• cümə, 29 Mart, 20:01
  • Baku Bakı 14°C

Qadınlara qarşı zorakılığa “yox” deyək

20.12.17 09:10 5345
Qadınlara qarşı zorakılığa “yox” deyək
Cəmiyyətin ictimai həyatında qadının mövqeyi uzun tarixi bir dövr keçərək formalaşmış və inkişaf etmişdir. Lakin bu inkişaf asan əldə olunmamış, qadınlar özlərini təsdiq etmək üçün bir sıra çətinlikləri aradan qaldırmaq uğrunda mübarizə aparmışlar.
Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Bütün dünyada qadınlara qarşı zorakılığın miqyası ildən-ilə genişlənir. 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) 25 noyabrı rəsmi olaraq "Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq mübarizə günü” elan edib. Bu tarix Mirabal bacılarının (Patriya, Minerva və Mariya Tereza) xatirəsinə həsr olunmuşdur. Bacıların qətli 1960-cı il noyabrın 25-də Dominikan Respublikasında Rafael Truxilyonun rəhbərliyi ilə törədilmişdir. Mirabal bacıları həm ictimai, həm də feminist hərəkatın simvolu idilər. Bu tarix gündəlik həyatında istənilən zorakılığa məruz qalan çoxsaylı qadınlar adından bir çağırışdır.
Gender əsaslı zorakılığın qarşısının alınmasında bütün ölkələr dövlət səviyyəsində iş aparır, mühüm qərar qəbul edirlər. Azərbaycan da bu prosesdən kənarda qalmayıb. Hətta ölkəmizin ən ağır ictimai-siyasi və hərbi vəziyyətində belə qadın və uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub. Elə ölkəmizin qoşulduğu ilk beynəlxalq konvensiyalar "Uşaq Hüquqları və qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”dır. Və bu prosesin davamı olaraq cənab Prezident İlham Əliyevin rəhbərliyi və dəstəyi ilə qadın hüquqlarının qorunması, xüsusi ilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb. Bəzən də qadınlara qarşı zorakılıq ilk növbədə ondan irəli gəlir ki, onların bir çoxu öz hüququnu bilmir, dövlətin verdiyi imkanlardan istifadə etməyi bacarmır. Müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır. Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul olub. Qanun məişət zorakılığının qurbanı olan şəxslərin sosial və hüquqi müdafiəsi, eləcə də məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsini nəzərdə tutur. Qeyd etmək lazımdır ki, qanunun qəbul olunmasında ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolu bütün ictimaiyyət və beynəlxalq təşkilatlar tərəfindən xüsusi qeyd olunur. Bu bir həqiqətdir ki, qanuna birmənalı yanaşma yox idi. Məhz onun bu məsələ ilə bağlı Milli Məclisdə, Respublika Qadınlarının III Qurultayında çıxışları öz müsbət təsirini göstərdi və nəhayət qanun qəbul olundu.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz fəaliyyətində bir neçə mühüm prioritet məsələni əsas götürür ki, bu da cəmiyyətin inkişafında xüsusi əhəmiyyətə malikdir. Komitənin fəaliyyət istiqamətlərindən biri məişət zorakılığı problemlərinin araşdırılması və onun qarşısının alınmasıdır. Zorakılıq qurbanlarına psixoloji, tibbi, hüquqi yardımın göstərilməsidir.
Baş verən məişət zorakılığının səciyyəvi kriminoloji xüsusiyyətlərindən biri onların latentliyinin yüksək olmasıdır. Ailədə baş verən zorakılıq haqqında vəziyyətin ən son həddində polis orqanlarına məlumat verilir. Bir çox hallarda isə bu haqda uzun müddət informasiya verilmədiyindən zorakılığın ağır nəticələri ilə müşahidə olunan cinayətlər baş verir. Bu isə öz növbəsində ailə-məişət zorakılığının qurbanlarının sayına təsir edir. Bu baxımdan, maarifləndirici tədbirlərə böyük ehtiyac yaranır. Məişət zorakılığı ilə bağlı ictimai fikirdə dəyişiklik yaratmaq, cəmiyyətin diqqətini bu problemlərə bir daha cəlb etmək üçün müxtəlif səviyyələrdə - beynəlxalq konfranslarda, qeyri-hökumət təşkilatlarında, kütləvi informasiya vasitələrində geniş fikir mübadiləsi, debatlar təşkil edilir. Həmçinin məişət zorakılığı da daxil olmaqla qadına, uşağa zorakılığa qarşı və insan alveri ilə mübarizə məqsədini daşıyan bir sıra layihələr həyata keçirir. Bu layihələr Heydər Əliyev Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Əhali Fondu (UNFPA), Uşaq Fondu (UNICEF), Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Beynəlxalq Miqrasiya Təşkilatı (İOM), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə reallaşır. Onlardan bəzilərini qeyd edə bilərik: "Demokratik cəmiyyətdə məişət zorakılığı ilə mübarizənin aparılmasına dair Azərbaycan Respublikasının kompleks proqramı” , "Qadına qarşı zorakılıqsız XXI-ci əsr”, "Cənubi Qafqazda gender əsaslı zorakılıqla mübarizə” regional layihə, "Qadına qarşı zorakılıq mövzusunda məlumtlandırma” kampaniyası, "Zorakılıq və insan alveri ilə mübarizə mövzusunda məlumtlandırma” kampaniyası, "Qadına zorakılığın yayılma miqyası, kökləri və fəsadları mövzusunda” sosioloji sorğu və s. Bundan başqa, "Erkən nikahlar: uşaq hüquqlarının pozulması” ilə bağlı sosial araşdırma aparılmışdır. Bu layihələrin nəticəsi olaraq Ailə Məcəlləsində qadınlar üçün nikah yaşı 1 yaş artırılaraq 18 yaşa çatdırılıb. Həmçinin AR Cinayət Məcəlləsinə də dəyişiklik edilərək "Qadını nikaha daxil olmağa məcbur etmə”(176.1.) maddəsi qəbul olunmuşdur. Həmin maddəyə görə qadını nikaha daxil olmağa məcbur etmə - iki min manatdan üç min manatadək cərimə və ya iki il müddətinədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. (176-1.1.) Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə - üç min manatdan dörd min manatadək cərimə və ya dörd il müddətinədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. (176-1.2.)
Azərbaycan hökuməti gender əsaslı zorakılığın qarşısının alınması sahəsində çox mühüm işlər görür. İlk növbədə qanunun implementasiyası üçün hakimlər, vəkillər üçün təlimlər keçirilib və bu öz müsbət nəticəsini verir. Artıq son iki ildə məhkəmə qərarlarında bu sahədə qəbul olunmuş qanun və qoşulduğumuz konvensiyalara, o cümlədən, «Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi» haqqında Konvensiyaya istinad edilir. Yerli icra hakimiyyətlərində fəaliyyət göstərən Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının iş keyfiyyətinin artırılması üçün seminarlar təşkil olunub, tövsiyələr verilib. Eyni zamanda, gender məsələləri üzrə təyin edilmiş əlaqələndirici şəxslər üçün Prezident yanında İdarəçilik Akademiyasında xüsusi fakultativ dərslər keçirilib. Komitə müvafiq dövlət qurumları ilə birgə "Məişət zorakılığının qarşısının alnması ilə bağlı” 2016-2018-ci illər üçün tədbirlər planı çərçivəsində müvafiq işlər görüb.
Məişət zorakılığının qurbanlarının, eləcə də zorakılığı törətmiş insanların şəxsiyyətlərinin öyrənilməsi problemin səbəblərinin araşdırılması və preventiv tədbirlərin tətbiqi imkanlarını artırır. Bu baxımdan, zorakılığa məruz qalanların sosial-demoqrafik vəziyyətinin, zorakılıq qurbanı ilə zorakılığı törətmiş şəxs arasında qarşılıqlı əlaqənin (qohumluq, qonşuluq, dostluq və s.) eyni zamanda, viktim şəraitin səciyyəvi xüsusiyyətlərinin (yəni zorakılığın situativ və ya uzunmüddətli olması, regional xüsusiyyətləri və s.) öyrənilməsi zəruridir. 2015-ci ildə məişət zorakılığı ilə bağlı onlayn məlumat bazasının yaradılması istiqamətində pilot layihə həyata keçirildi. Pilot layihənin təhlilləri nəticəsində Banka yığılan məlumatların daha dəqiq və düzgün tərtib edilməsi və yığılması sahəsində çətinliklər müəyyən edildi. Bunun əsasında isə 2017-ci ilin oktyabr ayında məişət zorakılığı ilə bağlı onlayn məlumat bankının təqdimatı keçirildi. Məişət zorakılığı ilə bağlı elektron məlumat bankının istifadəsi üzrə təyin edilmiş şəxslər üçün təlim kursları təşkil olunub. Komitə tərəfindən yaradılan banka yığılmış məlumatların təhlilinə əsasən, az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır. Ona görə də qadınların, xüsusi ilə də kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakı artırılmalıdır. Qadınlarımız bilirlər ki, onların arxasında güclü dövlət müdafiəsi dayanır. Biz çalışırıq ki, çətin şəraitdə yaşayan, risk qrupuna daxil olan qadınlarımız üçün real tədbirlər görək. Bu məsələdə biz Heydər Əliyev Fondu, BMT-nin İnkişaf Proqramı, Əhali Fondu ilə sıx əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlər, təlimlər, dəyirmi masalar keçiririk. Konkret olaraq qadın məşğulluğu sahəsində çox uğurlu layihələrimiz var. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi, onların zorakılığa məruzqalma səviyyəsinə də təsir edir. İqtisadi cəhətdən asılı olmayan qadın özünə inamlıdır, özünü daha rahat ifadə edə bilir. Xüsusilə, nisbətən daha aztəminatlı, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün qadınların kiçik və orta sahibkarlığa cəlb edilməsi, müxtəlif peşələrə sahib olması çox vacibdir. Bununla bağlı Sabirabad, Biləsuvar, Neftçala, Masallı və Salyanda Qadın Resurs mərkəzləri yaranmışdır. Zorakılığın qarşısının alınması ailə institutunun möhkəmliyi, bütövlükdə, dövlətin inkişafı deməkdir. Məhz bu baxımdan, zorakılığa məruz qalan qadınlara psixoloji, tibbi, hüquqi yardımın göstərilməsi və onların yenidən ailəyə, cəmiyyətə reinteqrasiya edilməsi çox vacibdir. Komitə və Uşaq və Ailələrə Dəstək mərkəzləri tərəfindən mütəmadi olaraq, qadınlar üçün ayrı-ayrı rayonlarda, məktəblərdə, ictimaiyyət arasında müvafiq mövzularda dəyirmi masalar, seminar-treninqlər təşkil edilir.
Xüsusilə vurğulamaq lazımdır ki, gender əsaslı zorakılıqla mübarizə aparmaq üçün daha effektiv mexanizmlərin yaradılmasına və sistemli proqramlara ehtiyac vardır. Bununla bağlı "Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində bir sıra mühüm sənədlərin hazırlanması sahəsində tədbirlər görülüb, müvafiq qurumların məsul şəxsləri ilə səmərəli görüşlər keçirilmişdir. Cari ilin oktyabr ayında "Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” ilə bağlı dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının iştirakı ilə konfrans təşkil edildi.
Gender əsaslı zorakılıqla mübarizə aparmaq, mövcud qanunvericiliyi təkmilləşdirmək, yanlış stereotipləri dəyişmək üçün müvafiq dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatları ilə də səmərəli iş birliyinin olması çox vacibdir. Bu ildə 16 günlük fəallıq kampaniyasına 24 noyabrda "Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” adlı konfransla start verildi. Noyabrın 25-də Azneft meydanı-Heydər Əliyev Mərkəzi marşrutu üzrə velo yürüş keçirilib. Noyabrın 30-da isə ASAN-da (Yasamal) görkəmi alim, sənət adamları, ictimai xadimlərin iştirakı ilə ictimai müzakirə təşkil olunub. 25 noyabr – 10 dekabr tarixləri arasında 16 qısa video-çarx sosial mediada paylaşılıb. Bunlardan əlavə, məşhur simalarla GƏZ-lə bağlı stereotiplər ətrafında təqvimlər, posterlər və digər promo materiallar hazırlanıb.
Bütün dünyada, o cümlədən, Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilmiş böyük uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlamaqdadır. Erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı və digər problemlərin həlli üçün çox iş görülür. Lakin qarşıda görülməli işlərimiz də var. Yanlış dini təsəvvürlərin, stereotiplərin, adət-ənənələrin aradan qaldırılması üçün dövlət orqanları və vətəndaş cəmiyyətinin fəaliyyəti daha da gücləndirilməli, problemin həllinə sistemli yanaşma olmalıdır. Mövcud "məktəb psixoloqu”, "ağsaqqal - ağbirçək” institutlarının işi möhkəmləndirilməlidir. Kütləvi İnformasiya Vasitələrində belə mövzulara həssaslıqla yanaşılmalı, verilən məlumatlar insanların problemi daha düzgün dərk etməsinə xidmət etməlidir. Ümid edirik ki, birgə səylərimizlə insan ləyaqətinə yaraşmayan bu problemin aradan qaldırılması istiqamətində davamlı aparılan tədbirlər öz müsbət nəticələrini verəcəkdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsi
banner

Oxşar Xəbərlər