• çərşənbə, 24 Aprel, 15:33
  • Baku Bakı 27°C

Qan, atəş, saxtakarlıq...

17.03.17 09:00 611
Qan, atəş, saxtakarlıq...
Aprelin 2-də keçiriləcək seçkilər ərəfəsində Ermənistanda vəziyyət kritik həddə yaxınlaşır. İş o yerə çatıb ki, seçki məntəqələrində namizədlər və onların yaxınları arasında silahlı qarşıdurma adi hala çevrilir. Ölkə mütəmadi olaraq əsl Siciliyanı, mafiya filmlərini xatırlatmağa başlayır. Seçki kampaniyasına qatılan hakim Ermənistan Respublika Partiyasının reytinqli namizədləri bir-birilərinin boğazlarını ərazi üstündə gəmirməyə hazır görünürlər. İndi isə onlar yüksək rütbəli polis məmurları və silahın köməyi ilə rəqib namizədləri aradan götürməyə cəhd göstərirlər. Ermənistanda ötən gün seçki məntəqəsində yaşanan silahlı insidentin təfərrüatları bəlli olub. ORO (Ohanyan-Raffi-Oskanyan) seçki blokunun nümayəndəsi, "İrs” partiyasının sədr müavini Armen Martirosyandeyib ki, martın 15-də Armavir vilayətinin Crarat kəndində onların blokuna qarşı silahlı hücum olub. Bundan bir qədər əvvəl həmin blokdan bildirmişdilər ki, üç nəfər odlu silahdan açılan atəş nəticəsində yaralandıqdan sonra Yerevanın Erebuni tibb mərkəzinə gətirilib. Lakin Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqoranyan məlumatı dəqiqləşdirib: "Xəstəxanaya gətirilən üç nəfərdən biri dabanından güllə yarası alıb, ikinci şəxsin qolu sınıb, üçüncü şəxs isə iti alətlə yaralanıb”. Aqoranyan bunu da deyib ki, odlu silahdan atəş açan Crarat sakini, 1982-ci il təvllüdlü Tiqran Sarkisyan Vaqarşapat polis şöbəsinə gətirilib.
Erebuni tibb mərkəzinin direktoru Mikael Manukyanın verdiyi məlumata görə yaralılar Araik, Ayk və Melk Melkonyanların vəziyyətləri qənaətbəxşdir. Onların ikisi ata və oğul, üçüncüsü isə əmioğludur.
Yerevan polisi bildirir ki, hazırda hadisənin baş verdiyi bölgədə vəziyyət nəzarət altındadır. "İrs” partiyasının sədr müavini Armen Martirosyan baş vermiş hadisəni müxalifət üzərinə hücum kimi qiymətləndirib. O deyib ki, bir qanunsuzluğun qarşısı alınmayanda, növbəti cinayətlər baş verir. Ermənistan İstintaq Komitəsindən Azatutyun radiosuna bildiriblər ki, Crarat insidentinin seçki kampaniyası ilə əlaqəsi yoxdur və hadisə "azyaşlıların söyüş söyməsinə görə” başlanıb.
O da bəlli olub ki, Ermənistan polisinin rəis müavini Levon Yeranosyan şəxsən Cararat kəndində baş verən insidentə cəlb edilib. Bunu separatçı Dağlıq Qarabağ rejiminin keçmiş "müdafiə naziri” Samvel Babayan erməni mediasına bildirib. O bildirib ki, ordu rəhbərliyi polislə birlikdə hakimiyyətin tapşırığı ilə hərəkət edib. Bununla da insanları qorxu altında saxlamaq və Seyran Ohanyanın rəhbərlik etdiyi blokun seçkilərdə iştirakına mane olmaq olub. Qeyd edilir ki, Yeranosyanın ailə üzvləri, o cümlədən qardaşı, polis polkovniki Lernik Yeranosyan adıçəkilən kənddə qeydiyyatdadırlar. Kəndin rəhbəri Samvel Qalstyan isə onun bacısı oğludur. Sabiq "müdafiə naziri” əmindir ki, bütün bunlar hakimiyyətin tapşırığı ilə həyata keçirilib: "Hakimiyyət dəstək verir. Ölkədə bir nəfər qanundan kənara çıxa bilməz. Onların məqsədi ölkədə qorxu atmosferi yaratmaqdır”. Onun qənaətinə görə, Levon Yeranosyan vəzifəsindən azad edilməli və onun barəsində cinayət işi qaldırılmalıdır: "Əgər qanun işləmirsə və bütün qruplaşmalar necə istəyirlər elə də fəaliyyət göstərirlərsə, onda biz xalqa deyək ki, "ay xalq silahlanın və sizə atəş açanlara cavab verin”. O da qeyd edilir ki, bundan əvvəl də Crarat kəndində daha bir silahlı insident qeydə alınmışdı. Bu yaxınlarda baş verən insidentlə bağlı "ORO” bloku bildiribi ki, kənd icra hakimiyyətinin başçısı, Samvel Qalstyan müxalif blokun ünvanına hədələr səsləndirib. Yeri gəlmişkən, "Sputnik Armenia”agentliyinin seçkilərə həsr olunmuş mətbuat xülasəsi isə "Seçkiqabağı Ermənistan Siciliyaya çevrilir” adlanır. Joxovurt”qəzeti yazır ki, seçkiqabağı kampaniyanın əvvəllərində hakim partiyanın nümayəndələri siyahı yerləri uğrunda bir-birləri ilə çəkişirdilər, indi isə onlar "yumruq və silahlarını opponentlərinə tərəf çeviriblər”. "Jamanak”qəzeti yazır ki, erməni diasporasından olan tanınmış şəxslər – Serj Tankyan, Arsine Xancyan və Atom Eqoyan müşahidəçi qismində seçkiləri monitorinq etmək niyyətlərini bildiriblər.
Qəzetin yazdığına görə, bu adamlar əslində "ORO” blokunun dəstəkçiləridirlər və hakim partiyaya qarşı təbliğat aparırlar.
"Past”qəzeti isə yazır ki, martın 15-də Geqarkunik vilayətinin Sevan şəhərində də seçkiqabağı kampaniya insidentsiz ötüşməyib. Orada hakim partiyanın iki namizədi – Karen Botoyan və Sevan çörək zavodunun direktoru Aşot Avetisyanın tərəfdarları arasında dava-dalaş olub. Şahidlər deyirlər ki, dalaşanlar bir-birlərini al qana boyayıblar. Hadisə yerinə gələn polislər sakinlərə baş vermiş hadisə barədə danışmamağı və onu unutmağı tapşırıblar.
Qəzet yazır ki, Karen Botoyanın özü Sevanda hər hansı dava-dalaşın olmadığını deyib. Erməni mediasımartın əvvəllərində də namizədlərlə bağlı bir çox başqa insidentlərdən yazmışdı.
Əksər erməni ekspertləri hesab edirlər ki, aprelin 2-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca, tərəflər arasında gərginlik də artacaq. Müxalifət-iqtidar çəkişməsi artıq pik həddə çatıb. Məsələn, nazir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra fəal siyasətçilər Raffi Ovanisyan və Vardan Oskanyanla blok yaradan keçmiş müdafiə naziri S.Ohanyan hökumətin hədəfindədir. Baş nazir Karen Karapetyan onu vəzifədə olduğu dövrdə hərbi hissələri talamaqda günahlandırır. S.Ohanyan hakimiyyəti bütün sirləri ifşa etməklə hədələyir. "Yamanak” qəzetinin məlumatına görə, S.Ohanyan Ermənistan prezidenti Serj Sarkisyana çatdırıb ki, ordudakı özbaşınalıq, rüşvətxorluq və digər məqamlarla bağlı bütün faktları məhkəmə qarşısına çıxaracaq. Kotayk vilayətində keçirilən mitinqdə də keçmiş müdafiə naziri bu barədə danışıb. Bildirib ki, Ermənistan ordusunda hərbi texnika, sursat və yanacaq çatışmazlığı indi də var. Onun istefaya göndərilməsi ilə də vəziyyət düzəlməyib. Ermənistan əhalisi də ölkədə yaxşıya doğru heç nə gözləmir. İnsanlar bitib-tükənməyən problemlərdən yorulublar. Yerevan sakinləri deyirlər ki, onları ölkədə keçirilən heç bir seçki maraqlandırmır. Daxili çəkişmələrdən yorulan əhali sadəcə, problemlərinin həllini istəyir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər