Qadınların iş saatı ilə bağlı mütərəqqi təklif, yoxsa qaş düzəldərkən göz çıxartmaq?
Bu günlərdə Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi
Xidmətinin əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı işəgötürənlərin
məlumatlandırılması məqsədilə Mingəçevir şəhərində keçirdiyi seminarda
bildirilib ki, hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud
uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların
xahişi ilə işəgötürən onlara natamam iş günü və ya natamam iş həftəsi müəyyən
etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti
tərəflərin razılığı ilə müəyyən edilir.
Tədbir
"Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” və
"Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularına həsr olunub.
Seminarda Xidmətin Yevlax, Goranboy, Naftalan rayonlarını və Mingəçevir
şəhərini əhatə edən 8 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin xidməti
ərazisindəki ayrı-ayrı işəgötürənlər iştirak edib.
Qeyd olunub ki,
əmək qanunvericiliyi əmək münasibətlərində digər bir sıra amillərlə yanaşı,
işçilər arasında cinsi ayrı-seçkiliyə yol verilməsini, habelə hüquqlarının
məhdudlaşdırılmasını qadağan edir. İşçilər arasında belə bir ayrı-seçkiliyə yol
verən işəgötürən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
Tədbirdə hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi
bağlanmasının xüsusiyyətləri, qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri
və işlər barədə məlumat verilib. Hamilə və yaş yarımadək uşaqlı qadınların daha
yüngül işə keçirilməsi, qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və
istirahət günlərində işə cəlb olunmasının və ezamiyyətlərinin
məhdudlaşdırılması ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər diqqətə
çatdırılıb. Xidmət sahələrində qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün
işəgötürənlərlə birgə görülən işlər və qarşıda duran vəzifələr də müzakirə
olunub.
Bəs görəsən
səsləndirilən təklifləri reallaşdırmaq nə dərəcədə mümkündür? Belə bir layihə
qanunda öz əksini tapa bilərmi?
"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova"Kaspi”yə açıqlamasında
bildirdi ki,qeyd olunan məsələ çox vacibdir: "Məncə,
bu təklif reallaşdırılarsa, mütərəqqi yeniliklərə səbəb ola bilər. Əgər
müzakirələr aparılırsa, bu məsələnin öz həllini tapacağına əminəm. Amma bu
qanunu təkcə sağlamlıq məhdudiyyətli övladı olan analara aid etmək olmaz. Körpə
uşaqları olan analara da iş vaxtı ilə bağlı müəyyən güzəştlər edilməlidir.
Çünki övladı kiçik olan əksər qadınlar çox vaxt öz şini itirməli olur. Bəziləri
isə məcburiyyətdən övladını nəzarətsiz buraxır. Hesab edirəm ki, qərar hər iki
təbəqəyə şamil olunmalıdır. Ümumilikdə götürdükdə isə bu addım vaxtında irəli
sürülən təklifdir. Əgər mexanizm işə düşərsə, qadın həm övladına vaxt ayıra
bilər, həm də işindən qalmaz. Belə olan halda qadın özünü cəmiyyətin bir
hissəsi kimi təqdim edə biləcək. Məsələ burasındadır ki, qərar təkcə dövlət
qurumlarına deyil, özəl sektorda çalışanlara da aid edilməlidir. Bir çox
hallarda şirkətlərin və müəssisələrin daxili qaydaları olur. Ona görə də, qanun
bütün sektorları əhatə etməlidir. Qanunla bağlı digər detallar ətraflı işlənib
hazırlanmalıdır. İş saatları uyğun vaxta təyin edilə bilər. Əslində bu, ciddi
müzakirə tələb edən bir məsələdir. Qeyd edim ki, dünyanın bəzi ölkələrində bu
təcrübədən istifadə olunur. Qadınların müəyyən saat ərzində işləməsi qanunla
müəyyən edilib. Bəziləri bunu diskriminasiya kimi qəbul edir. Onlar bildirir
ki, qadınlarla kişilərin hüquqları bərabərdir. Hər kəs bərabər əmək fəaliyyəti
ilə məşğul olmalıdır. Əksər ölkələrdə qadınlar özləri, kişilərlə bərabər
statusda olmasını tələb edirlər. Amma məncə, belə bir mexanizmə ciddi ehtiyac
var”.
Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyevbildirdi ki,əgər
valideynin övladının hər hansı bir xəstəliyi, həyat fəaliyyətini məhdudlaşdıran
problemlər varsa, həmin qadınlara bəzi güzəştlər edilə bilər: "Amma hesab
etmirəm ki, övladı olan bütün qadınlara bu qərar aid olunmalıdır. Məncə, bu,
mümkün də deyil. Əks halda özəl sektorda işləyən qadınlar üçün ciddi
problemlərə yol aça bilər. Müəssisə rəhbərləri belə qadınları işə götürməkdən
imtina edəcək. Qanunda bu məsəldə ilə bağlı bəzi müddəalar əks olunub.
Prezidentin bu yaxınlarda imzaladığı fərmana əsasən, 18 yaşa qədər həyat
fəaliyyətində məhdudluğu olan övladına baxdığına görə, qadınlara bəlli müavinət ödənilir. Amma övladı olan qadınların
natamam iş gününə keçirilməsi əmək hüquqlarına ziddir. Bu, həm də işçinin işə
götürülməsində müəyyən problemlərə gətirib çıxara bilər. Çünki əksər sahibkarlar
belə qadınları işə götürməkdə maraqlı olmayacaqlar. Layihə həm də müəyyən
diskriminasiyaya gətirib çıxara bilər. Amma xəstə övladı olan qadınlara müəyyən
iş saatlarında güzəştlər edilə bilər. Hətta deyərdim ki, xəstə övladı olan
atalara da bəzi güzəştlərin tərəfdarıyam. Əgər qanun qəbul edilərsə, bütün
sektorlara aid olacaq. Ona görə də, layihə hazırlanmazdan əvvəl yaxşıca
götür-qoy edilməli, bütün müsbət və mənfi məqamlar nəzərə alınmalıdır”.
Şəbnəm Mehdizadə