• cümə axşamı, 28 mart, 22:13
  • Baku Bakı 13°C

“Qalibsiz mübarizə”nin məğlubları

14.03.19 09:30 526
“Qalibsiz mübarizə”nin məğlubları
"İşimdən ayrıldıqdan sonra uzun müddət depressiyada idim. Problemlərdən uzaq qalmağın yeganə çıxış yolu kimi narkotiki seçdim. İlk vaxtlar fikirləşirdim ki, istədiyim zaman narkotikdən imtina edə bilərəm. Amma zamanla problemlər həll olmaq əvəzinə, daha da dərinləşməyə başladı. İş o həddə çatdı ki, narkotikə görə öz evimi əşyaları ilə birgə satmalı oldum. İndi müalicə alıram və keçmişdə etdiklərimə görə çox peşmanam. Amma bəzən sənin peşman olmağın itirdiklərini geri qaytarmır...”
Bu sözləri bizimlə söhbətində yeddi ildir ki, narkotik maddə asılılığından əziyyət çəkən Ziya Əliyev (ad şərtidir – red.) söylədi. Təəssüflər olsun ki, bu sadəcə kiçik bir nümunədir. Cəmiyyətdə narkotik bəlasından əziyyət çəkənlərin sayı heç də az deyil. Bu özünü statistik göstəricilərdə də əks etdirir. Belə ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə 28 376, 2014-cü ildə 28 656, 2015-ci ildə 28 555, 2016-cı ildə 29 448, 2017-ci ildə 30 131, 2018-ci ildə 31 432 nəfər olub. Narkomanların 26 346 nəfəri dispanser, 5 086 nəfəri profilaktik qeydiyyatdadır. 2015-ci ildə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınan narkomanların sayı 2 017 nəfər, 2016-cı ildə 2 142 nəfər, 2017-ci ildə 2 115, 2018-ci ildə 1995 nəfər olub. Ötən il 694 nəfər narkoman qeydiyyatdan çıxarılıb. Ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər.
Bəs görəsən, minlərlə insanın əziyyət çəkdiyi bu bəlanın kökündə hansı amillər dayanır? Bunun qarşısının alınması üçün nələr edilməlidir?
"Narkotizmlə Mübarizə” İctimai Birliyinin rəhbəri Zaur Adıgözəlovbildirir ki,əslində statistikada əks olunan artım tendensiyasının səbəbləri illərdir eynidir: "Narkomaniyaya qurşananların bir qismi xüsusi qrup insanların təsirinə düşənlərdir. Həmçinin imkanlı şəxslərin övladları adətən narkotik istifadəçiləri arasında üstünlük təşkil edir. Bəziləri narkotik maddələri dünyanın ləzzəti kimi qəbul edirlər. Təəssüflər olsun ki, narkotikin ticarətini aparan şəxslər gəncləri, azyaşlı uşaqları asanlıqla öz təsir dairələrinə sala bilir. Ölkəmizdə narkotikdən istifadənin qarşısının alınması və məhdudlaşdırılması üçün müxtəlif tədbirlər görülür. Hüquq mühafizə orqanları inzibati qaydada buna qarşı mübarizə aparır. Bununla yanaşı, maarifləndirmə işləri də aparılır. Narkomaniya ilə mübarizə komissiyası var və bu komissiyanın tərkibində işçi qrupu fəaliyyət göstərir. Müxtəlif maarifləndirmə tədbirləri, layihələr həyata keçirilir. Hər il müxtəlif QHT-lərin layihələrində bu istiqamətdə mövzular yer alır. Narkomaniya ilə mübarizə əslində, "qalibsiz mübarizə” adlanır. Bu mübarizə uzun illərdir ki, davam edir və hələ də cəmiyyət tam olaraq bu bəladan xilas ola bilməyib”.
Narkotiklə mübarizə kompleks yanaşma tələb edir
"SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyasının İctimai Vəkillik üzrə mütəxəssisi Cavid İmamoğludeyir ki,istər alkoqol, istəsə də narkotik maddələr asılılığından əziyyət çəkənlərin sayının artması cəmiyyətdə insan yetişdirən resursların zəif olması ilə bağlıdır: "Buraya ilk növbədə ailə institutu daxildir. Uşaqların adekvat böyüməsini, cəmiyyətdən, insanların fikrindən, zərərli vərdişlərdən asılı olmadığını və özgüvəni aşılayan insanın ailəsidir. Ailədən sonra həyatımıza təsir edən və onu yetişdirən ikinci müəssisə təhsil müəssisələridir. Uşaqların və gənclərin təlim-tərbiyə prosesində ailənin verə bilmədiyini təhsil ocağı qazandırır. Gəncləri məqsədli olmağa, karyera qurmağa, ünsiyyət bacarıqlarının inkişafına, sağlam həyat tərzinə sövq etmək məktəb və universitetlərin üzərinə düşən məsələdir. Digər vacib bir institut isə icma institutudur. İcma dedikdə, uşaqların və gənclərin yaşadığı ərazi, ətraf mühit nəzərdə tutulur. Asudə vaxtların düzgün şəkildə təşkil edilməsi, rəqabətlilik mühiti, nizam-intizam qaydaları gənclərin həyat tərzinə ciddi şəkildə təsir göstərir. Müşahidə və təhlillər onu göstərir ki, sadaladığım hər üç institutun tərkibində ciddi boşluqlar var. Bu boşluqlar gəncləri yanlış yola sürükləyir, onlarda alkoqol və narkotik maddə asılılığına gətirib çıxarır. Digər bir problem isə qabaqlayıcı tədbirlərin və reabilitasiya işlərinin istənilən səviyyədə olmamasıdır. Yeniyetmələr bu və ya digər narkotik maddəni qəbul edirsə, zamanla onların bu maddələrdən asılılığı qaçılmaz olur. Bunun qarşısını alacaq, yaxud reabilitasiya aparacaq resurslarımız çox azdır. Cəmiyyətdə böhranlı vəziyyətlərə müdaxilə metodları zəif olduqca, zərərli vərdişlərdən asılı insanların sayı istər-istəməz ilbəil artır. Zərərli vərdişlər, əslində dolayı yolla digər bəlaların da artımına gətirib çıxarır. Məsələn, narkotik maddə və alkoqol asılılığı cinsi yolla keçən Hepatit, QİÇS kimi xəstəliklərdən əziyyət çəkənlərin sayını artırır. Yəni, bu problemlər kifayət qədər əhatəli bir məsələdir. Narkotik istifadəçilərinin sayı artdıqca, digər problemlərin də sayı durmadan artır. Bu da zamanla boşanmaların, ailədaxili münaqişə və zorakılığın artmasına, valideynə, övlada və həyat yoldaşına qarşı münasibətdə şiddətə meyilliliyə səbəb olur. Yəni, narkotik maddə asılılığından əziyyət çəkənlərin artımı bu məsələyə kompleks yanaşma tələb edir. Mərkəzləşdirilmiş müdaxilə mexanizminin olmaması cəmiyyəti uçuruma doğru sürükləyir. Bu gün bağçalarda, məktəblərdə, universitetlərdə psixoloq və sosial işçi komandası olmalı və vaxtında müdaxilələr edilməlidir. Polis və vətəndaşa xidmət edən digər sosial müdafiə, səhiyyə, təhsil sistemi birgə təhlillər planı hazırlamalıdır. Narkotikdən istifadə ehtimalı olan şəxslərin reabilitasiyası üçün təşkilatlanmış şəkildə iş aparılmalıdır. Hesab edirəm ki, psixoloji və sosioloji aspektdən yanaşdıqda, müdaxilə metodlarının təkmilləşdirilməsinə ciddi ehtiyac var”.
Valideyn biganəliyi övladı uçuruma aparır
Psixoloq Aydan Talıbova söylədi ki, hər şeyin təməli ailədə qoyulur: "Təəssüflər olsun ki, Azərbaycan kimi kiçik bir ölkədə narkotik maddələrdən istifadə edənlərin sayı normadan çoxdur. Bunun isə özlüyündə müxtəlif səbəbləri var. Müşahidələr göstərir ki, maddə asılılığı olanların əksəriyyəti daha çox maddi sıxıntısı olmayan və imkanlı şəxslərdir. Bu da onların həyatda istədikləri hər şeyi əldə etməsi və heç nədən zövq almaması ilə bağlı olur. Belə şəxslər kənardan nə qədər problemsiz görünsə də, əslində, heç də belə deyil. İstədiyi hər şeyi maddi olaraq əldə edə bilən insanların problemi yoxdur - deyə düşünmək olmaz. Belə ailələrin də kifayət qədər problemləri var. Valideynlər ailədə hər hansı bir münaqişə və gərginlik yaşayarkən çox vaxt öz övladları olduğunu unudurlar. Onlar uşaqların hansı stress yaşadığından və aldığı psixoloji travmalardan xəbərsiz olurlar. Bunun fərqinə vardıqda isə, artıq çox gec olur. Boşanmış ailələrdə belə problemlər daha çox olur. Çünki uşaqlar ata-ana, iki ev arasında qalır. Belə uşaqlar yeniyetməlik çağına gəldikdə, daha çox əziyyət çəkirlər. Onlar adətən öz dünyasına qapılır və daxili çəkişmələrdən əziyyət çəkir. Belə məqamlarda isə onlar yaxşı və pisi ayırd edə bilmirlər. Təəssüflər olsun ki, bir çox hallarda gənclər uçuruma sürüklənirlər. Gəncləri narkotik aludəçisinə çevirən insanlar isə onların bu zəifliklərindən istifadə edərək, narkotikaya qurşandırır. Gənclər problemlərini ailəsi ilə bölüşə bilmədiyi zaman özünə yaxın bildiyi dostları ilə paylaşırlar. Bu dostlar isə heç də həmişə düzgün yolun yolçusu olmur. Ona görə də valideynlər öz övladları ilə münasibətlərini qurarkən ehtiyatlı olmalıdırlar. Ünsiyyət düzgün formada qurulmadığı zaman valideynlə övlad arasında uçurumlar yaranır”.
Ailədaxili münasibətlər düzgün qaydada tənzimlənməlidir
"Sağlam Cəmiyyət” İB-nin sədri Lalə Mehralı isə hesab edir ki, maarifləndirmə işləri istənilən səviyyədə aparılmır: "Bu elə bir problemdir ki, istənilən prizmadan yanaşdıqda, məsələnin kökündə valideyn laqeydsizliyinin dayandığını görə bilərik. 12-13 yaşlı şagirdlərin məktəb həyətində siqaret çəkdiyinin dəfələrlə şahidi olmuşuq. Siqaret elə bir spesifik qoxuya malikdir ki, mütləq şəkildə hiss olunur. Əgər valideyn uşağının siqaret çəkdiyini hiss etmirsə, zamanla uşaq daha zərərli vərdişlərə qurşanır. Bu gün siqaret çəkən azyaşlılar və yeniyetmələr gələcəyin potensial narkotik istifadəçiləridir. Gənclər fikirləşir ki, valideynlər onlara önəm vermir və nə etdiklərinin fərqində deyillər. Onlar bundan cəsarət alırlar. Onların ən böyük problemi narkotiki əldə etmək üçün pul olur. Pul üçün gənclər çox vaxt valideynlərinə yalan danışır. Valideyndən pul ala bilmədikdə isə, müxtəlif yollara baş vururlar. Hətta cinayətdən belə çəkinməyənlər var. Düşünürəm ki, valideyn məsuliyyətsizliyi ən böyük səbəblərdən biridir. Düzdür, bəzən elə olur ki, orta yaş qrupunda olan şəxslər də müəyyən yaşdan sonra narkotik istifadəçisinə çevrilir. Bunlar adətən, işində və ailə həyatında uğursuzluq yaşayan, depressiyadan əziyyət çəkənlərdir. Amma statistik nəticələr göstərir ki, 18 yaşlılar arasında narkotik istifadəçilərinin sayı üstünlük təşkil edir. Bu, insanın yeniyetməliklə vidalaşıb gənclik illərinə qədəm qoyduğu bir dövrdür. Belə yaşda onlar daha çox nəzarət tələb edir. Bizim mental dəyərlərimiz də övladlarımızla açıq şəkildə danışmağa imkan vermir. Buna görə də valideynlə uşaq arasında düzgün münasibətin formalaşması çox vacibdir. Psixoloji və digər peşəkar yardımların alınması bizdə yaxşı qarşılanmır. Çünki bəzən valideyn övladının problemlərini dərk edə bilmir. Təəssüflər olsun ki, narkomaniya ilə mübarizə heç də istənilən səviyyədə deyil. Maarifləndirmə işləri, sosial çarxlar, filmlər demək olar ki, hazırlanmır. Bu layihələr və çarxlar televiziyalarda pulsuz olaraq yayımlanmalıdır. Televiziyalar isə öz biznes maraqlarını güdür. Ona görə də belə layihələrin hazırlanmasında maraqlı deyillər”.
Şəbnəm Mehdizadə
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir
banner

Oxşar Xəbərlər