"Qafqaz üçlüyü" - kino adına ləkə
Rüstəm
İbrahimbəyovun ssenarisi və Eldar Şenqelayanın rejissorluğu ilə çəkilən "Qafqaz
üçlüyü” filminə ard-arda iki dəfə baxdım. Ortada böyük "NİYƏ?” sualı vardı, ona
cavab axtarırdım. Rüstəmin inanmadıqlarına and olsun ki, tapmadım.
Sənət
belədir: oxucu, yaxud tamaşaçı bütün niyə suallarına cavab axtarır. "Qafqaz üçlüyü”
bu suala peşəkarlıq prizmasından cavab vermək gücündə olmayan filmdir. Filmin
süjeti olduqca primitivdir və əsas bəsitliyi də ondadır ki, ssenari müəllifi "əsəri”
niyə yazdığını və niyə ekranlaşdırdığını oxucuya, yaxud tamaşaçıya izah edə
bilmir. Əslində izah etməyə çalışmır da.
Hər
bir sənət əsərinin xidmət etdiyi amal var. Xüsusən, ədavətdə olan ölkələrə,
xalqlara həsr olunan filmlərdə ümumi şəkildə 3 məqsəd önə çəkilir. Filmin
süjeti mütləq ən azı onlardan biri üzərində qurulmalıdır. Birincisi, filmin
yaradıcıları təmsil olunduğu xalqı, yaxud ölkəni haqlı çıxarmalı, məsələn, yəhudi,
lap elə erməni filmlərində olduğu kimi. İkincisi, münaqişəni pisləməli, sülhü təbliğ
etməli, ədavətin qızışdırılmasına qarşı çıxmalı, üçüncüsü, ssenarist hansı
xalqın təmsilçisi olduğunu kənara qoyub, eləcə kassaya hesablanan film mətni
yazmalı.
"Qafqaz
üçülyü”ndə bu üç əsas şərtdən heç biri yoxdur. Rüstəm bəy sözün həqiqi mənasında
ağzına gələni vərəqə töküb, istedadlı rejissor da alacağı qonorarın hesabına
filmi istedadsızcasına çəkib.
Sonuncu
şərtdən başlayaq. Ekran "əsəri” kassa filmi deyil. Kütləvi tamaşaçı iki saatını
bu filmə xərcləməz, çünki nə mövzu dünyəvidir, nə də onun işlənməsi üsulları
populyardır. Filmdə işğala məruz qalanla işğalçının obrazları məişət səviyyəsindən
də çox-çox aşağı təqdim olunur. İnsanı riqqətə gətirən bu səpkili məşhur filmlərin
tamaşaçısı olanların "Qafqaz üçlüyü” ilə başını aldatmaq mümkün deyil.
"Pianoçu” filminə baxan tamaşaçı "Qafqaz üçlüyü”nü görmək üçün qara qəpik də xərcləməz.
İkinci
şərt: filmdə sülhün tam əksi təbliğ olunur. Əslində ssenarist heç bu işi də
bacarmayıb. Tutaq ki, Rüstəm İbrahimbəyov xaraktercə dava sevən, hər yerdə
nifaq salan, qaşınmayan yerdən qan çıxaran birisidir. Yazdığı seenaridə də bu
xarakterini qabardır, hər yerdə qan-qada görmək istədiyini büruzə verir, ola
bilsin hansısa məkrli qüvvələr də onu yönləndirir. Əlbəttə, ola bilər, sadəcə
müəllif bu məqsədi belə alındıra bilməyib. Bir-birinə düşmən olan iki xalqın
müqayisəsində azərbaycanlıları toplum olaraq göstərir, ancaq erməniləri cəmi
bir həkim təmsil edir. Belə uğursuz müqayisəyə kiçik yaşlı uşaq da irad tutar.
Kadrlar kino sənətinin mahiyyətindən uzaqdırsa, hansı tamaşaçı o mənzərələri
görüb müharibənin daha alovlanmasını arzulayar? Axı görüntülərdəki obyektivlik
nəticə çıxarmağa imkan vermir. Tamaşaçı filmdə nə müharibənin, nə də sülhün təbliğatını
görə bilir, eləcə azərbaycanlıların aqressiv ruhlu olduğunu hiss edir, o da
alayarımçıq, heç bir məntiqi əsası olmadan.
Üzrlü
sayın, birinci şərtə də əməl olunmadığını göstərim, sonra filmin kadr-kadr məntiqsizliyinə
tamaşa edəcəyik. Yaradıcıların çoxu gürcü əsillidir. Regissor, aktyorlar...
Onlar üçün nə biz, nə də ermənilər maraqlıdır. Üçüncü tərəf kimi sifariş yerinə
yetirirlər. Bəs azərbaycanlı ssenarist niyə belə mövqe tutur? İbrahimbəyov azərbaycanlıdır.
Hansı türk, hansı yəhudi, hansı erməni, hansı fransz, hansı alman, hansı rus,
hansı, hansı, hansı millətin sənətkarı, xüsusən kino adamı ideoloji mövzulu
filmdə öz xalqını aşağılayar, yaxud aşağılayıb? Ruslar ikinci dünya müharibəsinə
aid filmləri hələ də çəkirlər. Bu filmlərdə rus xalqının, əsgərinin mənfi
obrazda göstərildiyi bircə fakt varmı? Hollivudun ideoloji filmlərinə baxaq.
ABŞ realda ölkələri işğal edir, müstəqil ərazilərə əsgər yeridir, hakimiyyətləri
dəyişir, başqasının vətənini özününküləşdirir. Amma filmlərin heç birində bu
fakt ABŞ-ın əleyihə olan hadisə kimi işıqlandırılmır. Tam əksinə, amerikalıya
haqq qazandırılır, gələcək işğallara indidən bəhanə verilir. ABŞ əsgəri İraqa
girməmişdən əvvəl onun aktyoru bu torpağa daxil olur, dünya tamaşaçısını
hazırlayır və ardınca siyasətini həyata keçirir.
Dövlətçi
düşüncədə olan üçün həmişə hər yerdə öncə vətəndir. Ermənistan işğalçıdır. Azərbaycanın
ərazisinə soxulub və on minlərlə dinc sakinə qarşı qətliamlar törədib. Onların
hansı filmində bu faktlar var? Ermənistan monoetnik dövlət sayılır. Bu faktı
bir dəfə də olsun qabardıblarmı? Yoxsa onlarda yazmağı, çəkməyi, danışmağı
bacaran yoxdur? Əlbəttə var və çoxdur. Sadəcə onların heç biri Rüstəm xislətinə
malik deyillər. Adam kosmopolit ola bilər, ancaq adam qərəzli olmalı deyil. Qərəzin
məhsulu böhtandır, yalandır, şərdir. Rüstəm İbrahimbəyov "Qafqaz üçlüyü”
filmində Azərbaycan xalqına böhtan atır. Ağır söhbətdir.
Hərəkətləri
ilə daim ağır söhbətlərə məruz qalan, tez-tez qınaq obyektinə çevrilən Rüstəm
İbrahimbəyov bu dəfə də yüngül çəkili filminin altında qaldı. Yazdığı onu
qaldırmadı, batırdı.
Növbə
gəldi "Qafqaz üçlüyü” filminin kadrlarına ani nəzər salmağa. Nəzər salıb, məntiqin
harada, necə sındığını göstərməyə çalışacam. Film erməni həkimi yaxşı adam kimi
göstərməklə başlayır. Bakılı erməni 32 ildir oğlunu atıb, birinci həyat
yoldaşından xəbər tutmur. Bir haşiyə çıxım: filmdə erməni həkimin ikinci həyat
yoldaşının olub-olmadığı, sonradan ailə qurub-qurmadığı aydın olmur. İlk
kadrdan məlumdur: ssenaristi tamaşaçı maraqlandırmır, əsas ermənini yaxşı oğlan
kimi qabartmaqdır. 32 il əvvəl oğlunu atıb Moskvya gedən həkimin Azərbaycandakı
uşaqlığı filmin birici kadrında əksini tapıb. Uşaqlığı deyəndə ki, cəmi bir
hadisə: uşaqlar qayadan dənizə tullanırlar, hamı atılır, amma Fərhad qorxur. Hətta
erməni dostu ona "qorxma tullan” deyir, o yenə cəsarət eləmir. Tülkü xisləti ilə
ad çıxaran ermənini, qəhrəmanlıq tarixi yazan türklə müqayisədə cəsarətli göstərmək
faktın təhrifi, qərəzin təntənəsi, məntiqin yoxluğudur. Erməni uşaq böyüyüb,
müharibə nəticəsində azərbaycanlı və gürcü dostundan ayrılaraq Bakıdan gedib.
Moskvada həkimlik edir, xəstədən pul almır. Yəni ay tamaşaçı bax gör, erməni
necə xeyirxah adammış. Oğlundan xəbərsiz
atanın xeyirxahlığı – gülməlidir deyilmi?
Nəsə
çox uzatmayaq. Erməninin Gürcüstanda qohumu tapılır, o vərəsə axtarır. Erməni
oğlu Timuru vərəsə etmək istəyir. Bunun üçün soyad dəyişməlidir. Oğlu Moskvada
teatrda işləyir. Atası onunla görüşür, oğul deyir ki, anam razılığa gəlmir. Həkim
burada erməni tülkülüyünü işə salır, ağlayır-sızlayır, oğlu Bakıya qayıdanda
söhbəti ailəsinə danışır. Ailəsi təbii ki, razı olmur. Ssenarist məhz bu hadisədən
sonra oğlanı zorakılığa məruz qoyur. Belə anlaşılır ki, doğmaları – anası,
atalığı, həyat yoldaşı, qaynı oğlanın soyadını dəyişməyə icazə verməliydilər,
onda pis hadisələr də yaşanmazdı. Deyin, hansımız soyadımızın erməni soyadı
olmasını istəyərik? Yaxud hansımızın doğmaları buna imkan verər? Qəhrəmanın
yaxınlarının mövqeyi tam başadüşülən və alqışlanandır. Ssenari müəllifi isə
bunu faciə kimi qələmə verir. Buna ya səbatsızlıq deyilir, ya da ermənipərəstlik.
Hər nədirsə, film kəlməsinə yamaqdır.
Kadrları
sürətləndirək. Bir sözlə, qaynı Timurun başına oyun açır. Timur bağda qaynı ilə
soyad məsələsində mübahisə edir. Qaynı ona "erməniliyin tutub" deyə
cavab verir. Bu sözü qonşu uşaq eşidir. Timur bağda boş su quyusunu təmizləmək
üçün onun içinə düşəndə onların söhbətini hasardan eşitmiş qonşu uşaq quyunun
başına gəlib deyir ki, bəs sən ermənisən, ermənilər mənim dayımı metroda
partladıb öldürüblər. Bu çıxışdan sonra 9 yaşlı uşaq 40 yaşlı gəncin başına daş
atır.
Xəbər
yayılır ki, bəs Timuru öldürüblər. Kİmsə bağa gedib Timuru axtarmır. Eləcə
vay-şivən qoparırlar. Hətta oğlanın erməni atası Moskvadan xəbər tutur, Bakıya
gəlməyə qərar verir, oğlunun ailəsini polisə xəbər verməyə təkid edir, itkin ərin
yoldaşı qardaşını polisə verməyə hazırlaşır, amma bu müddətdə heç kim bağa
gedib, "Timur, ay Timur" deyə haraylamır ki, Timur da quyudan hay
versin.
Ssenarist
hadisələri yola verir. Əsas odur ermənini tez Bakıya gətirsin, sərhədçilərin
qanunları pozduğunu göstərsin, onu Bakıda döydürsün...
Növbəti
kadrlarda erməni həkim oğlundan nigaran qaldığı üçün dostu Fərhadla danışıb
hadisələri öyrənir, hövlank Bakıya gəlir. Dayısı metroda terrora məruz qalan
uşağın anası oğlanın yoldaşına zəng edib hadisəni danışır. Nə başınızı ağrıdım,
oğlanın yeri məlum olur. Gəlib görürlər ki, artıq quyudan çıxıb piyada hava
limanına gedir. Sabah Moskvada oynadığı tamaşanın premyerası olmalıdır. Yolda təsadüfən
bir maşın saxlayıb onu götürür.
Erməninin
sərhəddən keçməsinə imkan vermirlər. Fərhad vəzifəli adamdan xahiş edir, onu sərhəddən
Bakıya buraxırlar.
Burada
nəfəsimizi dərib, rəyimizi səsləndirək. Siz deyin, bunca bəsit düşünməkmi olar?
Uşaq gənci döyür, erməni sərhəddi qanunsuz keçir, hətta yüksək vəzifəli məmur
bu cinayətə razılıq verir. Baxırıq ki, Fərhadın da vəziyyəti yaxşı deyil. Bəyan
edir ki, neft qurtarır ona görə təzyiqlərə məruz qalıb. Nənəm demiş, ay
başınıza dönüm, nə vaxt neft tükənir deyənlərə təzyiq olub bizdə? Cənab
Prezident özü demirmi "elə bilin neft yoxdur”? 15 ildir mətbuat neftin tükəndiyini
yazmırmı? Kimə bu fikrə görə güldən ağır söz deyiblər? Ay Rüstəm bəy, hakimiyyəti
tənqid etmək üçün başqa variant tapa bilmədin? Bunca məntiqsiz düşünməklə Azərbaycanda
düz söz deyənlərin problem yaşadığını göstərməkmi olar?
Ardına
baxaq: Erməni həkim Bakıdadır. Fərhadgilə gəlir. Üçüncü dostları olan gürcü də
evdədir. Bir-birlərinə sarılırlar. Döyülən oğlanın qaynını çağırtdırırlar. Ata
ona hücum çəkir, qayın boynuna almır. Sonra məlum olur ki, oğlu sağdır. İndi
erməni atanı aradan çıxarmaq lazımdır. Bir nəfər gəlib Fərhada deyir ki, bəs sənin
evində erməni var. Artıq 10-15 nəfər adam qapının ağzını kəsdirib, erməninin
çıxmasını gözləyirlər ki, onu döysünlər. O gələn naməlum adam Fərhada vəziyyətinin
ağır olduğunu deyir. Məlum olur ki, erməni həkimin pasportuna heç möhür də
vurulmayıb. Vəziyyət dramatikləşir. Fərhadın qarşısına şərt qoyurlar: sən vəzifədən
gedirsən, biz də erməninin Moskvaya qayıtmasına şərait yaradırıq. Razılşırlar.
Həyətdə gözləyən adamların xəbəri olmadan Fərhadla erməni dostu aradan çıxıb
hava limanına gəlirlər. Gürcü ağsaqqal isə evinə gedəndə adamlar onu mühasirəyə
alır. Kişidən kim olduğunu soruşurlar, rus dilində cavab verdiyi üçün onu
döyürlər. Sonradan eşirdirik ki, gürcü ölüb.
Vallah
körpə uşaqlar da bu qədər primitiv oynamazlar. Azərbaycanlının saxtakar,
aqressiv, yalançı, dövlət sərhəddinin pozulmasına rəvac verəcək qədər cinayət
törətdən olduğunu göstərmək, daha doğrusu sırımaq məqsədilə belə oyunlar
qurmaq, tələm-tələsik ssenari yazmaq, film çəkdirmək uşaq düşüncəsinin məhsulu
olsun gərək. Azərbaycanda nə vaxt rus dilində danışdığına görə adam döyüblər,
özü də ağsaqqal bir kişini, özü də gürcünü. Belədirsə, Rüstəmi rusdilli
olduğuna görə bu günə qədər döyərdilər də. Həm də film 2013-də hazır olub və
Bakının da görüntüsündən aydın olur ki, müasir dövrü əhatə edir. Müasir dövrdə
filmdəki aqressiv hadisələrin heç birinin bir detalı belə yaşanmayıb. Heç
keçmişdə belə olmayıb. 1988-ci ildə azərbaycanlıları öz dədə-baba yurdları olan
İrəvandan qovanda erməni vəhşiliyinə qarşı biz yenə tolerant davrandıq. Sübut
olundu ki, Sumqayıt hadisələrini də ermənilər qəsdən yaratmışdılar. Erməni erməni
qızının evinə girib onu zorlamışdı. Filmdə azərbaycanlıların ermənilərə qarşı
aqressiv olduqları göstərilir, anacaq ermənilərin vəhşilyindən – Xocalı,
Daşaltı, Xankəndi və onlarla kənd və şəhərlərimizin viran qaldığından, dinc
insanlara qarşı soyqırım törədildiyindən bir kəlmə də söz açılmır. Azərbaycanlının
erməniyə nifrətinin kökündə erməni vəhşiyininin dayandığı deyilmir. Sanki
filmin ssenarisini qanı və canı ilə erməni olan biri yazıb.
Filmin
finalı ssenaristin erməniyə olan məhəbbətinin qabardılması fonunda lap iyrənc
görünür. Erməni həkimə təyyarəyə minməyə icazə verilir. Oğlu da onunla Moskaya
– tamaşaya gedir. Bu an hava limanının işçisi həkimi otağa dəvət edir və onu
yumruqla vurur. Hətta vurulan deyir: "Məni vurduğunu heç kimə demə".
Azərbaycanlının vəhşi obrazının yaradılmasının sonuncu cəhdi.
Sonda
bir düşük jest də var. Oğlanın əlil arabasında olan atalığı erməni həkimə deyir
ki, mən indi arxayınam, oğlumuz səninlədir, onun güvənc yeri var. Azərbaycan
kişisinin erməni kişisinə dediyi sözə baxın. Bu sözü ona Rüstəm dedizdirib. Öz
arzusunu azərbaycanlının simasında dilə gətirib. Bizə şər atıb. "Qafqaz üçlüyü”
filmi Azərbaycana, azərbaycanlıya, vətənimizə, dövlətimizə, millətimizə və
xalqımıza atılan böhtandır. Bu böhtan bizə yapışmayacaq. Xarici tamaşaçı belə,
şər olduğunu anındaca sezəcək. Çünki filmin ssenarisi savadsız və çox primitiv
yazılıb, rejissor da işi eləcə yola verib.
Rüstəm
İbrahimbəyovun daha bir filmi doğulan kimi öldü. İçindəki kin, qərəz, nifrətsə
Rüstəm bəyi doğulandan sonra öldürdü. Allah rəhmət eləməsin.
P.S.
Film başlayanda ekranda oxuyuruq: "...Azərbaycan ərazisində yerləşən Dağlıq
Qarabağ...” İfadə tərzinə fikir verin.
"Yerləşən” ifadəsi müəllifin xıltlı "beynəlmiləl” niyyətinin onun şüurunda lap
dərinə işlədiyini bir daha təsdiqləyir.
Ceyhun Musaoğlu,
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondunun mətbuat katibi