“Siqaret qadağası” ilə bağlı toqquşan maraqlar
Uzun müddət müzakirə edilən "Tütün məmulatlarının istifadəsinin
məhdudlaşdırılması haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına
tövsiyə olunub.
Layihənin 10-cu ("Tütün çəkilməsinə icazə verilməyən yerlər”)
maddəsinə görə, təhsil və tərbiyə müəssisələri, onların əraziləri, səhiyyə,
reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq
məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla); mülkiyyət növündən
və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və
təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna
olmaqla); idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar;
restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq
məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla) ticarət, məişət
obyektlərində siqaret çəkmək mümkün olmayacaq. Bütün bunlardan başqa, siqaretin
qadağan olunduğu yerlərə sosial xidmət müəssisələri, yerləşdirmə vasitələri
(tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə
verilir); teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu
zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri, yerüstü
qapalı və yeraltı piyada keçidləri də daxildir. Əgər qanun qəbul edilərsə,
Bakıda bir çox yerlərdə siqaret çəkmək mümkün olmayacaq. Məsələyə münasibət isə
birmənalı deyil.
"Siqaret çəkib adam
öldürən, arvadını döyən görməmişəm, amma araq içənlər bunu edir”
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında millət vəkili Aqil Abbas siqaret çəkdiyini, lakin elə yerlər var
ki, orada qadağan edilməsinin tərəfdarı olduğunu deyib: "Məktəb, bağça ətrafı,
hətta belə yerlərə yüz metr qalmış ərazidə siqaret çəkilməsi qadağan olunmalıdır.
Eyni zamanda, kinoteatrda, teatrda və bu kimi digər yerlərdə də siqaret
çəkməzlər. Amma restoranda siqaretin qadağan edilməsini qəbul eləmirəm. İnsan
restorana gedir ki, istirahət eləsin, bir az desin-gülsün. Deyirlər ki, burada
siqaret çəkmək qadağandır. Niyə, qardaş? Onda mən və ya mənim kimi insanlar
niyə restorana gəlməlidir? Evimdəki yemək restorandan min dəfə dadlıdır. Niyə
araq içmək olar, amma siqaret çəkmək olmaz? Araq siqaretdən də axmaq bir
şeydir. Rəhmətlik atam deyərdi ki, indiyədək siqaret çəkib adam öldürən,
arvadını döyən görməmişəm, amma araq içənlər bunu edir. Onda gəlin arağı da
qadağan edək. İnsanlar arağı içib intihar edir, cinayət törədir”.
Buna baxmayaraq, A.Abbas müəyyən yerlərdə siqaretin qadağan
olunmasının tərəfdarıdır: "Türkiyədə də hər yerdə siqaret qadağan edilib, amma
narkomaniya qadağan olunmayıb. Türk filmlərində siqaretin üstü bağlanır, amma
narkomanın iynə vurması açıq göstərilir. İndi Türkiyədə bunun yolunu tapıblar,
restoranlarda siqaret çəkmək üçün qış aylarında pəncərələrin yuxarısını
kəsirlər. Bu "açıq alan” sayılır.
Əslində insanın siqaret çəkmə mədəniyyəti olmalıdır. Bir evə qonaq
gedibsən və orada körpə uşaq varsa, artıq həmin yerdə siqaret çəkmək
mədəniyyətsizlikdir. Amma hər yerdə siqareti qadağan eləmək düzgün deyil”.
"Bunu niyə təbliğ
etməliyik?”
Millət vəkili Məlahət
İbrahimqızı deyir ki, siqaret sağlamlığa, ətraf mühitə ziyan vurduğu halda,
onu təbliğ etməməliyik: "Ona görə də parlamentdə bununla bağlı məsələ
qaldırıldı və artıq qadağalar tətbiq olunacaq. Bəzən insanlar qapalı məkanda
oturaraq, ətrafına baxmadan siqaret çəkir. Bəlkə ətrafında olan insanların
allergiyası və ya hansısa xəstəliyi var? Eyni zamanda, toylarda, tədbirlərdə və
ya iclaslarda siqaret çəkilir. Halbuki, bir insanın hüququ digər insanın
hüququnun başladığı yerə qədərdir”.
M.İbrahimqızı bu gün dünyada siqaretlə əleyhinə güclü mübarizə getdiyini
də vurğuladı: "Amerikada, Avropada bu məsələ ilə bağlı müxtəlif layihələr
həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatı hər il hesabatlarla çıxış edir və
bu sənədlərdə ürək, qan-damar və onkoloji xəstəliklərə ən çox səbəb kimi
nikotin göstərilir. Bilirik ki, nikotin insan sağlamlığına zərər vurur, onda
bunu niyə təbliğ etməliyik? Bu qanunla həm
siqaretin insana ziyan vurduğunu bilərək, çəkənlərin, eləcə də istifadə
etməyən insanların hüquqlarını pozmuruq”.
"Əminəm ki, bu qanunun
qəbulu heç də hamının ürəyincə deyil”
"525-ci qəzet”in baş
redaktoru Rəşad Məcid ictimai yerlərdə siqaret çəkməyi qadağan edən
qanun layihəsi barədə məlumatlı olduğunu deyib: "Bununla bağlı media vasitəsilə
millət vəkillərinə sözümü ünvanlamışam. Yenə də o fikirdəyəm ki, bir dəfə əl
qaldırmaqla, bir düymə basmaqla hansısa rahat, münasib məkanda bir stəkan
pürrəngi çayın, yaxud ləzzətli bir təamın üstündən bir siqaret yandırıb çəkmək,
yüngülləşmək, sakitləşmək imkanını əlimizdən almaq istəyirsiniz. Amma əslində,
bilirəm ki, aranızda bir çoxları uzun illərdən bəri siqaret çəkir, onunla
dostluq edir. Hətta bəziləri təkcə parlament binasında yox, dəbdəbəli iclas
salonlarında, digər ictimai yerlərdə siqaret çəkmək üçün yer axtarır. Əminəm
ki, bu qanunun qəbulu heç də hamının ürəyincə deyil”.
"Küçələr siqaret kötüklərindən
azad olacaq”
"Həftə içi” qəzetinin
əməkdaşı Naibə Qurbanova siqaretlə bağlı qoyulacaq məhdudiyyətlərə
münasibəti müsbətdir: "Çünki siqaret nəinki çəkənin özünə, ətrafdakılar da eyni
qaydada zərərli təsir edir. Siqaret tüstüsünün orqanizminə mənfi təsir edəcək
insanlar var ki, onların yanında siqaret çəkməklə sağlam yaşamaq hüquqları pozulmuş
olur.
Yenilik həm də siqaret çəkənlərin sayının azalmasına təsir edə bilər.
Məsələn, Türkiyədə siqaretlə bağlı məhdudiyyətin effektli nəticə verdiyi
açıqlanıb. Qardaş ölkənin səhiyyə naziri Rəcəb Akdağ bir neçə gün əvvəl
açıqlama verərək, siqaret çəkənlərin sayında azalma müşahidə olunduğunu
bildirib”.
N.Qurbanova qeyd etdi ki, Azərbaycanda son illər tənəffüs yolları və
ağciyər xərçəngindən əziyyət çəkən insanların say çoxluğu siqaretlə bağlı
tədbir görülməsini zəruri edirdi: "Məktəblərə yaxın ərazilərdəki köşklərdə də
siqaret satışına qadağa qoyulsa, yaxşı olar. Çünki bu köşklərdə siqaretlər daha
çox məktəblilərə satılır.
Məhdudiyyət küçələrin təmizliyi baxımından da faydalıdır. Hara
baxsan, siqaret kötüyüdür, kim harada gəldi siqaret çəkib kötüyün yerə atır.
Amma qadağadan sonra belə hallar azalacaq. Küçələr siqaret kötüklərindən azad
olacaq”.
Bəxtiyar MƏMMƏDLİ