• şənbə, 20 Aprel, 08:04
  • Baku Bakı 14°C

Qaçqın və məcburi köçkünlərin problemləri dövlətin diqqət mərkəzindədir

11.01.18 21:31 1908
Qaçqın və məcburi köçkünlərin problemləri dövlətin diqqət mərkəzindədir
Bu günlərdə prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident İlham Əliyev iclasda məcburi köçkünlərin problemlərinə xüsusi diqqət çəkərək onların daim diqqət mərkəzində saxlanıldığını və bu baxımdan 2017-ci ilin əlamətdar bir il olduğunu bildirib: "Bu il 2300 ailə yeni evlərə, mənzillərə köçürülüb. Beləliklə, 12 mindən çox köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir, indi 150 evdən ibarət gözəl qəsəbə yeni həyatını yaşayır. Köçkünlər o qəsəbəyə qayıdıblar, qayıdırlar və bu, tarixi, əlamətdar hadisədir. Azərbaycan dövləti Cocuq Mərcanlının timsalında bir daha göstərib ki, heç vaxt işğalla barışmayacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və bütün köçkünlər bir arzu ilə yaşayırlar ki, tezliklə öz doğma torpaqlarına qayıtsınlar. Cocuq Mərcanlının qısa müddət ərzində bərpası, yenidən qurulması onu göstərir ki, işğaldan azad ediləcək bütün ərazilərdə biz qısa müddət ərzində bütün təmir-bərpa işlərini aparacağıq, şəhərləri, kəndləri yenidən quracağıq və bu gün ağır vəziyyətdə, dağılmış vəziyyətdə olan şəhər və kəndlərimizə tezliklə həyat qayıdacaq”.
Həqiqətən də 2017-ci il Azərbaycan dövlətinin məcburi köçkünlərə diqqət və qayğısı baxımdan görülən işlər davam etdirilib. İl ərzində Şıxarx qəsəbəsində 1170 ailə üçün yeni şəhərcik salınıb. Prezidentin də qeyd etdiyi kimi, Şıxarx qəsəbəsi də vaxtilə işğal altında olan ərazidir. Bu ərazi erməni işğalçılarından təmizlənərək azad edilib və o yerdə yeni böyük şəhərciyin salınması bir daha onu göstərir ki, Dağlıq Qarabağ bizim əzəli torpağımızdır.
Prezident bu il də yeni köçkün şəhərcikləri və qəsəbələrinin salınacağını da bildirib: "Bu il yeni mənzillərlə təmin ediləcək köçkünlərin sayı keçən illə müqayisədə təxminən iki dəfə artacaq. Əgər 2017-ci ildə 12 min insanı biz yeni mənzillərə, evlərə köçürmüşüksə, bu il ən azı 20 min köçkün yeni evlərə, mənzillərə köçürülməlidir. Bu rəqəm çox da ola bilər”.
Bu gün öz dədə-baba yurdundan qovularaq Azərbaycana pənah gətirən minlərlə qaçqın və məcburi köçkün yaşayır. Zaman-zaman erməni vandalizminin qurbanı olan köçkünlərə dövlətimiz daima arxa çıxıb, onların dərdinə həyan olaraq problemlərinin həlli istiqamətində tədbirlər həyata keçirib. Məhz bunun nəticəsidir ki, qaçqınların sosial şəraiti xeyli yaxşılaşdırılıb və onların böyük əksəriyyəti işlə təmin olunub. Millət vəkili Elman Məmmədov da bizimlə söhbətində bu məsələlərə toxunaraq qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin hər zaman diqqətdə saxlanıldığını bildirdi: "Bu məsələ hər zaman bizim prioritetlərimizdən olub. Dövlət başçısı da ilin yekunlarına dair keçirilən iclasda bu məsələyə bir daha diqqət çəkdi. O, həmişə olduğu kimi bu il də onların problemlərinin diqqətdə saxlanılacağını vurğulayıb. Bu, çox əhəmiyyətlidir. Azərbaycanda qaçqın və məcburi köçkünlər dövlətin nəzarəti altındadır. Dövlətimiz onların qayğısına qalır və yaşayış səviyyəsini yüksəltmək üçün tədbirlər görür. Prezident İlham Əliyev rəhbərliyə başladığı ilk günlərdən çadır şəhərciklərinin ləğvi, qaçqınlar üçün yeni mənzillərin tikilməsi və işlə təminatı məsələlərinə şəxsən özü nəzarət edib. Ötən il məcburi köçkünlər üçün iki böyük qəsəbə salınıb. Görülən işlər nəticəsində çadır şəhərcikləri tamamilə ləğv edilib və qaçqın və məcburi köçkünlər üçün yeni mənzillər inşa edilib. Onların işlə təmin olunması üçün hər bir şərait yaradılır”.
Elman Məmmədov bəzi məqamları da vurğuladı: "2017-ci ildə məcburi köçkünlər üçün iki böyük qəsəbə salınıb. Həmçinin, görülən bir sıra işlərin nəticəsi olaraq Cocuq Mərcanlı və Ağdərədən olan qaçqın və məcburi köçkünlərimiz öz torpaqlarına qayıtdılar. Bundan başqa, ötən il Bakı və Sumqayıt ətrafındakı ərazilərdə məcburi köçkünlər üçün minlərlə yeni evlər tikildi. Yəni ümumilikdə götürdükdə, 2017-ci il qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində xeyli işlər həyata keçirilib. Ölkə başçısı bu haqda dəfələrlə qeyd edib ki, qaçqın və məcburi köçkün problemi hər zaman dövlətimizin diqqətindədir və torpaqlarımız işğaldan azad olunana və onlar öz yurd-yuvalarına qayıdana qədər bu, belə də davam edəcək. Təsadüfi deyil ki, 2018-ci ilin dövlət büdcəsindən qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün 50 milyon manatdan artıq vəsait nəzərdə tutulub. Lazım gələrsə, hətta bu məbləğin artırılması üçün də müvafiq addımlar atılacaq. Bütün bunlar isə bir daha onu sübut edir ki, ölkəmizdə bu təbəqənin problemləri daim diqqət mərkəzində saxlanılır” .
Dağlıq Qarabağın Azərbaycanlı icmasının üzvü, millət vəkili Rövşən Rzayevdeyir ki, bir sıra problemlər artıq geridə qalıb: "Bu haqda prezidentimiz də öz fikirlərini səsləndirdi. Dövlət başçısının verdiyi tapşırıqlar və sərgilədiyi mövqe bizim üçün çox vacibdir. Cənab prezident qaçqın və məcburi köçkünlərin problemləri ilə uzun müddətdir ki, məşğul olur. Son dövrlərdə həyata keçirilən işlər nəticəsində problemlərin böyük hissəsi öz həllini tapıb. Əsas tədbirlər demək olar ki, həyata keçirilib. Çadır şəhərcikləri ləğv olunub. Amma bundan sonra da vacib işlər həyata keçirilməlidir. Görülən işlər bizi arxayın salmamalı, eyni templə davam etdirilməlidir. Prezident çıxışında bildirdi ki, Azərbaycanın ən vacib problemi ərazi bütövlüyünün təmin edilməsidir. Bu istiqamətdə aparılan çox ciddi işlər var. Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli bizim əsas məqsədimizdir və bu barədə mövqeyimiz qətiyyətlidir”.
Millət vəkili Flora Qasımova qeyd etdi ki, bu illər ərzində 250 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb: "Birinci vitse-prezident işə başladığı ilk gündən bəri qəzalı vəziyyətdəki evlərdə yaşayan köçkünlərin mənzillə təmin olunmasına xüsusi diqqət ayırdı. O vaxtdan bəri hissə-hissə qəzalı vəziyyətdə olan yerlərdə yaşayan köçkünlərimiz mənzillə təmin olunmağa başladı. Bu illər ərzində Qaçqın və Məcburi Köçkünlər işləri üzrə Dövlət Komitəsinin işləri yüksək qiymətləndirilir. Amma Mehriban Əliyevanın birinci vitse-prezident bu vəzifəsinə təyin olunmasından sonra bu problemlərə daha böyük diqqət yetirildi. Biz inanırıq ki, yaxın zamanlarda məcburi köçkünlərimiz tamamilə yeni mənzillərlə təmin olunacaqlar. Görülən işlər davam etdirilir. Mən şəxsən özüm də Oğuzda olarkən onların yaşayışı ilə tanış olaraq mövcud problemləri Milli Məclisdə səsləndirmişəm. Bu gün Oğuzda 3 minə yaxın məcburi köçkün qəzalı vəziyyətdə olan yerlərdə yaşayır. Amma prezidentin son çıxışı hər biri məcburi köçkündə tezliklə həyata şəraitinin yaxşılaşmasına yeni inam yaratdı. Onlar dövlətin qayğısını daima hiss edirlər”.

Şəbnəm Mehdizadə



banner

Oxşar Xəbərlər