• cümə, 19 Aprel, 18:40
  • Baku Bakı 24°C

Qanlı Yanvarın 30-cü ildönümü dünya mediasında

21.01.20 18:29 1194
Qanlı Yanvarın 30-cü ildönümü dünya mediasında
20 Yanvar - milli müstəqillik, azadlıq uğrunda mübarizə və yenilməz iradənin rəmzidir

1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradənin rəmzinə çevrilib. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinin üzərinə sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Üstündən 30 il keçsə də, hər il bu əlamətdar günlə bağlı dünya mediası silsilə yazılar, vandalizmi pisləyən materiallar dərc edir. Qardaş Türkiyənin dünyaca məşhur nəşrləri hər il olduğu kimi, bu il də tariximizin qan yaddaşı ilə bağlı silsilə materiallar dərc edir. "Milliyet”də dərc olunan "Kanlı Ocak’ın 30. yıl dönümü” başlıqlı məqalədə bildirilir ki, "keçmiş SSRİ silahlı qüvvələri tərəfindən 20 Yanvarda günahsız azərbaycanlılara qarşı edilən vəhşiliklər bəşər tarixində qara bir iz olaraq yer tapdı. Milli müstəqillik və ərazi bütövlüyü uğrunda küçələrə çıxan insanlara qarşı silahlı hücum zamanı yüzlərlə azərbaycanlı şəhid oldu”. Əlavə edilir ki, bütün dünya səhərini 20 Yanvar hadisəsinin xəbərləri ilə açdı. Sovet ordusunun Bakıdakı və Azərbaycanın digər bölgələrindəki vəhşiliyi digər ölkələrdə də reaksiyalara səbəb oldu. Xüsusilə dost və qardaş Türkiyə yaşananlara biganə qalmadı. Dəstək mitinqləri ölkənin demək olar ki, bütün şəhərlərində, xüsusən də İstanbul, İzmir, Kayseri və Qarsda edildi”. Sonda bildirilir ki, "bu gün 20 Yanvar hadisələrinin 30-cu ildönümünü geridə qoyuruq. Müstəqillik uğrunda yüzlərlə və minlərlə şəhidi olan Azərbaycan gündən-günə inkişaf edir və dünyanın aparıcı ölkələri sırasındadır. Milli varlığını qorumaq və müstəqilliyini bərpa etmək üçün 30 il əvvəl küçələrə çıxan insanlar bugünkü qüdrətli Azərbaycanın möhkəm təməllərini öz qanları və canları ilə atdılar.
"Türkiyə” qəzetində dərc edilən "Çarlara kan gerek” məqaləsində köşə yazarı İrfan Özfatura yazır ki, "30 il əvvəl Qırmızı Ordunun tankları 1 milyon Azərbaycan türkünün toplaşdığı "Azadlıq” meydanına girdi, yüzlərlə ölü və itkiyə baxmayaraq, müqavimətlə rastlaşdı. "Və Azərbaycan. 20 Yanvar. Mötədil kimi tanınan Qorbaçov, 30 il əvvəl bir yanvar gecəsində "Azadlıq” meydanında toplaşanların üzərinə tankları yeritdi. Sonra 366-cı motoatıcı alay Qarabağda türkləri qırmağa başladı. Yalnız Xocalıda 1330 qətl edildi, 150 nəfər itkin düdü və 1275 nəfər girov götürüldü. Qəzetlərin mürəkkəbi hələ qurumayıb. Şübhəsiz ki, ermənilər bunu qəbul etmirlər. Niyə meydanlara çıxıb "hamımız türkük" deyə qışqırmırıq?”, -deyə müəlif yazır.
"Sabah” qəzetində dərc edilən "Azerbaycanda 30 yıldır dinmeyen acı Kara Ocaq! 20 Ocaq Yanvar Bakü katliamı nedir? başlıqlı məqalədə isə bildirilir ki, 20 Yanvar Azərbaycanda və bütün türk coğrafiyasında Sovet İttifaqının işğalından sonra müstəqilliyin əldə olunmasına aparan prosesdə mühüm dönüş nöqtəsidir.
"Vatan” qəzetində dərc edilən "20 Ocak 1990 Yanvar Azeri Katliamı. Kara Ocak olayı nedir, kim yapmıştır?” başlıqlı məqalədə isə bildirilir ki, Azərbaycanda müstəqillik rəmzinə çevrilən və tarixdə "Qanlı yanvar" adı verilən 20 Yanvar qırğınının qurbanları yad edilir. Azərbaycanlılar 1990-cı ildə qırğında həlak olanların xatirəsini yad etmək üçün Bakıdakı Şəhidləri Xiyabanına axın etdilər. Şəhidlik qarşısında uzun növbələr qurularkən, qəbirlərdə qırmızı qərənfillər qalaraq şəhidlər üçün dua edildi. Prezident İlham Əliyev də buradakı mərasimdə dövlət rəsmiləri ilə birlikdə iştirak edib. Azərbaycan Dövlət Himninin səsləndirildiyi mərasimdə Əliyev Əbədi Atəş abidəsi önünə əklil qoyub. Bundan əlavə, yerli vaxtla saat 12: 00-da bütün şəhidlər üçün bir dəqiqəlik sükut təşkil edildi. Bu vaxt Xəzər dənizinin sahillərində gəmilər, metro qatarları və avtobusların fitləri səsləndi.
"CNN Türk” də dərc edilən "Azerbaycan'da 'Kanlı Ocak' kurbanları anılıyor” başlıqlı məqalədə də Qanlı Yanvar hadisələrinə toxunulub.
"Yeni şafak” qəzetində dərc edilən "Azerbaycan'da 30 yıldır dinmeyen acı Kara Ocak: Yanvar-Bakü Katliamı”, Anadolu Agentliyi, "TRT HABER” kanalı, "Yeni akıt”, qəzetində və digər kanallarda, qəzet və saytlarda yayılan materiallarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayətin səbəb və nəticələrindən bəhs olunur. 20 Yanvar hadisələrinin müstəqilliyə aparan yol olduğunu vurğulayıb.
Öz növbəsində Rusiya mediası da qanlı Yanvar hadisələrinin 30-cu ildönümü illə bağlı silsilə yazılar dərc edib. Məsələn, "Qazeta.ru” yazır ki, 30 ildən bundan əvvəl sovet qoşunları Bakıya daxil oldular. Materialda xüsusi vurğulanır ki, Moskva "20 Yanvardan sonra Azərbaycanı itirdi.
"Arqumentı i faktı” qəzetində dərc edilən "Qara Yanvar- Bakıda qanlı yanvarın tarixi” başlıqlı məqalədə bildirilir ki, qanlı Yanvar hadisələri zamanı Sovet Ordusu tərəfindən qətlə yetirilən insanlar azadlıq uğurunda mübarizə aparıblar. "Nyus.ru” da dərc edilən məqalədə də Qanlı Yanvar hadisələrinin 30-cu ildönümündən bəhs edilib. Müəllif sovet ordusunun Bakını necə işğal etməsindən bəhs edib. Bildirib ki, "o zaman Bakıda proseslər sürətlə inkişaf edirdi. Lakin qanlı ssenarinin qarşısını almaq mümkün idi. O vaxtkı rəhbər Mixail Qorbaçov sonralar etiraf etmişdi ki, qoşunların müdaxiləsi siyasi karyerasının ən böyük səhvidir”.
"Lenta.ru”da dərc olunan məqalədə isə bildirilir ki, qanlı hadisələrin kökü Dağlıq Qarabağa gedib çıxır.
Yeri gəlmişkən, Türkiyə və Rusiya mediası ilə yanaşı, İtaliya mediasında da qanlı hadisələrin 30-cu ildönümünə həsr edilən məqalə dərc edilib. "Notizie Geopolitiche” qəzetində dərc olunan "Azərbaycan: Bakıda törədilmiş "Qara Yanvar” faciəsindən 30 il ötür” başlıqlı məqalədə bildirilir ki, "Human Rights Watch” təşkilatı 1994-cü ilin dekabrında "Azərbaycanda "Qara yanvar”” hesabatı dərc edib: "Sovet ordusunun yanvarın 20-nə keçən gecə yol verdiyi zorakılıq, həqiqətən də azərbaycanlıların müqavimətinə nisbətdə böyük qəddarlıqla törədilmiş kollektiv cəza tədbiri idi. Sovet rəsmilərinin bu qərarının, Sovet qoşunlarının Azərbaycana müdaxiləsinin məqsədi Azərbaycandakı kommunist hökumətinin millətçi müxalifət tərəfindən devrilməsinin qarşısının alınması olub. Bunun açıq şəkildə ifadə edildiyini nəzərə alsaq, Sovet əsgərlərinin Bakıda həyata keçirdiyi cəza tədbiri nəinki Azərbaycanda, hətta Sovet İttifaqına daxil olan digər respublikalarda da millətçilərə xəbərdarlıq məqsədi güdüb”.

Azər NURİYEV




banner

Oxşar Xəbərlər