“Qanlı və şanlı tarix” mövzusunda dəyirmi masa keçirilib
Bakı Slavyan
Universitetində (BSU) 20 Yanvar faciəsinə həsr edilmiş "Qanlı və şanlı tarix”
mövzusunda dəyirmi masa keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda
canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Tədbiri
giriş sözü ilə açan BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq
Novruzov 1990-cı ilin
yanvarında sovet imperiyasının Azərbaycanda müstəqillik və azadlıq uğrunda
mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən
danışaraq 20 Yanvar faciəsinin xalqımızın yaddaşına silinməz izlər qoyduğunu qeyd
edib. Bakı Slavayan Universitetində 20 Yanvarla bağlı silsilə tədbirlərin nəzərdə
tutulduğunu deyən R.Novruzov gəncləri tariximizin bu qanlı qəhrəmanlıq səhifəsini
unutmamağa səsləyib.
Çıxış edən tərbiyə işləri
üzrə prorektor, dosent Xanım Sultanova 90-cı ilin yanvarın 19-dan20-nə keçən gecə Azərbaycan xalqının göstərdiyi yenilməzlik, qəhrəmanlıq, Vətənə, torpağa sədaqəti,
müstəqillik və azadlıq uğrunda mübarizə əzminin bütün dünyaya bəyan olunduğunu deyib. Azərbaycan xalqının şəhid
adına daim ehtiramla yanaşdığını vurğulayan X.Sultanova Prezident İlham Əliyev
tərəfindən şəhid ailələrinə və əlillərə göstərilən diqqət və qayğıdan söz açıb,
xalqımıza qarşı törədilən bu cinayəti düzgün tarixi faktlarla gələcək nəslə
ötürməyin vacibliyini vurğulayıb.
Sonra universitetin Azərbaycan
tarixi və ictimai elmlər kafedrasının dosenti Ərzuman Əmirov, Beynəlxalq
münasibətlər kafedrasının dosenti Şəhla Nuruzadə, BSU üzrə YAP sədri Sevinc
Axundova mövzu ilə bağlı çıxışlar ediblər. Çıxışçılar həmin dövrün canlı şahidləri kimi mühüm
faktlarla keçmiş SSRİ-nin sonuncu rəhbərliyinin Azərbaycan xalqına qarşı
yürütdüyü ayrı-seçkilik və düşmənçilik siyasətindən bəhs ediblər. Faciənin törədilməsində
əsas məqsədin işğalçı Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının
gerçəkləşməsinə münbit hərbi şərait yaratmaq olduğunu bildirən natiqlər baş
vermiş qanlı olaylardan dərhal sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin
Respublikanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat
konfransının mühüm əhəmiyyətini diqqətə çatdırıblar.
Dəyirmi
masada BSU-nun "Sabah” qrupunun IV kurs tələbələri Səidə Qədimova, Şəhla Rəhimli
və Fatimə Əlixanlı Azərbaycan, rus, ingilis dillərində çıxış edərək 20 Yanvar
hadisəsi və həmin dövrdə ölkədə baş verən olaylarla bağlı hazırladıqları video materialı
təqdim ediblər.