• cümə, 19 Aprel, 02:50
  • Baku Bakı 18°C

Qadını vurma, ona vurul!

25.11.13 17:10 2622
Qadını vurma, ona vurul!
Bu gün “Park Bulvar” ticarət mərkəzində Prezidentin 24 noyabr 2011-ci il tarixli Fərmanının icrası ilə bağlı “Məişət zorakılığının qarşısının alınması üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü ilə bağlı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və “ADDIM” Yaradıcı Gənclər Assosiasiyasının əməkdaşlığı ilə “Qadını vurma, ona vurul!” şüarı altında tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan millət vəkili Qənirə Paşayeva bildirdi ki, qadına qarşı şiddət hər aspektdən yanaşıldıqda ciddi insan haqqları pozuntusudur: “Bu gün təşkilatlarımız cəmiyyətə çox gözəl çağırış səsləndiriblər. Onlar «Vurma!» deyə səslənirlər. Bu çağırış cəmiyyətin hər bir nümayəndəsinə ünvanlanan səslənişdir. Çünki qadına şiddət istər dinimizdə, istər qanunlarımızda, istərsə də ailə dəyərləri prizmasından yanaşıldıqda ciddi insan haqqları pozuntusudur. Dinimizə görə, qadını vuran insan bu dünyada özü üçün cəhənnəmin qapısını açır. Ailə dəyərləri prizmasından baxdıqda isə, hər bir ailədə uşaqlar böyüyür. Əgər o uşaq körpə yaşlarından görürsə ki, ailədə fiziki gücü olan insan özündən fiziki cəhətdən zəif olan insana şiddət göstərir, o zaman uşaq düşünür ki, əgər gücün varsa, gücsüzü əzə bilərsən. Düşünün, sabah bu travma ilə böyüyən uşaq cəmiyyətimizin müxtəlif sahələrində öz yerini tutduğu zaman necə vətəndaş ola bilər? Hər kəs bilməlidir ki, vurmaq, şiddət gücsüzlüyün əlamətidir”. Millət vəkili çıxışında vurğuladı ki, qadına şiddətin artdığı cəmiyyətdə heç zaman inkişaf ola bilməz.
Aksiyanın iştirakçılarından olan telejurnalist Nərgiz Cəlilova bu problemi təkcə ölkəmizin problemi kimi deyil, dünyəvi problem olaraq qiymətləndirdi: “Bu aksiyanı mən təkcə Azərbaycan qadınlarına yox, bütün dünya qadınlarına ünvanlayıram. Qadın cəmiyyətin ən aparıcı qüvvəsidir. Çünki qadın həyat yoldaşıdır, anadır. Mən düşünürəm ki, qadınlarla kişilərin hüquqları hər yerdə bərabər olmalıdır və qadınlar da hər zaman buna çalışmalıdırlar”.
Çox maraqlı qrimlə diqqətləri çəkən aksiyanın digər iştirakçısı müğənni Elnarə Xəlilova çıxışında bu dövrdə qadınların şiddətə məruz qalmasının təəccüblü olduğunu bildirdi və bununla bağlı başına gələn hadisədən danışdı: “Mən bir gün tədbirdə olarkən satıcı xanım mənə şəkil göstərdi. Onun yoldaşı onu o qədər döymüşdü ki, qadının sifəti tanınmaz halda idi. Bizim çəkdirdiyimiz şəkillər onun yanında sadə görünür. Çox təəssüf edirəm ki, şiddətə məruz qalan o qadın hüququnu tələb etmək üçün heç bir tədbir görməmişdi. Çox təəccüblü görünsə də, 2013-cü ildə bu hadisələrə hələ də rast gələ bilirik. Mən qadınlara səslənirəm, qorxmayın, çəkinməyin, əgər başınıza belə bir hadisə gələrsə, həmin adamın cəzalandırılması üçün əlinizdən gələni edin”.
Tədbirdə iştirak edən “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova çıxış edərək bildirdi ki, zorakılıq, şiddət qadının həyatına vurulan ən böyük zərbədir: “Qadına əl qaldıran məxluq insan deyil. Çünki şiddət insana məxsus xüsusiyyət deyil”.
Qeyd edək ki, layihə Azərbaycanın tanınmış qadınların iştirakı ilə fotosərgi formasında hazırlanıb. Şəkillərdə xanımlar zorakılığı ifadə edən formada qrim olunublar. Layihədə əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, teleaparıcı Nərgiz Cəlilova, müğənni Elnarə Xəlilova, Elza Seyidcahan, “Eurovision” yarışmasının iştirakçısı Səbinə Babayeva, “Birliyə Doğru” təşkilatının sədri Zərifə Quliyeva və başqaları çəkilib.
Sonda tədbir iştirakçıları fotosərgi ilə tanış oldular.
Aygün Əziz

banner

Oxşar Xəbərlər