AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Qadınlar dünyamızı gözəlləşdirir - esse

Qadınlar dünyamızı gözəlləşdirir - esse

Cəmiyyət
08 Mart 2013, 10:50 1978
Qadın və onun gözəlliyi – bəşəriyyəti daim riqqətə gətirən, öz cazibəsində saxlayan, Allahın yaratdığı şəriksiz dahiyanə, əvəzi olmayan incəsənət - incə sənət əsəri, ən möhtəşəm möcüzəsidir…

Nahaq deyiməyib: gözəl olmayan qadın yoxdur. Yaradılanların ən gözəli olan qadının gözəlliyi elə onun qadın olmağındadır. Hər gülün öz gözəlliyi olduğu sayaq, hər qadının da özünə məxsus qəşəngliyi, cazibədarlığı var.

Bu varlıq elə bir cazibədir ki, yaranışımızdan dünyadan köçənə qədər onsuz yaşaya bilmirik. Daim qəlbində - sevməyi bacaran əsl kişiyə ehtiyac duyan, kişi üçün, sevilmək üçün yaradılmış əsrarəngiz məxluq...

Allah onu yaradarkən kişinin başına dəymədi - başına şərik olmaması üçün, ayağına dəymədi - ayaqda qalmaması üçün, sinəsinə, ürəyinə yaxın yeri, qabırgasını seçdi – bir birilərini canları qədər sevmələri üçün...

Xoşbəxtliyi yalnız sevilməyindədir. Ondan törənirik, əvvəl ana kimi sevirik, tərbiyə alıb oğul oluruq. Yetkinləşdikcə isə, qadını yarımıza çevirib ondan həyat eşqi alırıq, kişi oluruq.

Bu eşq könlümüzü o qədər valeh edir ki, etiraf etməsək də bəzən, Allahdan sonra, qəlbən onun gözəlliyinin quluna çevrilirik.

Doğrudan da gözəl olmayan qadın yoxdur. Qüdrətli Yaradanım qadına elə bir gözəllik bəxş etmişdir ki, maddi aləmdə o gözəlliyin tayı – bərabəri yoxdur. Nədəndir, nə sirrdir ki, onlar od kimi cəzbedici, sevimli və ruhən yandırıcıdırlar?!

Olmaya Allah Həvvanı yaradanda palçığına bir az od qatıb ki, gözəlliyi ilə Adəmi heyran edib ürəyini alsın… Bəlkə də həmin od qohumluğudur ki, Şeytan insanlığın ilk günah sahibi – Həvvanın vasitəsi ilə Adəmi də aldadıb qadağanı pozdurdu. Yoxsa, paxıllığını çəkdiyi insanı heç vaxt öz gücünə, tək başına yolundan döndərə bilməzdi…

Cəzalandırılıb hərəsi Yerin bir tərəfinə göndərilsələr də Adəm havasız – Həvvasız yaşaya bilmədi. Bu ayrılıqdan sonra Həvva qadın olmaq səadətinin dəyərini dərk etdi. Əziyyətlər bahasına belə istəklilər bir- birinə qovuşdu. Çünki, Allah insanın qəlbinin dərinliklərində elə bir heyratamiz hiss yaratmışdı ki, o hissin sehrindən nə Adəmlə Həvva baş aça bildi, nə də əsrlərlə, min illərlə bu günə kimi artıb çoxalan övladları…

Odur ki, Yerin seytanı, mələyi olan QADIN – şözsüz, mübahisəsiz ömrümüzün, dünyamızın yaraşığı – bəzəyi, gözəlliyidir!..

Rövşən Yerfi