• cümə axşamı, 28 mart, 23:45
  • Baku Bakı 13°C

QAN PULU

09.04.18 11:50 3910
QAN PULU
...Üç aydan artıq olardı ki, İstanbula köçmüşdülər. Nüfuzlu bir tikinti şirkətinin dəvəti ilə işləməyə gəlmişdi, O, özü də ev-eşik məsələsini həll etmədən, necə deyərlər, itli-pişikli minib təyyarəyə enmişdilər Atatürk Hava Limanına. Ötən bu vaxt bəzi ölkələrdə yeni seçilən prezidentə verilən sınaq dövrü sayılırdı. O da bu sınaqdan üzüağ çıxmışdı. Di gəl ki, işlər sahmana düşməmişdi. Özü də tərs kimi məktəblər açılandan 2 ay sonra, yəni qışın oğlan çağında gəlmişdilər dünyanın gözü İstanbula. Söhbət Təmkindən gedir. Bu o, Təmkindir ki, ailənin gözünün ağı-qarası bircə oğul idi. Kənddə böyümüş, 16 yaşından gəlib çıxmışdı Bakıya. Dalınca əsgərlik, sonra Qarabağ savaşı, lap sonralar da Türkiyə. Qəribə də bu idi ki, dünyanın ondan artıq ölkəsinin torpağını ayaqladığı halda, burdan-bura çoxlarının gəlib nahar edib qayıtdığı İstanbula ilk dəfə 2015-ci ildə salam vermişdi. Bir tərəfdən iş, bir tərəfdən də oğlanlarının məktəbə gedə bilməməsi, o biri tərəfdən arvadın mısmırığı canını boğaza yığmışdı. Az qalırdı, ana-balanı yığıb gəldikləri kimi də geri göndərsin. Elə bu arada şirkətdə çalışdığı təzə tanışlarından biri köməyinə çatdı. İllik viza alana qədər oğlu Fərid, Kamal və Nazimin dövlət məktəbinə getməsi üçün bir məktəb direktorunu razı salmışdılar. Təmkin bu şad xəbərlə birlikdə evə o qədər tələsik girdi ki, az qala qapının astanasında üzüquylu yerə yıxılacaqdı. Elə havadan asılı olduğu məqamda da ağlına gəldi ki, ölsə bir problem, yıxılıb yarımcan olsa başqa dərd yaşayacaqdılar. Məktəb məsələsinin xəbəri arvadın mısmırığını az da olsa düzəltdi. Təmkin də fürsəti əldən vermədi:
– Di, toparlanın, Boğaza gedirik. Üç gün sonra məktəbə gedəcəklər, gərək gecə-gündüz oxuyalar ki, boş buraxdıqları vaxtın əvəzi çıxsın.
...Bu Təmkin dediyimiz hündür, təxminən 35-dən yuxarı yaşlı sarışın kişiydi. Hamı ilə dil tapa bilirdi. Di gəl ki, tələskən və çılğının biri idi. Uşaqlıqdan dədəsi onu kənddə nə kinoya buraxardı, nə də futbola-filana. Ona görə də bir müddət kənddə "mamabalası” deyərdilər ona. Özü də bu ləqəbi kim yapışdırmışdısa mama və bala sözlərini elə ardıcıl tələffüz eləmişdi ki, daha onları heç kim bir-birindən ayırmaq fikrinə düşməmişdi. Zaman keçdi, ata-anası dünyadan köçdü. Yavaş-yavaş Təmkin kəndi unutdu, kənddəkilər də onu yaddan çıxardı. İndi daha heç kim ona "mamabalası” demirdi. İşgüzar və qoçaq, həm də tərbiyəli idi. Yeniyetməlikdə olduğu kimi, gəncliyində də kinodan-teatrdan uzaq gəzirdi. Bu mühafizəkarlıq qanına elə hopmuşdu ki, yavaş-yavaş ailəsini də öz gününə salmışdı. Nə ora-bura çox gedərdilər, nə də çox gəlib-gedənləri olardı. Hara da getdilər, iki-üç saata qalxıb sağollaşardılar. Bir sözlə yaşlandıqca xasiyyəti adına daha uyğunlaşırdı. Ona görə də birdən-birə Təmkinin ailə-uşağı Boğaz mənzərəsini seyr etməyə aparması təklifi evdə elə bir uğultu yaratdı ki, oğlanların səsi zəlzələdən əvvəl şahə qalxan kəhər atın kişnərtisi kimi evin döşəmə və tavanında belə hiss olundu. Nə biləydilər ki, əsl zəlzələ bir-iki saatdan sonra özü də dalbadala başlarının üstünü alacaq.
Evdən çıxanda kirayə qaldıqları evin sahibi – aşağıdakı qonşuları ilə rastlaşdılar. Azdanışan olsa da bu qadın çox diqqətcil və qayğıkeş idi. Gəldikləri gündən qapanıb evdə qalan bu ailənin gəzməyə çıxdığını görüb bir az sevinən kimi oldu və asta bir səslə "Şəmsiyə götürün, yağmur olacaq”, – dedi. Təmkin evə gələndə hava çox açıq idi. Odur ki, bir az ürəkli:
– Abla, hava çox açıqdı, yağmaz, inşallah!
Qadın yenə də asta səslə dilləndi:
– İstanbulun havasına, qarısına, parasına!
Oğlanların pilləkənləri silkələyən ayaq tappıltısı qadının səsini eşitməz etdi və onsuz da o, sözünü deyib qapını içəridən örtmüşdü. Təmkin nəzərdə tutmuşdu ki, metro ilə Eminönünə gedib oradan ayaqla körpünün altındakı balıq restoranlarının birinə girsinlər. Sonra fikirləşdi ki, "ayda-ildə bir namaz, onu da şeytan qoymaz”. Bu həvəslə gəzməyə çıxartdığı uşaqları bir saat da yerin yeddinci qatında relslərin üstü ilə yırğalamasın. Elə xidməti maşınla getsələr yaxşıdır. Maşına təzəcə çatmışdılar ki, bu vaxt telefonuna zəng gəldi. İş yoldaşıydı. Şirkətin maşınlarından biri qəza törətmişdi. Şükür ki, ölüm-itim olmamışdı. Ondan maşını istəyirdilər. Sürücünü hadisə yerinə göndərib aşağı küçədəki taksi dayanacağına getdilər. Böyük oğlunu qabaqda oturdub özləri birtəhər arxada yer-yurd oldular. "Eminönünə”, – deyib ünvanı söyləyəndə sürücü ədalı bir görkəmdə əllərini sükana çırpdı:
– Çox trafikdi!
Amma daha yola çıxmışdılar. Metro ilə 25 dəqiqəyə gedə biləcəkləri yolu iki saatdan da artıq zaman itirmişdilər. Hövsələlər daralmış, iştahaları da küsmüşdü. Arvadın da mısmırığı qısa fasilədən sonra elə özünün həmişəki yerində bənd alıb dayanırdı. Taksi Eminönünə metronun sirkəçi stansiyası səmti tərəfdən girmişdi. Nəyə görə isə polis yolu bağlamışdı. Metronun qarşısında düşdülər. Təmkin cibindən çıxardığı bir ədəd yüzlük lirəni sürücüyə uzatmağı ilə sürücünün qıyya vurub bağırmağı bir oldu:
– Bana saxta para veriyorsun? Dolandırıcı... şimdi polisə gideceyik.
Təmkin sakit bir görkəmdə əlini uzadıb pulları geri çəkdi və onların saxta olduğuna dərhal əmin oldu. Əlini atıb cibindən başqa pul çıxardı. Onlar da saxta idilər. Belə işmi olardı? Yaxşı ki, xanımının kisəsində bir neçə ədəd əllilik dollar və lirə vardı. Onları ərinə uzatdı. Təmkin də əlliliklərdən ikisini sürücüyə uzatdı: "Kusura baxma daha yox”, elə birbaşa dalbadal: "Üzr diləyirəm” – deyib pulunun qalanını da istəmədi ki, polisə ilişməsin. Pulları ona yolüstü dollar dəyişəndə sırımışdılar. Özü də çox məharətlə. Sürücünün gözündə dələduz görünsə də dələduzların güdazına keçmişdi. Bu bəladan təzəcə qurtarmışdılar ki, açıq səmanı qəflətən qara buludlar aldı. Havaya elə bir qaranlıq gəldi ki, sanki sıx meşədə illərdən bəri budanmayan qocaman ceviz ağacının altında nəfəs almağa hava axtarırdın.
Qəflətən yağış tökdü. Yaxınlıqdakı bütün dükanlar qapılar çəkib içəridən kilidlədilər ki, yağışdan daldalanmaq istəyən yoldan keçənlər içəri soxulmasınlar. Beş dəqiqənin içində islanıb lilli suya düşən cücəyə oxşadılar. Yaxşı ki, lap yaxınlıqda paltar dükanı vardı. Təmkin arvadın ilişən vallar kimi dəqiqə başı "gəlin qayıdaq evə, gəlin qayıdaq evə”, kəlməsinə məhəl qoymayıb hamını çəkdi bu dükana. İstanbula gələndən ilk paltar bazarlıqları pis olmadı. Elə arvadı da iki cüt çit oyma alıb mısmırığını açmışdı bir az. İslanmış paltarlarını torbalara doldurub çıxdılar küçəyə. Hava açılmış, yağış da kəsmişdi. Kirayəçi arvadın dediyi, para və hava öz gücünü göstərmişdi, indi qalırdı qarı. Arvadın mısmırığının açılması Təmkini lap açmışdı. Amma o üçüncü qarı məsələsi heç qulağından çəkilib getmirdi ki, getmirdi. Ürəyində özünə təskinlik verirdi ki, arvad-uşağı yanında, kimin bunlarla işi ola bilər axı? Özü də şükür Allaha ki, heç bir həlləm-qəlləm işi yox idi ki, kimdənsə qorxub çəkinə. Arzu etmədiyi kimsə qəfildən qarşılarına çıxa. Bu minvalla gəlib çatdılar körpünün altındakı sıralama balıq restoranlarının qarşısında uzanan açıq dəhlizə. Boğazın havası, balığın iyi hamısının iştahasını açmışdı. Əyinlərindəki təzə paltarlar da keflərini lap kökəltmişdi. Beləcə, körpünün tən ortasındakı "Bay balıq” da özlərinə yer tutdular.
Oturan kimi ortancıl oğlu Fərid özü ilə gətirdiyi bayrağı çıxarıb masanın üstünə qoydu. Zehinləri lap açıldı. Onlardan başqa, masa üstünə bayraq qoyan yox idi. Sifarişlər verildi. Səbirsizliklə yeməyi gözləyirdilər. Heç kimdən səs çıxmırdı. Hamı mədəsi ilə təkbətək qalmışdı. Bütün gözlər restoranın o biri başından yaydan çıxan ox kimi əllərinə götürdükləri yeməyi masalara daşıyan ofisiantlara dikilmişdi ki, görsünlər, nə vaxt onlara tərəf gələn olacaq. Elə bu vaxt bir nəfər dəhlizdən keçib düz onların masasına tərəf addımlamağa başladı. Bu, ofisiant deyildi. zəbərdəst, özündən razı görkəmdə biri, yırğalana-yırğalana ildırım sürəti ilə onlara tərəf gəlirdi, özü də söyə-söyə. Əlində də bükülü vəziyyətdə olan qırmızı qulplu düymə ilə açılıb-bağlanan bıçaq vardı.
Təmkingilin masasının arxasında dörd nəfər oturmuşdu. Avropalı olduqları həm görkəmlərindən, həm də danışıqlarından bəlliydi. Sağda bir zənci ailə əyləşmişdi. Soldakılar, deyəsən, ərəbə oxşayırdılar. Əlqərəz, diqqətlə qulaq asıb ətrafdakıları dinləyə bilsən, bütün dillərdə söz eşidərdin. Amma bu söyüşkən niyə isə elə onların masasına tərəf cumurdu. Özü də söyməyi bir tərəfə dursun, səsini eşitməsən belə əl-qol işarələrindən də söydüyü bəlliydi. Söyən dəhlizin açıq yerinin axırına çatanda yuxarıdan böyük bir kölgə onun bütün vücudunu qaraltdı. Təmkinin təmkini pozuldu, deyəsən. Bu vaxta qədər onun ailəsində söyüş yox, heç bir-birilərinə səs də ucaltmamışdılar. Təkcə "mısmırıq” məsələsi idi ki, o da heç – adətkərdə olmuşdular, onların evinin bəzəyi idi. "Mısmırıq”sız darıxdığı vaxtlar da olmuşdu.
Təmkin kənddə tərbiyə almış, şəhərdə püxtələşmişdi. Uşaq vaxtı yıxılıb əlinin, dizinin çapığındakı sızıltıdan dızıldayanda "kişi ağlamaz”, məhəllədə və yaxud məktəbdə uşaqlar arasında çox vaxt söyüş üstündə dava düşəndə "kişi söyüş söyməz” kəlməsini çox eşitmiş, demək olar ki, bunları qulaqlarına "sırğa” eləmişdi. Əsgərlikdə də, eynilə beləydi: bəzən bir kəlmə söyüşə görə 20-30 nəfər bir-birinin ətini didmişdi. Həmişə də söyən günahkar olmuşdu.
Təmkin sərt bir hərəkətlə ayağa qalxanda xanımının çöhrəsi dəyişdi, qorxu və təlaş bütün vücuduna hakim kəsildi. Az qaldı özünü Təmkinin ayaqlarına atsın ki: "İşin yoxdur bu tərbiyəsizlə, heç balıq da istəmirik, təki sağ-salamat, xatasız-bəlasız çıxıb gedək buradan”. Artıq iş-işdən keçmişdi. Təmkin masadan çoxdan aralanmışdı. Ətrafdakı ağ, qara, boz, qonur dərili nə qədər adam vardısa, nəzərlərini Təmkinin getdiyi yola dikmişdilər. Söyüş söyə-söyə irəli şığıyan yaddan çıxmışdı, indi bütün diqqətlər Təmkindəydi desək, daha düzgün olar. Bir anlığa restoranda bütün həyat dondu. Kassir pul saymağından, ofisiant yemək daşımağından, iri qara tavada balıq qızardan kababçı balıqları çevirməyindən, masaları təmizləyən islaq əskiləri tələm-tələsik çəkməyindən əl saxlayıb baş verəcək hadisəni izləməyə başladılar. Bir anlığa yarıçiy, yarıbişmiş balıq tikələrini həvəslə çeynəyən çənələrin hərəkəti dayandı. Təkcə gözlər öz işində idi. Elə bil ki, ətrafdakıların hamısının başqa orqanları fəaliyyətlərini dondurub güclərini gözlərinə vermişdi. Hamını nəticə maraqlandırırdı.
...Təmkinlə söyə-söyə irəli şığıyan "cəngavər” qarşılaşanda hamının gözlədiyi hadisə baş vermədi. Təmkin nə onu vurdu, nə vuruldu, nə də ki, itələyib dəhlizə tərəf aparmadı. Qulağına nə isə dedi. Elə bil qurbağa gölünə daş atdılar. Sehrli bir vəziyyət yaranmışdı. Daha söyüş eşidilmirdi. Təmkin "cəngavər”in qoluna girib kənardakı boş masaya apardı. Bir azdan nə isə danışırdılar. Deyəsən, dava baş tutmadığı üçün onların nə danışdıqları heç kimə maraqlı deyildi. Bir az keçəndən sonra Təmkin "cəngavər”i yola salıb ailəsinin yanına qayıtdı. Arvadının mısmırığı yernən gedirdi. Elə bil ki, bayaq Təmkin yerindən qalxıb hücum vəziyyətini alanda qorxan bu deyildi. Bayaqdan bəri bir neçə dəfə "sən ona niyə pul verdin”, – deməyinin nəhayət, qısa bir cavabı oldu:
– Mən ona qan pulu verdim.
Arvad təəccüblə:
– Saxtaları verdin?
– Yox, səndə! Məndən elə iş gözləyirssən? Bu kişilikdən deyil, gedib polisə-zada ilişər. Evdə yandıracağam onları.
Təmkindən başqa hamı qarnını doyurmuşdu. "Cəngavər”in hücumu ərəfəsində də, dəf olub getdiyi anda da ətrafda olanlardan heç kim gözə dəymirdi. Yeni müştərilər gəlmişdi. İşçilərdən başqa bütün sifətlər təzə idi. İşçilər də ki öz lirələrini qazanmağın hayındaydılar. Axır ki, getmək zamanı gəldi. İstanbulun "parasına, havasına, qarısına” atalar məsələsi onların birgünlük gəzintisində tam olmasa da, özünü göstərmişdi. Təmkin bu məsəlin bir neçə dəqiqə sonra elə tam olaraq doğrulacağını ağlına da gətirə bilməzi. Qulağı səksəkədə idi ki, elə indilərdə nə isə bir şey yenə baş verəcək. Verdi də... Qərara gəlmişdi ki, evə metro ilə qayıtsınlar. Körpüdən təzəcə aralanmışdılar ki, bir də gördülər camaat yığılıb. Təmkin "Burada gözləyin.” – deyib toplaşanlara yaxınlaşdı. Polislər qətlə yetirilmiş adamı ortadan götürməyə çalışırdılar. Təmkin onun bayaqkı söyüş söyən "cəngavər” olduğunu görüb heyrətə gəldi.
...Təmkin bu qanlı və həyat dərsi olan hadisənin təsirindən donub qalmışdı. Geri dönmək istəyirdi ki, xanımı və oğlanlarının da qanlı səhnəyə tamaşa etdiklərini gördü. Yoldaşı dayanmadan gözlərini qırpırdı. Onun həyəcan dolu baxışlarında həm qorxu vardı, həm də böyük bir bəladan xilas olmaq sevinci. Həm də onun öldürülməsinə yox, kişi paltarı geyinən qadın olduğuna heyrətlənmişdilər. Polislərdən biri onun cibindən çıxardığı açılıb-bağlanan bıçağı açmaq istəyəndə məlum oldu ki, heç bıçağın dili də yoxdu.
Sabir Şahtaxtı
banner

Oxşar Xəbərlər