• cümə axşamı, 25 aprel, 10:56
  • Baku Bakı 14°C

Qan ver, çox yaşa... - Araşdırma

09.06.15 12:33 5118
Qan ver, çox yaşa... - Araşdırma
Başqalarının həyatını xilas etmək dərəcəsində göstərilən yardımlardan biri də qan donorluğudur. Donorluq öz qanının və ya qan komponentinin ehtiyacı olan insanlara könüllü verilməsidir. Qan travma almış, doğuş, cərrahi əməliyyat keçirmiş xəstələrə vacibdirsə, hemofiliyalı, talassemiyalı, leykozlu xəstələr üçün hər zaman həyati əhəmiyyət kəsb edir. Donorluq dünyada getdikcə inkişaf etdirilir və bu inkişaf üçün maarifləndirmə işləri aparılır.
Əvvəllər daha çox təmənnalı, yəni pul müqabilində donorluq edənlər çox idisə, hazırda könüllü yardım etmək istəyənlər onları üstələməkdədir. Dünyanın bir çox ölkələrində qan donorluğu üçün pul kompensasiya verilməsi təcrübəsi unudulmaqdadır. Donora hansısa suvenir hədiyyə edilir, ya da yeməyə qonaq edilir. Nəticə olaraq, hər il dünyada 108 milyon doza qan toplanır. İyunun 14-ü isə Ümumdünya Qan Donorları günü kimi qeyd olunur.
Ölkəmizdə qan donorlarının sayı 3 dəfə artıb
Azərbaycanda qan donorluğunun tarixi 76 illik bir dövrü əhatə edir. Son illər bu sahədə müəyyən qədər irəliləyişlər hiss olunur. Belə ki, son 10 il ərzində qan donorlarının sayı 3 dəfədən çox artıb. 2014-cü ildə Azərbaycanda donorlardan toplanan qan 36 ton 193 litrə yüksəlib. Respublika üzrə 2010-cu ildə 46 530 nəfər qan donoru olubsa, 2014-cü ildə bu rəqəm 72 697 nəfərə yüksəlib. Azərbaycanda könüllü, təmənnasız qan donorluğunun inkişafına dəstək vermək məqsədilə keçən il İSİM, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu, Mərkəzi Qan Bankı və digər təşkilatlardan ibarət işçi qrup yaradılıb.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanda təmənnalı donorluq artıq yoxdur: “10 ilə yaxındır ki, ölkəmizdə təmənnasız, könüllü donorluğun inkişafı üçün işlər aparılır. Haradasa kimsə bundan istifadə edə bilər. Amma ümumilikdə təmənnalı donorluq Azərbaycanda yoxdur. Neçə illərdir Mərkəzi Qan Bankında da ancaq təmənnasız və könüllülərdən istifadə edilir. Bir də Səhiyyə Nazirliyi tərəfindən il ərzində qrafik tərtib olunur, briqadalar hazırlanıb rayonlara, Bakıdakı müəssisələrə göndərilir. Fövqəladə Hallar Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi qan toplanmasında bizə daim yardım edirlər”.
Təmənnalı donorluqda infeksiya yayılma riski böyükdü
Bir çox hallarda xəstələrin qohumları da könüllü olaraq donorluq edirlər. Z.Əlimirzəyeva qohum donorluğunun o qədər də yaxşı üsul hesab edilmədiyini deyir: “Qohumların da qan qrupu uyğun gəlməyə bilər. Sadəcə olaraq donorların sayını çoxaltmaq üçün bu iş mütəmadi olmalıdır. Donorluq könüllü, təmənnasız və mütəmadi olmalıdır. Hər gün bu xəstələr var, hər gün bu ehtiyac var”.
Z.Əlimirzəyevanın sözlərinə görə, təmənnalı donorluqda infeksiyalara rast gəlmə riski yüksək olur: “Əgər bir insan maddi tərəfi fikirləşərək qan verirsə, digər tərəfi düşünməyərək xəstəliklərini gizlədə bilər. Donorlar öncə həkim müayinəsindən keçirlər, qanın ümumi müayinəsi aparılır, hemoqlobinin səviyyəsi, infeksiyalar yoxlanılır. Amma bundan da əlavə xəstə özü, keçirdiyi xəstəliklər, əməliyyatlar haqda məlumat verməlidir. Əgər təmənnalı donorluq olarsa, onlar məlumatları gizlədə də bilərlər”.
Kişilər ildə 5, qadınlar 4 dəfə qan verə bilər
Z.Əlimirzəyeva deyir ki, 18-60 yaş arası, çəkisi 50 kq-dan az olmayan sağlam insanlar qan verməlidirlər. Amma bəzən yaş 60-dan bir az yuxarı da ola bilər. Bu, şəxsin fiziki sağlamlığından asılıdır: “Kişilər il ərzində 5, qadınlar isə 4 dəfə qan verə bilərlər. Qan sağlam insandan götürülür. Qan köçürülməsi üçün müvəqqəti əks göstərişlər var. Məsələn, donor hansısa əməliyyat keçirib. Mütləq əks göstərişlər isə infeksion xəstəliklərdir. Məsələn, vərəm, onkoloji, hemotoloji, şəkərli diabet kimi xəstəliklər”.
