməsinə
töhfə verməklə yanaşı, dünya siyasi liderlərinə mesaj kimi də dəyərləndirilməlidir.
Xatırlatmaq üçün qeyd edim ki, son günlər gündəmi zəbt edən Lapşinlə bağlı
hadisələr ölkə ictimaiyyətini də ciddi narahat edirdi. Amma baş verənlərdən
sonra narahatlığa heç bir əsas yoxdur. Bununla ictimaiyyətimiz bir daha əmin
oldu ki, onun beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə, qətiyyətlə
müdafiə edən, qarşısına qoyduğu bütün məqsədlərə nail olmağı bacaran İlham
Əliyev kimi siyasi lideri var”.
Rufik
İSMAYILOV