• cümə, 29 Mart, 08:57
  • Baku Bakı 5°C

Qadın sahibkarlar üçün 50 milyon avro...

29.04.17 10:30 1486
Qadın sahibkarlar üçün 50 milyon avro...
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) tərəfdaş maliyyə təşkilatları vasitəsilə qadınlar tərəfindən idarə edilən kiçik və orta sahibkarlıq fəaliyyətlərinə borc vermək məqsədilə regiona yönəldilən kredit xətləri üçün 50 milyon avrodan artıq vəsait ayıracaq. Buna tərəfdaş banklara risklərin yüngülləşdirilməsi üçün maliyyə vəsaitlərinin və texniki yardımın, eləcə də qadın sahibkarlara biznes tövsiyələrinin, təlim və mentorluq dəstəyinin təmin edilməsi üçün 9 milyon avro məbləğində donor fondu də əlavə olunur. Bu barədə AYİB-in məlumatında deyilir. Məlumatda qeyd olunur ki, 2015-ci ildə start verilən proqrama bu günə qədər regionda 500-dən artıq qadın sahibkar cəlb edilib.

Maliyyənin ayrılması əslində, yaxşıdır. Bəs bu vəsait qadın sahibkarlığının inkişafına nə kimi kömək edə bilər? Uğurlu nəticə üçün bu vəsaitdən necə istifadə edilməlidir? Ümumiyyətlə, ölkəmizdə qadınların sahibkarlıqla məşğul olmaları üçün ümumi vəziyyət necədir?
Vəsaitin qadın sahibkarlara verilməsi müsbət haldır

Millət vəkili Vahid Əhmədov "Kaspi”yə açıqlamasında bildirdi ki, qadınların sahibkarlıq meylləri artır və dövlət tərəfindən də onlara diqqət göstərilir: "Qadın sahibkarlığı ilə bağlı mətbuatda xeyli məlumat gedir, debatlar təşkil edilir. Son 15 ildə ölkəmizdə qadın sahibkarların sayı xeyli artıb. Qadın sahibkarlar nəinki mərkəzi şəhərlərdə, hətta regionlarda da var. Xüsusi müəssisələri, xalça fabrikləri olan, kənd təsərrüfatı ilə məşğul olan, digər hansısa sahibkarlıq fəaliyyəti sərbəst fəaliyyət göstərən qadınlarımız çoxdur. Ölkə başçısı sahibkarlarla görüş keçirəndə həmişə qadın sahibkarları da dəvət edir, onlara söz verir, problemləri ilə maraqlanır. Qadın sahibkarlar ölkəmizdə çoxalmaqdadır. Milli Məclisdə də biz qanun qəbul edəndə, sahibkarlıqla bağlı hansısa məsələyə baxanda, qadın sahibkarların daha da normal fəaliyyət göstərmələri məsələsini də diqqətdə saxlayırıq”.

V.Əhmədovun sözlərinə görə, ayrılan 50 milyon avro vəsait ölkəmizdə qadın sahibkarlığının inkişafına bir təkan verəcək: "Doğrudan da, maliyyə çatışmazlığı müəyyən qədər hiss olunur. Son vaxtlar yaşanan maliyyə durğunluğu, bank sektorunda olan problemlər qadınlar üçün müəyyən çətinliklər yaradır. Kredit almaq, girov qoymaq və s. məsələlərdə çətinliklər var. Həmin vəsaitin qadın sahibkarlara verilməsi müsbət haldır”.
Qadın sahibkarlarımız böyük uğurlar əldə edirlər
"Sahibkar Qadınlar" İctimai Birliyinin sədriZemfira Ağayeva bildirdi ki, ölkəmizdə qadınların sahibkarlığa marağı böyükdür. Zamanla sahibkar qadınların sayı da artır: "Sahibkarlığa meyl edən qadınların sayı artır, gənc xanımlarımız xüsusilə maraqlıdırlar. Peşə hazırlığına gəlib, hansısa bir sənəti öyrənib, sahibkarlıq fəaliyyətinə başlamaq istədiklərini deyirlər. İnkişaf yaxşıdır, qadın sahibkarlarımız böyük uğurlar əldə edirlər. Əvvəllər ancaq kənd təsərrüfatında işləyən qadınlara sahibkar deyirdilər, amma indi isə holdinq sahibi olan, böyük tikintilərə başçılıq edən, otel sahibləri olan xanımlarımız var”.

Z.Ağayevanın sözlərinə görə, təlim keçməklə yanaşı, qadınlara hansısa formada maliyyə və yaxud texniki yardım edilsə, daha effektli nəticə əldə etmək olar: "Treninqlər, dəyirmi masalar da olmalıdır, amma bunlar o qədər də vacib deyil. Düzdür, elə qadınlar var ki, iqtisadi potensialları var, amma hüquqlarını bilmədikləri üçün bu sahəyə gəlmək onlar üçün çətindir. Ona görə də onlar bu sahədə uğur qazana bilmirlər. Bu səbəbdən təklif edirəm ki, təlim keçib onların içərisindən də seçim edilsin. Hər regiondan tutaq ki, 10 xanım seçilsin, onları hüquqi, iqtisadi məsələlərlə bağlı məlumatlandırılsınlar, sonra qismən də olsa, texniki ləvazimatlarla təmin etmək yaxşı olardı. Hər qadına 3-5 min avro miqdarında yeni iş yerlərinin açılması üçün yardım edilsə, uğurlu bir addım olar. BMT ilə bağlı belə bir layihə keçirilmişdi. Mən də orda iştirak edirdim. Hər rayondan 5-6 qadın seçib onlara təlim keçdilər, eyni zamanda, qadınları maddi cəhətdən deyil, texniki cəhətdən təmin etdilər. Kənddə kiməsə inək alıb verdilər, şirniyyat sexi açanlar vardı ki, onlara müəyyən avadanlıqlar almaqda yardım edildi. Salyandan 30 nəfər qadın həmin layihənin yardımından bəhrələndi. Layihə uğurlu alındı. Qadınlara maliyyə yardımının edilməsi daha yaxşıdır”.
Bu, qadın sahibkarların maliyyə resurslarına çıxış imkanlarını artırmış olacaq

İqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, ölkəmizdə qadın sahibkarların dəstəklənməsinə ehtiyac var: "Yalnız beynəlxalq banklar, qurumlar tərəfindən deyil, Azərbaycan dövlət büdcəsi hesabına qadın sahibkarlarla bağlı ayrıca kredit xəttinin açılmasının tərəfdarıyıq. Bu gün Sahibkarlığa Kömək Milli Fondunun təklif etdiyi kreditlərdə qadın sahibkarlar ayrıca olaraq qruplaşdırılmır, onların xüsusi üstünlükləri yoxdur. Məsələn, ABŞ-da kredit üçün müraciət edən təşkilatın sahibi qadındırsa, kreditlər həmin təşkilata daha aşağı faizlərlə təklif edilir. Azərbaycanda bu mexanizm tətbiq edilmir. Amma ölkəmizdə də oxşar mexanizmin tətbiq edilməsinin tərəfdarıyıq. AYİB tərəfindən ayrılan vəsait birbaşa qadın sahibkarlığın dəstəklənməsinə yönəldilib. Güman olunur ki, bu, daha aşağı faizli kreditlər formasında qadın sahibkarlara təklif olunacaq”.

İqtisadçı bildirdi ki, Azərbaycanda son dövrlər sahibkarlıqla məşğul olan qadınların sayında müəyyən artımlar getsə də, qadınların ümumi sahibkarlıqda payı Avropa standartları ilə müqayisədə xeyli geri qalır: "Qadın sahibkarların payının artırılmasına ehtiyac var. Hələ də az olmasının səbəbləri isə fərqlidir. Onlardan biri qadınların sahibkar olmasına baxışın hələ də tamamən dəyişməməyi ilə bağlıdır. Bu kimi mentalitetdən yaranan fikirlərin aradan qaldırılmasına ehtiyac var. Eyni zamanda, qadın sahibkarların maliyyə resurslarına çıxış imkanları məhduddur. Qadın sahibkarların daha ucuz kreditlərə çıxış imkanları təmin olunmalıdır. Həm texniki, həm maliyyə resursları cəhətdən ölkəmizdə qadın sahibkarların dəstəklənməsinə ehtiyac var”.

V.Bayramov qeyd etdi ki, 50 milyon avro qadın sahibkarlığının inkişafı üçün çox böyük vəsait olmasa da, dəstək cəhətdən önəmlidir: "AYİB-in ayırdığı vəsaitin necə bölüşdürüləcəyinə yəqin ki, bank özü qərar verəcək. Bütün hallarda, qadın sahibkarlığının inkişafına vəsaitin ayrılması yaxşı haldır. Nəticə etibarilə, bu, qadın sahibkarların maliyyə resurslarına çıxış imkanlarını artırmış olacaq. 50 milyon avro çox böyük vəsait deyil, daha böyük vəsaitə ehtiyac var. Amma başlanğıc, qadın sahibkarlığının dəstəklənməsi üçün uyğun vəsait hesab oluna bilər. Gələcəkdə daha çox vəsaitin bu istiqamətə ayrılmasına ehtiyac var”.

Aygün

banner

Oxşar Xəbərlər