• cümə, 29 Mart, 13:20
  • Baku Bakı 14°C

Qanları dondurun... Araşdırma

10.01.14 11:02 3517
Qanları dondurun... Araşdırma
İndiyədək üç dəfə qan vermişəm. İkisi kampaniyada, biri isə öz qardaşıma. Dördüncü dəfə qan vermək istəyən vaxt zob xəstəliyindən əziyyət çəkirdim və çox arıqlamışdım. Həkim üzümə baxıb mənim özümə qan lazım olduğunu dedi və imtina etdi məndən qan götürməkdən. Qan qrupum 1+ olduğu üçün çox adama gedir. O baxımdan da çox həvəsliyəm qan verib kiməsə yardım etməyə. Lakin son vaxtlar verilən qanların çox vaxt məqsədinə çatmadığı barədə deyilənlər məni həvəsdən salır. Elə bu araşdırmamızın məqsədi də deyilənlərin nə dərəcədə doğru, yaxud yanlış olduğunu öyrənməkdir.
Bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları və digərlərini ölümdən xilas etməyə kömək edir. Ölkəmizdə yayılmış hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və donor qanına tələbatı artırır. Elə Səhiyyə Nazirliyinin “2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramının həyata keçirilməsi” və “Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi” barədə əmrləri də donor qanına tələbatın ödənilməsinə yönəldilib. Lakin donorluğun inkişafı üçün tək Səhiyyə Nazirliyi deyil, müxtəlif hökumət və qeyri-hökumət qurumları, KİV maarifləndirmə aparmalıdır. Vətəndaşları isə bir sual düşündürür:
Verdiyimiz qan ünvanına çatırmı?
“Qan Donorları Assosiasiyası” İctimai Birliyinin rəhbəri Fuad Əsgərovun sözlərinə görə, klinikalarda daha çox təcili qan lazım olanda neqativ hallar olur: “İctimai Birlik olaraq da, fərdi olaraq da qan ticarəti faktları ilə rastlaşırıq. Lakin belə hallar daha çox hansısa xəstəxanalarda tibb bacılarının, həkimlərin özfəaliyyəti olur. Biz Mərkəzi Qan Bankı ilə işləyirik, qanvermə aksiyası keçirildikdən sonra siyahılaşdırıb hər iki tərəfin imzası ilə təsdiqlənir ki, filan qədər adam iştirak etdi, filan qədər qan yığıldı. Lakin çox təəssüflər olsun ki, sonrakı proseslərdən – qanın kimlərə vurulduğundan məlumatsız oluruq. Bəzən xəbərlər olur ki, xəstəxanalarda qan satılır. Buna reaksiya verildiyi hal da olur, verilmədiyi də. Elə olub ki, tərəfimizdən Səhiyyə Nazirliyinə müraciət olunub. Ümumilikdə Mərkəzi Qan Bankı ilə çox sıx əməkdaşlığımız var”.
Vətəndaşlar verdikləri qana nəzarət edə bilirlərmi? Həmsöhbətimizin sözlərinə görə, qanunvericiliyə əsasən, bütün qan preparatları təmənnasız olaraq xəstələrə çatdırılmalıdır: “Qan verən insana qan bankından arayış verilir, hansı ki, həmin arayış o insana lazım olanda bir sıra imtiyazlar qazandırır. Arayış həm də o insanın qan verdiyini təsdiq edən bir sənəddir. Əslində insanlar maraqlanmalıdırlar ki, proseslər necə gedir. Fərd verdiyi qanın kimə vurulduğunu, ünvanlı olub-olmamasını öyrənə bilər. Məsələn, bizim assosiasiyada belə bir qayda var ki, bir xəstəyə 12 donor təqdim edirik, donorlar kimə qan verdiklərini bilirlər. Lakin digər tərəfdən Ümumdünya Səhiyyə Təşkilatının belə bir tövsiyəsi var ki, donorlarla xəstələr arasında ünsiyyət olmasın. Çünki bu, mənəvi öhdəliyə gətirib çıxara bilər. Xəstə donor qarşısında mənəvi borc hiss edə bilər. Amma bu, məsələnin qanuni yox, mənəvi tərəfidir”.
Regionlarda vəziyyət necədir?
Suala cavab verən F.Əsgərov regionlarda qan donorluğunun yüksək səviyyədə olduğuna inanmadığını bildirdi. Qeyd etdi ki, paytaxtın özündə belə çoxlu sıxıntılar olduğu halda regionlarda bu məsələdə problemlərin olması labüddür: “Hər halda, tələbat ödənməsə paytaxtdan dəstək istənər. Məsələn, mən cənub bölgəsilə bağlı maraqlandım, vəziyyət ürəkaçan deyil. Heç paytaxt xəstəxanalarının qan bankında vəziyyət normal deyil. Hətta bəzən elə xəstəxana var ki, orada qan vermə üçün şərait uyğun deyil, donor hansısa xəstəliyə yoluxub-yoluxmayacağına əmin deyil. Lakin ümid edirəm ki, yaxın vaxtlarda səhiyyəmizin bu problemi də həllini tapacaq”.
Hər adam qan verə bilməz
1995-ci ildə qardaşım minaya düşəndə sərhəddən hospitala çatdırılana qədər çox qan itirmişdi. Əməliyyat zamanı ona əmim və digər əsgər yoldaşları qan versələr də, sonrakı günlərdə də qana ehtiyacı vardı, mən də o ehtiyacın bir hissəsini ödəmək üçün iki dəfə qardaşıma vurulması üçün qan verdim. Amma sözün düzü, o zaman bu məsələlərdən o qədər də başım çıxmırdı deyə, heç izləmədim verdiyim qan yoxlanıldı, qardaşıma vuruldu ya yox.
Bir neçə gün əvvəl isə redaksiyamızın əməkdaşı Mərcan xanım təzə ana olmuş bacısı qızına qan vermək üçün xəstəxanada olub. Dediyinə görə, ondan 300 qram qan götürülüb, lakin bildirilib ki, həmin qan təmizləndikdən sonra xəstəyə vurulacaq. Elə həmin gün redaksiya əməkdaşları arasında maraqlı polemika oldu. Qızların bəziləri deyirdilər ki, sarılıq xəstəliyi (Hepatit B) keçirmiş adamlar qan verə bilməz. Mən isə bildirdim ki, 1 yaşım olanda sarılıq xəstəliyi keçirmişəm və qan da vermişəm, heç vaxt məndən soruşan olmayıb bu barədə. Odur ki, ortaya kimlər qan verə bilər, kimlər verə bilməz sualı da çıxdı. Araşdırmalardan məlum olur ki, insanların əksəriyyəti qan verə bilər. Mərkəzi Qan Bankının saytında da göstərilir ki, 18 yaşı tamam olmuş çəkisi 50 kq-dan yuxarı olan praktik sağlam hər bir Azərbaycan vətəndaşı qan verə bilər. Lakin siz qadınsızsa, yaşınız 20-dən az, çəkiniz 65-dən az, boyunuz 168 sm-dirsə donor olmazdan öncə sizin qanınız yoxlanmalıdır.
Kişi donorlar arada 12 həftə fasilə olmaqla ildə 4 dəfə qan verə bilər. Qadın donorlar isə orta hesabla 16 həftədən bir və ya dəmir çatışmazlığı riskini azaltmaq üçün daha gec qan verə bilər.
Kimlər verə bilməz sualına gəlincə, qurumun saytında bu barədə də məlumat yerləşdirilib. Bildirilir ki, qan verə bilməmənin bir çox səbəbləri ola bilər. Bu səbəblərdən ikisi əsasdır. Birincisi, əgər donorluq qan verəcək şəxsin səhhətinə zərər yetirə biləcəksə o zaman sağlamlağını riskə atmamaq üçün donor olmasına icazə verilmir. İkinci, əgər donorun qanı xəstəyə zərər verəcəksə o zaman donorluğa icazə verilmir. Eyni zamanda donoru olacağınız xəstəyə qanla yoluxmuş infeksiya köçürülmə zamanı sizin sağlamlığınızı da təhlükəyə ata bilər.
Beləliklə, QİCS, siflis, virus hepatitləri, vərəm, qan xəstəlikləri, onkoloji xəstəliklər keçirmiş insanlar qan verə bilməzlər. Bir sıra insanlar da keçici xəstəliklərlə əlaqədar müəyyən zaman fasiləsindən sonra qan verə bilər. Bu hallara diş çəkilməsi (10 gündən sonra qan vermək mümkündür), qrip ORVİ, mensturasiya (5 gün), abort (6 ay), doğuş (1 il), cərrahi əməliyyat (6 ay), antibiotik qəbulu (72 sutka), alkoqol qəbulu (48 saat) aiddir. Özünü yaxşı hiss etmədikdə, infeksiya keçirdikdə, səyahətə hazırlaşarkən, hər hansı bir xəstəliklə bağlı dərman qəbul etdikdə, ürək xəstəlikləri olduqda, pirsinq, tatu etdikdə, digər dibbi müayinələr keçirdikdə də qan vermək olmaz.
