Date: 11 Yanvar 2018, 21:31,
Oxunma sayı: 187
2018-ci ildə bu istiqamətdə görülən işlər daha da gücləndiriləcək
Bu
günlərdə prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci
ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunan iclası keçirilib. Prezident İlham Əliyev iclasda məcburi köçkünlərin
problemlərinə xüsusi diqqət çəkərək onların daim diqqət mərkəzində
saxlanıldığını və bu baxımdan 2017-ci ilin əlamətdar bir il olduğunu bildirib: "Bu il 2300
ailə yeni evlərə, mənzillərə köçürülüb. Beləliklə, 12 mindən çox köçkün yeni
evlərlə, mənzillərlə təmin edilib. Cocuq Mərcanlı kəndinin bərpası tarixi
nailiyyətdir, indi 150 evdən ibarət gözəl qəsəbə yeni həyatını yaşayır.
Köçkünlər o qəsəbəyə qayıdıblar, qayıdırlar və bu, tarixi, əlamətdar hadisədir.
Azərbaycan dövləti Cocuq Mərcanlının timsalında bir daha göstərib ki, heç vaxt
işğalla barışmayacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və
bütün köçkünlər bir arzu ilə yaşayırlar ki, tezliklə öz doğma torpaqlarına
qayıtsınlar. Cocuq Mərcanlının qısa müddət ərzində bərpası, yenidən qurulması
onu göstərir ki, işğaldan azad ediləcək bütün ərazilərdə biz qısa müddət
ərzində bütün təmir-bərpa işlərini aparacağıq, şəhərləri, kəndləri yenidən
quracağıq və bu gün ağır vəziyyətdə, dağılmış vəziyyətdə olan şəhər və
kəndlərimizə tezliklə həyat qayıdacaq”.
Həqiqətən
də 2017-ci il Azərbaycan dövlətinin məcburi köçkünlərə diqqət və qayğısı
baxımdan görülən işlər davam etdirilib. İl ərzində Şıxarx qəsəbəsində 1170 ailə
üçün yeni şəhərcik salınıb. Prezidentin də qeyd etdiyi kimi, Şıxarx qəsəbəsi də
vaxtilə işğal altında olan ərazidir. Bu ərazi erməni işğalçılarından
təmizlənərək azad edilib və o yerdə yeni
böyük şəhərciyin salınması bir daha onu göstərir ki, Dağlıq Qarabağ bizim əzəli
torpağımızdır.
Prezident
bu il də yeni köçkün şəhərcikləri və qəsəbələrinin salınacağını da bildirib: "Bu il yeni
mənzillərlə təmin ediləcək köçkünlərin sayı keçən illə müqayisədə təxminən iki
dəfə artacaq. Əgər 2017-ci ildə 12 min insanı biz yeni mənzillərə, evlərə
köçürmüşüksə, bu il ən azı 20 min köçkün yeni evlərə, mənzillərə
köçürülməlidir. Bu rəqəm çox da ola bilər”.
Bu
gün öz dədə-baba yurdundan qovularaq Azərbaycana pənah gətirən minlərlə qaçqın
və məcburi köçkün yaşayır. Zaman-zaman erməni vandalizminin qurbanı olan köçkünlərə
dövlətimiz daima arxa çıxıb, onların dərdinə həyan olaraq problemlərinin həlli
istiqamətində tədbirlər həyata keçirib. Məhz bunun nəticəsidir ki, qaçqınların sosial
şəraiti xeyli yaxşılaşdırılıb və onların böyük əksəriyyəti işlə təmin olunub. Millət vəkili Elman Məmmədov da bizimlə
söhbətində bu məsələlərə toxunaraq qaçqın və məcburi köçkünlərin sosial
vəziyyətinin hər zaman diqqətdə saxlanıldığını bildirdi: "Bu məsələ hər zaman bizim
prioritetlərimizdən olub. Dövlət başçısı da ilin yekunlarına dair keçirilən
iclasda bu məsələyə bir daha diqqət çəkdi. O, həmişə olduğu kimi bu il də
onların problemlərinin diqqətdə saxlanılacağını vurğulayıb. Bu, çox
əhəmiyyətlidir. Azərbaycanda qaçqın və məcburi köçkünlər dövlətin nəzarəti
altındadır. Dövlətimiz onların qayğısına qalır və yaşayış səviyyəsini
yüksəltmək üçün tədbirlər görür. Prezident İlham Əliyev rəhbərliyə başladığı
ilk günlərdən çadır şəhərciklərinin ləğvi, qaçqınlar üçün yeni mənzillərin
tikilməsi və işlə təminatı məsələlərinə şəxsən özü nəzarət edib. Ötən il məcburi
köçkünlər üçün iki böyük qəsəbə salınıb. Görülən işlər nəticəsində çadır
şəhərcikləri tamamilə ləğv edilib və qaçqın və məcburi köçkünlər üçün yeni
mənzillər inşa edilib. Onların işlə təmin olunması üçün hər bir şərait
yaradılır”.
Elman
Məmmədov bəzi məqamları da vurğuladı: "2017-ci ildə məcburi köçkünlər üçün iki
böyük qəsəbə salınıb. Həmçinin, görülən bir sıra işlərin nəticəsi olaraq Cocuq
Mərcanlı və Ağdərədən olan qaçqın və məcburi köçkünlərimiz öz torpaqlarına
qayıtdılar. Bundan başqa, ötən il Bakı və Sumqayıt ətrafındakı ərazilərdə
məcburi köçkünlər üçün minlərlə yeni evlər tikildi. Yəni ümumilikdə
götürdükdə, 2017-ci il qaçqın və məcburi
köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində xeyli işlər
həyata keçirilib. Ölkə başçısı bu haqda dəfələrlə qeyd edib ki, qaçqın və məcburi köçkün problemi hər zaman
dövlətimizin diqqətindədir və torpaqlarımız işğaldan azad olunana və onlar öz
yurd-yuvalarına qayıdana qədər bu, belə də davam edəcək. Təsadüfi deyil ki, 2018-ci
ilin dövlət büdcəsindən qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin
yaxşılaşdırılması üçün 50 milyon manatdan artıq vəsait nəzərdə tutulub. Lazım
gələrsə, hətta bu məbləğin artırılması üçün də müvafiq addımlar atılacaq. Bütün
bunlar isə bir daha onu sübut edir ki, ölkəmizdə bu təbəqənin problemləri daim
diqqət mərkəzində saxlanılır” .
Dağlıq Qarabağın Azərbaycanlı icmasının üzvü,
millət vəkili Rövşən Rzayev deyir ki, bir sıra
problemlər artıq geridə qalıb: "Bu haqda prezidentimiz də öz fikirlərini
səsləndirdi. Dövlət başçısının verdiyi tapşırıqlar və sərgilədiyi mövqe bizim
üçün çox vacibdir. Cənab prezident qaçqın və məcburi köçkünlərin problemləri
ilə uzun müddətdir ki, məşğul olur. Son dövrlərdə həyata keçirilən işlər
nəticəsində problemlərin böyük hissəsi öz həllini tapıb. Əsas tədbirlər demək
olar ki, həyata keçirilib. Çadır şəhərcikləri ləğv olunub. Amma bundan sonra da
vacib işlər həyata keçirilməlidir. Görülən işlər bizi arxayın salmamalı, eyni
templə davam etdirilməlidir. Prezident çıxışında bildirdi ki, Azərbaycanın ən
vacib problemi ərazi bütövlüyünün təmin edilməsidir. Bu istiqamətdə aparılan
çox ciddi işlər var. Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli bizim
əsas məqsədimizdir və bu barədə mövqeyimiz qətiyyətlidir”.
Millət vəkili Flora Qasımova qeyd etdi ki, bu illər ərzində 250 minə yaxın qaçqın və məcburi
köçkünün mənzil şəraiti yaxşılaşdırılıb: "Birinci vitse-prezident işə başladığı
ilk gündən bəri qəzalı vəziyyətdəki evlərdə yaşayan köçkünlərin mənzillə təmin
olunmasına xüsusi diqqət ayırdı. O vaxtdan bəri hissə-hissə qəzalı vəziyyətdə olan
yerlərdə yaşayan köçkünlərimiz mənzillə təmin olunmağa başladı. Bu illər
ərzində Qaçqın və Məcburi Köçkünlər işləri üzrə Dövlət Komitəsinin işləri
yüksək qiymətləndirilir. Amma Mehriban Əliyevanın birinci vitse-prezident bu
vəzifəsinə təyin olunmasından sonra bu problemlərə daha böyük diqqət yetirildi.
Biz inanırıq ki, yaxın zamanlarda məcburi köçkünlərimiz tamamilə yeni
mənzillərlə təmin olunacaqlar. Görülən işlər davam etdirilir. Mən şəxsən özüm
də Oğuzda olarkən onların yaşayışı ilə tanış olaraq mövcud problemləri Milli
Məclisdə səsləndirmişəm. Bu gün Oğuzda 3 minə yaxın məcburi köçkün qəzalı
vəziyyətdə olan yerlərdə yaşayır. Amma prezidentin son çıxışı hər biri məcburi
köçkündə tezliklə həyata şəraitinin yaxşılaşmasına yeni inam yaratdı. Onlar dövlətin
qayğısını daima hiss edirlər”.
Şəbnəm Mehdizadə