• cümə, 19 Aprel, 05:32
  • Baku Bakı 18°C

Qadınları azad görmək istəyən “Tanrı qonağı”

04.09.15 14:22 1734
Qadınları azad görmək istəyən “Tanrı qonağı”
O, fotolarında keçmiş zamanlarda yaşayan qadınlaradan heç nəyi ilə fərqlənmir. Amma bu qadın feminizmin anasıdır desələr, təəccüblənərsiniz. Mari Uolstounkraft, 1759-1797-ci illər arasında yaşamış öz təbiri ilə desək, “Tanrı qonağıdır”. Yeddi uşaqlı ailənin ikinci övladı Mari əlini atdığı bir neçə işiuğursuzluqla nəticələnmiş, sonradan içkiyə qurşanmış və ömrünü əyyaş kimi tamamlamış atanın qızı olub. Həmin qız illər sonra İngiltərənin tanınmış siyasi xadimlərindən, “Siyasi ədalət” kitabı ilə məşhurlaşan Uilyam Qodvinin xanımı və dünya ədəbiyyatında elmi-bədii əsərin ilk nümunəsi olan “Frankenşteyn”in müəllifi Mari Şellinin anası olur. Yazdıqları ilə bugün də insanların yaddaşında yaşayan və xatırlanan möhtəşəm qadın...
“Qadın təhsil alıb kişi ilə çiyin-çiyinə olmadıqca, elm və tərbiyənin yayılmasının qarşısındakı əngəl qalxmayacaq. Çünki həqiqət və fəzilət hamı üçün əlçatan olmalıdır, yoxsa tətbiqdə hər zaman yanlışlar olacaq”.
Yaşadığı dövrdə oxuyub-yazmaq yalnız kişilərə xas fəaliyyət kimi qəbul edilsə də, Mari olduqca mükəmməl təhsil ala bilmişdi. Qızların həyatda yeganə çıxış yolu olan evliliyi tamamilə rədd edərək, evdən qaçan Mari, bütün mübarizəsini qadının söz haqqının olmasına sərf edir.
“Qadını kişinin bir hissəsi, ona lazım olan bir əşya kimi yox, müstəqil bir varlıq kimi qəbul edin” – deyən Mari yaşamaq üçün varlılara bələdçilik, sözçülük, müxtəlif səyahət və səfərlərdə qiraətçilik etməkdən tutmuş, müəllimlik, tərbiyəçilik, ictimai tənqidçilik və yazıçılığa kimi hər işlə məşğul olur. Dayə, tərbiyəçi işlədiyi dövrlərdə yazdığı “Mari” uzun hekayəsi və “Qız uşaqlarının təlimi” adlı kitabı dövrün məşhur nəşriyyatlarından “Fleet-Street” tərəfindən çap olunub böyük maraqla qarşılanır.
Sonuncu kitab naşir Cozef Consonun diqqətini çəkir. Marinin azadlıq anlayışından, fəlsəfi düşüncələrindən təsirlənən naşir onu nəşriyyata redaktor dəvət edir. Bu dövrdə müstəqil şəkildə fransız, alman və italyan dillərini öyrənən Mari xırda tərcümələr etməyə başlayır.
“Qələmimi bu kağızlar üzərində qabiliyyətin qaynağı olduğuna inandığım şeyləri müdafiə etmək üçün gəzdirirəm. Bunun səbəbi bütün bəşəriyyətə olan sevgidir. Qadınları cəmiyyətdən geridə yox, irəli mövqelərdə görmək istəyirəm. Öz həmcinslərimin hüquqlarını müdafiə edirəm – mənim digərlərindən başlıca fərqim öz mənfəətimi güdməməyimdir”.
Bu sözlər Marinin Talleyranda həsr etdiyi, 1792-ci ildə çap edilmiş “Qadın hüquqlarının müdafiəsi” kitabındakı əsas fikirlərdəndir. Uolstonkraftın dövrün həqiqətlərinə meydan oxuyan, onun müstəqil yazıçı və fikir adamı kimi nüfuzunun möhkəmlənməsində böyük rolu olan “Qadın hüquqlarının şərtləndirilməsi” kitabı çap ediləndən 215 il keçməsinə baxmayaraq bu gün də günün həqiqətlərinə işıq tutur. Marinin bu əsəri dövrün real vəziyyətini görmək üçün tutulmuş aynadır. Bu kitabla tanış olduqca iki əsrdən çox keçməsinə baxmayaraq, bəzi həqiqətlərin dəyişməmiş olması insanı hər nə qədər pəjmürdə etsə də, bu əsər əsl oxucuların böyük əksəriyyətinin əlindən düşməyən kitablardandır.
Həmin kitabdan bəzi maraqlı fikirləri təqdim edirik:
“Əgər qadınların səsi boğulacaqsa, əgər qadınlar insanlar üçün yazılmış hüquqlardan məhrum ediləcəklərsə, ədalətsiz ittihamımızın yalan olduğunu təsdiqləmək üçün əvvəlcə qadınların ağlı və hafizəsi olmadığını sübut etməlisiniz”.
“İnsanın fəxr ediləsi bircə hədəfi ola bilər – cinsiyyət fərqini nəzərə almadan bir insan olaraq müsbət və düzgün xarakter formalaşdıra bilmək”.
“Hamı ruhu ilə duyur, məsələ ruha gələndə onun cinsiyyəti ayrılmır, yox ayrılırsa, burda məntiq axtarmaq, fəlsəfə uydurmaq lazım deyil”.
“Mən hörmət və ehtiramı zəkası və düşüncəsi ilə buna layiq olanlara göstərirəm. Bu mənim ağla və elmə təzimimdir, kişilərə yox”.
“Cəmiyyət içində cinslərə görə fərqli davranışlar kimi ayrı-seçkiliyin olmasını istəmirəm və bunların cəfəngiyata çevrildiyi dövrü görmək arzusundayam”.
“Qadınların söz azadlığından məhrum olduqları üçün məruz qaldığı əzabları, çəkdikləri ağrıları və yaşadıqları kədəri saymaq, siyahısını tutmaq sonsuz zəhmət tələb edərdi”.
“Qadınlar illər, yüzillərcə cəhalətə və bundan doğan səfalətə məhkum ediliblər”.
“Hər iki cinsin mükəmməll olması və düzgün şəxsiyyət kimi formalaşması üçün birgə təhsil almaları şərtdir”.
“Cəhalət, tərbiyə və düzgün əxlaqı içində saxlaya bilməyəcək qədər dözümsüz qabdır”.

Tərcümə etdi: Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər