• cümə, 19 Aprel, 19:52
  • Baku Bakı 24°C

“Qadının ən böyük uğuru onun ailəsidir” - Debüt

30.03.18 13:00 2579
“Qadının ən böyük uğuru onun ailəsidir” - Debüt
Sənət sevgi, mübarizə, iradə və güc tələb edir. Elə müsahibim - Gənc Tamaşalar Teatrının istedadlı gənc aktrisası Könül Əbilova kimi. Həyatının müəyyən dönəmlərində müəllimə kimi çalışan K.Əbilova ömrünün ən gözəl illərini aktrisalığa həsr edib. Deyir ki, özünü teatrda çox xoşbəxt və rahat hiss edir. Könül Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram, teatr və kino aktyorluğu” ixtisasını bitirib. Onunla söhbətə sənətə olan sevgisindən başladıq.
- Könül xanım, yəqin ki, incəsənətə olan sevginiz uşaq yaşlarınızdan yaranıb.
- Bəli, uşaqlıqdan belə bir arzum olub. Anam şairədir, bacım ingilis dili müəlliməsidir və gözəl mahnılar yazır. Təhsilli və kifayət qədər dünyagörüşü olan bir ailənin övladıyam. Anamgil tərəf çox ciddi bir sənət sahibi olsalar da, musiqi təhsili və duyumu olan bir nəsildir. Hər nə qədər incəsənət aləmində çalışmasalar da, bu sahədə kifayət qədər təcrübələri var. Mənə elə gəlir ki, incəsənətə olan marağım anamgil tərəfdən qaynaqlanıb. Düzdür, ailədə mənim aktrisa olmağımı heç kim dəstəkləməyib...

- Nə üçün sizi dəstəkləməyiblər?
- Anam elə hesab edir ki, əgər başqa sənət seçsəydim, həyatımı tamam rahat və komfortlu şəkildə davam etdirərdim. İstədiyim şəkildə yaşayardım. Bildirir ki, çalışdığın sənətdə istədiyin məvacibi belə ala bilmirsən və istəyirəm ki, sən bir ananın övladını görmək istədiyi rahatlıqlar içərisində yaşayasan. Bunun üçün aktrisalıq o qədər də əlverişli bir sənət deyil. Mən onu başa düşürəm. Ancaq özümü teatrda, səhnədə çox rahat hiss edirəm. Universitetə hazırlaşanda belə, anam bilmirdi ki, mən sənədlərimi incəsənətə verəcəm. Qabiliyyət imtahanına da gizlin şəkildə hazırlaşırdım. Bacımgilə qonaq adı ilə gedib monoloq, şeir öyrənirdim. Anama demişdim ki, sənədlərimi rejissorluğa və ya teatrşünaslığa verəcəm. Universitetə qəbul olanda bildirdim ki, rejissorluğa qəbul olmuşam. Çünki təhsilim ödənişli idi və təhsil haqqımı ödəmək lazım idi. Sonradan anama hər şeyi açıb danışdım.
- Tələbəlik illəri sizə nə qazandırdı?
- Əməkdar artistimiz Gülşad Baxşıyevanın kursunu bitirdim. Tələbəlik həyatım yeniyetməlik vaxtıma düşməyib. Universitetə bir az gec qəbul olmuşam. Mən institutda oxuyan vaxt həm də işləmişəm. Çünki təhsil haqqımı ödəmək lazım idi. Evdən pul götürmək istəmirdim. Öz ayaqlarım üzərində durmaq istəyirdim. Tələbəlik illərimdə isə bacardığım qədər müəllimlərimdən bu sənətin sirlərini öyrənməyə çalışmışam. Daxilimdə aktrisa olmaq üçün hər bir potensial var idi. Ancaq onu büruzə verməyin yollarını bilmirdim. Tələbəlik illərimə qədər elə zənn edirdim ki, səhnəyə çıxırsan və bir-iki hərəkət edib, aktrisa olursan. Sən demə, yanılmışam. Mənim üçün aktrisalıq çox çətin və məsuliyyətli peşədir.

- Sənətə dəstəksiz gəlmisiniz. Bəs bu sizi heç həvəsdən salmırdı?
- Mənim üçün ən önəmlisi ailəmin mənə dəstəyi yox, mənə inamıdır. Anam məni həm əri, həm də oğlu və qızı kimi görür. Mənə evin kişisi kimi baxır. O deyir ki, mən istəyirəm, sən xoşbəxt olasan. Necə ki bacıların xoşbəxtdirlər. Bacılarım oxuyublar, ali təhsillidirlər, ailələri və övladları var. Anam mənim üçün hər şeyin yaxşısını istəyir. Anam bilir ki, mən teatrdan ayrılsam belə, özüm üçün gedib yaxşı bir iş tapacam. Bunun üçün kifayət qədər iş təcrübəm və istedadım var.
- Sizin yaradıcılığınıza nəzər yetirdikdə, ilk olaraq İrəvan Teatrının səhnəsində özünüzü sınadığınızı görürük.
- Hardansa başlamaq lazım idi, bunun üçün İrəvan Dövlət Dram Teatrının direktoru İftixar Piriyevə müraciət etdim. O zaman 4-cü kursda təhsil alırdım. İftixar müəllim əvvəlcədən dedi ki, teatrda maaş azdır, şəraitimiz də budur, istəyirsənsə gəl. Teatrda bir çox epizodik obrazlar canlandırdım. Orada çalışdığım 10 ay ərzində əsas obrazım "İrəvanda xal qalmadı” tamaşasındakı Firəngiz obrazı oldu.
- O teatrı nə üçün tərk etdiniz?
- Teatrdan çıxma səbəbim daha perspektivli və mənə geniş üfüqlər aça biləcək bir kollektiv şansı oldu. Düşündüm ki, Gənc Tamaşaçılar Teatrına gəlsəm, daha böyük və geniş auditoriyaya çıxa bilərəm və elə də oldu. Burda özümü daha yaxşı inkişaf etdirirəm.

- Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə özünüz müraciət etdiniz?
- Bəli, teatrımızın rəhbəri Mübariz Həmidova yaxınlaşdım və onlarla çalışmaq istədiyimi bildirdim. Sağ olsun Mübariz müəllim, razılıq verdi. Mənim üçün Gənc Tamaşaçılar Teatrı daha uyğundur. Artıq 2 ildir ki, burada çalışıram.
- Teatra ilk gəlişinizdə səhnə sizə hansı təsiri bağışladı?
- İlk dəfə gələndə teatrda "Qohumlar” tamaşasında Afroditanı oynadım. Afrodita dəlisov bir qızdır. Daha sonra Əli Əmirlinin "Ünvansız qatar” tamaşasında Klara, "Leyli və Məcnun”da Leylinin rəfiqəsi Gülşad, "Qar kraliçası”nda kraliça, "Qulliver Cırtdanlar diyarında” kraliça rollarını oynamışam. Baş obraz olaraq bir rolum olub – Qar kraliçası. Digər tamaşalarda demək olar ki, ikinci dərəcəli rolları canlandırmışam.
- Özünüzü ifadə edən hansısa bir obrazınız olubmu ki, xasiyyətiniz ona çox oxşayır?
-"Ünvansız qatar” tamaşasındakı Klaranı öz həyatıma daha çox bənzədirəm. O qızın da həyatı çox keşməkeşli, çətin olur və hər şeyi çətinliklə əldə edir. Elə mənim kimi.
- Gələcəyə doğru hədəfləriniz nələrdir?
- Gələcəyimi teatrda görürəm. Hədəflərim isə özümü daha da təkmilləşdirmək və bu sahənin kamil bilicisi olmaqdır. Hələ gəncəm və bu yaşımda özümü sənətkar hesab etmirəm. Çünki mənim bu sənətdə hələ bilmədiklərim çoxdur. Hədəf olaraq teatrda davam etmək və özümü hər barədə inkişaf etdirmək, təhsilimi artırmaq istəyirəm. Hesab edirəm ki, aktyorun öncə təhsili, elmi savadı, mədəniyyəti güclü olmalıdır. Düzdür, aktyorun tamaşaçılara nümayiş etdirdiyi obraz onun ruhundan, canından gəlir. Amma əgər istedadım varsa, amma elmi dərəcəm, savadım çox zəif olarsa onu kölgədə qoyar. Bunun üçün də ilk növbədə elmi dərəcəmi, savadımı gücləndirməliyəm ki, bunlar paralel şəkildə davam etsin.

- Teatrı bildik. Film, serial...
- Bunların hamısı bir şansdır. Mən teatr aktrisasıyam, həvəskar deyiləm ki, kastinqlərə gedim və özümü film çəkən şirkətlərə təqdim edim. Əgər rejissorlara mənim simamda olan bir obraz lazımdırsa, özləri məni axtarıb tapmalıdırlar. Gedib onlara deyə bilmərəm ki, məni çəkin. Bu yaxınlarda "Güləhməd” filminə çəkildim. Çox təəssüf ki, bu film alınmadı. Onu kinoteatrdan qaldırdılar.
- Filmin kinoteatrdan götürülməsini müxtəlif cür əsaslandırdılar. Əsas səbəb nə idi?
- Səbəb aktyor oyunu deyildi. Həmin film türk filmi "Gülcamal” filminin plagiatı idi. Təbii ki, filmə çəkilənlərin bundan xəbəri olmayıb. Nə sponsorun, nə də prodüserin. Təəssüf edirəm, çünki həmin filmə böyük əmək qoyub, əziyyət çəkmişdim. Həm də bu mənim ilk filmim idi. Mənə çox adamlar yazdı ki, həqiqətən sən orada çox yaxşı oynamışdın. Hətta tərəf müqabilim Arif Quliyev də oynadığım obrazla bağlı yaxşı sözlər demişdi.
- Filmin rejissoru sizə heç bir açıqlama vermədimi?
- Rejissor o barədə heç nə danışmadı. Mən də istəmirdim ki, özümü onun səviyyəsinə düşürüm. O insan bu filmin üzərində çox işlər görüb, özünü sübut etmək istədi, amma alınmadı. Düşünmədi ki, bu qədər insan əziyyət çəkib...
- Sizi seriallarda da ara-sıra görürdük.
- "Həyat, sən nə qəribəsən?”, "Bacanaqlar”, "Üç bacı” seriallarında epizodik rollarda çəkilmişəm. "Həyat, sən nə qəribəsən” serialında baş rolda çəkilmişdim, 3-4 ayda kifayət qədər tamaşaçı kütləsi yığmışdım.
- Ailə qurmağı necə, düşünürsünüzmü?
- Səmimi deyim ki, mən də istəyərəm ailəm olsun. Artıq 30 yaşım var. Hazırda həyatımda özəl biri yoxdur. Elə bir insan istəyirəm ki, onun yanında özümü zəif hiss edim. Güclü xarakterli biri olsun. Mən özümü ona görə güclü hiss etməsəm, heç vaxt xoşbəxt olmaram. Özümün güclü olduğumu hiss etsəm, hökmranlıq mənim əlimdə olacaq və qarşı tərəfə zəif kimi baxacam, xoşbəxt olmayacam. İstəyirəm ki, ailə quracağım insan arxa-dayağım olsun. Elə birini də tapmaq çox çətindir.
- Aktyorla, yəni həmkarınızla ailə qurarsınızmı?
- İnanmıram. Çünki çox qısqanc insanam. Həyat yoldaşım kiminləsə bir səhnəni paylaşsa, onu qısqanaram. Sevəcəyim insan qarşıma şərt qoysa ki sənətindən ayrıl, təbii ki, ailəmi seçərəm. Mənim üçün aktrisanın bütün fəxri adlarından öncə ailədir. Qadının ən böyük uğuru onun ailəsidir.
Xəyalə Rəis






banner

Oxşar Xəbərlər