Qanunlara edilən dəyişikliklər “reket jurnalistlər”in əl-qolunu bağlayır
Milli Məclisin ötən həftə baş tutan iclasında internet informasiya
ehtiyatının və onun domen adının sahibi tərəfindən yayılması qadağan edilən
informasiyanın yerləşdirilməsi və digər məsələlərlə bağlı cəzaların
müəyyənləşdirilməsi məsələsi müzakirə edilib. Bununla bağlı İnzibati Xətalar
Məcəlləsinə yeni 388-1 maddəsi əlavə olunub. Həmin maddəyə əsasən, belə hal baş
verdikdə fiziki, vəzifəli və hüquqi
şəxslərin müxtəlif məbləğlərdə cərimələnəcək.
Bu cərimələr eyni qaydada, internet informasiya ehtiyatında
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”
qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə
görə də tətbiq ediləcək. Bundan başqa, internet informasiya ehtiyatı "Yayılması
qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının
Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet
provayderlər tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin
məhdudlaşdırılmamasına görə də cərimə tətbiq olunacaq. Bu maddə üzrə göstərilən
əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə
səbəb olmadıqda tətbiq olunur. Bununla bağlı "Kütləvi informasiya vasitələri
haqqında”, "Telekommunikasiya haqqında”, "Televiziya və radio yayımı haqqında”
qanunlara da oxşar düzəlişlər ediləcək.
Onu qeyd edək ki, bu dəyişikliklər bu gün jurnalistika adına xələl
gətirən "reket”lərin fəaliyyətinin aradan qaldırılmasına yönəlib. Belə ki,
əvvəllər müxtəlif adlarla "reket” fəaliyyəti göstərən qəzetlər artıq yeni
elektron informasiya portalları yaradaraq, insanları şantaj edirlər. Düzdür,
yaranmış bu problemlə bağlı ciddi mübarizə aparılır, lakin hələ də "reket
jurnalistika” deyilən anlayış tamamilə şüurlardan çıxmayıb. Bəs görəsən
qanunvericiliyə edilən son dəyişikliklər "reket jurnalistika” ilə mübarizəyə
necə təsir göstərəcək?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, hər
bir vətəndaş qəbul edilən qanunlara əməl etməyə borcludur: "Qadağan olunmuş
informasiyaların yayılması ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər
"reket mətbuat”la mübarizədə vacib amillərdən biridir. Qeyd edim ki, bu
dəyişikliklər və əlavələr heç də jurnalistikanın məhdudlaşdırılması deyil,
əksinə, bu peşə sahiblərinin öz sahələrini daha dərindən bilməsi üçün vacib
şərtlərdəndir. Qadağan olunmuş məlumatların yayılması təkcə jurnalistika ilə
bağlı olmaya bilər. Bu addımı jurnalistikadan kənar peşə sahiblərinin də atması
mümkündür. Hesab edirəm ki, bu nöqteyi-nəzərdən qanunvericiliyə edilən
dəyişikliklər və əlavələr günün tələbinə uyğundur. Belə addımlar təkcə
Azərbaycanda deyil, dünyanın istənilən demokratik ölkələrində də atılır”.
V.Rəhimzadə qeyd etdi ki, "reket mətbuat” jurnalistikaya zidd və
eləcə də qanunlara riayət etməyən mətbuat orqanlarıdır: "Onlar jurnalistikanın
peşə qaydalarına məhəl qoymurlar və ümumiyyətlə jurnalistikadan anlayışı
olmayan insanlar "reket mətbuat”da yer alır. Təəssüflər olsun ki, onlar nəyi və
necə yazmağı bilmirlər. Bunlar insanları təhqir, şantaj edir və şəxsi həyatını
gündəmə gətirməkdən çəkinmirlər. Əgər mövcud qanunvericiliyə əməl
etməyəcəklərsə, bunun da hüquqi mexanizmi var və cinayət məsuliyyətinə cəlb
ediləcəklər”.
"Azadinform” İnformasiya
Agentliyinin baş redaktoru Niyaz Niftiyev bildirdi ki, Milli
Məclisin "KİV haqqında” Qanuna 19-1-ci maddəni əlavə etməsi təqdirəlayiqdir: "Əlbəttə,
biz bunu müsbət qarşılamaqla gələcəkdə yayılması qadağan olunan
informasiyaların ictimailəşdirilməsinin qarşısını almış oluruq. Təcrübə
göstərir ki, son zamanlar dövlət sirrinə aid edilən məlumatların internet mediada
tirajlanması adi hal kimi qəbul olunur. Bəzən bu kimi informasiyalar
hüquq-mühafizə orqanları və dövlətin digər səlahiyyətli qurumlarının
müdaxiləsindən sonra saytlardan yığışdırılır. Təəssüf ki, bu zaman artıq gec
olur, artıq yayılması qadağan olunan informasiyalar müxtəlif yollarla
bilərəkdən və yaxud da bilməyərəkdən sosial platformalarda ictimailəşdirilir”.
N.Niftiyevin sözlərinə görə, qanunun icrası ilə bağlı qeyd edilən
məsələlərdə pozuntu halına yol vermiş internet resursun birdəfəlik
qapadılmasından söhbət getmir: "Burada konkret müddət nəzərdə tutulub, həmin
müddətdən sonra internet media yenidən fəaliyyətini davam etdirə biləcək.
Əlbəttə, burada müddət məsələsi yayılan informasiyanın nə dərəcədə
əhəmiyyətliliyindən asılı olacaq.Təəssüf ki, bir neçə ildir "reket media”ya qarşı müxtəlif
səviyyələrdə mübarizə aparılsa da, onun arzuolunan effektini görmürük. Ümid edirik
ki, "KİV haqqında” Qanuna sözügedən əlavə ilə həm də "reket media”ya qarşı
mübarizə tədbirləri gücləndiriləcək. Daha doğrusu, yayılması qadağan olunan
informasiyaların təsnifatlandırılması zamanı "reket media”nın sui-istifadə
edərək tirajladığı məsələlər də öz əksini tapacaq. Qanuna əlavələr həm də
jurnalistlərin yayılması qadağan olunan informasiyalar haqqında məlumatlılıq
səviyyəsini artıracaq”.
Modern.az İnformasiya
Agentliyinin baş direktoru Elşad Eyvazlı bildirdi ki, qadağan
olunan informasiyanın yayılması ilə bağlı məsələ qanunvericiliyə yeni əlavə və
dəyişikliklərlə sərtləşdirildi: "Bu da ondan ibarətdir ki, əgər hansısa məlumat
qadağan olunursa və bu, qanunvericilikdə təsbitini tapıbsa, deməli burada
cinayət məsuliyyəti yaradan vəziyyət yaranacaq. Bu məsələni geniş şəkildə ictimailəşdirməliyik
ki, "reket jurnalistika” ilə məşğul olanlar gələcəkdə bu kimi addımları
atmasınlar. Düşünürəm ki, bu, ciddi şəkildə effekt verəcək. Qeyd edim ki,
Mətbuat Şurasının tərkibində "reket jurnalistika”ya qarşı mübarizə komissiyası
yaradılıb və mən də onun üzvüyəm. Bu komissiyada hüquq-mühafizə orqanlarının
nümayəndələrinin də yer alması artıq "reket jurnalistlər”in ciddi əndişəsinə
səbəb olub. Hətta yanlış, qərəzli, böhtan xarakterli məlumatların monitorinqini
apararkən görürük ki, burada azalma müşahidə edilir. Amma qanunvericiliyə
edilən son dəyişikliklərdən sonra əminəm ki, belə mənfi tendensiyalı yazılar
kifayət qədər azalacaq”.
Bəxtiyar Məmmədli