“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan
Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyi, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM)
və İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin
təşkilatçılığı ilə 15 sentyabr Bakının erməni-bolşevik birləşmələrindən azad
olunmasının 99-cu ilinə həsr olunmuş "Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib.
Toplantını
giriş sözü ilə ATXƏM sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham
İsmayıl açaraq bildirib ki, 15 sentyabr tarixinin qeyd edilməsi artıq ənənə
halını alıb. Sevindirici haldır ki, bu prosesdə təşəbbüskar qismində çıxış edən
təşkilatların sayı artır. ATXƏM, MŞ və Milli QHT Forumu hər il mövcud
istiqamətdə tədbirlər keçirirlər. "Qafqaz İslam Ordusunun rəşadətli döyüş yolu
Azərbaycanın və Türkiyənin tarixi bağlarını yaşadan ortaq qəhrəmanlıq
salnaməsidir. Tədbirimiz bu şanlı tariximizi bir daha yada salmaq məramına
köklənib. Hesab edirəm ki, hər iki ölkənin ictimai institutları, o cümlədən
media qurumları məsələyə daha ciddi önəm verməlidirlər”, -deyən İ.İsmayıl onu
da bildirib ki, Bakının bolşevik-daşnaq qüvvələrindən azad edilməsində Qafqaz
İslam Ordusunun görkəmli sərkərdəsi Nuru paşanın rolu xüsusi vurğulanmalıdır.
Bu istiqamətdə media vasitəsilə geniş təbliğat işi aparılmalıdır. Təbliğat ona
əsaslanmalıdır ki, Qafqaz İslam Ordusunun Azərbaycan tarixindəki rolu
milli-mənəvi dəyərlərimiz, türkçülük kökənimiz və dövlətçilik tariximiz
baxımından müstəsna önəm daşıyır. Buna görə də mövzu hər zaman diqqətdə
saxlanılmalıdır. İ.İsmayıl həmçinin çıxışında Qafqaz İslam Ordusunun komandanı
Nuru paşaya ehtiram əlaməti olaraq ona Bakıda heykəl qoyulmasının zəruriliyi
üzərində dayanıb və bu işin Bakının işğaldan azad edilməsinin 100 illiyinə
gözəl hədiyyə ola biləcəyini diqqətə çatdırıb.
İSTAD-
İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Səfər Karakoyunlu çıxışında Qafqaz
İslam Ordusunun xidmətlərinin müxtəlif aspektlərindən ətraflı bəhs edib. O,
ötən əsrin əvvəllərindən beynəlxalq siyasi həyatın xüsusiyyətlərindən söz
açaraq bildirib ki, bu ordunun yerinə yetirdiyi vəzifənin cəmiyyətdə təbliğinə
ehtiyac ortaq tarixi dəyərlərimizin yaşadılması, tarixi faktlara düzgün
qiymətin verilməsi baxımından son dərəcə zəruridir.
Çıxış
edənlərdən MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri
Umud Mirzəyev, Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş
redaktoru Hikmət Babaoğlu, "Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin
Mirzəbəyli, "Azər-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Milli
QHT Forumunun prezidenti Rauf Zeyni, İSTAD-Türkiyə Azərbaycan Dərnəyinin
təmsilçisi Nebahat Kirman, professor Güllü Yoloğlu və başqaları Qafqaz İslam
Ordusunun tarixi missiyasının təqdimatındakı spesifik məqamlardan söz açıblar.
Onlar həmçinin Bakının erməni-daşnaq işğalından qurtulmasında fədakarlığı ilə
seçilmiş Nuru paşanın adının əbədiləşdirilməsinin zəruriliyini vurğulayıblar.
Konfrans iştirakçıları bununla bağlı ölkə rəhbərliyinə müraciət edilməsini
məqsədəuyğun sayıblar.
Toplantıda
həmçinin Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin
dərinləşməsində xidmətləri olan bir qrup şəxsə İSTAD-İstanbul Türkiyə-Azərbaycan
Dərnəyinin mükafatları təqdim edilib.