• çərşənbə axşamı, 23 aprel, 15:42
  • Baku Bakı 24°C

Qadın sahibkarlığının inkişafına təkan verəcək təşkilat - Fotolar

16.07.19 19:24 19277
Qadın sahibkarlığının inkişafına təkan verəcək təşkilat - Fotolar
«Dövlətimizin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər bir ayrı-seçkiliyi aradan qaldıraraq qadınların bərabər hüquqlarını təmin etməyə yönəlib. Dövlət başçısı ölkəmizin qazandığı uğurlarda qadınların rolunu həmişə yüksək qiymətləndirib. Ölkəmizdəki nailiyyətlərdə, inkişafda Azərbaycan qadınlarının rolunun danılmazlığını hər zaman xüsusi vurğulayıb”. «İş Qadınlarına Dəstək» İctimai Birliyinin təqdimat mərasimində səslənən bu fikirlər ölkə iqtisadiyyatında işgüzar qadınların oynadığı rolu gündəmə gətirdi. Belə ki, bu gün müasir Azərbaycan qadını ana olmaqla yanaşı, həm də siyasətçi, iş adamı, dövlət məmuru, millət vəkilidir. "Ölkənin birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti Azərbaycanın bütün işgüzar xanımları üçün örnəkdir. Ölkəmizdə bərqərar olan demokratik mühit qadınlara öz potensiallarını gerçəkləşdirmək üçün əlverişli zəmin yaradıb. Azərbaycanda qadın hüquqları yüksək səviyyədə qorunmaqdadır”- deyə təqdimatda vurğulandı.

Birliyin məqsədi, fəaliyyət istiqamətləri və hədəflərindən danışan «İş Qadınlarına Dəstək» İctimai Birliyinin sədri, "Vəfa Collection” şirkətinin rəhbəri Vəfa Muradzadə qeyd etdi ki, demokratik inkişaf yolu seçən bütün sivil dövlətlərdə olduğu kimi, ölkəmizdə də vətəndaş cəmiyyəti quruculuğu inkişaf etməkdədir: "Artıq ictimai sektorun inkişafı üçün zəruri hesab olunan məqsəd və hədəflər, prioritetlər davamlı şəkildə aparılır. Azərbaycan qadını dövlət işlərində və özəl sektorlarda çalışmaqdan əlavə, son vaxtlar iş qurmaqla məşğuliyyətini yaradır. Onların bu fəaliyyəti özünəinamın artmasına, toplumda söz sahibi olmalarına rəvac verir. İndi biz də dövlətimizin qayğısı nəticəsində vətəndaş cəmiyyəti institutunun iştirakçısına çevrildik. Bununla da qarşımızda ciddi vəzifələr dayandığını dərk edərək, bu istiqamətdə davamlı olaraq zəruri işlər aparacağıq”.


V.Muradzadə təşkilatın əsas məqsədinin ölkədə yüksək potensiala və dayanıqlı əsaslara malik olmaqla, dövlət və cəmiyyət həyatında aktiv fəaliyyət göstərməkdən ibarət olduğunu bildirdi. Belə ki, 18 mart 2019-cu ildə dövlət qeydiyyatından keçən təşkilat iş qadınlarına dəstək olmaqla yanaşı, ölkədə iqtisadi, sosial inkişaf və gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ, iqtisadiyyat, o cümlədən sahibkarlıq və informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində qadınların maarifləndirilməsinə kömək etmək məqsədi daşıyır. O cümlədən, müvafiq istiqamətdə beynəlxalq təcrübəni öyrənmək, elmi araşdırmalar, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil etmək, ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə qurmaq və onlarla birlikdə layihələr həyata keçirmək, aidiyyəti dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdir: "Azərbaycan Respublikasında qadınların sosial və iqtisadi fəallığı siyasətinin daha səmərəli həyata keçirilməsinə, qadınların iqtisadi statusunun yüksəldilməsinə, cəmiyyətin bütün sahələrində qadınların fəal iştirakına dəstək olmaq, habelə, onların yaradıcı və innovativ potensialının üzə çıxması sahəsində fəaliyyət göstərmək, gənc qadınların təhsil və məşğulluq məsələlərinə dəstək olmaq məqsədilə peşə və tədris kursları təsis etmək başlıca işimiz olacaq”. İB sədri vurğuladı ki, müasir informasiya – kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə konüllülük hərəkatının inkişaf etməsində iştirak etmək, xaricdə yaşayan qabaqcıl iş qadınları ilə təcrübə mübadiləsi etmək də təşkilatın hədəflərindəndir: "Ölkədə və xaricdə yaşayan azərbaycanlı işgüzar qadınların ölkənin sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakını təmin etmək, onların təşəbbüskarlığının stimullaşdırılması və artırılması istiqamətində tədbirlər görmək, bu sahədə beynəlxalq təcrübəni öyrənmək də marağımıza daxildir”.

İllər öncə xəyalında qurduğu təşkilatın yaranmasına nail olan V.Muradzadə keçən il "Azərbaycan-Türkiyə iş qadınları dərnəyi”nin qurulmasına nail olmasının sevincini bölüşdü: "Sonra bu dərnəyin fəaliyyətini daha da genişləndirmək haqqında düşündük. Bu gün Azərbaycan məhsulları yüksək tərzdə qəbul olunur. Biz bu riski gözümüzün altına alıb ev tekstilində Azərbaycan brendi yaratdıq. Azərbaycan məhsulunun keyfiyyətini insanlara tanıtmaqla, onların beynində çevriliş edərək ilk nailiyyətimizi qazandıq. Əgər xarici bazarlarda tanınmış dünya brendləri ilə rəqabətə çıxa biliriksə, demək, mücadiləmizə dəydi. Əminəm ki, bizim işimiz toplumun da inkişafına dəstək verəcək”.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanlı ölkənin ictimai-siyasi fəaliyyətinə dəstək verən böyük bir qadın ordusunun yarandığını fərəhlə qeyd etdi: "Mən artıq bu ordunu təşkilatlanmış formada görürəm. Azərbaycanda QHT-lər inkişaf edir. Bu da bizim ölkənin apardığı siyasətin nəticəsidir ki, Azərbaycan qadını fəaldır. Ancaq arzu edərdim ki, qadınların rəhbəri olduğu təşkilatlar öz fəaliyyətlərində bir-birlərinə dəstək olsunlar, münaqişə aparmasınlar, bir-birinin uğurlarına sevinsinlər».

Milli QHT Forumunun prezidenti Rauf Zeyni vətəndaş cəmiyyəti sektorunda yeni bir təşkilatın yaranmasını qadın hərəkatının güclənməsi kimi dəyərləndirdi: «Ölkədə 3500 QHT qeydiyyatdan keçib. Ancaq onların az bir hissəsi fəaliyyətdədir. Azərbaycanda yeni bir hərəkat yaranır. İmkanı olan iş adamları təşkilatlar yaradırlar. Bu, yeni bir dalğadır. Bu təşkilatlar iş adamları hərəkatının güclənməsinin göstəricisidir. Onların fəaliyyəti dövlətimizin inkişafını zənginləşdirməyə xidmət edəcək».

Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov ölkənin iqtisadi inkişafına sahibkar qadınların böyük töhfə verdiyini qeyd etdi: «Qadınların fəaliyyəti həmçinin ölkə başçısının iqtisadi siyasətinə əvəzsiz töhfədir. Qadınlar çox qətiyyətli və işgüzardırlar».

Tədqiqatçı alim Rəna Rzazadə 21-ci əsrdə vətəndaş cəmiyyətlərinin sürətlə şaxələnməsini ölkənin müxtəlif sferalarda inkişafına dəstək kimi dəyərləndirdi: «Bu fəaliyyətin işində qadın təşkilatlarının rolu mühüm yer tutur. Hər bir yeni yaranan vətəndaş cəmiyyəti Azərbaycanın inkişafına dəstəkdir. «İş Qadınlarına Dəstək» təşkilatının fəaliyyəti isə qadın sahibkarlığının inkişafına dəstək olacaq».

Tədbirdə çıxış edənlər vətəndaş cəmiyyəti sektorunda yaranan təşkilatların bir-birinə dəstək verməsinin, ümumilikdə, ölkənin iqtisadi, siyasi, mədəni və sosial inkişafına fayda verəcəyini, fəaliyyətlərinin bütün sahələrdə tərəqqiyə təkan verəcəyini qeyd etdilər.

Təqdimatda iştirak etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər