Qadınların qənimi Tolstoy
Eyzlinq
Loftus BBC-nin ekranlaşdırdığı "Hərb və sülh” romanında yetim və kasıb balaca
Sonyanı canlandırmaq üçün seçiləndə digər qəhrəmanlarla birgə uzun bir yola
çıxdığını bilirdi. Balaca pişik kimi başqalarının kölgəsinə sığınmağı, hamı
tərəfindən "təmiz bir çiçək” kimi təqdim edilib günah təmizləyici olmağı
sınaqdan keçirən ingilis aktrisa: "Tolstoyun qəhrəmanlarına layiqincə həyat
vermək çətindir” – deyir. Təklifi qəbul etmədən əvvəl bu romanı oxumamışdımı?!
Çətin olacağını bilmirdimi?! "Əlbəttə, oxumuşdum. Çətin olacağını da bilirdim,
çünki digər şirkətlərdən fərqli olaraq, BBC üçün işləmək hər zaman daha
məsuliyyətlidir. Sən əsrlər boyu qorunması planlaşdırılan proyektdə oynayırsan.
Amma ekranlaşdırılan belə romanların qəhrəmanlarını canlandırmaq həqiqətən çox
çətindir. Romanı oxuyan milyonlarla insanın hərəsinin beynində bir obraz var.
Sən əlbəttə ki, onların hamısına oxşaya bilməzsən. Amma ümumi müsbət rəy almaq
üçün həddindən artıq əmək sərf etməlisən. Hələ ki, Tolstoy kimi minillik
əzablarla yüklənmiş qəhrəmanlar yaradan bir yazarın romanından kimisə
canlandırmaq...”
Görüşdüyümüz
məkanın lap küncdəki masalarından birində onunla aktyorluğu və "Hərb və sülh”ü
müzakirə edirik: "Nə ədəbiyyatda, nə kinematoqrafiyada heyranı olduğum kimsə
yoxdur. Özüm də sektorda hələ qısa zamandır olmağıma baxmayaraq, danışmağa
başlayanda kənardan "bilmiş” kimi göründüyüm üçün yaradıcı adamlardan bir
müddət sonra yoruluram. Niyəsə belə bir ictimai rəy var ki, incəsənət adamlarında
"tanınmışlıq” xəstəliyi olur. Amma biri elə Tolstoy. Onun adını niyə birinci
çəkirəm, çünki həyatı tamamilə qavramanın, onun tamhüquqlu sahibi olmağın
yolunu Tolstoy şüurlu şəkildə tapmışdı. Mən Sonyanı canlandırandan sonra
Tolstoyun tərcümə olunmuş bütün yaradıcılığını oxudum. Bilmirəm, kiminsə
diqqətini cəlb edib, ya yox. Onun əzabdan keçmədən xoşbəxtliklə
mükafatlandırılmış qəhrəmanı yoxdur. O hətta mənfi, pulgir, riyakar obrazları
belə istəklərinə nail olmaq üçün mütləq büdrədir”.
Nigaranlıqla
alnını ovxalayır: "Bilirsən, mən xanım Selfrici də oynamışam. O da mini serial
idi və çox dəbdəbəli bir kino idi. İndi BBC bütün "Hərb və sülh”-lərə meydan
oxuyacaq versiyası ilə gəlir. İzləyici mütləq mənada burada BBC-nin qüdrətini
keyfiyyət, sujet, texniki imkanlar və s. kimi detallarda hiss edəcək. Amma
qərar verə bilmirəm ki, dünya ədəbiyyatının pop starının buna ehtiyacı varmı?
Ya da "Hərb və sülh” daha təsirlidir, qüdrətlənir? Bu romanın qüdrəti, ovsunu
həyatın cah-cəlalından, dəbdəbəsindən könüllü şəkildə imtina etmiş bir yazarın
qələmindən çıxmasındadır bəlkə də. Ona görə "Hərb və sülh”ün ekran versiyaları
proqnozlaşdırılan uğuru qazanmır. Bir məsələyə də diqqət çəkmək istəyirəm.
"Anna Karenina” deyəndə indi hamının ağlına Tolstoydan çox, Keyra Naytli gəlir.
Mən o filmi izləyəndə öz-özümə fikirləşdim ki, əgər Tolstoy bu dövrdə
yaşasaydı, mütləq Keyra ilə evlənərdi. Onun elə təbiəti də Annanınkı ilə
birəbir eynidir. "Anna Karenina”nın həmin versiyasının möhtəşəm uğurunun sirri
məhz Tolstoyun həyatdan çəkib çıxartdığı obrazın bir əsrdən də çox sonra
yenidən özünü, Keyranı tapmasındadır. Yəni, bu qədər dəbdəbə Tolstoyun qüdrətli
hekayəsinə, qüsursuz qəhrəmanlarına nəsə əlavə etmir. Bu mənim nəzərimdə film
şirkətlərinin öz aralarındakı nümayişdir”.
Keyranın
aktyorluğu teatr məktəbində də müzakirə olunubmuş: "Debatda Conat İqker adlı
bir tənqidçi vardı. Bu rol haqqında mənim fikirlərimi təsdiqləyərək danışdı.
İqker dedi ki, biz Keyranın yaratdığı Annaya kimi Tolstoyun qəhrəmanına
ürəyimiz ağrıyaraq, yanaşmışıq. Halbuki aktrisa Tolstoyun qadını nə qədər
amansızlıqla qamçıladığını var gücü ilə oxucuya da, ədəbiyyatçılara da ötürdü.
Belə bir qəhrəmanı bu günün müəllifləri yaratsa, "mazoxist” damğası yeyər. Amma
Tolstoy bu dözülməz əzablar qarşısında Annanı sındırdıqdan sonra, sanki onun
ruhunu əzizləyir. Əslində, bunun özü belə nə qədər həyatidir. Cəmiyyətdə mövcud
olarkən, insanların didib, parçalamaq istədikləri qəhrəmanlar mübarizədə
uduzduqdan sonra sahiblənilir, əzizlənir, haqqında təəssüf və saxta kədərlə
xatirələr danışılır”.
Müsahibə
zamanı gözümdən qaçmayan detalı da oxucumla paylaşmaq istəyirəm. Eyzlinq indi
Selfric kimi yox, Sonya kimi danışır. Düzdür, onun aksenti tamamilə fərqlidir:
"Uzun hekayələrin televiziyaya oturması ciddi məsələdir. Məsələn, "Hərb və
sülh” kimi nümunələri seriallaşdırmaq oxucunun bezməsi riskini gözə almaqdır.
Amma məsələ ondadır ki, Tolstoy romanı ilə bunu da sığortalayırsınız. Necə ki,
oxucu kimi biz bu romanı hər dəfə maraqla oxuyuruq, izləyici də eynilə. Sonyanı
oynayandan sonra müəllimlərimlə söhbətimdə dedim ki, dram dərslərində mütləq
Tolstoy romanları canlandırılmalıdır. Dünya ədəbiyyatında, kinosunda bundan
daha öyrədici dram üslubu yoxdur. Bəli, daha ağır dramlar da var. Amma onlardan
nəsə öyrənmək də çətindir, duyğular əzabın çox altında qalır. Bu oxucunu da,
izləyicini də yorur. Tolstoyun romanlarını qadın aktyorlar xüsusilə
oxumalıdırlar. Bunlar tədris üçün "A” sinif materiallardır”.
Romanı
oxuyanda keçirdiyi duyğuları da elə aktyorvari təsvir edir: "O vaxt hamı kimi
Sonya obrazına o qədər də diqqət yetirməmişdim. Çəkilişlər boyu başa düşdüm ki,
Tolstoy bu romanda az əhəmiyyətli obraz yaratmayıb. Sadəcə romanın formatına
uyğun olaraq, hadisələri bir neçə obraz üzərində mərkəzləşdirib. Sonya, bəlkə
də, romanın müəllif tərəfindən ən kobud münasibət görən qəhrəmanıdır. Yetim,
kasıb, himayəsində olduğu ailənin mənfəətləri naminə hər cür fədakarlıq etməsi
gözlənilən, hər zaman günahkar elan edilən bir qızdır. Tolstoy onu nəinki
bunlarla hətta sevgi sirri ilə də sınayır. Bəli, onun bütün qəhrəmanları
eniş-yoxuşlar görür. Amma qadın qəhrəmanlarına qarşı Tolstoy, sanki, daha
qəddar, amansızdır. Mən bunu sadəcə Sonya üzərindən iddia etmirəm. Annanı,
Nataşanı, Maşanı, Sonyanı və digər qadın obrazları Tolstoy olmazın duyğularla sınağa
çəkir. Sonya ailəsini və Nikolayı itirdiyi üçün nə qədər bədbəxt bir obraz
təsiri bağışlayırsa, Nataşa da mənfəətli və riyakar vədlərin qurbanı kimi bir o
qədər bədbəxtdir. Qadınlar nəinki öz duyğularının, seçimlərinin nəticələri ilə
mübarizə aparır, hətta kişilərin güc və iqtidar mübarizələrinin də alətinə
çevrilirlər”.
Rusiya
və Litvadakı xüsusi məkanlarda aparılan altı aylıq çəkilişlərdən sonra gələn
bir film təklifi ilə Eyzlinq psixoloji boşluğa düşür. Şimali İrlandiyada
qardaşını müdafiə etmək üçün öz həyatını fəda edən bir qadının hekayəsini
canlandırmaq ona çox çətin gəlir. Meneceri və film şirkəti ilə aparılan
danışıqlar fayda vermir: "Bu rolu ifa etmədiyim üçün sonralar çox peşman
olacağımı dedilər. Bilmirəm. Bu fədakar bir qadının real həyat hekayəsi idi.
Amma mən o altı ay ərzində artıq Sonyaya çevrilmişdim. Bunu ilk dəfə Cud Loudan
(aktyor "Anna Karenina”da Annanın həyat yoldaşını canlandırıb – red.) eşidəndə
açığı xoş qarşılamamışdım. Çünki biz aktyoruq, roldan-rola sürətlə keçid almaq
qabiliyyətimizlə seçilirik. Amma həqiqətən Tolstoyun qəhrəmanlarının təsirindən
romanları oxuyanda günlərlə çıxmaq olmur. Mən isə on hekayədə yaşamışdım.
Sonyanın təlatümlü səhnələrini canlandırarkən bəzən eyni səhnəni iyirmi dəfə
çəkməli olmuşuq. Burada təvazökarlıqdan uzaq da olsa, deməliyəm ki, bu qətiyyən
mənim təcrübəsizliyimlə əlaqədar deyil.
Aylarla
Sonya kimi yaşamaq, danışmaq, düşünmək, geyinmək, kədərlənmək məni tamamilə
dəyişmişdi. Məsələn, gündəlik arzular, qayğılarla bağlı belə fərqli düşünməyə başladım.
Bu təkcə obraza öyrəşmək məsələsi deyil. Serialda oynayanlar onda hər yeni
filmdə cild dəyişdirməli olardı. Ya da hər aktyor cəmi bir serialda oynayardı.
Sadəcə bayaq danışdığımız o abu-havanın ovsunu məsələsi var. Tolstoyun
qəhrəmanlarının duyğularını yaşadıqca, canlandırdıqca, insan özününkülərdən
utanır. Onların arzuları ilə həyəcanlandıqca özünün dünyəvi hərisliyinə məəttəl
qalır. Onlar kimi danışdıqca, dərinləşdikcə, sahib olduqları əhəmiyyətsizləşir.
Mən Sonyadan sonra uzun müddət moda ilə, reklam təklifləri ilə, tətil planları
ilə maraqlanmadım. Məncə, rejissorların da son dövrlər geriyə tarixə,
ədəbiyyata qayıtmalarının səbəbi məhz budur. Dövrün bayağılığı, təkrarçılığı,
duyğusuzluğu sanki yaradıcılığı da öldürür. Bəzən fantastik qiymətlərlə işləyən
aktyorlar belə filmi xilas edə bilmir. Ona görə, artıq əlimə gələn hekayələri
diqqətlə oxuyuram. Həqiqətən "Hərb və sülh”də rol almaq mənim üçün illərlə
qazandığım təcrübə və biliklərə bərabər bir fürsət oldu. Məsələn, mən bundan
sonra Sonya obrazının altında bir rolu əsla oynamayacam”. Çiyinlərini dartır:
"Məcbur deyiləm, bu rol seçimi deyil, keyfiyyət seçimidir”.
Eyzlinq Loftus
Mənbə:
"Guardian” (10 yanvar 2016)
İngilis
dilindən tərcümə etdi: Elcan Salmanqızı