Qan donorluğunun növləri də varmış
Mərkəzi Qan Bankının saytında göstərilir ki, qan donorluğu bir neçə növdən ibarətdir. Belə ki, qan sümük iliyində əmələ gəlir və tərkibi qırmızı qan hüceyrələri, trombosit, plazma və ağ qan hüceyrələrindən ibarətdir. Trombositlər çox kiçik komponentlərdir və plazmada qanın qatılığını təmin etməklə qanaxmanın qarşısını alır. Odur ki, ümumi qan donorluğundan savayı trombosit donorluğu da mövcuddur. Sümük iliyində yetərincə trombosit olmayan xəstələrə trombosit köçürülür. Misal üçün, leykemiyalı və digər xərçəng xəstələrində trombositin miqdarı çox aşağı olur. Həmçinin böyük cərrahi əməliyyat və travmalar zamanı xəstələrin trombosit köçürülməsinə ehtiyac var.
Bundan əlavə, plazma donorluğu da mövcuddur. Plazma qanın komponentlərindən biridir. Donor olarkən xüsusi ayırıcı cihaz vasitəsiylə qandan yalnız plazma yaxud plazma və trombosit komponentləri ayrılıb toplanır, qanın qalan komponentləri donora qaytarılır. Əgər sizin qanınız AB qan qrupuna aiddirsə trombosit donorluğu ilə yanaşı, ideal plazma donoru da ola bilərsiz. AB qan qrupundan götürülmüş plazma istənilən qan qrupu üçün donor ola bilər.
Səhiyyə Nazirliyi nədən narazıdır?
Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətovun sözlərinə görə, Bakı və Sumqayıt da daxil olmaqla respublikanın 8 bölgəsində qan bankı fəaliyyət göstərir: “Onların hamısına icazə verilib ki, həm qan tədarük etsinlər, həm də qanı yoxlayıb komponentlərini tibb müəssisələrinə tələbnamə əsasında ötürsünlər. Təcili hallarda bizim təcili tibbi yardım maşınları ilə qanlar tibb müəssisələrinə çatdırılır”. D.Hümbətov bildirdi ki, Bakıda Milli Onkologiya Mərkəzində, Elmi Cərrahiyyə Mərkəzində, 3 saylı Şəhər Klinik Xəstəxanasında, Kliniki Tibbi Mərkəzdə və Respublika Klinik xəstəxanasında qanın tədarükünə icazə verilib. Bunlardan isə yalnız Kliniki Tibbi Mərkəzə qanın yoxlanması icazəsi verilib: “Bir də Mərkəzi Qan Bankımız var, hansı ki, götürdüyü qanı həm yoxlayır, həm də tibb müəssisələrinə təhvil verir”.
Xəstəxanalarda xəstənin qohumlarından qan istənilə bilərmi? Həmsöhbətimiz sualımızı kəskin qarşılasa da, cavablandırmaqdan da imtina etmədi: “Qan nə aptekdə satılmır, nə bizim qan fabrikimiz var, nə də qan zavodumuz. Biz qana olan ehtiyacı könüllü qanvermə aksiyaları, donorluq hesabına ödəyirik. Xəstə qohumları qan donorluğunda iştirak etməlidirlər. Bu il biz 300 könüllü qanvermə aksiyası keçirdik. O aksiyalarda tədarük olunan qanı daha çox irsi qan xəstəliyindən əziyyət çəkən xəstələrə veririk. Amma təcili hallarda qan lazım olanda xəstə qohumları donorluğa cəlb olunur. Məsələn, biri xəstədir və qanı 1+-dir. Onun qohumu çıxıb deyir ki, mənim də qanım 1+-dir, götürün vurun. Bu, təbii ki, belə deyil, biz qohumdan alınan qanı xəstəyə vurmuruq, onu ehtiyata qoyur, qan bankından gətirilən qanı vururuq xəstəyə. Qanın saxlanma müddəti də çox deyil. Götürülmüş qan talassemiya, hemofiliya xəstələrinə 4-5 gün ərzində vurulmalıdır. Ümumilikdə isə qanı 45 günə qədər saxlaya bilirik”. “Qan bankına il ərzində nə qədər qan daxil olur, nə qədər qan ixrac olunur” sualına cavab isə açıq qaldı.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər