• cümə, 26 Aprel, 13:42
  • Baku Bakı 23°C

“Qafqaz Normandiyası” əməliyyatı

26.04.18 19:58 1554
“Qafqaz Normandiyası” əməliyyatı
Ötən il Gürcüstanı və Ukraynanı təmtəraqla öz sıralarına daxil edən Avropa, belə getsə, qəbul etdiyi qərarı bir daha saf-çürük etməli olacaq. Məsələ ondadır ki, postsovet məkanından olan cinayətkar ünsürlər Avropa ölkələrində ciddi problemlər yaratmaqda davam edirlər. Xüsusən də, gürcü "qanuni oğrular”ın bu kimi əməllərindən narahat olan avropalı siyasilər, Gürcüstanla viza rejiminə yenidən baxmağı təklif edirlər. Belə bir fikir var ki, Avropa İttifaqı Gürcüstana qarşı viza rejimini aradan qaldırandan sonra gürcülər sürətlə Qərbə doğru hərəkət götürüblər. Və bu hərəkət daha çox kriminal xarakter daşıyır. Avropaya ayaq açan gürcülər vətənlərinə dönmək istəmir, orada kriminal işlərlə məşğul olurlar. Bu yaxınlarda Gürcüstanın DİN-nin kriminal polisinin rəisi Mamuka Çelidze də rəsmən bəyan edib ki, oğru dünyasının nümayəndələri olan gürcülər daha çox Yunanıstana toplaşıblar. Məsələn, bu yaxınlarda Afinada dörd Gürcüstan vətəndaşı mənzil soyğununda ittiham olunaraq saxlanılıb. Onlar Yunanıstanda 200-ə yaxın mənzildə soyğunçuluq törədiblər. Saxlanılan şəxslərin qaldıqları mənzillərə və avtomobillərinə baxış zamanı müxtəlif tipli odlu silah, pul və oğurluq əşyalar müsadirə edilib. MDB-dən olan, xüsusilə də, gürcü əsilli mafiya artıq Yunanıstandakı iqtisadi sektorlara nəzarət edir. Media da buna diqqət ayırmağa başlayıb. "Lenta.ru” yazır ki, aprel ayının ortalarından etibarən Avropanın güc strukturları postsovet məkanından, xüsusən də Gürcüstandan olan "qanuni oğru”lara qarşı irimiqyaslı əməliyyatlara start verib. Şərti adı "Qafqaz Normandiyası” olan əməliyyatın ən diqqətçəkən və maraqlı hissəsi Fransanın şimal hissəsi və Yunanıstanda yaşanıb. Əməliyyat gedişində polislər 19 ən məşhur kriminal avtoritetləri, o cümlədən Laşa Şuşanişvilini ələ keçirib. Laşa Rustavski və yaxud "Gombul” ləqəbli bu şəxs Rusiyanın kriminal dünyasında ən iri fiqur, Yunanıstanda isə "nömrə bir” hesab edilir. "Qafqaz Normandiyası” Avropanın kriminal dünyasında ayın əvvəlindən bəri yaşanan faciəvi hadisələrin məntiqi davamı olub. Belə ki, aprelin 8-də Antalyada 59 yaşlı qanuni oğru Qayoz Zviadze (Qiya Kutaiski) öldürülüb. Qatillər onun dostu Qiqu Petriaşviliyə aman verərək, ayağından yaralayıblar. Qiya Kutaiskinin ölümü isə oğru dünyası üçün böyük itki olub. "Köhnə məktəbə” daxil olan bu şəxs, oğru ənənələrinə əməl etməklə yanaşı, hakimiyyət orqanları ilə şübhəli əlaqələrə malik olmayan biri kimi tanınıb. Qiya Kutaiskinin dəfn mərasimi Yunanıstanda təşkil edilib. Qiya əslində Türkiyə və Kiprdə yaşasa da, daha çox yunan sahillərində görünürdü. Dəfn mərasimində əsəblər pik həddə olduğundan, münaqişədən də qaçmaq mümkün olmayıb. Mərasimə 37 yaşlı "qanuni oğru” Albert Maqomedin gəlməsi isə aranı qatıb. Onun, Qiyanın qətlində əli olduğu güman edilən Nodar Rustavski ilə dost olduğu bildirilir. Proseslər Yunanıstanda baş verdiyindən "Qafqaz Normandiyası” da məhz Yunanıstanda həyata keçirilib. Polis bütün qanuni oğrular bura yığışan zaman, həbsləri həyata keçirib. Dəfn mərasiminə Rusiya kriminal dünyasının ən tanınmış üzvlərindən biri Laşa Rustavski də gəlib. Bir vaxtlar bu şəxs kriminal dünyasının patriarxı Aslon Usoyanın (Ded Xasan) Tariel Oniani və Merab Canqvelidze ilə apardığı münaqişədə müttəfiqi olub. Əməliyyat zamanı o da həbs edilib. "Qafqaz Normandiyası” əməliyyatı aprelin 16-da eyni zamanda Fransa və Yunanıstanda keçirilib. Əməliyyatçılar Laşanı Salonikada yaxalayıbalr. Onunla birlikdə cinayətkar aləmin 18 nümayəndəsi, o cümlədən Merab Asanidze (Çikor) və Nodar Şakakidze (Nodo Qldanski) həbs edilib. Qeyd etmək lazımdır ki, əməliyyatın adı təsadüfi seçilməyib. Fransadakı gürcü cinayətkarların əsas marağı oğurluq üzərində qurulub. Əsas etibarilə də mənzil oğruluğu. Belə ki varlı avropalıların evləri arzulanan mənfəətdir. Eləcə də, cib oğruları və avtomobillərin ələ keçirilməsi də bura daxildir. Fransanın mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə mərkəzi idarəsinin (OCLDI) yaydığı məlumata görə, 2016-cı ildə Gürcüstandan olan cinayətkarlar tərəfindən təkcə Normandiyada 150 oğruluq faktı üzə çıxarılıb. Lakin Kalvados polis departamentindən olan xəfiyyələr bu rəqəmlərin bir neçə dəfə çox olduğu, mini keçdiyi qənaətindədirlər. Fransa güc strukturları Yunanıstanda həbs edilən oğrularla bağlı order verib və yaxın günlərdə onlar Yunanıstandan Fransaya deportasiya olunacaqlar. Fransa tərəfi Nodo Qldanskiyə qarşı ciddi ittihamlar irəli sürüb. "Praym Kraym” nəşrinin baş redaktoru Viktoriya Qefter hesab edir ki, "Qafqaz Normandiyası” miqyasına görə, Avropa hüquq-mühafizə orqanlarının gündəlik həyata keçirdikləri əməliyyatların bir hissəsidir.
Xatırladaq ki, Saakaşvili dövründə hakimiyyət "qanuni oğru”lara qarşı irimiqyaslı əməliyyatlar keçirib. Nəticədə onların bir qismi həbs edildi, digər bir qisim isə deportasiya olundu. Lakin ondan sonra hakimiyyətə gələn İvanişvili dərhal 5 min məhbusu azad etdi. Ən maraqlısı odur ki, Gürcüstanda 6 "qanuni oğru” da amnistiyaya düşərək, azad edildi, 20 kriminal avtoritetin cəzası isə yüngülləşdirildi. Cinayətkar qrupların üz tutduqları məkan isə Yunanıstan olub. Yunanıstan Avropanın digər ölkələrinə çıxış kimi istifadə edilir. Nəşrlər yazır ki, "qanuni oğru”ların, hakimiyyəti korrupsiyaya sövq etmək üçün kifayət qədər maddi vəsaiti var və bu, onlara iqtisadiyyata təsir imkanları verir. Mənbə bildirib ki, hazırda Yunanıstan 100-ə yaxın "qnuni oğru”nun təsiri altındadır. Hazırda Yunanıstanda 400 minə yaxın Gürcüstan əsilli vətəndaşın yaşadığı deyilir ki, onların da böyük əksəriyyəti ötən əsrin əvvəllərindəOsmanlı İmperiyasındanəvvəlcə Gürcüstana, oradan isə Yunanıstana köçənlərdir.Onlar müxtəlif dövrlərdə, əsasən də, son bir ildə viza rejimi aradan qaldırılandan sonra Yunanıstana ayaq basıblar.

Azər Nuriyev




banner

Oxşar Xəbərlər