• cümə axşamı, 25 aprel, 16:48
  • Baku Bakı 23°C

Qafqaza sülhü Türkiyə gətirəcək?

26.11.13 09:35 1907
Qafqaza sülhü Türkiyə gətirəcək?
Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aktiv fəaliyyətə keçən Türkiyə problemin həllini prioritet məsələ kimi gündəmə gətirməyə çalışır. Bəlli olduğu kimi, rəsmi Ankara keçirilən bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının ələ keçirildiyini, qaçqınlar ordusunun yarandığı məsələsini qabardır. Prezident İlham Əliyevin Türkiyə səfəri, eləcə də Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiya səfəri zamanı da bu məsələ ən aktual məsələ kimi gündəmdə oldu. Ən əsası Türkiyə baş naziri Rusiya prezidenti Vladimir Putin ilə görüşündə münaqişənin həllində Kremlin rolunun mühüm olduğunu vurğuladı. Baş nazir qeyd etdi ki, Rusiya münaqişənin nizamlanması ilə bağlı üzərinə müəyyən öhdəliklər götürüb və buna da əməl etməlidir. Bundan bir qədər əvvəl isə Türkiyənin prezidenti Abdulla Gül bəyan edib ki, Türkiyə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə böyük əhəmiyyət verir Onun sözlərinə görə, son dövrlərdə hamıya məlumdur ki, münaqişələrin uzadılması yeni qarşıdurmaların yaranmasına gətirib çıxarır. “Məhz buna görə də Türkiyə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına böyük əhəmiyyət verir” - deyə Abdulla Gül deyib.
Yeri gəlmişkən, Türkiyə mətbuatı da bu məsələyə böyük önəm verərək, Ankaranın münaqişənin həlli ilə bağlı qızğın fəaliyyətə keçdiyini yazır. Məsələn, “Türkiyə” qəzetində dərc edilən “Qafqaza sülhü Türkiyə gətirəcək” başlıqlı məqalədə rəsmi Ankaranın bu yöndəki fəaliyyətinə toxunulub. Qeyd edilir ki, regionda sülh üçün aktiv fəaliyyətə keçən Türkiyə artıq bu istiqamətdə ilk addımlarını atmağa hazırlaşır. Belə ki, dekabrın əvvəlində Türkiyə xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlunun İrəvana gedəcəyi artıq təsdiqini tapmaq üzrədir. Mətbu orqan iddia edir ki, Türkiyə qondarma erməni soyqırımının 100-cü ildönümü ərəfəsində Qafqazlarda aktivləşməklə bir neçə məqsəd güdür. Ən ümdə məsələ isə strateji müttəfiqi olan Azərbaycan torpaqlarının azad edilməsi və bundan sonra Ermənistanla münasibətlərin normallaşmasıdır. Həm də bununla erməni lobbisinin hücumlarını səngitmək mümkün olacaq. Nəşr vurğulayır ki, ABŞ-da rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu həmkarı Con Kerri ilə görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. XİN rəhbəri bildirib ki, tərəflər Dağlıq Qarabağ probleminin həllində birgə çalışır. Qəzet yazır ki, ABŞ-dan fərqli olaraq Türkiyə Dağlıq Qarabağ münaqişəsinin daha tez bir zamanda həll edilməsində maraqlıdır. “Türkiyə Dağlıq Qarabağ probleminin həll edilməsi ilə bağlı yeni ideyalarla çıxış etdi. Ermənistan Türkiyənin irəli sürdüyü həll modelinə heç bir əhəmiyyət vermədi. Özü də həmin təkliflərdə fərqli siyasi, iqtisadi əsaslara söykənən nizamlanma modeli ortaya qoyulurdu. Hətta Ermənistan üçün həmin təkliflər sərfedici olsa da, onlar heç bir qərar verə bilməzdi. Çünki bu məsələdə onların iradəsi birmənalı olaraq Rusiyanın əlindədir”- deyə qəzet yazıb.
Nəşr yazır ki, ABŞ dövlət katibi Con Kerri ilə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu arasındakı son müzakirələrin də əsas müzakirə obyektinin məhz Dağlıq Qarabağ problemi olması bir daha göstərir ki, Türkiyə münaqişənin həlli üçün əlindən gələni edir. Baş verən proseslər, aparılan müzakirələr, səslənən fikirlər onu deməyə əsas verir ki, Əhməd Davudoğlu hazırda danışıqlar prosesinin mərkəzində dayanıb. Nəşr yazır ki, baş verən proseslər fonunda Türkiyə - ABŞ yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər. ABŞ-da Türkiyənin “Kisincer”i adlandırılan Davudoğlunun Yerevan səfərinə də önəm verilir. Özü də bu toplantıya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da dəvətlidir. Azərbaycan XİN rəhbərinin hələ ki, tədbirdə iştirakı təsdiqini tapmayıb. Lakin əgər bu görüş reallaşarsa, səfər gedişində Türkiyə - Azərbaycan - Ermənistan XİN rəhbərlərinin görüşü istisna edilmir. “Davudoğlu Yerevan səfəri zamanı Ermənistanın Türkiyəyə qarşı sərt hücumlarını yumşaltmağa çalışacaq. Türkiyəli nazir Ermənistannın qondarma erməni soyqırımı kimi əsassız iddialardan əl çəkməsinə çalışacaq. Türkiyənin sonuncu mövqeyi isə belədir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ortaya konkret mövqe qoymalı və işğala son verməlidir. Davudoğluna görə, bu şərtlərin yerinə yetirilməsi ilə sərhədlərin açılması və münasibətlərin bərpasında heç bir problem yoxdur. Qəzet iddia edir ki, ssenariyə görə, Ermənistan işğal olunmuş rayonlardan iksini qaytaracaq: “Bu çəkilmə rəsmi Bakını məmnun edəcək. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması Ankaranın da mövqeyinə uyğundur və onun əl-qolunu açmış olacaq. Sərhədlərin açılması gündəmə gələ bilər. Sərhədlərin açılması iqtisadi böhran yaşayan və adambaşı illik milli gəliri 5 min dollar olan Ermənistan iqtisadiyyatını canlandıracaq. Türkiyə isə qondarma erməni iddialarının 100-cü ildönümü ərəfəsində uğurlu bir diplomatik hücum əldə etmiş olacaq və diasporanın Türkiyəyə qarşı kampaniyasına son qoymuş olacaq”.
Beləliklə, Davudoğlunun dekabrın 12-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin XİN rəhbərlərinin toplantısında iştirak etmək üçün gedəcəyi Yerevan səfərinin nəticələrindən çox şey asılıdır. Əgər bu görüşdə kompromis əldə olunarsa, bu, regionda köklü dəyişiklərə gətirib çıxara bilər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər