Qaçqınların yataqxanadan köçürülməsi narazılıqla qarşılandı

Qaçqınların yataqxanadan köçürülməsi narazılıqla qarşılandı

Cəmiyyət
19 Noyabr 2012, 13:37 1908
Bakının Nərimanov rayonu, Fətəli Xan Xoyski 98 ünvanındakı yataqxanada yaşayan məcburi köçkünlərin köçürülməsi narazılıqla qarşılanıb.

APA-nın məlumatına görə, Kəlbəcər, Cəbrayıl, Ağdam və digər rayonlardan olan məcburi köçkünlərdən bəziləri yataqxanadan çıxmaq istəməyib. Onlar yataqxananın qarşısında etiraz etmək istəyiblər, əraziyə Nərimanov rayon Polis İdarəsinin 50-dən artıq əməkdaşı cəlb olunub.

Əraziyə gələn Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin, həmçinin müvafiq rayonların icra hakimiyyətlərinin nümayəndələri onlarla danışıqlar apararaq, Mehdiabad qəsəbəsində tikilmiş yeni binalardakı mənzillərlə təmin olunacaqlarını bildiriblər.

Narazı məcburi köçkünlər isə Mehdiabad qəsəbəsindəki binaların tez tikildiyi üçün keyfiyyətsiz olduğunu, həmçinin, yeni binaların yaxınlığında uşaqlar üçün məktəb və bağçaların olmadığını deyiblər. Bəzi məcburi köçkünlər isə artıq ailələrinin böyüdüyünü, bu səbəbdən də bir deyil, iki mənzillə təmin olunmalarını tələb ediblər.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin adının çəkilməsini istəməyən əməkdaşı APA-ya bildirib ki, əslində yeni binalardakı mənzillər məcburi köçkünlərin hazırda yaşadığı yerdən daha geniş olacaq: “Biri deyir ki, oğlumu evləndirmişəm, indi gəlinimlə oğluma ayrıca mənzil verin, halbuki yataqxanada bir yerdə yaşayırdılar. Biz məcburi köçkünlərin ailə sayına görə yeni binalarda daha geniş mənzillər veririk. Bu işlə yaradılmış müvafiq komissiya məşğul olur. Bəzi münaqişəli, boşanma məsələləri olan ailələr var ki, onlarla bağlı da ayrıca qərarlar qəbul olunur. Yeni binalara qaz, işıq çəkilib. Məktəb və bağça problemi də həll olunacaq”.

Qeyd edək ki, , Fətəli Xan Xoyski 98 ünvanındakı yataqxana Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına məxsusdur.