AZE | RUS | ENG |


Qanunlara hörmətin və Azərbaycanla dostluğa sədaqətin təzahürü

Qanunlara hörmətin və Azərbaycanla dostluğa sədaqətin təzahürü
Millət vəkilləri bloger Lapşinin məsələsində Belarus prezidentinin sərgilədiyi mövqeyi bu cür dəyərləndirirlər

Barəsində cinayət işi qaldırılmış Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi ölkəmizlə Belarus arasında dostluq, strateji tərəfdaşlıq münasibətlərinin parlaq nümunəsidir. Ayrı-ayrı dövlətlərin, siyasi dairələrin bütün təzyiq və təhdidlərinə baxmayaraq, Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müraciətini nəzərə alıb, qəti və obyektiv qərar qəbul edərək A.Lapşinin ölkəmizə ekstradisiyası üçün ciddi siyasi iradə və mərdlik nümayiş etdirib. 
 
Bununla A.Lukaşenko güclü siyasi lider olduğunu, Belarus xalqının maraqları naminə tam müstəqil siyasət yürütdüyünü, beynəlxalq qanunvericiliyə hörmət etdiyini, heç bir xarici qüvvə qarşısında əyilmədiyini bir daha bütün dünyaya göstərib. Eyni zamanda, bu hadisə dövlət başçısı İlham Əliyevlə prezident A.Lukaşenko arasında sıx dostluq münasibətlərinin, qarşılıqlı səmərəli əməkdaşlığın, Belarus rəhbərinin Azərbaycana isti münasibətinin və ehtiramının əyani təzahürüdür. Elə buna görə də fevralın 8-də Azərbaycan prezidenti İlham Əliyev Belarus prezidenti A.Lukaşenkoya telefonla zəng edib. Telefon söhbəti zamanı Belarus-Azərbaycan ikitərəfli münasibətlərinin uğurlu inkişafından danışılıb, prezident Lukaşenkonun keçən ilin sonunda Azərbaycana həyata keçirilmiş rəsmi səfəri məmnunluqla xatırlanıb, səfər zamanı əldə olunmuş razılıqların uğurla icra olunduğu qeyd edilib. 
 
 

Bununla yanaşı, telefon danışığında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub. Dövlət başçıları ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında da fikir mübadiləsi aparıb, prezidentlər səviyyəsində gələcək görüşlər barəsində danışıblar. Dövlətimizin başçısı İ.Əliyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmış Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı ədalətli mövqe və qətiyyətli addım nümayiş etdirildiyinə görə Belarus tərəfinə və şəxsən prezident Aleksandr Lukaşenkoya minnətdarlıq edib. Prezident İ.Əliyev həmkarının bu addımını qanun aliliyi və beynəlxalq konvensiyalara əməl olunması, Azərbaycan-Belarus dostluq və strateji tərəfdaşlıq münasibətlərinin təzahürü kimi dəyərləndirib. Prezident A.Lukaşenko da minnətdarlığa görə dövlət başçısı İ.Əliyevə təşəkkürünü bildirib.
 
 

Milli Məclisin Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ Rayon Təşkilatının sədri Aydın Hüseynov mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında Belarus prezidentinin çox böyük siyasi iradə nümayiş etdirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, onun bu davranışı ölkələrimiz, xalqlarımız, prezidentlərimiz arasındakı yaxşı münasibətin göstəricisidir: "Aleksandr Lukaşenko bu davranışı ilə beynəlxalq normalara, qanunlara böyük hörmətlə yanaşdığını ortaya qoyub. Digər tərəfdən, Lukaşenkonun bu addımı bir prezident kimi onun xalqımıza, dövlətimizə münasibətini ifadə edir. Heç şübhəsiz, bu davrnış eyni zamanda prezidentlər arasındakı münasibətin sübutu idi. Baş verən bu hadisə Belarus və Azərbaycan xaqları arasındakı dostluğa yeni çalarlar gətirdi, onu bir qədər də möhkəmləndirdi. Bundan sonra da xalqlarımız arasında bir-birinə etimad, hörmət daha böyük vüsət alacaq. Ona görə də A.Lukaşenkonun Lapşinin Azərbaycana təhvil verilməsi barədə qətiyyətli qərarını alqışlayıram. Bu, onun dövlət başçısı İlham Əliyevlə aralarında olan dostluğa nə dərəcədə sədaqətli olmasını da nümayiş etdirir. Eyni zamanda o, bütün dünyaya mesaj verdi ki, beynəlxalq normalar, hüququn aliliyi hər zaman qorunmalı, davamlı olmalıdır”.
 
 

Milli Məclisin Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev ilk öncə bildirib ki, bloger A.Lapşinin Azərbaycana ekstradisiyası çox önəmli məsələdir. Onun sözlərinə görə, bu hadisə dövlətimizin və prezidentimizin nə qədər qətiyyətli olduğunu bir daha göstərib. Millət vəkili deyib ki, Lapşin Azərbaycanın ərazi bütlövlüyünə şübhə və kölgə salan fəaliyyətdə bulunub, faktiki cinayət törədib, cəzasını da çəkməlidir. O, bu xüsusda Belarus prezidenti A.Lukaşenkoya mərdliyindən və cəsarətindən dolayı, böyük bir təşəkkür düşdüyünü söyləyib: "Belarus prezidenti bir çox məqamı, riski və rezonansı gözə alaraq, ədalətli qərar verdi. Lukaşenko həqiqətən Azərbaycanın dostudur və bizlərin haqq işində növbəti dəfə yanımızda olduğunu göstərdi. Bütün hallarda 3 ölkənin vətəndaşı olan blogerin Azərbaycanın istintaq orqanlarına təhvil verilməsi sıradan bir hadisə kimi səciyyələndirilə bilməz. Rezonans da hadisəyə tam adekvatdır. Diqqət edin, Belarusun Ermənistandakı səfirliyi qarşısında aksiyalar başlayıb, Belarusun KTMT üzvlüyünə xitam verilməsi ilə bağlı məsələ qaldırılır, Rusiyadan sərt ismarıclar gəlir, dünya mediası mövzunu daha da şişirdir və tirajlayır. Bunlar elə-belə məsələlər deyil. Azərbaycanı Qarabağ üzərindəki qələbələrə də məhz bu cür sərrast diplomatiya və qətiyyətli mövqe aparacaq. Bu hadisə həm də bir çoxlarına dərs olmalıdır ki, artıq Azərbaycandan ehtiyat eləməyi öyrənsinlər”.
 
 

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, YAP Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyevdə hesab edir ki, ölkəmizin qanunlarını pozaraq işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən A.Lapşinin Azərbaycana ekstradisiyası prezident İ.Əliyevin ölkəmizin milli maraqlarına uyğun həyata keçirdiyi prinsipial, ardıcıl, düşünülmüş siyasətin əyani sübutu, diplomatiyamızın növbəti parlaq qələbəsidir. Deputatın fikrincə, bu, həm də Ermənistanın cinayətkar rejiminin, işğalçılıq siyasətinin iflası, növbəti məğlubiyyətidir. Millət vəkili N.Həmzəyev bu məsələdə Belarus prezidenti A.Lukaşenkonun sərgilədiyi mövqeyin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: "Prezident Aleksandr Lukaşenkonun qəti və obyektiv qərar qəbul etməsi Azərbaycanla Belarus arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin parlaq nümunəsi, qarşılıqlı səmərəli əməkdaşlığın əyani təzahürüdür. Qanunun aliliyinə hörmət və beynəlxalq konvensiyalara əməl etmək Azərbaycan və Belarus dostluğunun, strateji tərəfdaşlıq münasibətlərinin daha da güclənməsinə töhfə verməklə yanaşı, dünya siyasi liderlərinə mesaj kimi də dəyərləndirilməlidir. Xatırlatmaq üçün qeyd edim ki, son günlər gündəmi zəbt edən Lapşinlə bağlı hadisələr ölkə ictimaiyyətini də ciddi narahat edirdi. Amma baş verənlərdən sonra narahatlığa heç bir əsas yoxdur. Bununla ictimaiyyətimiz bir daha əmin oldu ki, onun beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə, qətiyyətlə müdafiə edən, qarşısına qoyduğu bütün məqsədlərə nail olmağı bacaran İlham Əliyev kimi siyasi lideri var”.

Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7045
GBP 1 İngilis funt sterlinqi 2.1441
TRY 1 Türk lirəsi 0.4726
KWD 1 Küveyt dinarı 5.6574
SEK 1 İsveç kronu 0.1940
EUR 1 Avro 1.8536
CHF 1 İsveçrə frankı 1.7284
USD 1 ABŞ dolları 1.7238