• cümə axşamı, 28 mart, 23:33
  • Baku Bakı 13°C

QADIN...

08.03.19 15:30 2786
QADIN...
A.Avqustin "Qadın elə bir mələkdir ki, bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir”.
İncə, həssas, lakin bir o qədər güclü. Sözlərlə ifadəsi mümkün olmayan qadın. Hisslərə sığınır bir qadın, duyğularının əsiri olur. Ruhunun gözəlliyi, saflığı üzünə vurur onun. Ruhunu bilməlisən onun, qırmamalı, incitməməli, üzməməlisən. Ruhun gözəlliyi bədənin gözəlliyi qədər tez görünməz.
Qadın bir dünyadır. Həm kədəri, həm sevinci ilə əvəzolunmaz varlıqdır. Bəşəriyyətin təməli, özəyidir. Qadın anadır. Min bir əziyyətlə uşaq dünyaya gətirən və ömrünün sonuna qədər övladını sevən, qoruyan mələkdir.
Bəzən qadın xəyanətkar, vəfasız olandır. Düşdüyü mühitdə əzilərək mənəvi cəhətdən zərbə almış, qadın olduğunu unutmuş insandır. İçində azadlıq alovu yanan varlıqdır. Sevməyi, sevilməyi, əzizlənməyi gözləyən incə məxluqdur. Çətindir qadın məsuliyyəti, çətindir qadın olmaq. Zərifliyi ilə yanaşı, dözümlü iradəyə sahibdir. İncə əlləri, ipək kimi üzünə tökülən saçları var onun. O incə, balaca əlləri çox ağır yüklərin altına girir. Göz yaşları gülüşü qədər dəyərlidir qadının. Zaman keçdikcə üzündə yaranan qırışlar, saçlarına düşən dən incə ruhunu daha da incəldir, qəlbi çox kövrək olur qadının. Qadınlara qarşı diqqətli olmaq, onları sevmək, qorumaq lazımdır.
Bilirsiniz qadın ən çox nə istəyir? Diqqət, qayğı, ehtiram.
Güvən bir qadına veriləcək ən gözəl hədiyyədir. Güvən olmasa o yoxdur. Tanrı onu görünüşcə çox zəif yaradıb, lakin dözüm, güc verib. Gözəl bir deyim var "hər güclü kişinin arxasında qadın dayanır”. Qadın nə qədər güclü olsa da, hər zaman içində balaca, kövrək bir uşaq var. Hər zaman ona uzanan ələ, gülən gözlərə ehtiyac duyur.
Qadınlar iki cür olur. Hisslərinə təslim olanlar və ağılla hərəkət edənlər. Hisslərlə hərəkət edən qadın üçün həyat daha çətindir. Hisslərə aldanır, gözəl, xoş sözlərlə həyatı məhv olmağa doğru gedir. Ona qarşı olan xain rəftarları dərk etmir. Həyat ona qarşı daha da çətin olur.
Ağılla hərəkət edən qadınlar isə bəzən daha şanslı olurlar. Kimisi xoşbəxtliyi ailədə, kimisi pulda, işdə, var-dövlətdə görür. Çox xırda şeylərlə xoşbəxt olmağı bacarırlar.
Qadın güvənər və sevər. Artıq həyat onun üçün dəyişər. Hər zaman dünyada tək qadın o imiş kimi hiss etmək istər.
İncidisə, qırıldısa küsər həyatına. Çətin də olsa, gözünün yaşını silər, aynada əksinə baxıb gülümsəyər. Bax, elə bütün bunlara görə çətindir qadın olmaq. Bütün həyatı boyu xoşbəxtlik bəxş edər, amma özü isti bir gülüşə möhtac qalar. Dinc həyat yaşamaq istər qadın. Sıxılmamaq, qorxmamaq istər. Yaşamın hər üzünə bələd olub mübarizə aparar. Hər bir qadın öz həyatının qəhrəmanıdır. Qadınlar yüksək ali mənsəbə, hörmətə və məhəbbətə layiqdirlər. Qadınlığını bilən qadınları sevin.

Səbinə Qurban
banner

Oxşar Xəbərlər