• şənbə, 20 Aprel, 11:59
  • Baku Bakı 14°C

Qadınlarla kişilər bərabərdirmi?- Diskussiya

24.02.17 09:30 6634
Qadınlarla kişilər bərabərdirmi?- Diskussiya
Kişi-qadın bərabərliyi bütün dünyada aktual problemlərdən biridir. Ölkəmizdə də bu məsələ ilə bağlı müzakirələrə tez-tez rast gəlirik. Bir çox hallarda isə bu müzakirələr qadının təkcə zərif yox, həm də zəif cins olması barədə qənaətlərlə yekunlaşır. Bəs gənclərimiz bu barədə nə düşünür? Qadınlarla kişilər bərabərdirmi?
Bu mövzunu Bakı Slavyan Universitetinin tələbələri ilə müzakirə etdik.

Şahin Sərdarlı:

- Mənə görə qadınlar kişilərdən bir pillə irəlidə olmalıdır. Amma bu prinsip həmişə qorunmur. Əgər bərabərlikdən söhbət gedirsə, hər iki cinsin nümayəndələri ilə bağlı eyni qərarlar qəbul edilməlidir. Məsələn, Cinayət Məcəlləsinə görə, 18 yaşına çatmayan şəxslər, 65 yaşını ötmüş kişilər və qadınlara ömürlük həbs cəzası verilmir. Sual olunur, niyə? Burada bərabərlik pozulmurmu? Təsəvvür edin ki, bir xanım terror təşkil edir, onlarla insanın ölümünə səbəb olur və 20 il həbs cəzası alır. Amma əgər mən eyni cinayəti işlətsəm, ömürlük həbs cəzası veriləcək. Qanunlar belə, kişi və qadın bərabərliyini tam nizamlaya bilmir. Əgər qanun belədirsə, deməli, bərabərlikdən söhbət gedə bilməz. Ya qanunlar dəyişilməli, ya da qanun qəbul edilməlidir ki, kişi ilə qadın bərabər hüquqlu deyil.


Aygün Əlili:

- Mənə görə, kişi və qadının bərabərliyi verilən cəzaya görə müəyyənləşdirilməməlidir. Qadın anadır. Bəlkə onun övladı var və övladından ömürlük ayrı qala bilməz. Uşaq atadan ayrı qala bilər, amma anaya möhtacdır. İstənilən halda qadının kişilərdən daha az həbs cəzası alması başadüşüləndir, burada etiraz ediləsi bir şey yoxdur.

Fidan Qazaxova:

- Məsələyə sırf hüquqi aspektdən yanaşmaq mənə bir qədər qəribə gəlir. O qədər müxtəlif sahələr var ki, gündəlik həyatımızda müxtəlif nümunələr göstərmək olar ki, qadınlar və kişilər bərabərdir. Elə qadınlar var ki, kişilərin gördüyü işdən qat-qat ağır işlə məşğul olur. Əslində, qadın və kişi əmək baxımından bərabərdir. Hüquqi aspekt isə istisnadır. Qadınlar və kişilər fiziki olaraq da fərqlidirlər. Ona görə də hüquqi güzəştlərin olması məncə, normaldır. Düzdür, bərabərlik pozulur, amma bu belə olmalıdır. Dini baxımdan da yanaşsaq, ailə yükü daha çox kişinin üzərində olur. Qadın zərif məxluq olduğu üçün müəyyən istisnalar var. Amma zərif olması o demək deyil ki, zəifdir. Qadın istənilən sahədə özünü doğrulda bilər.

Nurlan Qafarsoy:

- Qadın-kişi bərabərliyini qanunlar məhdudlaşdırmamalıdır. İlk qanunlar yaranmamışdan belə, qadın və kişi bərabərliyi var idi. Hələ o dövrdən qadınlar heç vaxt zəif hesab olunmayıb. Hətta qədim insanların dövründə qadınlar kişilərdən öndə idi. İbtidai icma dövründə uşaqlara baxılması və odun qorunması o demək idi ki, qadın liderdir. İnsanlar bərabər şəkildə yaradılıb. Bu bərabərliyin pozulmasında günahı nə qanunların, nə də menatlitetin üstünə atmaq düzgün deyil. Hər şey insanın özündən asılıdır.

Ələkbər Mirzəyev:

- Həm dünyada, həm də Azərbaycanda tam bərabərlik deyilən bir anlayış yoxdur. Yoldaşlar qanunlardan misal gətirdilər. Əslində biz bərabərliyi özümüzdə yaratmalıyıq. Müəyyən bir hissədə kişilər qadınlara, bəzən də qadınlar kişilərə güzəştə getməyi bacarmalıdır. Qadın və kişi heç vaxt bərabər ola bilməz – həm əqli, həm də fiziki baxımdan. Hərənin öz üstünlüyü var. Nurlanın dediyi kimi, insanlar dünyaya bərabər gəlib. Amma hər kəs özünə görə individualdır. Burada mentalitet məsələsi qaçılmazdır. Bizim mentalitet imkan vermir ki, qadın və kişi bərabər olsun. Nəinki bizdə, həmçinin bütün dünyada müəyyən mənada bu bərabərlik pozulub. Məsələn istər Azərbaycanda, istərsə də Avropada kişilər xəyanət etdikdə bağışlanır, qadınlar xəyanət etdikdə yox. Əsl bərabərlik məhz burada pozulur.


Natiq Nəsirov:

- Mən qadın və kişinin hələ yaradılışdan bərabər olması fikri ilə razı deyiləm. İnsan yaradılarkən tam fərqli yaradılıb. Əslində bu məsələyə münasibət birmənalı olmayıb. İslam tarixinə nəzər salsaq, sonuncu peyğəmbərə qədər qadına münasibət çox pis idi. Qız uşaqları dünyaya gələndə diri-diri basdırılırdı. Amma sonuncu peyğəmbərdən sonra bu münasibət xeyli dəyişdi. İslam dini qadını kişi səviyyəsinə qaldırdı. Burada əsas problem odur ki, qadınlar hüquq və zəriflik anlayışını qarışdırırlar. Qadına hörmət başqa məsələdir, qadın hüququ başqa... Qadının öz hüququndan istifadə etməsi başqa bir anlayışdır, onun qarşısındakı kişidən özünə qarşı hörmət görməsi başqa. Qadınlar bəzən cəmiyyətdə özlərinə yer tapa bilmirlər. Məsələn, Avropa cəmiyyətində Azərbaycandan fərqli olaraq qadın-kişi münasibətlərindən danışdıqda, qadınlar bunun müzakirəsini belə özlərinə təhqir hesab edirlər. Onlarda nəqliyyatda kişilər qadınlara yer verdikdə, qadınlar bunu hörmət kim yox, təhqir kimi qəbul edirlər. Bizdə isə sanki bütün kişilərin borcudur ki, qadına yer versin. Hər yerdə bərabərliyi müdafiə edən qadınlar, özlərinə sərf etməyəndə kişiləri qınayırlar. Bizdə qadın və kişilər öz hüquq və vəzifələrini bilmirlər. Qadının vəzifəsi ailədə mənəvi rəhbər olmaqdır. Ailənin inzibati rəhbəri isə kişidir. Bu gün boşanmaların sayı artıb. Bu da qadının öz yerini və vəzifəsini düzgün seçməməsindən irəli gəlir.


Arzu Nəsirli:

- Mənə görə, insan nə isə əldə etmək istəyirsə, bunu özü etməlidir. Qanunlar qadınlar tərəfindən pozulur. Biz həmişə öndə getmək istəyirik, amma çox vaxt bunu öz gücümüz hesabına əldə etmirik və qarşı tərəfdən gözləyirik. Əslində biz özümüz cəhd etməli və istədiyimizi əldə etməliyik. Məsələnin kökünü ailədəki ilkin tərbiyədə axtarmalıyıq. Qadınlar ailədə təlqin olunan fikirlər üzrə həyatına davam edir – "bu, kişi üçün olar, bu, qadın üçün olar” fikirləri ailədən gəlir. Hərdən qadınların sosial şəbəkədəki fikirlərini görəndə, təəccüb edirəm. Bəzi qadınlar düşünür ki, bəzi şeylər kişiyə ola bilər, amma qadına qadağandır. Bunu mənfi xüsusiyyət kimi aşılayan da cəmiyyətin və elə qadınların özüdür. Əgər söhbət bərabərlikdən gedirsə, nə üçün özümüzə qadağalar müəyyən etməliyik?..

Rüfət Həşimov:

- Mən məsələyə psixoloji aspektdən yanaşmaq istərdim. Psixoloji cəhətdən qadınlar kişilərdən xeyli üstündür. Statistik göstəricilər də bunu sübut edir. İntihar faktlarına nəzər yetirsək, görərik ki, intihar edən 10 nəfərdən 7-si kişidirsə, 3-ü qadındır. Bu da qadınların üstün olmasının göstəricisidir. Qadınlar tək qaldıqları zaman özlərinə nəyisə sübut etməyi bacarırlar. Onlar öz məqsədlərinə, hədəflərinə rahatlıqla çata bilirlər. Amma kişilərdə bu belə deyil. Mənə görə kişi qadından asılıdır. Qadından asılı olduğu üçün də kişilər bu üstünlüyü qəbul edə bilmirlər. Qadının üstün olduğu cəmiyyətdə kişilər ikinci plana düşür. Qadının inkişaf etdiyi cəmiyyətdə hərtərəfli inkişaf olur. Kişi səhərdən axşama qədər işləyir. Qadınsa uşağın tərbiyəsi və ailənin problemlərinə baxır. Hər şey qadının uşağa verdiyi tərbiyədən başlayır. Bu da qadının üstün olduğunun sübutudur. Kişilər qadınlar qədər dözümlü deyil. Qadınların psixologiyası daha elastikdir. Qadının gücündən qorxan və onun irəli getməsinə mane olan insanlar var. Onlar istəmir ki, qadın cəmiyyətdə aparıcı qüvvəyə çevrilsin. Kişilər öz həyat yoldaşlarının işləməyinə imkan vermir, onlara müəyyən qadağalar qoyurlar. Bunun da səbəbi məhz budur. Qadın işləyərsə, kişidən heç bir asılılığı olmur və müstəqil fərdə çevrilir. İşləməyən qadın isə kişidən hərtərəfli asılıdır.

Gülnarə Əliyeva:

- Hər kəsin dediyində müəyyən həqiqət payı var. Mənim fikrimcə, kişi və qadını həm cəmiyyətdə, həm ailədə eyniləşdirmək düzgün deyil. İki qoçun başı bir qazanda qaynamır. Mütləq bir nəfər rəhbərliyi ələ almalıdır. Mənə görə ailədə hökmranlığı kişi etməlidir. Necə ki, dövləti bir nəfər idarə edir. Əgər qadın ailədə kişini hansısa istiqamətə yönəldirsə, cəmiyyət bunu mənfi qarşılayır. Kişi həmişə hökmran olmalıdır. Ümumiyyətlə, rəhbər bir nəfər olmalıdır, seçim etməli olsam, məncə, bu, kişi olmalıdır.

Fidan:

- Düzdür, iki qoçun başı bir qazanda qaynaya bilməz. Amma ailədə hökmranlıq etməkdənsə, ortaq məxrəcə gəlinməsi daha münasibdir.

Aygün:

- Kimsə nəqliyyatda qadına yer verirsə, bu, üstünlük demək deyil və sırf hörmətdən irəli gəlir. Mən özüm də yaşlı bir kişi görəndə ayağa durub ona yer verirəm. Bəzən elə olur ki, qadın kişidən daha çox qazanc gətirir, bu zaman qadının dili uzun olur. Ailədə kişinin üstün olması fikri ilə mən razı deyiləm. Vacib deyil ki, ailədə bir nəfər hökmdar olsun. Bölgələrdə qadınlarımız kişilərdən daha çox işləyib, çalışır. Bəzi məqamlarda qadın, bəzi məqamlarda isə kişilər üstündür.

Şahin:

- Niyə biz uşaqlıq dövrünü burada vurğulamırıq ki? Hətta uşaqlıq dövründə də valideynlər oğul övladlarına qızlardan daha çox pul verirlər. Məsələn, nənəm təqaüdündən mənə 20 manat, bacıma 10 manat verir. Azərbaycan ailələrinin əksəriyyətində oğlanlar güclü hesab olunur. Mənə görə, qadın və kişi bərabərliyi məhz uşaqlıqdan pozulur.

Mövla Əliyev:

- Bizim cəmiyyətdə qadınlarla kişilər bərabər deyil. Avropa qadını və Azərbaycan qadınının kübarlığını bir tutmaq düzgün deyil. Avropa qadını öz sərbəst yaşam tərzi ilə fərqləndiyi halda, azərbaycanlı xanım həmişə öz həyat yoldaşına örnək olmağa çalışır. Onları bərabər etməyən məhz budur.

Ələkbər:

- Şəxsən mən deyə bilərəm ki, biz kişilər qadınları çox sevir, onları zəif yox, zərif görürük. Ona görə də üstünlüyü sizə vermirik ki, çox əziyyət çəkməyəsiniz (gülür). Bu da onları çox istədiyimizdən irəli gəlir. Yanımızda olub bizə dəstək olan qadınlara minnətdarlığımı bildirirəm. Qadınlar bizdən həmişə üstündür və üstün olaraq da qalacaq.

Aygün ƏZİZ
Şəbnəm MEHDİZADƏ

Fotoları çəkdi:
Günel AZADƏ
banner

Oxşar Xəbərlər