• cümə axşamı, 28 mart, 21:26
  • Baku Bakı 13°C

Qanlı Yanvar hadisələri haqda SSRİ mətbuatında ilk obyektiv məqalənin müəllifi

01.10.19 19:27 631
Qanlı Yanvar hadisələri haqda SSRİ mətbuatında ilk obyektiv məqalənin müəllifi
Bir neçə gündür ki, Azərbaycan ədəbiyyatının gözəl bilicisi və ədəbi mühitinin köhnə dostu kimi tanınan məşhur rusiyalı yazıçı, publisist, tərcüməçi Lyudmila Lavrova ölkəmizdə qonaqdır. Dünən "Kaspiy” qəzetinin redaksiyasında bu məşhur xanımla görüş keçirildi.
Qonaq barədə məlumat verən "Kaspiy” qəzetinin baş redaktoru İlqar Hüseynov bildirdi ki, Lyudmila Lavrova 1979-cu ildən 2000-ci ilə kimi dünyaca məşhur "Literaturnaya qazeta” qəzetində redaktor, sonra isə SSRİ xalqlarının ədəbiyyatı şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Məhz onun təşəbbüsü ilə Azərbaycan yazıçıları qəzetin redaksiyasında keçirilən ədəbi tədbirlərə, dialoq, dəyirmi masa və müzakirələrə cəlb ediliblər. Bundan əlavə, rusiyalı məşhur qələm adamı Azərbaycanın görkəmli yazıçı və şairlərinin əsərləri barədə çoxsaylı məqalə və resenziyaların müəllifi kimi tanınır. Lyudmila Lavrovanın müracət etdiyi yazarlar sırasında Anar, Elçin, Yusif Səmədoğlu, Natiq Rəsulzadə, Afaq Məsud, Kamal Abdulla, Maqsud və Rüstəm İbrahimbəyovlar və başqalarının əsərləri olub. Ən önəmlisi isə odur ki, rusiyalı yazar Azərbaycan xalqının tarixinə qara hərflərlə düşən 20 Yanvar hadisələri ilə bağlı obyektiv və ətraflı məlumatı dünya ictimaiyyətinə çatdırması ilə yadda qalıb. Bəlli olduğu kimi, həmin günlərdə İttifaq mətbuatı hadisələr barədə qərəzli və qeyri-dəqiq məlumatlar yayması ilə seçilirdi. Azərbaycan xalqı guya başkəsən, ermənilərə qarşı qarət və qətllərə yol verən, sovet əsgərlərinə atəş açan, qəddar kimi təqdim edilirdi. Lyudmila Yevgenyevna Lavrova çalışdığı "Literaturnaya qazeta”nın əməkdaşı kimi "Qara Yanvar” hadisələrindən bir müddət sonra ölkəmizdə olub və çox böyük maneələrə baxmayaraq, hadisələr barədə obyektiv məlumatı qəzetin çoxmilyonluq oxucularına çatdırıb. Onun "Ümidlər baharı” başlıqlı məqaləsi 1991-ci ildə dərc edilib və faciəvi hadisələr barədə ilk obyektiv məqalədə kimi yadda qalıb. Mərkəzi mətbuatda dərc olunan məqalə o zaman geniş rezonans doğurmuş, ermənilərin etirazı ilə qarşılanmışdı. Ən önəmlisi o idi ki, bu məqalə o zaman xarici mətbuat səhifələrinə də gedib çıxmışdı.
Xalqımızın dostu kimi tanınan bu xanım SSRİ dağıldıqdan sonra bir müddət zəifləyən ədəbi əlaqələrə baxmayaraq, ölkəmizlə münasibətləri qoruyub saxlayıb, Rusiya-Azərbaycan ədəbi və mədəni əlaqələrinə öz töhfəsini verib. Var qüvvəsi ilə bu münasibətləri qoruyub saxlamağa cəhd göstərən yazar hesab edirdi ki, iki xalqı tarixi və mədəni əlaqələr bağlayır və bunların üstündən xətt çəkmək mümkün deyil. "Literaturnaya qazeta”nın səhifələrində rus oxucusuna müasir dövr Azərbaycan yazarlarının əsərlərini çatdırmaqda davam edirdi. Ötən əsrin 90-cı illərində "Literaturnaya qazeta”nın səhifəsində yazıçı Anarın "Otel otağı”, "Gecə fikirləri” əsərlərindən bəzi hissələr dərc olunur. Daha sonra o, Afaq Məsudun əsərlərini, Kamal Abdulla ilə müsahibələr, müasir və gənc Azərbaycan şairlərinin şeirlərini dərc edir.
Lyudmila Lavrova Kamal Abdullanın "Sehrbazlar vadisi” əsərinin də tərcüməçisidir. Bu əsər qəzetdə dərc olunanda, Rusiya ədəbi mühitində geniş oxucu kütləsinin marağına səbəb olmuş, tərcümə işi yüksək qiymət almışdı. O, Kamal Abdullanın rus dilinə tərcümə etdiyi "Cənab yollar” əsərinə yazdığı ön sözdə iki ölkə arasında ədəbi münasibətlərin inkişaf etdirilməsinin zəruriliyindən bəhs edib.
L.Lavrova "Xarici ədəbiyyat” jurnalında azərbaycanlı yazarın əsərinin müzakirəsini də təşkil edib. Bundan əlavə, K.Abdullanın "Yarımçıq əlyazma” kitabının da rus dilinə tərcüməsini həyata keçirib. Bu yaxınlarda isə yazıçının "Unutmağa kimsə yox” kimi iri romanının da artıq tərcüməsini başa çatdırıb. Rusiyalı məşhur ədib bundan əlavə, Afaq Məsud və Günel Rzayevanın nəsr əsərlərinin rus dilinə tərcüməsinin redaktorluğunu həyata keçirib. Dəfələrlə Bakı Slavyan Universitetinin tələbələri qarşısında mühazirələrlə çıxış edib.
2005-ci ildə onun yazıçı Anarın həyat yolu və yaradıcılığına həsr olunan fundamental "Tanış naməlum” adlı kitabının təqdimat mərasimi baş tutub. L.Lavrovanın təşəbbüsü və yaxından iştirakı ilə "Aktual proqnozlar elçisi” jurnalında prezident İlham Əliyev haqqında yazılar, Bakı Slavyan Universiteti barədə materiallar, Rəsul Rzanın Moskvada qeyd olunan yubileyi barədə reportaj dərc edilib.
Bütün bunlarla yanaşı, Lavrova Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskvada keçirilən tədbirlərində fəal iştirak və qoyulan mövzularla bağlı çıxışlar edib. Dəfələrlə Moskva Dövlət Linqvistik Universitetində fəaliyyət göstərən Azərbaycan Mədəni Mərkəzində Azərbaycan ədəbiyyatı, mədəniyyəti barədə mühazirələr söyləyib.
Tədbirdə çıxış edən "Kaspiy” qəzetinin baş redaktoru İ.Hüseynov qeyd etdi ki, "Literaturnıy Azərbaycan” jurnalı və "Kaspiy” qəzetləri Lavrova tərəfindən yazılan və Rusiyada yaşayan tanınmış azərbaycanlılar barədə portret məqalələri dərc ediblər. Onların arasında R.Abutalıbov, A.Axundov, Ç.Hüseynov, Ə.İsgəndərov və başqaları var.
Son vaxtlar Lavrova mühacirətdə yaşayıb fəaliyyət göstərən bir sıra tanınmış azərbaycanlılar barədə dərc olunan əsərlərin tərcüməsi ilə məşğuldur. O, R.Abutalıbovun "Məhəmməd Əmin Rəsulzadə və Qafqaz Konfederasiyası”, "Azərbaycan Demokratik Respublikası” əsərlərini, eləcə də 20-ci əsrin iki məşhur azərbaycanlısı - M.Ə.Rəsulzadə və Ə.B.Topçubaşovun yazışmalarını da tərcümə edib. L.Lavrova MDU-nin tarix fakültəsində Topçubaşovun yubileyinə həsr olunan konfransda hesabatla da çıxış edib. Ən önəmli faktlarda biri də budur ki, rusiyalı yazar Bakıda Məmməd Səid Ordubadinin "Qanlı illər”, Qurban Səidin əsərlərinin tərcüməsini, eləcə də italyan və alman dillərindən Lenin və ikinci Nikolay haqında əsərlərin tərcüməsini tərcüməsini həyata keçirib. H.Hüseynovun Qafqazda erməni işğalçılıq siyasətindən ətraflı bəhs edən tarixi-publisistik romanı "Odlu günəş”in ədəbi redaktoru da məhz Lyudmila Lavrovadır. Bu əsərə görə rusiyalı yazar Azərbaycan Mətbuat Şurasının Nəcəf Nəcəfov mükafatına layiq görülüb.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olan L.Lavrova, bir sıra kəskin süjetli romanların da müəllif kimi tanınır. Eləcə də o, Qırğızıstanın keçmiş prezidenti Askar Akayev barədə bioqrafik romanın müəllifidir.

Azər NURİYEV


banner

Oxşar Xəbərlər