Z.Əlimirzəyeva deyir ki, donordan bir dəfəyə maksimum 400 qram qan götürülə bilər. Bu qanla isə bir yox, bir neçə insana kömək etmiş olurlar. Çünki bəzi əməliyyatlar istisna olunmaqla, bütövlükdə qan deyil, onun komponentlərindən istifadə olunur. O deyir ki, 400 qram qan verilməsi orqanizm üçün heç bir təhlükə yaratmır. Əksinə bir çox xeyirləri var: “Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatlarına əsasən, belə insanlarda ürək-damar xəstəliklərinə az rast gəlinir, qan toxumaları yenilənir. Mütəmadi donorluqla məşğul olanlar hər hansı qəza zamanı qan itirərkən orqanizm artıq ona hazır olur. Qan vermənin orqanizmə heç bir ziyanı yoxdur. Verilən qan qısa müddətdə orqanizmdə bərpa olunur. Üstəlik də donorların yaşama müddəti digər insanlardan 5-10 il çox olur”.
Donorluğun sağlamlığa müsbət və mənfi təsirləri...
Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazova deyir ki, donorluğun sağlamlığa müsbət və mənfi təsirləri ola bilər. Bu da donorluq məsələsində diqqətli yanaşma tələb edir: “Ancaq sağlam adam donor ola bilər. Nə vaxtsa infeksiyalarla bağlı problemi olan insanlara donorluq əks göstərişdir. Donorun daxili orqanları, qan təzyiqi, beyin qan dövranı sağlam olmalıdır. Əgər problem varsa, bu, fəsadları daha da üzə çıxarmış olar. Qaraciyərdə, dalaqda elə bir dəyişiklik ola bilər ki, bu, sonra problem yaradar. Qan təzyiqi yüksək olan insanlara isə donor olmaq birmənalı göstərişdir. Bu həm qan təzyiqinin tənzimlənməsinə səbəb olur, həm də digər bir insana kömək edir. Donor olmaq istəyən hər bir şəxs öncə yoxlanılmalıdır. Təsadüfi adamların qan qrupu eynidir deyə, qan alıb köçürmək düzgün deyil. O, infeksiyaların yayılmasına səbəb ola bilər”.
Ş.Namazova deyir ki, xeyli miqdarda alkoqollu içki, xüsusilə qırmızı çaxır qəbul edən insanlar qan verməyə meyilli olurlar. Onlarda xəstəlik keçirmə ehtimalı yüksəkdir. Ona görə həmin şəxslərdən də qan köçürmək düzgün deyil: “Ümumiyyətlə, şəxs 60 yaşında donor olmağa başlayıbsa, bu, doğru deyil. Bunun üçün müəyyən iş stajı lazımdır. Mütəmadi olaraq qan verirsə, qan verdikdən sonra hər yoxlamada onun qan elementlərində, dalağında, qaraciyərində dəyişiklik olmursa, donor ola bilər”.
Ş.Namazovanın sözlərinə görə, donorluğun könüllü və ya ödənişli olması şəxsin öz istəyindən asılıdır: “Xəstəyə yardım üçün qohum donorlardan da çox istifadə olunur. Aksiyalar çərçivəsində könüllü qan verənlər də olur. Bu, xeyirxahlıq baxımından edilir. Bir də ödənişli donorlar var. Bəzən insanlar öz orqanlarını satmaq məcburiyyətində belə qalırlar. Qanvermədə də heç kimi pulsuz donorluq etməyə məcbur etmək olmaz. Qanunda da belə bir şey yoxdur. Əgər könüllü surətdə qan verirsə, bu başqa. Ödənişli verirsə, təbii ki ona pul verilməlidir. Bu, şəxsin öz istəyindən asılıdır. Əgər ödənişli heç olmasa, biz donorların sayını azaltmış olarıq”.
Donorun hüquqları...
“Qan və onun komponentlərinin donorluğu haqqında” qanunun müddəalarında donorluqla bağlı bütün məsələlər öz əksini tapıb. Donorun hüquqları da qanunla tənzimlənir. Donorun qan və onun komponentlərini verdiyi gün işdən (təhsildən, xidmətdən) azad edilmək və əlavə istirahət günü almaq, qan verdiyi gün pulsuz yemək və ya yeməyin dəyərini pulla almaq, verdiyi qan və onun komponentləri üçün haqq almaq (pullu donorluq zamanı), donorluq funksiyasını yerinə yetirməsi ilə əlaqədar sağlamlığının pozulması nəticəsində ona dəymiş zərərin əvəzini, o cümlədən müalicə, tibbi-sosial ekspertiza, sosial-əmək reabilitasiya xərclərini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada almaq kimi hüquqları var.
Donorlar üçün qanunvericilikdə bir sıra güzəşətlər də nəzərdə tutulur. Tələbə donorların təqaüdü 6 ay müddətində 25 faiz artırılır, il ərzində bütün xəstəliklər zamanı əmək qabiliyyətini müvəqqəti itirdikdə, iş stajından asılı olmayaraq, tam həcmdə müavinət verilir, il ərzində iş yerindən və ya tədris müəssisəsi tərəfindən müalicə olunmaq üçün güzəştli sanatoriya-kurort müalicəsinə göndərilir. Yerli icra hakimiyyəti və özünü idarəetmə orqanları öz səlahiyyətləri çərçivəsində donorlar üçün əlavə güzəştlər müəyyən edə bilərlər.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər