• cümə, 26 Aprel, 18:29
  • Baku Bakı 22°C

Qanuna edilən dəyişikliklər QHT-lərə problem yaratmayıb

09.04.14 09:49 1674
Qanuna edilən dəyişikliklər QHT-lərə problem yaratmayıb
Bir müddət öncə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna edilən əlavə və dəyişikliklərin qüvvəyə minməsi barədə xəbər vermişdik. Dəyişikliklər şəffaflığın artırılmasına hesablansa da, yeniliyə etiraz edənlərin də sayı az deyildi. Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurası prosesləri diqqətdə saxlamaq üçün komissiya təşkil edib və hər hansı çətinliklə rastlaşan QHT təmsilçilərinə yardımçı olmağa çalışır. Bəs görəsən qanuna edilən dəyişikliklər praktikada QHT-lərin işinə necə təsir edib?
Bu mövzuda fikirlərini bizimlə bölüşən Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, QHT-lərə Dövlət Dəstəyi Şurası yanında hüquq və monitorinq komissiyasının sədri Əlimməmməd Nuriyev bildirdi ki, qanun qüvvəyə minməmişdən əvvəl Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə bütün QHT-lərlə görüş keçirilib: “Qanunda edilən dəyişikliklərlə bağlı kimlərsə narahatlıq yaranacağını düşünürdülər və neqativ fikirlər səsləndirirdilər. Ona görə də bu məsələləri müzakirə etmək qərarına gəldik. Həmin görüşdə parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov da iştirak edirdi. Müzakirələr zamanı “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri təklif etdi ki, qanunun imzalanmasından sonra hansı məqamların ortaya çıxacağını öyrənmək üçün komissiya yaradaq. Belə qərar verdik ki, komissiya məhz QHT-lərin nümayəndələrindən təşkil olunsun. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası da bu fikri təqdir etdi. Beləliklə, şuranın yanında hüquq və monitorinq komissiyası yaradıldı. Onun yeddi üzvündən altısı məhz QHT nümayəndəsidir. Qeyd edim ki, komissiyaya rəhbərlik mənə həvalə olunub və bu müddət ərzində bir çox işlər həyata keçirilib”.
Ə.Nuriyevin sözlərinə görə, qanun prezident tərəfindən imzalandıqdan sonra bütün QHT-lərə müraciət ediblər ki, onun tətbiqi prosesində meydana çıxan problemlərlə bağlı komissiyaya müraciət edilsin: “Müraciətlər daha çox qanun qüvvəyə minməmişdən öncə alınan qrantlarla bağlı idi. Belə ki, həmin maliyyə vəsaitlərinin banklardan götürülməsi zamanı QHT-lərə maneçilik törədilirdi. Onlardan bildiriş sənədləri tələb edirdilər. Əsasən də kommersiya bankları bu cür hallara yol verirdilər. Burada anlaşılmazlıq baş vermişdi. Çünki qanun qüvvəyə mindikdən sonra Mərkəzi Bank bütün banklara məktub yollamışdı. Qeyd olunurdu ki, banka daxil olan qrantlarla bağlı vəsaitlər üzərində əməliyyatlar o zaman aparıla bilər ki, qrant müqaviləsi ilə bağlı Ədliyyə Nazirliyindən keçmiş bildiriş sənədi təqdim olunsun. Bəzi banklar bunu yanlış başa düşmüşdülər. Hesab edirdilər ki, bu qərar təkcə 2014-cü il 4 fevraldan sonra imzalanan qrant müqavilələrinə yox, əvvəlki vaxtlara da aiddir. Təbii ki, bu, yanlış addım idi. Ona görə də komissiya adından Mərkəzi Banka müraciət etdik. Belə vəziyyətin olmasını həmin bankların səlahiyyətini aşması kimi qiymətləndirdiyimizi söylədik. Qısası, bu səpkidə olan problemlər artıq yoluna qoyulub. Ona görə də artıq bizə belə məsələlərlə bağlı müraciətlər daxil olmur”.
Komissiya sədri yaranan digər problem barədə də danışdı: “Dövlət Dəstəyi Şurası tərəfindən verilən qrantlarla bağlı da bəzən müəyyən kommersiya bankları problem yaradırdı. Həmin vəsaitlərin QHT-lərin istifadəsinə verilməsinə maneçilik törədilirdi. Bu durumla bağlı Ədliyyə Nazirliyi ilə Dövlət Dəstəyi Şurası arasında məsləhətləşmələr oldu. Bütün siyahını onlara təqdim etdik və qrant almış şəxslərin bildiriş sənədləri bizə təqdim olundu. Beləliklə, bu problem də aradan qalxdı. Təbii ki, təkcə bununla kifayətlənmirik. Qanuna edilən əlavə və dəyişikliklərlə bağlı məlumatlandırma işləri aparırıq. Ayın 18-də və 23-də Qəbələ və Şəmkirdə komissiya üzvləri ilə birgə bu mövzuda konfrans təşkil edəcəyik. Onu da nəzərə çatdırım ki, artıq QHT-lərin bir çox problemlərinin həllində onlara yaxından yardım etmişik. “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İctimai Birliyinin və “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin müəyyən problemləri vardı. Onların həlli ilə bağlı dərhal hərəkətə keçdik. Ədliyyə Nazirliyinin operativ reaksiya verməsini də mütləq qeyd etməliyəm. Doğrusu, problemin daha çox QHT-lərin özünün fəaliyyəti nəticəsində yarandığı hallar da olur. Lakin buna baxmayaraq, Ədliyyə Nazirliyi onlardan yardımını əsirgəmədi”.
Müsahibimiz bundan sonra da qanunun tətbiqi ilə bağlı məsələləri təqib edəcəklərini dedi: “Qəzetiniz vasitəsi ilə bir daha müraciət edirik ki, QHT-lərin hər hansı bir problemi yarandığı zaman mütləq bizə müraciət etsinlər. Çünki məsələləri diqqətlə izləyirik. Dəyişikliyin təsirinin nədən ibarət olacağını müəyyənləşdirməkdə maraqlıyıq. Əgər narahatlıq məhz qanundakı əlavə və dəyişiklik ucbatından yaranırsa, biz qanunvericilik orqanına şuranın sədri, millət vəkili Azay Quliyev vasitəsi ilə müraciət edəcəyik. Hazırda təklif layihəsi üzərində çalışırıq. İstəyirik ki, qrant müqaviləsinin notariat orqanları tərəfindən təsdiqini nəzərdə tutan norma ləğv edilsin. Çünki o, QHT-lərə müəyyən problemlər yaradır. Qrant müqavilələri verilərkən çox zaman üzərində möhür olmur. Buna səbəb müxtəlif ölkələrin qanunvericiliklərində olan fərqlərdir. Çox zaman bu cür məktublar elektron poçtla göndərilir. Notarial orqanların sənədin orijinalını tələb etməsi bürokratiyaya gətirib çıxarır. Ədliyyə Nazirliyi də bu məqamlarla bağlı təkliflər hazırlayır. Dövlət Dəstəyi Şurası və onun yanında yaradılan hüquq və monitorinq komissiyası maksimum çalışır ki, vətəndaş cəmiyyətinin hərtərəfli fəaliyyəti üçün əlverişli imkanlar daha da genişlənsin. İndiyə qədər müraciət olunan məsələlər xırda işlər olub və həllini rahatlıqla tapıb. Əgər bundan sonra sabit xarakterli problemlərlə bağlı şikayətlər daxil olarsa, qanuna dəyişikliklər edilməsi ilə bağlı müraciət hazırlayacağıq”.
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni də hələ ki mürəkkəb məqamlarla üzləşmədiklərini, narahatlıq törədən halların çətinlik olmadan yoluna qoyulduğunu dedi: “Dəfələrlə bildirmişik ki, qanuna edilən dəyişiklik və əlavələr şəffaflığın artırılması üçündür. Həmçinin belə məqamlar qanunda olan müəyyən boşluqları doldurur, onun möhkəmlənməsinə xidmət edir. Hesab edirəm ki, bu dəyişikliklə bağlı narahatlıq keçirməyə əsas yoxdur. Çünki qanun çərçivəsində fəaliyyət göstərən QHT-lər üçün heç bir problem yaranmayacaq. Təbii ki, müəyyən texniki və bürokratik problemlərin olduğunu da gizlədə bilmərik. Bu kimi halların qarşısının alınması üçün, texniki əngəllərin olmaması üçün sırf elektron sistemə keçmək lazımdır. Yəni, əlaqədar qurumlarla intensiv sənədləşmə işlərini elektron səviyyəyə keçirsək, söylənilənlər asanlıqla həllini tapar”.
R.Zeyni vurğuladı ki, QHT-lər şuraya daha çox qeydiyyat problemi, reyestrdən çıxarış sənədlərinin əldə olunması zamanı vaxtın uzanması ilə bağlı müraciət ediblər: “QHT-lərin ofis problemlərinin birdəfəlik həll olunması, maddi-texniki bazanın təmin olunması da vacib məqamlar kimi önümüzdə dayanıb. Bundan başqa, bəzi spesifik təşkilatlar var ki, fəaliyyətlərinin yüksək səviyyədə davam etməsinə ehtiyac var. Bu da, onların ictimai əhəmiyyətinin çox olmasından irəli gəlir. Həmin QHT-lərin yaşamaları, ayaqda durmaları üçün səmərəli şəkildə maliyyələşdirilmələri çox effektiv təsir göstərə bilər. Dəfələrlə belə məqamlarla əlaqəli müraciətlər daxil olub ki, onların da həllini tapması üçün əlimizdən gələni edirik”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər