• cümə, 19 Aprel, 21:22
  • Baku Bakı 24°C

“Qanun qəbul olunanda, icra edəcəyik”

21.02.17 12:00 1972
“Qanun qəbul olunanda, icra edəcəyik”
"5-ci kursda təhsil alıram. 4-cü kursa qədər təhsil haqqımı ödəmişəm. Lakin sonra valideynim rəhmətə getdi. Tələbə yoldaşlarımdan bir valideynini itirən, digər valideyni isə 1 və 2-ci qrup əlil olanların ali təhsil haqqından tam azad olmalarını, amma bu qərarın 18 yaşadək valideynini itirənlərə şamil olunduğunu eşitdim” – bu sözləri "Kaspi”yə açıqlamasında Tibb Universitetinin tələbəsi Cavidan Qafarov dedi.
C.Qafarov təhsil haqqından azad olunması ilə bağlı ilk olaraq universitetə müraciət edib: "Amma bildirildi ki, qanunvericiliyin tələblərinə görə, o, 18 yaşına qədər valideynini itirdiyi halda universitetə qəbul olsaydı, bu zaman təhsil haqqından tam azad olunardı. Mən də bununla bağlı Konstitutsiya Məhkəməsinə müraciət etdim və qanunda olan bu boşluq təmin olundu. Həmin qərardan sonra universitetin hüquqşünası bildirdi ki, Konstitutsiya Məhkəməsinin qərarı Milli Məclisə çıxarılmalıdır. Həmin müddətə kimi isə hər təhsil müəssisəsi imkan daxilində xərcləri özü ödəməlidir. Düşünürəm ki, universitetimiz bunu ödəyəcək”.
Beləliklə, Azərbaycanda 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olan gənclər dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla əyani formada təhsillə əlaqədar ixtisaslara qəbul olduqda, təhsil haqlarından azad ediləcəklər. Xatırladaq ki, bu, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclasında qəbul edilən qərarda əksini tapıb.
Qərarda deyilir ki, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun 1-ci maddəsinin 12-ci abzasındakı anlayışa 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olmuş və dövlət ali təhsil müəssisələrində əyani formada təhsil alan şəxslərin aid edilməməsi Konstitusiyanın 25-ci maddəsinin I hissəsi ilə uyğunsuzluq təşkil etdiyindən, həmin normanın bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğunlaşdırılmasıMilli Məclisə tövsiyə edilsin.
Bu Qərarın nəticəvi hissəsinin 1-ci bəndində göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin tələbləri əsas götürülərək, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla əyani formada təhsil alan şəxslər "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 12-ci abzasında göstərilən səbəblərə görə 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olduqda, onların təhsil haqlarının ödənilməsi təhsil aldıqları müddətdə (23 yaşınadək) "Təhsil haqqında” qanunun 38.3-cü maddəsinə müvafiq olaraq təmin edilməlidir.
Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Qeyd edək ki, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun 1-ci maddəsinin 12-ci abzasında qeyd edilib ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər 18 yaşınadək hər iki valideynini itirmiş, habelə hər iki valideyninin himayəsindən məhrum olmuş ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Konstitusiyanın 25-ci maddəsinin I hissəsində isə bildirilir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. "Təhsil haqqında” qanunun 38.3-cü maddəsinə qeyd edilir ki, dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə bilər.
Maraqlıdır, dövlət ali təhsil müəssisələrində indiyə qədər bu proses necə tənzimlənib? Tələbələrin bu kimi problemlərlə bağlı müraciətləri olubmu? Universitetlərdə bir valideynini itirən, digər valideyni isə 1 və ya 2-ci qrup əlil olan nə qədər tələbə təhsil alır?
Bakı Dövlət Universiteti rektorunun maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanov "Kaspi”yə açıqlamasında bildirdi ki, indiyə qədər tələbələrin bu məsələ ilə bağlı hər hansı müraciəti olmayıb: "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunla bu məsələ tənzimlənir. Əvvəllər hər iki valideynini itirənlər təhsil haqqından azad idilər. Amma qeyd etdiyim qanuna 2013-cü il 19 aprel tarixində müəyyən dəyişikliklər olundu. Ondan sonra bir valideynini itirən, digər valideyni isə 1 və 2-ci qrup əlil olanlar da ali təhsil haqqından tam azaddırlar. Bizdə bu cür vəziyyətdə tələbələr adətən 18 yaşına qədər qəbul olanlardır. Onlar üçün güzəşt var və 23 yaşına kimi təhsil dövründə təhsil haqqından azaddırlar. Amma bir valideynini itirən, digər valideyni isə 1 və 2-ci qrup əlil olanların 18-dən yuxarı yaşda qəbul olması ilə qarşılaşmamışıq”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimovdeyir ki, ADPU-da indiyə qədər bir valideyni vəfat etmiş, digəri 1 və 2-ci qrup əlil olan tələbələr 18 yaşına qədər universitetə qəbul olunduqları halda ödənişsiz təhsil alırdılar: "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunu 22 iyun 1999-cu ildə qəbul edilib. Həmin qanuna əsasən, bir valideyni vəfat etmiş, o biri valideyni 1 və 2-ci qrup əlil olan 18 yaşınadək olanların təhsil haqları dövlət tərəfindən ödənilir. Hazırda Pedaqoji Universitetdə 33 belə tələbə təhsil alır. Onlara dövlətin nəzərdə tutduğu təqaüdün 2 misli məbləğində təqaüd verilir. Tələbənin ona verilən bu güzəştdən istifadə etmək müddəti isə 23 yaşa qədərdir. Amma indi 18 yaşınadək valideynini itirməsi limiti ortadan götürülür. Qanun qüvvəyə minəndən sonra onun tələblərinə uyğun gələn bütün tələbələrə şamil ediləcək”.
Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev bildirdi ki, universitetdə, qanunvericiliyə əsasən yuxarı yaş həddi olaraq 23 götürülür. Aşağı yaş həddi isə yoxdu. Bu baxımdan 23 yaşına qədər valideyinlərini itirmiş tələbələr ödənişdən azad olunurlar.
Memarlıq və İnşaat Universitetinin tədris şöbəsinin müdiri Sabir Məmmədov bizimlə söhbətində qeyd etdi ki, qanunvericiliyə uyğun olaraq güzəşt imkanlarından yararlanmaq hüququ olan tələbələr universitetə qəbul olanda müvafiq sənədlər təqdim edirlər və heç bir problem olmadan proses icra edilir: "Amma indiyə qədər bir valideynini itirmiş, digəri 1 və 2-ci qrup əlil olan tələbələr 18 yaşa qədər qəbul olunduqları halda təhsil haqqından tam azad olunublar. 18 yaşdan sonra da qəbul olanlara qanuni səviyyədə şamil edildikdə, biz də buna riayət edəcəyik”.
Bakı Slavyan Universitetinin (BSU) hüquqşünası Elsevər Musayev bildirdi ki, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 1999-ci ildə qəbul olunan qanuna əsasən, tələbənin bir valideyni dünyasını dəyişibsə, o biri bir və ya ikinci qrup əlildirsə, təhsil haqqından azaddırlar. Amma valideynlərindən birini tələbə 18 yaşına çatana qədər itiribsə məsələsi qeyd olunur. Dövlət qanunla idarə olunur, qanuni səviyyədə tələbənin təhsil haqqı dövlət tərəfindən ödənilməlidir. Əgər hansısa universitet bunu edirsə, deməli, daxili büdcəsinin hesabına ödəyir. Çünki dövlət o pulu ödəmir. Konstitutusiya Məhkəməsinin qərarı hələ ki məhkəməni udan tələbəyə şamil olunur. Onu Konsitutsiya Məhkəməsi qanun şəklinə salıb Milli Məclisə göndərəcək. Orada müzakirə aparılacaq, deputatların 3-də 2 səs çoxluğu ilə bir dəfə qəbul olunmalıdır. 6 aydan sonra təkrar müzakirədə bir də qəbul olunarsa, ondan sonra bu qanun işləyəcək. Bu ilə çatmaz. Yəqin ki, ən yaxşı halda növbəti təhsil ilində tətbiq olunacaq”.
Azərbaycan Tibb Universitetinin tədris şöbəsinin müdiri Nəsimi Qasımov dedi ki, qanunvericilikdə qeyd olunduğu kimi, 18 yaşına qədər qəbul olan tələbələrə bu qərar şamil edilib: "Cavidanın məsələsinə gəlincə, Konstitutsiya Məhkəməsi qərar çıxarıb. Qərar da ondan ibarət olub ki, bu yaşı 18-dən yuxarıya qaldırmaq haqqında Milli Məclis qarşısında məsələ qaldırılsın. Biz də indi bununla əlaqədar həmin tələbənin təhsil haqqının dövlət tərəfindən ödənilməsi ilə bağlı Təhsil Nazirliyinə müraciət sənədlərini hazırlamışıq, göndərəcəyik. Onu da deyim ki, təhsil haqqını ödəməkdə çətinlik çəkənlərlə bağlı gələcəkdə institutdaxili bir kömək mexanizminin qurulması ilə bağlı iş aparılır”.
N.Qasımov bildirdi ki, yeni dəyişiklik qanun səviyyəsində təsdiq olunandan sonra universitet bu kateqoriyaya uyğun gələn tələbələrə də güzəştlər tətbiq edəcək: "Hər bir qərar qüvvəyə mindiyi gündən icra olunur. Qərarın icra mexanizmi necə olacaqsa, ona uyğun icra edəcəyik. Çünki hökumət qarşısında maliyyə hesabatı daşıyırıq. Hər 5 ildən bir universitetimiz Hesablama Palatası tərəfdən çox ciddi yoxlamadan keçir. İkinci bir yoxlama isə Akkrediatasiya Komissiyası tərəfindən aparılır”.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəriCəsarət Valehov bildirdi ki, universitetlər maliyyə vəsaitlərinin xərclənməsində, bu prosesi nizamlamada müstəqildirlər: "Onların Təhsil Nazirliyi tərəfindən hər hansı bir xüsusi qaydada qərarlarını dəyişə biləcək mexanizm yoxdur. Universitetlər qanunvericiliyin tələblərinə uyğun bu mexanizmi indiyə qədər icra ediblər. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda 18 yaş tələbinin götürülməsi məncə, müsbət bir qərardır”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər