• cümə, 19 Aprel, 15:07
  • Baku Bakı 25°C

Qadınların, yoxsa həkimlərin təkidi? Araşdırma

04.06.13 09:03 6194
Qadınların, yoxsa həkimlərin təkidi? Araşdırma
“Son vaxtlar hamilə qadınların USM müayinəsindən keçməsi məsələsi çox geniş yayılıb və bunun nəticəsində qeysəriyyə əməliyyatlarının sayı artıb. Biz gələcəkdə bunun qarşısının alınmasını və Azərbaycanda qadağan olunmasını düşünməliyik”- bu fikirlər Milli Məclisin yaz sessiyasının ötən həftə keçirilən son plenar iclasında səslənib. Müzakirələrdən sonra İnzibati Xətalar Məcəlləsinə əlavə olunan yeni maddəyə görə Azərbaycanda qanunsuz olaraq qeysəriyyə kəsiyi əməliyyatının aparılması ilə bağlı ciddi cərəimələr müəyyənləşib.
Əlavəyə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə vəzifəli şəxslər 5 min manatdan 7 min manata qədər, hüquqi şəxslər isə 10 min manatdan 15 min manata qədər cərimə olunacaqlar.
Müzakirələr zamanı millət vəkilləri Azərbaycanda bu sahədə vəziyyətin ürəkaçan olmadığını bildiriblər. 2012-ci il üçün rəsmi statistik məlumata görə, qeysəriyyə əməliyyatı nəticəsində 14% oğlan, 46% qız uşağı götürülüb. Belə ki, keçən il ölkə üzrə 173 min doğuş reallaşıb ki, bunun da 18 faizi qeysəriyyə əməliyyatı ilə baş tutub. Məlumatlara görə, özəl klinikalarda qeysər əməliyyatı 1000-1500 AZN, təbii doğuş isə 1000-1200 AZN arası həyata keçirilir.
Tendensiya?
Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev qanunda əlavə və dəyişikliyi, o cümlədən, cəzaların tətbiqini əsaslandırılmamış həyata keçirilən qeysəriyyə əməliyyatları ilə əlaqələndirib. Millət vəkilinin fikrincə, bütün dünyada, o cümlədən Azərbaycanda da doğuşu yüngülləşdirməkdən ötrü tendensiya gedir. Belə ki, doğuşun ağrısız keçməsi həm gənc analara, həm də kimlərə «maraqlıdır»: «Gənc analar elə bilirlər ki, qeysər əməliyyatı ilə doğuşu ağrısız həyata keçirəcəklər. Bu isə qadın orqanizminə zərərdir. Əvvəla, narkoz altında keçirilən hər bir cərrahi əməliyyat riskdir. Digər tərəfdən, bu, təkrari doğuşlarda onlar üçün böyük problem yaradır. Çünki təkrari doğuşlar da qeysər əməliyyatı ilə keçirilməlidir. Prosesdə həmin çapıq yerindən başqa fəsadlar meydana çıxa bilər». Millət vəkilinin sözlərinə görə, xüsusilə özəl klinikalarda bu cür əməliyyatların keçirilməsindən ötrü sui-istifadə hallarına yol verilir. Belə ki, qeysəriyyə əməliyyatının həyata keçirilməsi normal doğuşdan xeyli baha başa gəlir: “Özəl klinikalar lüzum oldu-olmadı ana olmağa hazırlaşan qadınlara bu üsulu təklif edirlər. Ona görə də bəzən hamilə qadınların özləri təkid edirlər ki, onların doğuşu qeysəriyyə yolu ilə həyata keçirilsin. Bu, həm tibbi deontologiyaya, həm hüquqa ziddir, həm də qadının sağlamlığına zərərdir”. Millət vəkili hesab edir ki, məsələ ilə bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsinə də ehtiyac var: “Gənc qadınlara izah olunmalıdır ki, zəruri olmadığı hallarda özlərini əməliyyata məruz qoymasınlar: Hazırda doğuşun o qədər rahat və ağrısız üsulları var ki, heç əməliyyata ehtiyac da qalmır”. Millət vəkili hesab edir ki, bundan sonra Səhiyyə Nazirliyi də özünün müəyyən normativ çəkindirici sənədlərini hazırlayacaq. Yəni, öncədən planlaşdırılmadan, konsilium qərarı verilmədən həkimin təkbaşına qərar verməsi və bu əməliyyatın həyata keçirilməsi mümkün olmayacaq.
Hər ay 50 faiz
Bəzi ekspertlər qeysəriyyə əməliyyatını Allahın işinə müdaxilə kimi qiymətləndirsələr də, bunu qadınların səhhəti üçün problem kimi dəyərləndirənlər, o cümlədən, həyati təhlükə yaradan doğuşlardansa qeysəriyyə əməliyyatını daha arzuolunan hesab edənlər də var.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun baş həkimi, fəlsəfə doktoru Nigar Axundova isə ümumiyyətlə, bu mövzunun sensasiya kimi qələmə verildiyini və bu cür əməliyyatların həyata keçirilməsində həkimlərin “marağı”nın olmasını inkar edir: «Qeysəriyyə əməliyyatı həmişə olub. Sadəcə, son zamanlar bu, dəbə çevrilib. Əməliyyat daha çox qadınların təkidi ilə həyata keçirilir. Burada həkimlərin “marağı” ilə bağlı səslənən fikirlər yanlışdır. Ginekoloqlar üçün doğuşu təbii yolla həyata keçirmək qeysəriyyə yolu ilə həyata keçirməkdən qat-qat asandır. Çünki əməliyyatın fasadları təbii doğuşdan dəfələrlə çox olur. Narkoz, uşağı götürəndən sonra ağciyərin açılma qabiliyyəti qeysəriyyə kəsiyindən sonra daha aşağı səviyyədə olur. Düzdür, həm təbii doğuşda, həm də qeysəriyyə əməliyyatında uşaqda travma ola bilər. Amma qeysər kəsiyi daha risklidir”. Baş həkim qadınların əməliyyata üz tutmasını onların çətinliyə alışmaması ilə əlaqələndirir. Bu baxımdan onlar bu üsulu ən asan yol hesab edirlər: “Bizim qadınlar həm psixoloji, həm də fiziki cəhətdən möhkəm deyillər. Doğuşöncəsi ağrılara dözümsüzlük göstərirlər. Sonra da qohum-əqrəba prosesə qarışır: «Birdən nəsə olar...» deyirlər. Həkim də çıxılmaz vəziyyətdə qalır».
Baş həkimin sözlərinə görə, dövlət xəstəxanalarında bu cür əməliyyatlar konsiliumun rəyi ilə həyata keçirilir: «Özəl xəstəxanalarda isə bu cür konsilium yoxdur. Əgər biz doğuşa hazırlaşan qadını qeysər əməliyyatı etməkdən imtina ediriksə, o, əməliyyatı özəl klinikada həyata keçirir. Bir çox hallarda orada da heç bir sorğu-sual edən olmur”. N.Axundova bildirib ki, ən ağır və ümidsiz xəstələr ölkənin hər yerindən bu instituta göndərilir. Bu baxımdan bu xəstəxanada və prenetal mərkəzdə qeysər əməliyyatları daha çox həyata keçirilir. “Çünki bizim xəstəxanaya ən ağır kontingent daxil olur. Hesabatda da göstəririk ki, hər ay 50 faiz qadınlar çapıqla gəlir. Çünki 2-3 il əvvəl qeysər kəsiyi olan qadınlar yenidən doğuşa gəlirlər. Bir neçə ildən sonra bu, ümumiyyətlə, katostrofik olacaq».
Baş həkimin sözlərinə görə, ginekoloqlar protokol qaydalarına riayət edərlərsə, heç bir qanun pozuntusu da baş verməz: “Doğuş lotereya kimidir. Biz qabaqcadan proqnozlaşdıra bilmərik. Sözsüz ki, fəsadlar da ola bilər, uşaq da ölə bilər. Bundan sonra isə məhkəmələr başlayır – həkimdən şikayət, işdənçıxarmalar və s. Amma indi protokol var. Əgər həkim protokola riayət edirsə, sabah heç kim onu cəzalandıra bilməz”.
Artıq aqressiv mamalığın geridə qaldığını bildirən N.Axundova dünyanın hər yerində qeysər kəsiyinə göstərişlərin genişləndiyini bildirib. Belə ki, qeysər kəsiyinin mütləq və nisbi göstərişləri mövcuddur: “Müəyyən göstərişlər olduğu halda konsilium yığışır və rəy verir. Burada da qadının «təkidi» ilə bağlı müəyyən bir bənd var. Tutaq ki, qadının 5 il uşağı olmayıb. Uşağı qazanmaqdan ötrü o, hansısa əməliyyatlardan keçib və onu təbii yolla dünyaya gətirməkdən ehtiyat edir.
Baş həkimin fikrincə, qanunsuz qeysəriyyə kəsiyi nə dövlət xəstəxanasında, nə də lisenziya ilə işləyən özəl xəstəxanalarda həyata keçirilməməlidir: «Elə özəl müəssisələr var ki, doğuşa lisenziya almadan qeysəriyyə kəsiyi edirlər. Sözsüz ki, orada pozuntular baş verir. Qanun hamı üçün eyni olmalıdır».
Real təhlükə
Qeysəriyyə əməliyyatı zamanı götürülən uşaqların gələcəkdə anormal inkişafına gəlincə, baş həkim bildirib ki, əgər qeysəriyyə kəsiyi planlıdırsa böyük problemlər baş vermir: “Hamı elə bilir ki, həkim 2-3 dəqiqəyə uşağı götürürsə, demək, travma almır. Amma bu, yanlış fikirdir. Əgər qadının öz bədənində hansısa problem varsa – idmanla məşğul olmursa, qarın presi pisdirsə, hamiləlik boyu yatır və dərmanlar qəbul edirsə - onda fəsadlar yaranır. Ən yaxşısı, əməliyyatın doğuş fəaliyyəti başlayanda həyata keçirilməsidir. Çünki bu zaman uşağın ciyəri, beyin strukturları da doğuşa hazır olur. Biz onu bir az erkən götürürük. Əməliyyat nəticəsində uşaq 2-3 dəqiqə nəticəsində çıxır və o, stressə düşür. O, təzyiqdən birdən-birə bu təzyiqə çıxır. O cür uşaqların problemləri daha çox olur. Əgər ananın problemi də varsa, o, doğuş zamanı daha çox problem yarada bilər. Əgər ana sağlamdırsa, sözsüz ki, təbii doğuş onun üçün daha sərfəlidir”.
Baş həkim qeysəriyyə əməliyyatı zamanı baş verə biləcək fəsadlara da toxunub: “Əməliyyat zamanı qarın boşluğu açılır, uşaqlığın əzələsi kəsilir. Sonra elə tikilməlidir ki, qanaxma olmasın. Bu, doğuşu aparmaqdan qat-qat ağırdır. Burada fəsadlar 10-15 qat artıqdır. Doğuş isə təbii prosesdir. Əməliyyatdan sonra çapığın yararsızlığı meydana gələ, qanaxma ola, növbəti hamiləlikdə uşaqlıq aralana, çıxa bilər. İltihabi proseslərin yaranması da istisna deyil. Əgər iltihabi proses baş verərsə, qadının uşaqlığı çıxarılar və o, uşaqsız qala bilər”. Baş həkim 3 dəfədən artıq qeysəriyyə əməliyyatı keçirməyin riskli olduğunu bildirib: “Çünki bu əməliyyatın özü problemdir”.
Baş həkim qeyd edib ki, bəzi rayonlarda əməliyyatlar mama-ginekoloqlar tərəfindən deyil, ümumi cərrahlar tərəfindən həyata keçirilir. Halbuki bu, cərrahın ixtisası deyil: “Bəzi yerlərdə mama-ginekoloqların iştirakı olmadan bu əməliyyat həyata keçirilir. Cərrah heç zaman mama-ginekoloqa göstəriş verə bilməz. Bunlar qeyri-qanuni həyata keçirilən əməliyyatlardır”.
N.Axundova əsaslandırılmamış əməliyyatlarla bağlı nəzarətin gücləndirilməsinin və maarifləndirmə işlərinin aparılmasının tərəfdarıdır. Belə ki, yerlərdə hər bir xəstəxanada Nəzarət Şurası yaradılmalı və nazirlik tərəfindən yoxlanılmalıdır: “Nəzarət ciddi olmalı və protokola uyğun həyata keçirilməlidir. Əgər göstəriş yoxdursa, ancaq bu cür əməliyyatlar həyata keçirilirsə, bu, cinayət sayılmalıdır”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər