• çərşənbə axşamı, 23 aprel, 12:02
  • Baku Bakı 24°C

Qadınların meyxana deməsinə çox pis baxıram Müsahibə

14.06.13 08:51 5497
Qadınların meyxana deməsinə çox pis baxıram Müsahibə
Son zamanlar mətbuatda meyxanaçı Vüqar Əbdülov kimi tanıdığımız Bakı Estrada Teatrının rəhbəri barədə bəzi xoşagəlməz söhbətlər gəzir. V.Əbdülov 1990-1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. 1990-cı ildən meyxana sənəti ilə məşğuldur. Hazırda adıçəkilən universitetdə müəllim kimi fəaliyyət göstərən aktyoru bir çox insanlar mütəxəssis hesab etmədiklərini və onun tamaşa hazırlaya bilmədiyini söyləyirlər. Deyilənlərə mətbuatda münasibət bildirməkdən imtina edən aktyorun razılığını alıb, İncəsənət Universitetində görüşdük. Vüqar Əbdülov əvvəlcə “Kaspi”-yə keçdiyi yaradıcılıq yolu ilə bağlı danışdı.
Mən özümə rejissor deyə bilmərəm
- Tamaşaçılar sizi meyxana ustası kimi tanıyır. Belə olan halda, onların qarşısına yeni tamaşalarla çıxmağınız birtərəfli qarşılanmır...
- Mənim sənətim aktyorluqdur. 1994-cü ildə avtomobil qəzası keçirdim. Ondan sonra üzüm deformasiyaya uğradı. Özümü aktyor kimi bir neçə müddət yararsız hesab etdim. Ondan sonra meyxana ilə məşğul oldum və meyxananı özümə peşə seçdim. Gördüm ki, bu sahədə daha çox uğur qazanıram. Həm maddi, həm də məşhurluq cəhətdən meyxana mənə uğur gətirdi. Meyxana məni cəmiyyətdə tanıtdırdı, məşhurlaşdırdı və bir anda hiss etdim ki, aktyor dostlarımdan uzaqlaşıram. Bilirsiniz ki, meyxanaçıların yeri toyxanadır. Meyxana el şənlikləri, toylar üçün nəzərdə tutulmuş bir janrdır. Aktyorluğumdan istifadə edərək kliplər çəkdirdim. Daha sonra rəqslər üzərində yaradıcı kompozisiya üzərində çalışdım. Beləliklə, meyxananı səhnəyə çıxarmağa çalışdım. Çox böyük əzmlə çalışdım ki, meyxana teatrı yaradım. Bu janr əslində bir yenilik, bir tapıntıdır. Meyxana adında teatrı yaratmaq üçün bir neçə yerlə əlaqə saxladım. Tanışlar vasitəsilə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdim. Mənə söylədilər ki, siz bu arzunuzu yalnız Bakı Estrada Teatrı yaratmaqla həyata keçirə bilərsiniz. Estrada isə meyxana demək deyil. Estradanın içərisində ola bilsin ki, hansısa sirk nümunələri, müasir düşüncə, texnika var. Mən də bütün ətrafımdakı insanları yığaraq “Toy Nazınındır” adlı tamaşa hazırladım. O tamaşanı nazirliyə bir hesabat kimi təqdim etdim. Onlar da bu tamaşanı bəyənib teatrı mənə əmanət etdilər. Daha sonra aktyor heyəti toplamağa başladım.
- Heç nədən teatr yaratmaq çox çətindir. Bəs aktyor heyətini necə topladınız?
- Çox çətinliklə. İstəyirdik ki, Bakı Estrada Teatrının layihələri öz dəst-xətti ilə fərqlənsin. Ssenariləri də özüm hazırlayıram, rejissorluğu da özüm edirəm. Aktyorları da universitetdən topladım. Teatrda 12-yə yaxın aktyor var. İki aktyorumuz müqavilə əsasında bizimlə işləyir. Əslində o aktyorlar məni qane etmirdi. Həmin aktyorlarla bir mövsüm işlədik. Bu mövsümdə 4 konsert, 12 səhnəcik hazırladıq. Youtube-da həmin səhnəciklər var, istəyənlər baxa bilər. Məncə, elə də pis alınmadı. Mən özümə professional rejissor deyə bilmərəm. Tez-tez dəyərli sənətkarımız olan Bəhram Osmanovla məsləhətləşirəm. Onun kimi mütəxəssislərdən fikir öyrənirəm. Özümə həmin insanların yanında aktyor da deyə bilmərəm. Çünki hələ aktyor kimi özümü tam sübut etməmişəm. Tamaşaları hazırladıqdan sonra universitetdəki müəllimlərlə məsləhətləşirəm və onların fikirlərini öyrənirəm. Tənqidlər də eşidirəm və o tənqidləri qəbul edirəm. Biz universitetdə Konstantin Stanislavskinin sistemi ilə oxuyurduq. İndi isə sistemin özü dəyişib. İndi teatrımız Qərbə - Avropaya, Rusiyaya inteqrasiya edir. Əcnəbi teatrları da izləyirəm. Onlardan nəsə öyrənməyə çalışıram. Azərbaycan bu gün çox inkişaf edib. Hazırkı dövrdə teatr yaratmaq və orada tamaşa hazırlamaq asan iş deyil. Çox istəyirəm ki, bütün mətbuat, teatrşünaslar bu məsələyə diqqətli yanaşsınlar. Biz bu işə təzə-təzə başlayırıq. Bir teatrın yaranıb formalaşması üçün 10-15 il zaman lazımdır ki, o teatr öz sözünü deyə bilsin. Biz artıq ilyarımdır ki, fəaliyyətə başlamışıq. Bizi sındırmaq, qınamaq lazım deyil. Deyirlər ki, necə olur, meyxanaçı tamaşa hazırlayır? Amma elə aktrisa var ki, rəqqasədir. Heç bir universiteti bitirməyib. Mən onun imkanlarını, oyun qabiliyyətini hiss etmişəm, teatra götürmüşəm. İndi o, teatrın ən aparıcı aktrisalarından biridir. Hətta həmin aktrisa filmlərə də çəkilməyə başlayıb. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ona teatr kollektivləri arasında “İlin aktrisası” adını da verdi. Həmin insan ona verilən bu qiyməti gördükdən sonra daha yaxşı işləməyə başlayıb. Öz teatrımın aktyorlarına icazə vermirəm ki, “mən etdim” desin. Biz bir komandayıq və biz mən deyilik. İnanıram ki, gələcəkdə Azərbaycan səhnəsində örnək ola biləcək aktyor yetişdirə biləcəyəm.
Yaradıcılığa yeni başlayan insanı bu qədər sındırmaq lazım deyil. Kimsə tamaşaya baxıb, burada hansı çatışmazlıqlar olduğunu deyir. Mən onunla razılaşıram, çünki biz bu sahəyə yeni qədəm qoymuşuq. Səhvlərimiz də ola bilər, yanlışımız da. Mən bilmədiyimi də utanmadan, heç kimdən çəkinmədən təcrübəli müəllimlərdən öyrənməyə hazıram. Vaxtıykən bu yolları mən də keçmişəm. Sadəcə olaraq, indi metodika dəyişib. O zaman estrada aktyorluğu fakültəsi yox idi. Estrada fakültəsi musiqili komediyaya daha yaxındı.
Hövsələsiz tamaşaçı
- İndi meyxana üzərində tamaşa hazırlamağı düşünürsünüzmü?
- Meyxana üzərində tamaşa qurmaq mənim üçün çox asandır. Əgər hansısa bir əsər üzərində meyxana hazırlasaq, bu bizi daha da çərçivəyə salar. Bizim “Hicran”, “Əliqulu evlənir”, “Bankir adaxlı” kimi köhnə musiqili tamaşalarımıza nəzər yetirsək görərik ki, onların musiqiləri meyxanaya daha yaxındır. Misal üçün, deyilir ki, “Dadaşbala sən bizə xoş gəlmisən” və sair. Yəni bu mahnının özü də “Bayatı-şiraz” üzərində qurulub və bir növ meyxanaya bənzəyir. Hansı ki bu mahnıları mən toylarda bədahətən deyirəm. Əgər mən istənilən bir musiqinin üzərində meyxana deyə bilirəmsə, deməli, bu mənim üçün daha rahat ola bilər. Teatrda özüm meyxanaya daha çox üstünlük vermirəm ki, bəzi “ağzıgöyçəklər” deyəcəklər Vüqar öz teatrını yaradır. Ona görə tamaşalarda çalışıram ki, meyxanaya yaxın getməyim. Meyxana teatrı çox kiçik bir çərçivədir. Mənim aktyorlarımın çoxu meyxana deyə bilir. Bu gün heç kimin bir saat oturub tamaşaya baxmağa hövsələsi qalmayıb. Biz çalışırıq ki, bu günün nəbzini tutaq.
Mənə məşhurluq lazım deyil
- Bəs İncəsənət Universitetində müəllim kimi işləmək üçün necə dəvət aldınız?
- Burada müəllim işləməmişdən əvvəl universitetə gəlib-gedirdim. Dostum Mikayıl Abbasovla söhbət əsnasında mənə dedi ki, Rafael və Coşqunu universitetə dərs demək üçün dəvət edirlər. Onlar da söyləyirlər ki, zamanımız olmadığına görə dərs deyə bilməyəcəyik. Bu söhbət üç il bundan əvvəl olub. Daha sonra mənə Müşfiqlə xəbər göndərdilər ki, Vüqar gəlib burada işləyə bilər. Müəllimlər də mənə etibar etdiyinə görə onlara təşəkkürümü bildirirəm. İşləməyə gəldiyim ilk gün mənə sınıq-salxaq bir qrup verdilər. Gəldiyim ilk gün uşaqlarla münasibət qurmağa çalışdım. Gərək indiki nəslin tələbələri ilə onların dili ilə danışasan. Uşaqlar buraya gələrkən böyük xəyallar qurublar. Onlarda bu hissi sındırmaq, onu məhv etmək doğru deyil. Dərs zamanı uşaqlara azadlığı çox verirəm. Dərsə girdiyim ilk gündən uşaqlara nəzəriyyə keçmək istəmirəm. Uşaqlar nəzəriyyə ilə yükləndikdən sonra bu sənətdən qorxmağa başlayacaqlar. Tələbələrin nəbzini tutduqdan sonra onlara dramaturgiyanı da başa salmaq olar. Hazırkı tələbələr heç dramaturqlarımızı belə tanımırlar. Onları kafeyə aparıb Youtube-da dramaturqların tamaşalarını göstərmişəm. Tamaşalar nümayiş oluna-oluna onları aktyorlarla tanış edirəm. Bu şəkildə tələbələr dramaturqu və aktyoru, tamaşanın sxemini öyrənmiş olur.
- Estrada Teatrının gələcəyə dair planları nədir?
- Biz artıq mövsüm finalına çıxmışıq. Yeni mövsüm başlayandan sonra serial üzərində çalışacağıq. Seriala Estrada Teatrının aktyorları ilə yanaşı, bir neçə qonaq aktyorlar da dəvət edəcəyik. Məqsədim aktyorlarıma kameranın nə olduğunu öyrətməkdir. Komandamı bu sahədə tamaşaçılara tanıtdırmaq istəyirəm. Bir növ də özümü təsdiq etmək istəyirəm. İstəyirəm ki, teatr prosesində adım sadalananlar sırasına düşsün. Mənə məşhurluq lazım deyil. Mən Vüqar kimi çox məşhuram. Buna mənim heç ehtiyacım da yoxdur. Çox insan deyir ki, meyxanaçı kimdir ki, gəlib dərs desin. Onlara cavab olaraq mən də yeni komandamla işə başladım. İnşallah, gələn mövsümdə yeni tamaşalarla və serialla onların qarşısına çıxacağam.
- Olubmu ki, auditoriyaya girəndə tələbələr sizə müəllim kimi yox, meyxanaçı kimi münasibət göstərsin?
- Onu mən birinci gündən tələbələrə qadağan etmişəm. Öz kursumda oxumayan uşaqlardan bəziləri bir-iki dəfə atmacalar atıb. Həmin tələbəyə qulaqburması vermişəm, çıxıb gedib. İmkan vermərəm ki, tələbə dərsi lağlağıya çevirsin. Meyxana ilə mən ciddi məşğul olmuşam, ona heç zaman qazanc mənbəyi kimi baxmamışam. Əslində meyxana çox məsuliyyətli və ciddi bir sənətdir. Son zamanlar onun şitini çıxarıblar. Meyxanaçı kimi fəaliyyət göstərdiyim zamanda bunlarla mübarizə aparmışam.
- İndi efirlərdə bütün günü meyxana verilişləri gedir. Bəs bu, gənclərin psixologiyasına necə təsir göstərir?
- Təbii ki, meyxana ona qulaq asan gənclərin həyatına təsir edir. Meyxanaçılar qazanc mənbəyindən əlavə, özlərində məsuliyyət hiss etməlidirlər. Bilirsinizmi, mənim ağzımdan çıxan söz televiziya vasitəsilə öz evimdə yayımlanır. Mənim ifamı ailəm dinləyir. Onun məsuliyyətini daşıyıram. Bəziləri bu sənətə zərbə vurmağa çalışır. Meyxanaçı kimi həmişə istəmişəm ki, dediyim sözün özündə tərbiyəvi bir əhəmiyyət olsun. Çox tez-tez meyxana deməyə çalışmamışam. Sözü deyərkən onu düzgün tələffüz etməyə, həm vəzn, həm də axıcılıq etibarilə səliqəli deməyə çalışmışam.
- Uşaqların meyxana ilə böyüməsinə necə baxırsınız?
- Mənim uşaqlarım yazdığım meyxanaları şeir kimi əzbər bilirlər. Amma bəzi meyxanalar var ki, onları müəyyən toyda, el şənliklərində demişəm, istəməzdim uşaqlar ona qulaq assınlar. Çünki bilavasitə meyxana məkanında, meyxana məclisində, böyüklərin auditoriyasında deyilib.
- Qadınların meyxana deməyinə necə baxırsınız?
- Bunu çox pis hal kimi qiymətləndirirəm.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər